Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-293/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X6 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3, X1 iştirakları ilə, xx xxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxta və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, 0,268 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib daşıyaraq, üzərində saxlamış, 29 may 2021-ci il tarixdə saat 11 radələrində Nizami RPİ-nin və həmin idarənin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Nizami rayonunun inzibati ərazisində baş vermiş cibgirlik faktları ilə əlaqədar birgə keçirilən əməliyyat-axtarış tədbiri zamanı ünvan 2 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq, Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli cins şalvarın sol yan cibində olan 1 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş halda 0,268 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitə istifadəçisi olmuşdur. 29 may 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvan 4 ünvanın qarşısında 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun cinayət törətməkdə şübhəli bilindiyini demişlər. Onun qara rəngli cins şalvarının sol yan cibində narkotik vasitə heroin olmuşdur. Polis əməkdaşları onu Nizami RPİ-nin 23-cü Polis Bölməsinə dəvət etmiş və orada müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Onun razılığı ilə üzərinə şəxsi axtarış keçirilərəkən üzərində qanunla qadağan olunan əşya və predmetin olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Qara cins şalvarının sol yan cibindən 1 ədəd siqaretin qızılı kağızına bükülü halda boş kibrit qutusunun içərisində olan heroini çıxarıb könüllü olaraq təqdim etmişdir. Həmin narkotik vasitəni özü istifadə etmək üçün tanımadığı şəxsdən 1 gün əvvəl Keşlə qəsəbəsində əldə etmişdir. Narkotik maddə ağ rəngli kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Polis bölməsinə gətirilən və üzərinə baxış keçirilən zaman ona qarşı heç bir təzyiq olunmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, habelə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd olunan sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü polis bölməsində əməliyyat müvəkkili işləyir. 29 may 2021-ci il tarixdə saat 11.00 radələrində Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşları ilə Nizami rayonu 23-cü Polis Bölməsinin inzibati ərazisində cibgirlik cinayətinin törədilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs Moxəmmədoviçi, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi 8A ünvanının qarşısında özlərini təqdim edib Nizami RPİ-nin 23-cü Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində müdafiəçinin iştirakı ilə həmin şəxsə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməmişdən əvvəl, üzərində qeyriqanuni əşya olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülü halda kibrit qutusunun içərisində olan kütləni çıxarıb təqdim etmişdir. Götürülmüş narkotik vasitəyə oxşar maddə zərfə qablaşdırılaraq DİN-nin 163 №-li möhürü ilə möhürlənmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə baxış keçirilərkən ona qarşı heç bir təsir və ya təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahidlər - Şahid1, Şahid3 və Şahid4 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 29 may 2021-ci il tarixli 6/2155 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ .... Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,268 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 22.07.2021-ci il tarixli 2404 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsdə opidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 29 may 2021-ci il tarixli (şəxsi axtarış və götürmə aparılması haqqında) Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Moxəmmədoviç könüllü olaraq qara rəngli cins şalvarın sol yan cibindən 2 ədəd siqaret və 1 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs Moxəmmədoviçdən götürülmüş narkotik vasitəyə oxşar maddə zərfə qablaşdırılaraq DİN-nin 163 №-li möhürü ilə möhürlənmişdir. İş materiallarında olan 31.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Moxəmmədoviçdən aşkar edilib götürülmüş təmiz çəkisi - 0,268 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq hissəsi 0,218 qram Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan 29.05.2021-ci il tarixli Protokoldan (şübhəli şəxsin tutması haqqında) görünür ki, Təqsirləndirilən şəxs Moxəmmədoviç şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Moxəmmədoviçin barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 may 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Moxəmmədoviç əvvəllər məhkum edilmiş, lakin məhkumluqları ödənilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Moxəmmədoviçin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrum edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Moxəmmədoviçə Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs Moxəmmədoviçin üzərindən aşkar edilərək götürülmüş və təhqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,218 qram heroin məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Moxəmmədoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi 50 saat, məhkəmədə iştirak etdiyi 30 saat, cəmi 80 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 480 manat (80x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X4 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 29 may 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan 0,218 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs 80 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 (dörd yüz səksən) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-293/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-293/2021
07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver