Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-75/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Yasamal rayonu, İnzibati Bina, Ə.Salamzadə küçəsi, 5 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, X6 fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd qara rəngli siqaret kağıza bükülmüş təmiz çəkisi 0.297 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üstündə saxlamış və həmin tarixdə saat 19:45-də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 ünvanının yaxınlığında Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 B ünvanda yerləşən Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilərək, orada üstünə şəxsi axtarış keçirilən zaman, onun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən həmin bir ədəd qara rəngli siqaret kağıza bükülmüş təmiz çəkisi 0.297 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək tərtib edilmiş protokol ilə götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, təxminən 3 ildir ki, “heroin” kimi bildiyi narkotik vasitəni inyeksiya yolu ilə qəbul edir. Narkotik vasitə qəbul etmədikdə bədənində ağrılar yaranır. xx xxxxxxxx 2020-ci il tarixdə narkoitk vasitə qəbul etmək istəmişdir, odur ki, həmin gün təxminən saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostulu” stansiyasının yaxınlığında sorağlaşaraq təsadüf görüşdüyü, tanımadığı şəxsdən 20 manat müqabilində narkotik vasitə olan heroin almışdır. Belə ki, bu şəxs ondan 20 manatı götürdükdən sonra bir büküm narkotik vasitə olan heroini ona vermişdir. Həmin narkoitk vasitəni götürüb, əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoymuş və qərara gəlmişdir ki, münasib vaxt onu istifadə edər. Həmin gün təxminən saat 19:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 saylı binanın yanında olarkən ona mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişlər və onu Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə dəvət etmişdirlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 24-cü Polis Şöbəsinə getmişdir. Orada xidməti otaqların birində şəxsiyyəti müəyyən edildikdən sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsini təklif etmişdirlər. O, onlara etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları təklif etmişlər ki, üzərində olan saxlanılması qadağan olunmuş əşya vardırsa təqdim etsin. Həmin vaxt əynində olan göy rəngli cins şalvarının sol yan cibindən qara rəngli siqaret kağızında bükülüdə olan narkotik vasitəni təqdim etmişdir. Bundan sonra həmin bükümü açmağı xahiş olunmuşdur. O, həmin qara rəngli siqret bükmünü açaraq heroin kimi bildiyi maddəni təqdim etmişdir və şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. O, yaxalanmasından sarsılmışdır və ondan soruşulanda ki, bu vasitəni kimdən almışdır, o, hesab etmişdir ki, kimin isə adını çəksə işi yüngülləşər və odur ki, son 2-3 il ərzində şəhər sakini kimi tanıdığı və narkotik vasitələrin istifadəçisi kimi bildiyi Hikmət Səmədovun adını çəkmişdir və demişdir ki, ondan aşkar olunmuş heroini həmin gün təxminən saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında Hikmətdən 20 manata almışdır. Əslində isə o, həmin heroini tanımadığı şəxsdən almışdır və xx xxxxxxxx 2020-ci ildə Hikmət Səmədovla görüşməmişdir. X2 və ya digər şəxsə narkotik vasitə satması halları olmamışdır. Odur ki, bu barədə əvvəl göstərdikləri həqiqətə uyğun deyil və hazırda onları təsdiq etmir. Şəxsi axtarış zamanı ondan aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmışdır, iştirakçılar və o, həmin zərfi imza etmişlər. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş və bildirilmişdir ki, məhkəmə-kimyəvi ekspertizasına göndəriləcəkdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamır. Ona narkotik vasitə satmış şəxsin anket məlumatlarını və telefonunu bilmir, görünüşünü xatırlamır. Başqa cinayət əməli törətməmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsindədir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 saylı binanın yaxınlığında “Elman” adlı şəxsin qanusuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı xx xxxxxxxx 2020-ci il tarixdə raportla rəsmiləşdirilərək şöbə rəhbərliyinə məruzə edilmişdir. Həmin məlumatın yoxlanılması və “Elman” adlı şəxsin ifşa olunmasi məqsədi ilə şöbə rəhbərliyi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə təsdiq olunmuş qərara əsasən əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkilləri Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmçinin, daxil olmuş qeyd olunan əməliyyat məlumatı işlənilərkən həmin tarixdə əlavə olaraq müəyyən olunmuşdur ki, “Elman” adlı şəxs xx xxx 1977-ci ildə ünvan 5 ünvanında yerləşən inzibati binada qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südcülük Sovxozu, X6 fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur. Keçirilmiş əməliyyat tədbiri nəticəsində xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:45 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 ünvanın yaxınlığında tərəflərindən saxlanılaraq, xidməti vəsiqələri təqdim edib 24-cü PŞ-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən 24-cü PŞ-nə gətirilmiş və bu barədə tərtib edilmiş raport rəhbərliyə məruzə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması 24-cü Polis şöbəsinin baş təhqiqatçı, polis mayoru Ramil Mehdiyevə həvalə olunmuşdur. Daha sonra Nizami RPİ-nin 24-cü PŞ -nin inzibati binasında yerləşən xidməti otaqların birində müdafiəçi dəvət olunmaqla və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan hər-hansı qanunsuz maddə və ya əşya varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülü, içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitəni təqdim edərək bildirmişdir ki, onun təqdim etdiyi maddə narkotik vasitədir, uzun müddətdir ki, qəbul edir. Həmin narkotik vasitəni xx xxxxxxxx 2020-ci il saat 17 radələrində Bakı Metropoliteninin “Xalqlar dostluğu” stansiyasının yaxınlığında Hikmət adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Təqsirləndirilən şəxs bir ədəd siqaret kağızına bükülü, içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan maddə sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək iştirakçılar və vəkilin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq tərkibinin müəyyən edilməsi məqsədilə məhkəmə-kimyəvi ekspertizasına göndəriləcəyi bildirilmişdir, tədbirin nəticəsinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Faktla bağlı aparılmış istintaq zamanı ona məlum olmuşdur ki, xx xxxxxxxx 2020-ci ildə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edərək, saxlayıb istifadə etdiyi, təmiz çəkisi 0,297 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmuşdur. Verilmiş suallara cavab olaraq Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci ildə yaxalanarkən bildirmişdir ki, üzərində aşakar edilmiş narkotik vasitəni Hikmət adlı tanışından almışdır. Əməliyyat təqdiri zamanı məlum olmuşdur ki, onun X5 ilə tanışlığı var və sonuncunun narkotik vasitələrin istifadəçisi olması təsdiq olunur. Odur ki, xx xxxxxxxx 2020-ci ildə X3 ətrafında əməliyyat tədbiri keçirilərək o, yaxalanmış və onun öz üzərində narkotik vasitə aşkar olunmuşdur. Lakin ilkin araşdırma zamanı həmin məlumatı Təqsirləndirilən şəxs və X5 inkar etmişlər. Odur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və kimdən əldə etməsinin müəyyən olunması istiqamətdə əməliyyat tədbirləri davam edir. Təqsirləndirilən şəxs narkotik vasitələr və ya psixotrop maddələri satması barədə məlumatlar daxil olmamışdır. Daxil olmuş əməliyyat məlumatından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlayır. Təqsirləndirilən şəxs digər cinayət əməllərini törətməsi barədə məlumat daxil olmamışdır. Şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə keçirilməsi barədə xx xxxxxxxx 2020ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişin diski ilə Təqsirləndirilən şəxs tərəfindən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan təmiz çəkisi 0,297 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq, saxlaması faktı təsdiq olunmuşdur. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 6/1893 saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə təmiz çəkisi 0,297 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmuşdur. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli, 3108 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx xxxxxxxx 2020-cu il tarixli baxış protokolundan görünür ki, Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaxalanaraq üstünə şəxsi axtarış keçirilən zaman 01 ədəd «DVD» diskə yazılmış videoçəkilişə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd DVD diskdə olan videogörüntüyə baxılarkən müəyyən edilmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin xidməti otağında Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtarış və götrürmə zamanı videoçəkilişdən istifadə ediləcəyi deyilir, sonuncu buna etiraz etmədiyini bildirir, iştirakçıların hüquqları izah edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanır. Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə onları təqdim etməsi təklifi olunur. Sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşıyaraq üstündə saxlamış, bir ədəd qara rəngli siqaret kağıza bükülmüş narkotik vasitə heroini təqdim edir. Baxış zamanı aydın görünür ki, Təqsirləndirilən şəxs heç bir təzyiq və zorakılıq tətbiq edilmir, o, özünü sərbəst ararır, öz əməllərini etiraf edir. Videogörünrüyə baxış zamanı Təqsirləndirilən şəxs birdə bildirdi ki, şəxsi axtarış obyektiv keçirilmiş və üzərində aşkar olunmuş narkotik vasitə heroin həqiqətən də öz istifadəsi üçün tərəfindən alınaraq üzərində saxlanılmışdır. Həmin 01 ədəd DVD diski cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan maddi sübut kimi tanıma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir bükümdə təmiz çəkisi 0,297 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,227 qram qalığı zərfdə qablaşdırılmaqla möhürlənmiş vəziyyətdə saxlanması üçün Bakı şəhəri Nizami RPİ-nin MSSK-na təhvil verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxxxx 2020-ci il tarixli arayışından surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Habelə, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Bununla əlaqədar, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, xalis çəkisi 0,227 qram narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və üzərinə narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifəsinin qoyulması nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,227 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-75/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-75/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver