Məhkəmə qərarları › İş №1(006)-142/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-142/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-142/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1997-ci ildə Bakı şəhərində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Y/M “V” massivi, ev 25, mənzil 117-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 mart 2020-ci il tarixdə, saat 05 radələrində ünvan 1 ünvanda yerləşən “VİP Şərab evi 777” mağazasının qarşısında saxlanılmış X1 məxsus “Mercedes-Benz 300” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə ünvan 2 ünvana kimi sürüb saxlayaraq oradan qaçıb uzaqlaşmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, ayıq sürücü kimi fəaliyyət göstərməklə ailəsinin dolanışığını təmin edir. Taksi kimi adətən Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində yerləşən “Niel” şadlıq sarayının qarşısında fəaliyyət göstərmiş, məclisdən sərxoş vəziyyətdə çıxan şəxslərin avtomobillərini idarə edib onları ünvanlarına aparmışdır. Müştəri gözləmək üçün həmişə şadlıq evinin ətrafında olduğundan həmin yer ilə üzbəüzdə yerləşən “VİP Şərab evi 777” mağazasında satıcı işləyən Elsəid Həsənovu da tanımış, sonuncu isə onun adını “Əli” olaraq bilmişdir. 01 mart 2020-ci il tarixdə, gecə saat 05 bu mağazaya daxil olub Elsəiddən xahiş etmişdir ki, mobil telefonunu orada olan cərəyana qoşsun, sonuncu da buna etiraz etməmişdir. Telefonu cərəyana qoşulu olduğu müddətdə Elsəidlə bir az söhbət etmiş, hətta ona öz mobil nömrəsini də vermişdir. Söhbət ərəfəsində Elsəidə əvvəllər maşın ustası işlədiyini söyləmiş, sonuncu da avtomobilinin qabaq sağ təkərindən qəribə səsin gəldiyini deyərək ondan bunun səbəbini soruşmuşdur. O, Elsəidə avtomobildə olan nasazlığın səbəbini ancaq ona baxış keçirəndə biləcəyini demişdir. Bundan sonra telefonunu cərəyandan ayıraraq Elsəidlə birlikdə mağazadan çıxıb onun qarşısında saxlanılmış “Mercedes Benz 300” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Elsəid özü avtomobilin mühərrikini işə saldıqda onun qabaq sağ tərəfindən qəribə səs gəlmişdir. Elsəid avtomobildən düşdükdən sonra özü sükan arxasına keçərək onun qapısını örtüb sükanın altındakı “şteyker”i birləşdirdikdə həmin səs azalmışdır. Elsəidə avtomobildəki problemin sükanın altındakı beyin sistemindən yarandığını demiş, eyni zamanda ondan xahiş etmişdir ki, üzərində xırda pullarla olan 300 manat pulun əvəzinə ona 100 manatlıq əsginaslar versin. Elsəid də razılaşıb ona üç ədəd 100 manatlıq əsginaslarla 300 manat pul vermişdir. Mağazaya müştəri daxil olduğundan Elsəid avtomobilin yanından uzaqlaşıb mağazaya girmiş, o da bundan istifadə edib avtomobili idarə edib cəld oradan uzaqlaşmışdır. Avtomobili bir qədər sürdükdən sonra onu Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Şəki” restoranının yaxınlığında saxlayaraq düşüb piyada getmişdir. Bu zaman Elsəid zəng edəndə ona avtomobili saxladığı yeri bildirmiş, verdiyi pulu isə ehtiyacı olduğundan götürüb getdiyini söyləmişdir. Zərər çəkmiş şəxslə barışmış, işə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ünvan 1 ünvanda yerləşən “VİP Şərab evi 777” mağazasında satıcı olaraq işləyir. 29 fevral 2020-ci il tarixdə, saat 21:30 radələrində idarə etdiyi “Mercedes Benz E-300” markalı, **- EE-*** dövlət qeydiyyat nişanlı avtomobili mağazanın qarşısında saxlamışdır. 01.03.2020ci il tarixdə, gecə saat 05 radələrində özünü Əli kimi təqdim edən bir nəfər mağazaya daxil olmuş, ayıq sürücü olaraq işlədiyini bildirib ondan mobil telefonunu cərəyana qoşmağını xahiş etmiş, o da buna etiraz etməmişdir. Söhbət zamanı Əli onu və ailəsini tanıdığını, atalarının yaxın olduqlarını bildirmiş, həmçinin ona öz mobil nömrəsini də vermişdir. Bundan başqa Əli ona əvvəllər avtomobil təmiri ustası olaraq işlədiyini bildirdikdə o, idarə etdiyi avtomobilin qabaq sağ təkərindən qəribə səs gəldiyini deyib səbəbini soruşmuşdur. Əli də ona avtomobilə baxmağı təklif etmişdir. Əli mobil telefonunu cərəyandan çıxarıb özü ilə götürdükdən sonra onunla birlikdə mağazanın qarşısındakı avtomobilin yanına getmişlər. Əvvəlcə o özü avtomobili işə salaraq təkərindən gələn səsi Əliyə göstərmişdir. Daha sonra Əli avtomobildə sükan arxasına əyləşib onun alt hissəsində nə isə etmiş, bu zaman təkərdən gələn qəribə səs azalmışdır. Əli ona bildirmişdir ki, həmin səs avtomobilin kompüter-elektrik sisteminə görə yaranmışdır. Bu zaman Əli avtomobildən düşmədən özündə xırda pullarla 300 manat olduğunu deyərək onları yüzlük əsginaslara çevirməyini xahiş etmişdir. O da cibindən üç ədəd yüzlük əsginaslarla 300 manat pulu çıxarıb Əliyə vermişdir. Pulu Əliyə verdikdə mağazaya müştəri gəldiyni görüb ondan uzaqlaşaraq içəriyə girmişdir. Mağazaya girəndə görmüşdür ki, Əli ona məxsus avtomobili sürüb oradan uzaqlaşır. O, dərhal həmin ərazidə xidmət edən polis əməkdaşına zəng vurub hadisə barədə bildirmiş və onunla birlikdə avtomobili axtarmağa başlamışdır. Əliyə zəng vurduqda sonuncu ona pula ehtiyacı olduğundan belə hərəkət etdiyini, 300 manat pulu götürüb avtomobili Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Şəki” restoranının yaxınlığında saxladığını söyləmişdir. O, Əlinin dediyi yerə gedərək avtomobili orada tapmış və ona hər hansı bir ziyan vurulmadığını aşkar etmişdir. Sonradan bu şəxsin əslində Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda ona vurulmuş zərər ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan:  “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 30.10.2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs qanunsuz ələ keçirdyi “Mercedes-Benz 300” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs 300 manat pulu dələduzluq yolu ilə ələ keçirdiyindən İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün zəruri materiallar Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə göndərilmişdir (İ cild, i.v.86-91);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20.10.2020-ci il tarixli arayışına və məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin 13.05.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.09.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i.v.62-63, 65-74);  Məhkəmənin çağırışlarına üzürlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qərarı ilə Ə.X3 Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 02 ay müddətinə inzibati həbs olunduğundan o, bu tənbeh tədbirini çəkib qurtardıqdan sonra Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir (İİ cild). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz 300” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü“maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə“(vəkilə)“ödənilən haqq hər iş saatı üçün“6“manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad olunsun. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz 300” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar