Məhkəmə qərarları › İş №1(007)-296/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-296/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-296/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, 06.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08.07.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 11.03.2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,562 qram narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış və 12.03.2021ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri Nizami RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanının qarşısında saxlanılaraq ünvan 3erləşən Bakı şəhəri Nizami RPİ-nə gətirilmiş, idarədə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd göy rəngli sellofan parçasına bükülmüş, içərisində təmiz çəkisi 0,562 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin istifadə edir. Şahid1 onun tanışıdır. 11.03.2021-ci il tarixdə Qüdrətlə birlikdə Xəzər rayonu, Binə qəsəbəsi “Həsən” məscidinin yaxınlığına gedib orada tanımadığı bir nəfər şəxsdən öz istifadəsi üçün 20 manata bir büküm heroin, Qüdrət isə 30 manata bir büküm metamfetamin almışdır. Oradan marşrut avtobusu ilə Bakı şəhəri, Nizami rayonu “Neftçilər” dairəsinə gəlmişlər. 12.03.2021-ci il tarixdə saat 00:30 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında “Makler bazarı” deyilən yerdən keçərkən iki nəfər mülki paltarda polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların şəxsiyyətləri ilə maraqlanaraq sorğu-sual etmişlər. Sonra polis əməkdaşları onları Nizami RPİ-nə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, əynində olan gödəkçənin sağ yan cibindən 01 büküm heroini çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 11.03.2021-ci il tarixdə “Fərid və Qüdrət” adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni saxlaması, qəbulu və satışı ilə məşğul olmaları barədə bölməyə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla əlaqədar dərhal onun və Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmış və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 12.03.2021-ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs və Şahid1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında saxlanılaraq şübhəli şəxs qismində Nizami RPİ-nə dəvət edilmişlər. Polis İdarəsində vəkilin iştirakı ilə idarənin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni öz istifadəsi üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra xidməti otaqların birində vəkilin iştirakı ilə idarənin təhqiqatçısı tərəfindən Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Şahid1 üzərindən aşkar edilən psixotrop maddəni öz istifadəsi üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Əyyib oğlu ilə çay evində tanış olmuşdur. 11.03.2021-ci il tarixdə o, Fəridlə birlikdə Xəzər rayonu, Binə qəsəbəsi “Həsən’’ məscidi deyilən yerə gedib orada üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən narkotik vasitə almışlar. Oradan marşrut avtobusu ilə Bakı şəhəri, Nizami rayonu “Neftçilər" dairəsinə gəlmişlər. 12.03.2021-ci il tarixdə saat 00:30 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında “Makler bazarı” deyilən yerdən keçərkən iki nəfər mülki paltarda polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların şəxsiyyətləri ilə maraqlanaraq sorğu-sual etmişlər. Sonra polis əməkdaşları onları Nizami RPİ-nə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, əynində olan gödəkçənin sağ yan cibindən narkotik vasitəni çıxardıb rəqdim etmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12.03.2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - şəxsi axtarış və götürmə aparılması haqqında 12.03.2021-ci il tarixli protokoldan görünür ki, 12.03.2021-ci il tarixdə Nizami RPİ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə onun müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükülünü təqdim edərək içərisindəkinin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün bir gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Baxış zamanı video çəkilişdən istifadə edilmişdir. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 12.03.2021-ci il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 13.03.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və həbsdən azad edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi barədə 02.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - axtarışda olan şəxsin tutulması haqqında 06.07.2021-ci il tarixli protokoldan görünür ki, əməliyyat axtarış tədbirləri nəticəsində axtarış üzrə axtarılan Təqsirləndirilən şəxs 06.07.2021-ci il tarixdə saxlanılaraq Bakı şəhəri Nizami RPİ-nin MSY-nə təhvil verilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-181/2021 saylı, 08.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay 18 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 12.03.2021-ci il tarixli, 6/1003 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, təhqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs Eyyub oğlunun üzərindən aşkar edilmiş maddi sübut...” yazılan zərfdə təmiz çəkisi 0,562 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə -heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsi Ambulator Məcburi-Narkoloji tibbi yoxlamanın 06.07.2021-ci il tarixli, 2190 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. - maddi sübut kimi tanıma haqqında 13.03.2021-ci il tarixli qərardan və Bakı şəhəri Nizami RPİ-nin Təminat Hissəsinin kiçik inspektoru, polis baş serjantı Müdafiəçi tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Eyyub oğlunun üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,562 qram heroin təhqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,512 qram heroin maddi sübut kimi tanınaraq məhkəmənin hökmünə qədər saxlanılmasından ötrü Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 06.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş videogörüntünün yazıldığı 01 ədəd CD” disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd bükülü çıxarıb təqdim etmiş və həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, özü istifadə etmək məqsədilə Binə qəsəbəsindən 20 manata aldığını bildirmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib saxlaması özünün, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 12.03.2021-ci il tarixdən 13.03.2021-ci il tarixədək 1 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 06.07.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,512 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 88,70 (səksən səkkiz manat, yetmiş qəpik) manat ekspertiza xərcinin yarısının digər təqsirləndirilən şəxs Şahid1 tutulmalı olması nəzərə alınaraq (1(007)-275/21 nömrəli cinayət işi) 44,35 (qırx dörd manat, otuz beş qəpik) manatı Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı, cəmi 45 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 270 (iki yüz yetmiş) manat (45x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.03.2021-ci il tarixdən 13.03.2021-ci il tarixədək 1 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06.07.2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,512 qram narkotik vasitə- heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 88,70 (səksən səkkiz manat, yetmiş qəpik) manat ekspertiza xərcinin 44,35 (qırx dörd manat, otuz beş qəpik) manatı Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda 30 saat, məhkəmədə 15 saat, cəmi 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 270 (iki yüz yetmiş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar