Məhkəmə qərarları › İş №1(006)-474/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-474/2021

28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-474/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 60, mənzil 103-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 194-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 18.05.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,212 qram təşkil edən narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, həmin gün saat 20:50-də ünvan 1 ünvanın qarşısında olarkən özünü şübhəli apardığından Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin 01 ədəd gümüşü kağıza bükülmüş halda əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitənin heroin kimi tanıdığı növünü inyeksiya yolu ilə bədəninin müxtəlif nahiyələrinə daxil edir. Bununla yanaşı, 18 may 2021-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanında olan zaman, yəni yaşadığı ərazidə olan vaxt yerdən siqaretin gümüşü rəngli iç kağızına bükülmüş heroin tapmış və həmin heroini gələcəkdə özü üçün istifadə etmək məqsədilə yerdən götürərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibində gizlətmişdir. Həmin tarixdə, yəni 18 may 2021-ci il tarixdə saat 20:50-də ünvan 4 ünvanında olan zaman mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onu sorğu-sual etmişlər və o, həmin şəxslərə 01 ilə yaxın narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Beləliklə də o, Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət edilmiş və PB-də olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşulmuşdur. Həmin suala cavab olaraq 18 may 2021-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanında olan zaman, yəni yaşadığı ərazidə olan vaxt yerdən tapdığı siqaretin gümüşü rəngli iç kağızına bükülmüş heroinin üzərində olmasını bildirmişdir. Daha sonra masaya yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki siqaretin gümüşü rəngli iç kağızına bükülmüş heroini könüllü olaraq çıxararaq təqdim etmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan bükülü zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya və ona nümayiş etdirilmişdir. Üzərində olan narkotik vasitə heroindən başqa heç bir ünvanda hər hansı bir növ narkotik vasitə saxlamır. Narkotik vasitə heroini satmaq və ya kiməsə hədiyyə vermək niyyəti olmamışdır. Daha sonra ilk dəfə cinayət törətməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin irəli sürülmüş ittihamda təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, 18 may 2021-ci il tarixdə saat 20 radələrində əməliyyat müvəkkili Şahid1lə xidməti ərazilərində xidmətdə olarkən, ünvan 5 ünvanının yaxınlığında olarkən bir nəfər şəxsi görmüş və həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşıb, özlərini təqdim edib, həmin şəxslə şifahi söhbət aparmışlar. Şifahi söhbət əsnasında məlum olmuşdur ki, həmin şəxs narkotik vasitə alüdəçisidir. Buna görə həmin şəxsi polis bölməsinə dəvət etmişlər və birlikdə polis bölməsinə gəlmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Daha sonra onlar raportla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı rəhbərliyə müraciət etmişlər və həmin xüsusat üzrə araşdırma aparılması X5a həvalə olunmuşdur. X5 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra sonuncunun üzərinə X5 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli iç kağız bükümünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 18.05.2021-ci il tarixdə yaşadığı ərazidə yerdən tapdığını bildirmişdir. Daha sonra Fərrux Şahpəlongovun təqdim etdiyi içərisində narkotik vasitə heroin olan büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində Şahid2 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarında olan: - Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. - “Şübhəli şəxsin tutulması haqqında” 18.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.17-18); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 20.05.2021-ci il tarixli qərardan görünür ki, müstəntiqin Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (İ cild, i.v.102-103); - “Qətimkan tədbirinin seçilməsi haqqında” 20.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.104-105); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.05.2021-ci il tarixli, 6/1961 nömrəli saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs....» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,212 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 81,82 manat təşkil edir (İ cild, i.v.52-56); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X1 29.05.2021-ci il tarixli 1634 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.129-130); - “Sübutların qiymətləndirilməsi haqqında” 08.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,152 qram qalığı saxlanılması üçün Nəsimi RPİ-nin saxlama otağına təhvil verilmişdir (İ cild, i.v.132-138); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 01.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.114). Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə cəza təyin edərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və əməlini səmimi etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini və əməlini səmimi etiraf edərək peşman olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 18.05.2021-ci il tarixdən 20.05.2021-ci il tarixədək, yəni 02 gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X2 ekspert komissiyasının 29 may 2021-ci il tarixli, 1634 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,152 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 81,82 (səksən bir manat, səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18.05.2021-ci il tarixdən 20.05.2021-ci il tarixədək, yəni 02 gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,152 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81,82 (səksən bir manat, səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar