Məhkəmə qərarları › İş №1(005)-71/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-71/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-71/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi – 14 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs – Mehralıyev Taryel Kamal oğlunun iştirakları ilə, xx xxxx 1982-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam'' qətimkan tədbiri seçilmiş Mehralıyev Taryel Kamal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mehralıyev Taryel Kamal oğlu zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən zərərçəkmışin sağlamlığına az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X11 47 ünvanında Zərərçəkmiş şəxs Bəhmən qız ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən yumruqla vuraraq CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sonuncuya qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət və burun sümüklərinin qapalı, yerdəyişmiş sınıqları ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir Bununla da Mehralıyev Taryel Kamal oğlu Azərbaycan Respublikası CM-in 127.1-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Mehralıyev Taryel Kamal oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2020-ci ilin iyun ayının 1dən Roza adlı qadının evində kirayədə yaşayır. Belə ki, həmin qadının kirayə verdiyi ev Bakı şəhəri, Nərimanov rayonu, X11 ev 47-də yerləşir. Həmin ünvanda Roza qızı Könül ilə yaşayır. Həmin ev ilə kirayə qaldığı ev ilə eyni həyətdə olsa da kirayə qaldığı evin həyətə ayrıca çıxışı var. xx.xx.2020-cı ildə günorta saat 13 radələrində yaşadığı evə gələn zaman həyətdə polis əməkdaşlarının olmasını görmüşdür. Alidə, qohumları Ələmdar, Ələmdarın oğlu Pərviz və adlarını bilmədiyi digər qohumları da orada idi. Alidə və qohumlarının Könül və Roza ilə sözlə mübahisə edirdi, hətta Alidə və qohumlarının evə girdiklərini, sonradan Alidə və qohumlarının həmin evin otaqlarına haqları olmasını bildirib evi bölmək istəməsini başa düşmüşdür. Habelə aralarında qeyd edilən mülk üstündə məhkəmə işləri olmasını bilmişdir. X10 və Könülün yaşadığı evin 2 otağının və 1 ədəd mətbəxinin, habelə dəhlizin bir hissəsinin ona aid olmasını deyib usta qohumu Elmanı çağırdığını, həmin hissələri kərpiclə hördürərək dərhal ayırdığını, mətbəx tərəfdən ayrıca qapı qoyduğunu, mətbəxin qapısının birbaşa küçəyə açıldığını qeyd etmişdir. Bundan sonra Alidə və Könül evin müxtəlif əşyalarını aralarında olan razılığa əsasən bir evdən digər evə daşımağa başladılar. Həmin vaxt Könül və Rozanın mətbəxdə olan qaz peçini və digər əşyaları söküb onlara aid olan evin digər otaqlarına gətirib yığmağı istədiyini həmin əşyaları sökməyə başlayan zaman Alidənin ona bir-iki dəfə irad bildirib “kim” olmasını, nəyə görə mətbəxdən müəyyən əşyaları sökdüyünü soruşmuş, cavab olaraq ona Roza və Könülün tapşırığı ilə pul müqabilində işini gördüyünü demişdir. Həmin gün saat 19 radələrində Rozanın Alidənin payına düşən mətbəxdən gedib istilik radiatorunu söküb qayıdan zaman Rozagilin evinin qapısının qarşısında Alidə və adını bilmədiyi qohumları onun qarşısını kəsmişlər. Alidənin istilik radiatorunu hara aparmasını soruşub əlindən almaq istədikdə o, Rozanın sözünə görə apardığını demişdir. Bu zaman Alidənin radiatoru əlindən alıb üzərinə hücum çəkdi. Yumruqla sifətinin sol hissəsindən bir dəfə vurmuşdur. Alidənin yanında olan bacıları, Alidənin əri Teymur, qohumu Ələmdər, Ələmdarın oğlu Pərviz və tanımadığı digər qohumlarının da üzərinə gəlib dartışdırmağa başladılar. Həmin vaxt köynəyi də cırıldı. Çox olduqlarını görüb qaçmışdır. Səs-küyə Könül və Roza da çıxmışdı. Evə girib paltarlarını götürüb oranı dərhal tərk etmişdir. Mübahisənin təxminən 5-6 dəqiqə davam etmişdir. Sonra baş verənlərdən məlumatı olmamışdır. Alidə onun üzərinə gəldiyindən özünü müdafiə etməyə çalışmışdır. Lakin bu zaman əsəbiləşərək yumruqla Alidənin burun nahiyəsinə zərbə vurmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsi yumruqla vurduğu doğrudur. Lakin onu qəsdlə vurmayıb. O, özünü müdafiə etməyə çalışmışdır. Çünki Alidə onun üzərinə hücum çəkmişdir. Bu səbəbdən də onu vurmuşdur. Zərərçəkmiş şəxslə əvvəllər münaqişələri olmamışdır. Hadisə olan günü orada çox adam olmuşdur. Davadan sonra zərərçəkmiş şəxsin yanına özü getməmişdir. Barışıq üçün xəbər göndərmiş və qohumları da onunla danışaraq onları barışdırmağa çalışmışlar. Lakin zərər çəkmiş şəxs onunla barışmaq istəməmişdir. Son olaraq məhkəmədən əməlindən səmimi peşmanlıq çəkdiyini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinin nəzərə alınmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şahid1 mərhum bacısı Rəfiqənin gəlini olub. Bacısı rəhmətə gedənə qədər bacısı Rəfiqə, yoldaşı Şahid11, oğulları Şahid10 və X3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X11 ev 47/1-də birlikdə yaşamışlar. Könül də Rizvanla birlikdə həmin ünvanda qeyri-rəsmi nikahda yaşayıblar. Rəfiqə vəfat etdikdən sonra Könülün ailə üzvlərindən xəbərsiz həmin evin kommunal xərclərini öz adına keçirib onları evdən çıxararaq evə buraxmadığını, bundan sonra Könüllə aralarında mülk üstündə mübahisə başlamış, hazırda da mülki mübahisə məhkəmədə davam edir. Özü də ailənin böyüyü və Rəfiqənin bacısı kimi dəfələrlə Könüldən bacısının və onun ailə üzvlərinin haqlarını tələb etmişdir. Buna görə də 2020-cı ilin iyun ayının 2-də «ARB» kanalının «Elgizlə izlə» verilişinə Könüllə aralarında olan mülki mübahisəsi ilə bağlı müraciət etmişdir. xx xxxx 2020-ci ildə səhər saat 10:30 radələrındə «ARB» kanalının «Elgizlə izlə» verilişindən 3 nəfər, yəni müsahibə alan Sübhanə adlı qadın, bir nəfər sürücü və bir nəfər videokamera çəkən şəxs hadisə yerinə gəlmişlər. Həmin vaxt orada özü, Ələmdar, bacısı Şahid4 Rəhman qızı, bacısı qızı Şahid3, bacısı qızı Gülnarə və qonşular olmuşdur. Televiziyadan gələn çəkiliş qrupunun müsahibə almaq üçün Könülün həyət qapısını döysə də, lakin evdə olan şəxslərin qapını açmadıqlarını, buna görə qapını açmaq üçün həyətin hasarına çıxdığını, həmin vaxt Könülün də həyətə çıxıb nəyə görə icazəsiz həyətinə girməyini soruşaraq əlində olan uzun dəmir parçası ilə ayaqlarına vurmuşdur. Sonra isə hasardan düşməyi üçün həyətdəki qablarda olan suyu ona tərəf atmışdır. Onu nalayiq ifadələrlə təhqir etmişdir. Bu zaman bacısı qızı Gülnarə hasara çıxaraq Könülün hərəkətlərinin qarşısını almaq üçün hasarın üzərində olan gül qabını Könülə tərəf atsa da, lakin həmin gül qabı ona dəyməmişdir. Hasardan həyətə düşüb qapını arxadan açaraq televiziya işçilərini içən salmışlar. Sonra Könül və anası Rozadan müsahibə alındıqdan sonra televiziya işçiləri getmişlər. Sonra Könül ilə aralarında sözlə mübahisə başlamış, bununla əlaqədar Könül və Nəzakət 102 xidmətinə zəng vurub hadisə yerinə polis çağırmışlar. Daha sonra polis əməkdaşları ora gələrək onları sakitləşdirmişdilər. Bu zaman Könülün yaşadığı evin 2 otağı və 1 mətbəxi bölünüb onlara verilməsi barədə Könüllə razılığa gəlmişlər. Evin bölünməsi üçün dərhal usta kimi Zenfiranın digər yeznəsi Elmanı çağırmışlar. Polis əməkdaşları barışığı görüb getmişlər. Sonra Könül onların payına düşən otaqlardan və mətbəxdən müəyyən əşyalarını Taryel ilə birlikdə daşımağa başlamışdır. xx xxxx 2020-ci il axşam saatlarına qədər adlarını çəkdiyi qohumları ilə birlikdə evi səliqəyə saldılar. Həmin gün axşam saat 20 radələrındə Taryel onların payına düşən otağa girib otaqdan istilik radiatorunu götürüb küçəyə çıxan zaman evin qarşısında Taryel ilə rastlaşmışdır. Taryelə istilik radiatorunu niyə apardığını bildirən zaman Taryel ev yiyəsinin söküb gətirməsini tapşırdığını demişdir. Könülün qələt etdiyini bildirib Taryelin əlindən istilik radıatorun aldı. Bu zaman Könül mübahisəni görüb dərhal əlinə kvalt götürərək üzərinə hücum çəkdi. Könülün kvaltla onu vurmaq istədiyini görüb kvaltdan tutmuş, bu zaman dartışmağa başlamışlar. Kvaltı Könülün əlindən almış, lakin həmin zaman Taryel onu ağır söyüşlə təhqir edərək yumruqla burnundan və başından bir neçə dəfə vurmuşdur. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2007ci ildə X3 ilə qeyri-rəsmi olaraq Bakı şəhəri, Nərimanov rayonu, X11 47 saylı ünvanda yaşayır. Qayınanası Rəfiqə vəfat etdikdən sonra onun Rizvan, qayınatası Ələmdar, qayını Pərviz və digər qohumları ilə aralarında mülki mübahisəsi başlamışdır. xx.xx.2020-ci il saat 10 radələrində yaşadığı evdə ailə üzvləri ilə birlikdə olan zaman qapının döyüldüyünü eşitmiş, həyətə çıxarkən Alidənin səsini eşitmişdir. Alidə ondan yüksək tonla qapını açmağını tələb etmişdir. O da qapını açmadığı üçün Alidə, Gülnarə və Pərviz evin hasarının üzərinə çıxmışlar. Onların həyətə girməmələri üçün həyətdəki su qablarındakı suları onlara tərəf atmışdır. Sonra Alidə həyətə düşmüş və əlindəki balta ilə qapının kilidini arxadan sındırıb açmışdır. Gülnarə, Nəzakət, Elmira, Qənifə, Zenfira, Fəridə, Ələmdar, Rizvan, Pərviz, Seymur, Teymur, Elman və Məhərrəm həyətə girmişlər. Həmin vaxt Teymurun əlində armatur, Məhərrəmin əlində isə kvalt olmuşdur. Həmçinin «ARB» kanalından gələn 3 nəfər şəxs də həyətə girmişdir. O, dərhal 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Daha sonra ora polis əməkdaşları gəlmişlər. Həmin vaxtı ora qardaşı Niyaməddin də gəlmişdir. Bundan sonra polislərin və qardaşı Niyaməddinin təkidi ilə onları barışdırdılar. Onlar razılığa gəldilər ki, evin 2 otağı və 1 mətbəxi Alıdəgilə verilsin. Alidə evi bölmək və otaqları hörmək üçün Elmanı çağırmışdı. Bu zaman evdə kirayə yaşayan Taryel də ora gəldiyi üçün evin əşyalarının daşınmasına köməklik etməsini ondan xahiş etmişdir. Həmin vaxt istilik radiatorunu gətirmək istədikdə Alidə buna imkan verməmiş, hətta əli ilə Taryelin başından vurub oradan rədd olmağını bildirmişdir. Müəyyən əşyalar otağa daşınsa da, istilik radiatorları Alidəgilin payına düşən otaqlarda qalmışdı. 03 06.2020-ci il axşam saat 20 radələrində Taryelə Alidəgilin payına düşən otaqlardan ona məxsus olan istilik raditorunu gətirməsini xahiş etmişdir. Taryel istilik radiatorunu gətirən zaman Alidə radiatoru Taryelin əlindən almışdır. Alidə Taryelin ağzının üstündən sillə ilə vurmuş və Taryelin köynəyini cırmışdır. Alidə və qohumları Taryelin üzərinə hücum etmişlər. Alidəyə və ya digər orada olan qohumlarına heç bir xəsarət yetirməmişdir. Hadisə yaşadığı evin həyət qapısının qarşısında baş vermişdi. Ətrafda yalnız Alidənin qohumları olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisəni gözü ilə görməmişdir. Sadəcə deyə bilər ki, təqsirləndirilən şəxs onun evində usta işləyir. Alidə xanımın evində onun istilik sistemi qalmışdı. Taryel onu götürüb gətirən zaman Alidə xanım onun üzərinə hücum çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xalası rəhmətə gedənə qədər xalası Rəfiqə, yoldaşı Şahid11, oğulları Şahid10 və X3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X11 ev 47/1-də birlikdə yaşayıblar. Könül də Rizvanla birlikdə həmin ünvanda qeyri-rəsmi nikahda yaşayıblar. Rəfiqə vəfat etdikdən sonra Könül ailə üzvlərindən xəbərsiz həmin evin kommunal xərclərini öz adına keçirib onları evdən çıxararaq evə buraxmamışdır. Bundan sonra Könüllə aralarında mülk üstündə mübahisə başlamışdır. Aralarında bir çox məhkəmə mübahisələri olmuşdur. Daimi olaraq münaqişədə yaşayırlar. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə axşam saat 20 radələrındə Taryelə Alidəgilin payına düşən otaqlardan ona məxsus olan istilik radiatorunu gətirən zaman Alidə radiatoru Taryelin əlindən almışdır. Bunu gördükdə o, Alidəyə radiatorun Könülə məxsus olduğunu demişdir. Alidə Taryelin ağzının üstündən şillə ilə vurmuş və Taryelin köynəyini cırmışdır. X8 başından əli ilə vurduğunu gördülər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs xalasının, yəni zərər çəkmiş şəxsin üzərinə hücum çəkmişdir və onu döyməyə başlamışdır. Təqsirləndirilən şəxsin əlində kəlbətin olmuşdur və xalasının üzünə əl atanda xalasının burnundan qan gəlməyə başlamışdır. Xalasını dərhal həkimə aparmışlar və o, təxmini olaraq 3 gün sonra özünə gəlmişdir. Hadisə nəticəsində xalasının burnu qırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onun böyük bacısı rəhmətə gedənə qədər bacısı Rəfiqə, yoldaşı Şahid11, oğulları Şahid10 və X3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X11 ev 47/1-də birlikdə yaşayıblar. Könül də onun bacısı oğlu Rizvanla birlikdə həmin ünvanda qeyri-rəsmi nikahda yaşayıblar. Rəfiqə vəfat etdikdən sonra Könül ailə üzvlərindən xəbərsiz həmin evin kommunal xərclərini öz adına keçirib onları evdən çıxararaq evə buraxmamışdır. Bundan sonra Könüllə aralarında mülk üstündə mübahisə başlamışdır. Onların aralarında bir çox məhkəmə mübahisələri olmuşdur. Daimi olaraq münaqişədə yaşayırlar. Sonuncu dəfə xx.xx.2020-ci il axşam saat 20 radələrındə Taryelə Alidəgilin payına düşən otaqlardan ona məxsus olan istilik radiatorunu gətirməyi Könül xahiş etmişdir. Taryel istilik radiatorunu gətirən zaman Alidə radiatoru Taryelin əlindən almışdır. Bunu gördükdə Taryelin Alidəyə radiatorun Könülə məxsus olduğunu dediyini eşitmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Alidə Taryelin əlindəki istilik sistemini almağa çalışırdı. Dava da məhz buna görə olmuşdu. Həmin vaxt hadisə 1-2 dəqiqə çəkmişd. Taryel yumruqla Alidənin üzündən vurmuşdur. Alidə Taryeli vurmamış, yalnız köynəyini dartaraq cırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxslə şahid Könülün arasında mülk mübahisəsi var idi. Artıq uzun müddət idi ki, bu mübahisələr davam edirdi. Sonuncu dəfə 03 06.2020-ci il axşam saat 20 radələrində Taryelə Alidəgilin payına düşən otaqlardan ona məxsus olan istilik raditorunu gətirməsini Könül xahiş etmişdi. Taryel istilik radiatorunu gətirən zaman Alidə radiatoru Taryelin əlindən aldı. Bunu gördükdə Könül Alidəyə radiatorun ona məxsus olduğunu deyən zaman aralarında dava düşdüyünü bilmişdir. O, mübahisədə olmamaq üçün artıq həmin vaxt evinə qayıtmışdır. Dava olduğunu səs-küydən eşitmişdir. Lakin hadisəyə şahid olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2020ci ilin iyun ayının 2-də Alidə və Ələmdar adlı şəxslər işlədikləri «ARB» kanalının «Elgizlə izlə» verilişinə gəlinləri olan Könüllə olan mülk mübahisəsi ilə bağlı müraciət etmişlər. xx xxxx 2020-ci ildə səhər saat 10:30 radələrində qeyd olunan verilişdən 3 nəfər, özü, aparıcı və sürücü Fuad ilə birlikdə evin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, X11 ev 47/1 ünvanına gəlmişlər. Həmin ünvana gəldikdə Alidə xanım onları qarşılamış və mübahisə olan mənzili göstərmişdir. Dəfələrlə qapını döysə də qapını açan olmadı, bu zaman Alidə xanım Könülün evdə olduğunu, lakin bilərəkdən qapını açmadığını dedi. Ona görə də gözlənilmədən evin kənarında olan pilləkən kimi quraşdırılmış dəmir boru ilə evin darvazasına çıxdı. Arxasınca isə Gülnarə xanım da çıxdı. Sonradan Alidənin qohumu olduğunu öyrənmişdir. Gülnarə xanım da darvazanın üstünə çıxdı. Bu zaman səs-küy yaranmağa başladı. Orada olduqları müddət ərzində qeyd olunan şəxslər bir-birilərinə hər hansı xəsarət yetirməsinin şahidi olmamışdır. Həmçinin çəkiliş qrupu oraya gələn zaman ətrafda heç kim olmamışdı. Lakin sonradan yaranmış səs-küyə görə qonşuluqda yaşayan şəxslər oraya toplandı. Evə isə çəkiliş qrupu ilə birlikdə yalnız Alidə, Ələmdar və Fəridə girmişdir. Hadisə zamanı yaranmış səs-küyə görə evin çöl hissəsinə təxminən 10-15 nəfər tanımadığı şəxs toplaşdı. Həmçinin orada olmuş şəxslərin əlində heç bir alət olmamışdı. Çəkiliş qrupu orada olduğu müddətdə dava-dalaş baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayının 2-də Alidə və Ələmdar adlı şəxslər onların işlədikləri «ARB» kanalının «Elgizlə izlə» verilişinə gəlinləri olan Könüllə olan mülk mübahisəsi ilə bağlı müraciət etmiş və onlara növbəti gün çəkilişə gələcəyini bildirmişlər. xx xxxx 2020-ci ildə səhər saat 10:30 radələrində qeyd olunan verilişdən 3 nəfər, özü, aparıcı və operator Şirzad ilə birlikdə evin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, X11 ev 47/1 ünvanına gəlmişlər. Həmin ünvana gəldikdə Alidə xanım onları qarşılayaraq mübahisə olan mənzili göstərmişdir. Dəfələrlə qapını döysə də qapını açan olmamışdı. Bu zaman Alidə xanım Könülün evdə olduğunu, lakin bilərəkdən qapını açmadığını demişdir. Bundan sonra o, gözlənilmədən evin kənarında olan pilləkən kimi quraşdırılmış dəmir boru ilə evin darvazasına çıxmış, arxasınca isə Gülnarə xanım çıxmışdır. Bu zaman səs-küy yaranmağa başlamışdır. Orada olduqları müddət ərzində qeyd olunan şəxslərin bir-birilərinə hər hansı xəsarət yetirməsinin şahidi olmamışdır. Həmçinin çəkiliş qrupu oraya gələn zaman ətrafda heç kim olmamışdı. Lakin sonradan yaranmış səsküyə görə qonşuluqda yaşayan şəxslər oraya toplaşdılar. Çəkiliş qrupu orada olduğu müddətdə dava-dalaş baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il saat 10 radələrində yaşadığımız evdə ailə üzvləri ilə birlikdə olan zaman qapının döyüldüyünü eşitmişdir. Həyətə çıxarkən Alidənin səsini eşitdi. Alidənin yüksək tonla qapını açmağını istədiyini görmüşdür. Qapını açmadığı üçün Alidə, Gülnarə və Pərvizin evin hasarının üzərinə çıxdıqlarını, həyətə girməmələri üçün həyətdəki su qablarındakı suları onlara tərəf atmışdır. Alidə və Gülnarənin isə hasarın yanında olan saxsı gül qablarını mənə tərəf atdılar. Saxsı gül qabları qollarıma dəydi. Sonra Alidə həyətə düşdüş. Əlindəki balta ilə qapının kilidini arxadan sındırıb açdığını, Gülnarə. Nəzakət, Elmira, Qənıfə, Zenfira, Fəridə. Ələmdar, Rizvan, Pərviz, Seymur, Teymur, Elman və Məhərrəmin həyətə girdiklərini gördüm. Həmin vaxtı Teymurun əlində armatur, Məhərrəmin əlində isə kvalt olduğunu, həmçinin «ARB» kanalından gələn 3 nəfər şəxsin də həyətə girdiyini, dərhal 102 xidmətinə zəng vurub hadisə barədə məlumat verdiyini, bu zaman mən kanalın işçisinə müsahibə verirdim. 03 06.2020-ci il axşam saat 20 radələrındə Taryelə Alidəgilin payına düşən otaqlardan qızıma məxsus olan istilik raditorunu gətirməyi qızım xahiş etdi. Taryel istilik radiatorunu gətirən zaman Alidə radiatoru Taryelin əlindən aldı. Bunu gördükdə Alidəyə radiatorun Könülə məxsus olduğunu deyən zaman aralarında dava oldu. Ətrafda yalnızca Alidənin qohumları var idi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisəni gözü ilə görməmişdir. Hadisə zamanı o evində idi. Çöldən səs-küy gəldiyini eşitmiş və dərhal eyvana çıxmışdır. O, artıq eyvana çıxanda hadisə baş vermişdi. Eyvandan nə məsələ olduğunu soruşmuş və öyrənmişdir ki, Alidə ilə Taryel dalaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, onun böyük bacısı rəhmətə gedənə qədər bacısı Rəfiqə, yoldaşı Şahid11, oğulları Şahid10 və X3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X11 ev 47/1-də birlikdə yaşamışlar. Könül də onun bacısının oğlu Rizvanla birlikdə həmin ünvanda qeyri-rəsmi nikahda yaşamışlar. Rəfiqə vəfat etdikdən sonra Könülün ailə üzvlərindən xəbərsiz həmin evin kommunal xərclərini öz adına keçirib onları evdən çıxararaq evə buraxmamışdır. Bundan sonra Könüllə aralarında mülk üstündə mübahisə başladı. Buna görə də Şahid11 və Şahid10 mülk paylarını tələb etməklə bağlı 2018-ci ildə Nərimanov Rayon Məhkəməsinə iddia verdilər. Aralarında bir çox məhkəmə mübahisələri olmuşdur. Daimi olaraq münaqişədə yaşayırlar. Sonuncu dəfə 03 06.2020-ci il axşam saat 20 radələrində Taryelə Alidəgilin payına düşən otaqlardan ona məxsus olan istilik raditorunu gətirməyi Könül xahiş etdi. Taryel istilik radiatorunu gətirən zaman Alidə radiatoru Taryelin əlindən aldı, bunu gördükdə Alidəyə radiatorun Könülə məxsus olduğunu dediyini eşitdilər. Alidə Taryelin ağzının üstündən şillə ilə vurdu və Taryelin köynəyini cırdı, X8 başından əli ilə vurduğunu görmüşlər. O, onları ayırmağa çalışsa da artıq olan olmuşdu. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş verməsinə səbəb Taryelin onun rəhmətə gedən bacısının evindən istilik sistemini çıxarması olmuşdur. Həmin vaxt Alidə Taryelin əlindən istilik sistemini almağa çalışanda Taryel Alidənin üzündən yumruq ilə vurmuşdur. Alidə özündə deyildi, onu təcili tibbi yardım dərhal xəstəxanaya aparmışlar. Taryel Alidə ilə barışmaq üçün ona xəbər göndərmişdi. Lakin barışmadılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun böyük bacısı rəhmətə gedənə qədər bacısı Rəfiqə, yoldaşı Şahid11, oğulları Şahid10 və X3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X11 ev 47/1-də birlikdə yaşamışlar. Könül də onun bacısının oğlu Rizvanla birlikdə həmin ünvanda qeyri-rəsmi nikahda yaşamışdır. Rəfiqə vəfat etdikdən sonra Könül ailə üzvlərindən xəbərsiz həmin evin kommunal xərclərini öz adına keçirib onları evdən çıxararaq evə buraxmamışdır. xx.xx.2020-ci ildə səhər saat 10:30 radələrində “ARB” kanalının “Elgizlə izlə” verilişdən 3 nəfər, yəni müsahibə alan Sübhanə adlı qadın, bir nəfər sürücü və bir nəfər videokamera çəkən şəxs hadisə yerinə, yəni qeyd etdiyi ünvana gəlmişlər. Həmin vaxt orada o, Alidə, Ələmdar, xalası Zenfira, xalası qızı Nəzakət, Pərvizin həyat yoldaşı Fəridə, habelə qonşuluqda yaşayan dayısı arvadı Qənifə və digər qonşular olmuşdur. Televiziyadan gələn çəkiliş müsahibə almaq üçün Könülün həyət qapısını döysə də, açmamışdılar. Buna görə də Alidə qapını açmaq üçün həyətin hasarına çıxmışdır. Bundan sonra isə Alidənin arxasınca o da hasara çıxmışdır. Həmin vaxtı orada Könül əlinə götürdüyü dəmir parçası ilə Alidənin ayaqlarına vurmağa başlamışdır. O isə buna mane olmaq və onu dayandırması üçün hasara paralel düzəlmiş tikilidə olan gül qabını Könülə tərəf atmışdır. Lakin həmin gül qabı kənara düşmüşdür. Könül isə buna məhəl qoymayaraq həyətdəki su ilə dolu olan vedrəni götürmüş və suyu onlara tərəf atmağa başlamışdır. Bundan sonra Alidə qapını içəridən açmış və Ələmdar, Fəridə, Alidə, televiziya işçiləri içəri girmişlər. Bu zaman onlar çöldə gözləmişlər. Sonra isə televiziya işçiləri çıxıb getmişlər. Könül ilə onların arasında sözlə mübahisə başlamışdır. Bu zaman Könül də Nəzakət də DİN 102 zəng xidmətinə zəng vurub hadisə yerinə polis çağırdılar. Polis əməkdaşları hadisə yerinə gələrək onları sakitləşdirmişlər. Evin bölünməsi barədə qismən razılıq əldə etdikdən sonra evin kənar hissəsindən Elmanla Pərviz giriş üçün qapı yeri düzəltdilər. Bundan sonra əşyalar daşınmış və polis əməkdaşları getmişlər. Əşyaların daşınmasında Könülün evində kirayədə qalan Taryel ona kömək edirdi. Əşyalar daşınan vaxt Taryel evin işıqlarını söndürüb qazı kəsmişdir. Bundan sonra həmin tarixdə axşam saatlarına qədər adlarını çəkdiyi şəxslərlə birlikdə evi səliqəyə salmışlar. Axşam radələrində Taryel onların payına düşən otağa daxil olub istilik radiatorunu götürmüşdür. Bu zaman Taryel ilə Alidə arasında mübahisə yaranmışdır. Könül Alidənin Taryellə mübahisə etdiyini görüb dərhal evdə olan kvaltı götürüb Alidənin üstünə hücum çəkmişdir. Könülün kvaltla Alidəni vurmaq istədiyini görüb onları ayırmağı çalışmışlar. Lakin həmin zaman Taryel kənardan gəlib Alidəni təhqir edərək yumruqla burnundan və başından bir dəfə vurmuşdur. O, Taryelin əlində hansısa dəmir alət olduğunu və həmin aləti ovuc hissəsində bərk sıxaraq yumruqla Alidəyə xəsarət yetirdiyini görmüşdür. Alidə isə Taryelə əl-qol atıb onun köynəyini cırmışdır. Bu zaman o, Nəzakət və xalası Zenfira onları ayırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə baş verən hadisə barədə onun sonradan məlumatı olmuşdur. Belə ki, o, həmin vaxt ümumiyyətlə qeyd olunan ünvanda olmamışdır. Şəxsi işləri ilə əlaqədar Yasamal rayonu ərazisində olmuşdur. Həmin gün saat 20 radələrində yenə də Yasamal rayonu ərazisində idi. Xalası Zenfira ona zəng edib anası Alidəni vurduqlarını və səhhətinin pis olduğunu bildirib onu evə çağırmışlar. O da təxminən 15-20 dəqiqə ərzində həmin ünvana çatmışdır. Anasını təcili tibbi yardım avtomobilinə yerləşdirmiş və o da onun arxasınca 1 saylı KTM-ə getmişdir. Hadisə zamanı orada olmamışdır. Hadisə baş verdikdən sonra onun məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə yaşadığı ünvanın həyətinə çıxarkən həyat yoldaşı Alidə, qohumları Ələmdar, Nəzakət, Gülnarə, Zenfira ARB TV-nin çəkiliş qrupu ilə birlikdə Şahid1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X11 ev 47/1 ünvanında olmasını görmüşdür. Həmin kanaldan çəkiliş qrupunun gələcəyi barədə əvvəlcədən məlumatı olduğuna görə o, heç bir məsələyə qarışmamışdır. O, həyətə çıxdıqda artıq polis əməkdaşları da hadisə yerinə gəlmişdi. Baş verən hadisənin tam olaraq nə olduğunu bilməmişdir. Lakin məsələnin yoluna qoymaq üçün Könülün qardaşı Niyaməddin ilə danışmışdır. Sonra polis əməkdaşlarının köməyi ilə ara sakitləşdikdən və evin bölünməsi barədə qismən razılıq əldə etdikdən sonra evə qayıtmışdır. Sonra axşam radələrində ünvanda olarkən səs-küyü eşitmişdir və çölə çıxdıqdan sonra oğlu Seymur ilə əlaqə saxladıqda ona məlum olmuşdur ki, Alidə ilə Könülün evində kirayə yaşayan Taryl arasında mübahisə baş vermiş, Taryelin Alidənin burnundan vuraraq xəsarət yetirmişdir. Baş vermiş hər iki hadisədə də o, orada olmamışdır. Hadisələr baş verdikdən sonra məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid7, Şahid8, Şahid10, Şahid11, Şahid12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, onların məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş və ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə AR CM-nin 127.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Bəhmən qızının almış olduğu xəsarətlər-qapalı-kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sağ və sol üst-alt göz qapaqlarının, sağ və sol bazunun, sağ baldırın qançırları, sağ ayağının İ barmağının əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs Bəhmən qızının bədən səthində aşkar edilmiş xəsarətlər xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətlərin öz boyu hündürlüyündən yıxılma və şəxsin özü-özünə yetirə bilməsi inandırıcı deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Bəhmən qızının almış olduğu xəsarətlər qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, burun sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sağ və sol üst-alt göz qapaqlarının, sağ və sol bazunun, sağ baldırın qançırları, sağ ayağın İ barmağının əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə əmələ gələ bilərdi və dəcərələrinə görə burun sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, sağ və sol üst alt göz qapaqlarının, sağ və sol bazunun, sağ baldırın qançırları, sağ ayağın barmağının əzilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Mehralıyev Taryel Kamal oğlu əvvəllər Gəncə Hərbi Məhkəməsinin xx.xx.2009-cu il təvəllüdlü 333.3, 328.1, 66.3-cü maddələri ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam Qəsəbə X7 Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Qəbələ rayonu Vəndam sakini kimi Təqsirləndirilən şəxs ailə tərkibi özü, bacısı, qardaşı və qardaşı arvadından ibarətdir. Götürmə və baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ş. Mustafayev 27 ünvanının qarşısında Zərərçəkmiş şəxs yumruq vuraraq burun tənəffüsünun pozulması ilə müşayiət olunan burun sümüklərinin yerdəyişmiş qəlpəli sınıqları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən zərərçəkmişin sağlamlığına az ağır zərər vurmaya aid xəsarət yetirməsi faktı ilə əlaqədar olaraq şahid qismində dindirilmiş Şahid12 təqdim etdiyi 02 ədəd CD diskə baxış keçirərkən məlum olmuşdur ki, ARB TV-nin çəkiliş qrupunun hadisənin baş verdiyi Nərimanov rayonu, X11 47 ünvanda qeyd olunan ünvanın qapısını döysə də qapının açan olmaması, bundan sonra Zərərçəkmiş şəxs onun arxasınca isə Şahid2 ünvanın darvazasına çıxaraq münaqişə yaranmasına səbəb olması, həyətin digər tərəfində olan şəxsə nərdivanın aşağı hissəsi ilə və dibçək ataraq vurmaları, qarşı tərəfdə olan şəxsin isə həmin şəxsə su atması, bir neçə dəqiqə sonra isə Zərərçəkmiş şəxs qapını açması, sonra isə ARB TV-nin aparıcısı İsgəndərovanın müsahibə alması və həmin ünvanı tərk etmələri əks olunmuşdur. İttiham elan edilməsindən ötrü şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsindən ötrü tutulması üçün barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 14:30 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Şəxsin təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Mehralıyev Taryel Kamal oğluna AR CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, 02 ədəd diskin maddi sübut kimi qiymətləndirilməsi və s. qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Mehralıyev Taryel Kamal oğlu tərəfindən qeyd olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma-iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Mehralıyev Taryel Kamal oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs Mehralıyev Taryel Kamal oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini və zərər çəkmiş şəxslə barışığa cəhd eməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Mehralıyev Taryel Kamal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Mehralıyev Taryel Kamal oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Mehralıyev Taryel Kamal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, Mehralıyev Taryel Kamal oğlunun üzərinə Qəbələ rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qəbələ rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Mehralıyev Taryel Kamal oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri ilə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Mehralıyev Taryel Kamal oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Mehralıyev Taryel Kamal oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qəbələ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut - 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar