Məhkəmə qərarları › İş №1(005)-519/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-519/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-519/2023 20.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatdadır və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,327 qram psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 0,725 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 15 avqust 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 31 ünvanının yaxınlığında həmin psixotrop maddə metamfetamindən 01 ədəd bükümdə 0,020 qram çəkidə olan hissəsini tanışı Şahid1 20 manat pulun müqabilində satmış, Nərimanov RPİnin NMB-nin və Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən həmin gün saat 19:00 radələrində ünvan 2 ünvanında yaxınlığında özünü şübhəli apardığı üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nə gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qəhvəyi rəngli şortun sol yan cibinə 05 ədəd bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,173 qram, 0,270 qram, 0,199 qram, 0,035 qram və 0,048 qram olmaqla, ümumi təmiz çəkisi 0,725 qram, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,021 qram, 0,016 qram, 0,217 qram, 0,053 qram olmaqla, Şahid1 üzərindən aşkar edilmiş 0,020 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlə eynilik təşkil edən ümumi təmiz çəkisi 0,307 qram olan ağ rəngli, kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitəni sosial şəbəkədən tanış olduğu Rza adlı şəxsin vasitəsi ilə əldə etmişdir. Şahid1 onun tanışıdır və narkotik vasitələrdən istifadə edir. Üzeyirlə birlikdə narkotik vasitə və psixotrop maddə istifadə etsə də, heç vaxt ona narkotik vasitə satmamışdır. xx.xx.2023-cü il tarixdə Üzeyirlə görüşərək birlikdə psixotrop maddə metamfetamin istifadə etmişlər. Həmin vaxt Üzeyir ona 20 manat pul vermişdir ki, özü üçün narkotik vasitə alan zaman onun üçün də psixotrop maddə alsın. Buna görə də, 14 avqust 2023-cü il tarixdə Rza ilə əlaqə saxlayaraq ona narkotik vasitə və psixotrop maddə satmasını istəmişdir. Rzanın vasitəsi ilə qoyulduğu yerdən 05 ədəd bükümdə narkotik vasitə heroin və 05 ədəd bükümdə psixotrop maddə metamfetamini götürmüşdr. Həmin metamfetamindən 01 bükümü Üzeyirin vermiş olduğu 20 manat pula görə onun üçün aldığı metamfetamin olmuşdur. Həmin maddələri üzərində saxlayaraq gəzdirmişdir ki, lazım olan zaman istifadə edər. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində ünvan 2 ünvanında yaxınlığında olan zaman tanışı Şahid1 onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onun üçün psixotrop maddə alıb-almadığımı soruşmuşdur. O da Üzeyirə aldığını bildirmiş və həmin gün yəni, xx.xx.2023-cü il tarixdə saat təxminən 19:00 radələrində Nərimanov rayonunun ərazisində Üzeyirlə görüşmüş və orada Üzeyirin vermiş olduğu 20 manat pula görə onun üçün aldığı metamfetamini vermişdir. O, Üzeyirdən ayrılıb getmək istəyən zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib Nərimanov RPİ-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişlər. Polis idarəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Daha sonra üzərinə baxış keçirilmiş, baxış zamnaı o, üzərində gəzdirdiyi narkotik vasitələri və bir ədəd elektron tərəzini polis əməkadaşlarına təqdim etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzeyirə heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. O, elektron tərəzini narkotik vasitə və ya psixotrop maddə istifadə edən zaman çəkisini müəyyən etmək məqsədi ilə üzərində gəzdirib istifadə etmişdir. Başqa onun heç bir məqsədi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin NMBnin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 15 avqust 2023-cü il tarixdə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid3 ilə birlikdə inzibati ərazidə xidmət aparmışlar. Həmin gün saat 19:00 radələrində ünvan 5 ünvanının yaxınlığında xidmət aparan zaman iki nəfər şəxsin narkotik vasitələrin alış və satışını həyata keçirdiyini, həmin şəxslərin onları görən kimi özlərini şübhəli apardığını görmüşlər. Buna görə də, həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs, digəri isə Şahid1 kimi təqdim etmişdir. Daha sonra həmin şəxsləri İdarəyə gətirmişlər. İdarədə onların üzərinə baxış keçirilmiş, Onlar Təqsirləndirilən şəxs və Şahid1 özlərini şübhəli aparmasını və verdikləri suallara qeyri səmimi olaraq cavab verib yayınıb getməyə çalışdıqlarını görüb sonuncuları saxlayaraq Nərimanov RPİ-nə gətirmişlər. Bundan sonra şəxsi axtarış keçirməmişdən əvvəl Fəridə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Fərid də əynində olan ağ-qəhvəyi rəngli şortumun sol yan cibinə 01 ədəd qara rəngli üzərində “Swan” yazısı olan elektron tərəzini, 09 ədəd kağız və sellofan bükümləri, şortun sağ yan cibindən 01 ədəd qara rəngli “SAMSUNG J3” markalı mobil telefonu, 60 manat nağd pulu çıxardıb masanın üzərində qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, həmin maddələri xx.xx.2023-cü il tarixdə Rza adlı şəxsdən əldə etdiyini bildirmişdir. Sonra Fəridin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Fəridin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Fəridin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Fərid tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin CA üzrə kiçik inspektoru Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 15 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 15 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə başlamamışdan əvvəl üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan ağ-qəhvəyi rəngli şortun sol yan cibindən 01 ədəd qara rəngli üzərində “Swan” yazısı olan elektron tərəzi, 04 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddəni 02 ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddəni, 02 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində ağ rəngli spesifik qoxuya malik maddəni və 01 ədəd qırmızı rəngli kağıza bükülmüş içərisində ağ rəngli spesifik qoxuya malik maddəni təqdim edərək həmin narkotik vasitələrin ona aid olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli üzərində “Swan” yazısı olan elektron tərəzi, 04 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddəni 02 ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddəni, 02 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində ağ rəngli spesifik qoxuya malik maddəni və 01 ədəd qırmızı rəngli kağıza bükülmüş içərisində ağ rəngli spesifik qoxuya malik maddə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4386 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №44” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 5 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,173 qram, 0,270 qram, 0,199 qram, 0,035 qram, 0,048 qram ümumi təmiz çəkisi 0,725 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,021 qram, 0,016 qram, 0,217 qram, 0,053 qram ümumi təmiz çəkisi 0,307 qram olan ağ rəngli, kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş Şahid1 üzərindən aşkar edilmiş metamfetamin ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd bükümdə ümumi təmiz çəkisi 0,307 qram metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir. “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 16 avqust 2023cü il tarixli protokoldan görünür ki, videoyazılar olan fayllarda Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə başlamamışdan əvvəl üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etmək təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ-qəhvəyi rəngli şortun sol yan cibindən 01 ədəd qara rəngli elektron tərəzini, 09 ədəd bükümləri, şortun sağ yan cibindən 01 ədəd qara rəngli “Samsung J3” markalı mobil telefonu və 60 manat nağd pulu çıxarıb masanın üzərində qoyması, həmin bükümlərə baxış keçirilən zaman 05 ədədinin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə, 04 ədəd bükümün içərisində ağ rəngli kristal formalı, psixotrop maddə metamfetaminə bənzər maddələrin aşkar edilməsi qeydə alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1250/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 avqust 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. “CD diskə baxış keçirilməsi haqqında” 03 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı kart nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan zənglər, smslər, mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilmişdir. Baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik hallar aşkar edilməmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında” 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung J3” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Mobil telefonda iş üzrə sübut əhəmiyyətinə malik hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 01 ay 19 gün müddətə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2021-ci ildə cəza müddəti sona çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(002)-111/2021 nömrəli hökmündən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 7(010)- 459/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 19 günlük hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolji X4 Şəxsi Ambulator X1 12 oktyabr 2023-cü il tarixli, 6487 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sintetik opiodilərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 12 oktyabr 2023-cü il tarixli, 2860 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 31 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 05 ədəd bükümdə ilkin təmiz çəkisi 0,725 qram olan narkotik vasitə heroin, 04 ədəd bükümdə ilkin təmiz çəkisini 0,307 qram olmuş psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və qalıq qalmış 0,675 qram çəkidə narkotik vasitə heroin, 0,267 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamın məhkəmə istintaqı zamanı tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(002)-111/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 01 ay 19 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddəti sona çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum olunmasını, buna baxmayaraq onun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 15 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə bunlardan əlavə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan 01 ədəd elektron tərəzi, narkotik vasitə - 0,675 qram heroin və psixotrop maddə- 0,267 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 65 (altmış beş) manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan 01 ədəd elektron tərəzi, narkotik vasitə - 0,675 qram heroin və psixotrop maddə - 0,267 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 65,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar