Məhkəmə qərarları › İş №1(009)-16/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-16/2021

18.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-16/2021 18.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs videokonfrans əlaqə sistemindən istifadə edilməklə iştirakı ilə, xx xxxxxxxx 1975-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 14:10 radələrində ünvan 2 ünvanında yerləşən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının inzibati binasının qarşısına gəlib İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşlarının Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının binasında apardıqları “Yeraltı” verilişinin çəkilişi zamanı yerin dar olması səbəbindən teatrının qarşısında saxladıqları İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsus dəyəri 381,88 manat olan aliminium əsaslı ərintidən zavod üsulu ilə hazırlanmış Almaniya istehsalı “GF-Track/62 cm/Straight track, 160 cm (3 sleepers) TR-31606” markalı və dəyəri 244,71 manat olan aliminium əsaslı ərintidən zavod üsulu ilə hazırlanmış Almaniya istehsalı “GF-Track/62 cm/Straight track, 90 cm (2 sleepers) TR-30906” markalı 02 ədəd relsi talamaqla zərərçəkmiş şəxs İctimai Televiziya və Radio Yayımları Şirkətinə ümumilikdə 626,59 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu özünü ona elan edilmiş ittihamla təqsirli bilərək göstərmişdir ki, bir neçə ildir ki, Bakı şəhərində şüşə qapıların təmiri və quraşdırılması işi ilə məşğul olur. xx xxx 2020-ci il tarixdə günorta vaxtı Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının yanına gəlmişdir ki, orada olan dükanlardan şüşə qapı təmiri etdirənləri arasın və təmirə ehtiyacı olan şüşə qapıları təmir etsin. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının qarşısından keçəndə yerdə alüminiumdan olan iki ədəd relsə oxşar metal boru görmüş və ətrafa baxmışdır ki, həmin relslərin yanında adam yoxdur, relslərin yaxınlığında biraz dayanmış və həmin relslərə kimsənin yaxınlaşmasını görməmişdir, həmin relsləri oğurlayıb satmaq qərarına gəlmiş və onları olduğu yerdən götürüb ağacların arxasına qoymuşdur ki, taksi ilə onları aparıb metal qəbulu məntəqələrinə satsın, həmin vaxt teatrın yan tərəfində «Ford fokus» markalı taksi dayanmış və taksidən bir nəfər qadın düşüb getmişdir, taksi orada dayandığından həmin maşının sürücüsünə yaxınlaşıb yükü olduğunu və onu NZS qəsəbəsinə aparmağı təklif etmişdir, taksi sürücüsü əvəzində ondan 5 manat pul istəmişdir, razılaşmış və gedib relsləri qoyduğu yerdən götürüb gətirib taksinin yük yerinə yükləmişdir. O, NZS qəsəbəsində şüşə qapılar təmir etdiyinə görə oranı yaxşı tanıyır və oradakı metal qəbulu məntəqələrinin ünvanlarını bilir. NZS qəsəbəsində metal qəbulu yerinə getmiş və orada sonradan adını bildiyi Ramizə həmin relsləri 60 manata satmışdır. O, Ramizə həmin relsləri söküntü yerlərindən tapdığını deyib pula ehtiyacı olduğundan satdığını demiş və onu inandırmışdır. Ramiz onun şəxsiyyət vəsiqəsini alıb adını, soyadını, atasının adını və şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd etməklə həmin relsləri ondan götürmüş və əvəzində ona 60 manat pul vermişdir. O pulu alıb taksi sürücüsündən xahiş etmişdir ki, onu Həzi Aslanov adına metrostansiyasının yanına aparsın, taksi sürücüsü bunun üçün də 5 manat pul istəmişdir və o razılaşıb həmin taksi ilə Həzi Aslanov adına metrostansiyasının yaxınlığına gəlib düşmüşdür. Həmin puldan 25 manat verib özünə işlənmiş “Nokia” markalı mobil telefon aparatı almış, sonra siqaret və yemək almış və sonra Həzi Aslanov adına metrostansiyası ərazisində olarkən axşam saat 19 radələrində polis əməkdaşları onu saxlamışlar, sorğu-sual zamanı o törətdiyi oğurluq hadisəsini etiraf etmişdir. Sonra onu 39-cu Polis Bölməsinə gətirmişlər və orada bu barədə izahat vermişdir. Əməlindən peşman olduğunu, oğurluq hadisəsinin maddi vəziyyəti ilə əlaqədar törətdiyini, dəymiş ziyanı tamamilə aradan qaldırdığını, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə bildirmişdir ki, 2011-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində kino çəkilişi mühəndisi vəzifəsində işləyir. Onun xidməti müəyyən edilmiş çəkilişi başa çatdırmaqdan ötrü rels və kameraların saz vəziyyətə gətirilməsi ilə bağlı texniki işləri təşkil etməkdir. xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində Səbail RPİnin 39-cu Polis Bölməsinin qarşısından keçən zaman iş yoldaşı Şahid1 bölmənin qarşısında görüb onun burada olmağının səbəbini soruşduqda Yusif, həmin gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının inzibati binasında çəkilişdə olduqları zaman naməlum şəxs tərəfindən iki ədəd relslərin oğurlanmasını bildirmişdir. Sonra ona məlum olmuşdur ki, həmin iki ədəd relsləri oğurlayan şəxs Təqsirləndirilən şəxsdur və o oğurladığı relsləri Xətai rayonu, NZS qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə satmışdır. Həmçinin Nümayəndə məhkəməyə ərizə təqdim edərək İctimai Televiziya və Radio Yayımları Şirkətinə dəymiş ziyanın ödənildiyini və istintaq dövründə relslərin qaytarıldığını, eləcə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığı və onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2013cü ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində kran texniki vəzifəsində çalışır, kran texniki kimi verilişlərə başlamazdan əvvəl çəkiliş aparatlarının yerləşdirilməsi işlərini yerinə yetirir, həmin kranlar, relslər veriliş başlamazdan əvvəl onlara şirkətin anbarından verilir və veriliş başa çatdıqdan sonra onları şirkətin anbarına təhvil verirlər. xx xxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Səbail rayonu Rəşid Behbudov küçəsi-24 ünvanında yerləşən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Yeraltı” verilişinin çəkilişi üçün digər texniklər Rəşad və Anarla birlikdə televiziya kranlarını düzəltmək üçün nəzərdə tutulan relsləri Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının qarşısına gətirmişlər. O həmin yerə saat təxminən 12 radələrində gəlmişdir. Çəkiliş aparılmalı olan yer kiçik olduğu üçün onlar relslərdən ikisini teatrının qarşısında saxlamışlar ki, sonda onları da içəri qoyarlar, həmin relslərdən biri oval formalı imiş, həmin rels üzərində quraşdırılmış kameranın fırladılması üçündür, uzunluğu 1,70 metrdir, ikinci rels isə açılanda 1,50 metr, yığanda isə 2 metr olur, alüminium materialındandır. Sonuncu dəfə həmin relslərin orada olmasını saat 12:45 dəqiqədə orada görmüşdür, kran texniki kimi iştirak edəcəyi “Yeraltı” verilişinin çəkilişləri başlamış və o verilişdə imiş, veriliş başlayandan təxminən 15 dəqiqə sonra digər iş yoldaşı Anar gəlib ondan həmin çöldə saxladıqları relsləri soruşmuşdur, o bildirmiş ki, relslər veriliş başlamazdan əvvəl küçədə imiş, Anar bildirmişdir ki, relslər orada yoxdur. O çıxıb baxdıqda relslərin olmadığını görmüşdür. Verilişin gedişini saxlaya bilmədiklərindən o relsləri axtarmağa başlamış, Anar isə onun yerinə işləyirmiş, o teatrın içərisini, ətraf yerləri axtarmış, lakin relsləri tapa bilməmişdir. Verilişin fasiləsini gözləmişdir ki, verilişdə iştirak edən digər yoldaşlardan soruşsun, bəlkə kimsə götürüb, fasilə olanda o iş yoldaşlarından soruşmuş, iş yoldaşları relsləri görmədiklərini demişlər. Sonra yaxınlıqda olan gül dükanının muşahidə kamerasına baxmış və görmüş ki, bir nəfər kişi çiynində çanta bulvar tərəfdən deyil, əks tərəfdən saat 14:09-da relslər olan yerə tərəf gəlir və relslər olan meydanda dayanır, ətrafa nəzarət edir, həmin yerdə adamlar olsa da, həmin şəxs relsləri maşına yükləyib aparır, həmin şəxsin relsləri aparmasının vaxtı kamerada saat 14:11-göstərirmiş, lakin onun relsləri apardığı avtomobil kameranın görünüş bucağı altında düşmədiyindən onu görmək mümkün olmamışdır. O bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir, sonra Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları onların çəkiliş apardıqları yerə gəlmişlər və o 39-cu PB-nə gedib faktla əlaqədar ərizə və izahat vermişdir. O hələ bölmədə olarkən məlumat vermişlər ki, relsləri və həmin relsləri oğurlayan şəxsi polis əməkdaşları müəyyən edib tapmışlar. Sonra da polislər bölməyə həmin relsləri aparan furqon «Ford» markalı avtomobili, relsləri və həmin relsləri oğurlayan şəxsi gətirmişlər. Ona məlum olmuşdur ki, oğurluğu edən şəxs Təqsirləndirilən şəxsdur. O həmin oğurlanmış relsləri 39-cu PB-də görüb tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 ilə yaxındır ki, Xətai rayonu, Nazim Şükürov küçəsində icarəyə yer götürüb orada metal qəbulu işi ilə məşğul olur. Həmin yerdə tullantı metalı alır və satır. xx xxx 2020-ci ildə, saat 14:30 radələrində o iş yerində olan zaman gümüşü rəngli “Ford” markalı maşın onun iş yerinin qarşısında saxlamışdır, həmin maşından bir nəfər şəxs düşərək alüminium metal satdığını bildirmişdir. Həmin şəxs adının Təqsirləndirilən şəxs olmasını bildirib satdığı malın özünə məxsus olmasını demiş, söküntüdən çıxartdığını bildirərək pul lazım olduğu üçün satdığını demişdir. Onların aralarında bu barədə olan danışıq zamanı ona satmaq istədiyi malın oğurluq olub-olmaması ilə bağlı soruşduqda Füzulu həmin malın ona məxsus olduğunu demişdir. O həmin malın 1 kq 1,8 manata almışdır və Füzuliyə 60 manat pul vermişdir. O relsləri Füzulidən alan zaman onun şəxsiyyət vəsiqəsini alıb iş yerində saxladığı dəftərə qeydiyyatda olduğu ünvanı yazmışdır. Bundan bir neçə saat sonra polis işçiləri gəlib ondan belə bir əlamətlərə malik metal alıb-almadığını soruşduqda o Füzulidən aldığı relsləri polislərə göstərmişdir. Bu zaman polislər orada sənədləşmə işləri aparıb Füzulinin ona satdığı həmin relsləri də götürüb aparmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq dövründə ifadəsində bildirmişdir ki, özünə məxsus «FORD FOCUS» markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur və «2111» taksi çağrı mərkəzi ilə işləyir. xx xxx 2020-ci il tarixdə işlədiyi taksi çağrı mərkəzi ilə 3-cü mikrorayondan adını bilmədiyi bir nəfər qadın sərnişini gətirib Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının qarşısında düşürmüş və orada dayanmışdır. Bu zaman ona sonradan adını bildiyi Təqsirləndirilən şəxs yaxınlaşmış və yükü olduğunu, onu NZS qəsəbəsinə aparmaq lazım olduğunu bildirmişdir. Onunla razılaşaraq 5 manata gətirdiyi nərdivana bənzər iki ədəd alüminiumdan olan yükü maşının yük yerinə qoyub NZS qəsəbəsindəki metal qəbulu məntəqəsinə getmişlər. Yol gedərkən Füzuli yolda onun tanımadığı metal qəbulu məntəqəsində saxladıb düşüb metal qəbul edənlə danışıb razılaşmadıqları üçün yenidən yollarına davam etmişlər. Sonra başqa metal qəbulu məntəqəsinə gəlmişlər. Füzuli maşından düşüb metal qəbul edən şəxsə yaxınlaşmışdır, sonra Füzuli metal qəbul edən şəxslə gəlib maşının yük yerindən həmin nərdivana bənzər metal yükü götürmüşlər. Həmin vaxt metal qəbul edən şəxs Füzulidən, ona satılan metalın oğurluq olub-olmadığını soruşmuş və Füzuli həmin metalın özünə məxsus olduğunu bildirmişdir. Füzuli həmin metalı satdıqdan sonra onu Həzi Aslanov metrostansiyasının yaxınlığına aparmağı xahiş etmişdir, o da bunun müqabilində 5 manat alıb Füzulini həmin ünvana aparmışdır. Füzulinin onun maşınına yüklədiyi metalın oğurluq olmasını bilməmişdir. Bu hadisədən bir neçə saat sonra ona zəng gəlmiş və özünü polis əməkdaşı kimi təqdim edən zəng edən şəxs həmin hadisə ilə bağlı soruşduqda, o bildiklərini zəng edən şəxsə danışmışdır, sonra da 39-cu PB-nə gəlib bu barədə izahat vermişdir. Hadisə yerinin yaxınlığında quraşdırılmış videomüşahidə kamerasından götürülmüş görüntülərə baxış keçirilməsi haqqında 18 iyun 2020-ci il tarixli protokoldan görünür ki, TŞ1-152.1 görüntülər başlanması vaxtı saat 13:43:00-dır. Görüntülər Bakı şəhəri Səbail rayonu, Rəşid Behbudov küçəsində olan Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının inzibati binası ilə üzbəüz quraşdırılmış fırlanan kamera vasitəsilə çəkilmişdir. Görüntülər Bakı şəhəri Səbail rayonu Rəşid Behbudov küçəsi, həmin küçədə olan Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının inzibati binasının qarşısını fırlanmaqla göstərir. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının inzibati binasının qarşısında üzərində «İTV» televiziya kanaılına aid fərqlənmə nişanı ilə nişanlınmış arxa tərəfi furqon formada və arxa qapıları açıq olan çəkiliş avtomaşını saxlanılmışdır. Teatrın inzibati binasında çəkiliş aparan televiziya əməkdaşları isə relsləri həmin «İTV» avtomobilinin qarşı hissəsinə, səki ilə teatrın inzibati binasının arasında olan açıq sahədə saxlamışlar. Görüntülərdə olan vaxt göstəricisinə görə görüntülər 13:40:00da başlayır və 13:44:07 dəqiqəsinə qədər teatrın inzibati binasının R.Behbudov küçəsi tərəfdən yan hissəsində «İTV» maşınının arxa tərəfində 01 ədəd metallik rəngli minik avtomobil dayanmışdır, saat 13:44:07-də fırlanan kamera həmin «İTV» avtomobilinin arxa tərəfində, R.Behbudov küçəsində metallik rəngli «Ford fokus» markalı avtomobilin arxada dayanması görünür. Saat 13:44:52-də qırmızı rəngli köynəkdə bir nəfər kişi əlində açıq vəziyyətdə tutduğu «İTV»-yə məxsus relslərlə həmin metallik rəngli «Ford fokus» markalı avtomobilə yaxınlaşır, avtomobilin sürücüsü ilə danışır, sonra sürücü avtomobilin baqajını açır və o əlində olan relsləri maşının yük yerinə qoyur, sonra kamera fırlanaraq başqa səmti göstərir. Saat 13:45:22-də əlində zənbil tutan kişi relsləri yüklədiyi maşına yaxınlaşır və zənbillə birlikdə həmin maşının salonuna əyləşir, sonra fırlanan kamera başqa səmti göstərir və saat 13:46:11-də artıq həmin avtomobil və ona relsləri yükləyən şəxs orda görünmür. TŞ1- 152.3 pəncərəsində isə saat göstərilmir, həmin görüntülər dayanmış vəziyyətdə R.Behbudov küçəsini göstərən kameradan çəkilmişdir. Görüntülərin başlanmasının 00:28-00:31-ci vaxtlarında kameranın görünüş bucağına R.Behbudov küçəsində relslər yüklənmiş və arxa yük yeri açıq vəziyyətdə olan metallik rəngli «Ford fokus» markalı avtomobil daxil olur və R.Behbudov küçəsi ilə irəliləməklə sonra görünüş bucağından itir. xx xxxx 2020-ci il tarixli qərarla müşahidə kameralarından götürülmüş görüntülər olan 04 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin kompleks materialların məhkəmə ekspertizası və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/1088-9/1602 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş relslər allüminium əsaslı ərintidən zavod üsulu ilə hazırlanmışdır. Relslər Almaniya istehsalı olub kamera çəkilişləri zamanı avadanlıqların rahat hərəkət etdirilməsi məqsədilə istifadə olunur. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə, yuxarıda qeyd edilən və ekspertizaya təqdim edilən relslər alüminium əsaslı ərintidən zavod üsulu ilə hazırlanmışdır, Almaniya istehsalı olunub, kamera ilə çəkilişi zamanı avadanlıqların rahat hərəkət etdirilməsi məqsədilə istifadə olunması müəyyən edilmişdir. Həmin relslər istehlak bazarında satışda olmadığından və Mərkəzdə onların qiymətləri barədə məlumat olmadığından tədqiqat və qiymətləndirmə aparılmadı. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 80 (səksən) manatdır. İctimai Televiziya və Radio Yayımları Şirkətinin təqdim etdiyi 3/03-109 nömrəli, xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən əsas vəsait kimi 2011-ci ildə alınmış texniki avadanlıq X1 səyyar televiziya stansiyası şöbəsinin kino çəkilişi üzrə mühəndisi Nümayəndə öhdəsinə verilmişdir. Oğurlanmış relslərin xx xxx 2020-ci il tarixə olan qalıq dəyəri 626,59 manatdır. № Vəsaitin adı Miqdarı Qiyməti Qalıq dəyəri (ədəd) (AZN) Məbləği (AZN) (AZN)

1. GF-Track 1 1648.78 1648.78 381.88 /62 sm/, Straight track, 160 sm/(3 sleepers) relslər TR-31606

2. GF-Track 1 1056.53 1056.53 244.71 /62 sm/, Straight track, 90 sm/ (2 sleepers) relslər TR-30906 cəmi 2 2705.31 2705.31 626.59

İşə əlavə edilmiş İctimai Televiziya və Radio Yayımları Şirkətində kran texniki vəzifəsində çalışan Şahid1 tərəfindən imzalanmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış İctimai Televiziya və Radio Yayımları şirkətinə məxsus 02 ədəd çəkilişdə istifadə olunan metaldan hazırlanmış relsləri təhvil almışdır. xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs oğurladığı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsus dəyəri 381,88 manat olan alüminium əsaslı ərintidən zavod üsulu ilə hazırlanmış Almaniya istehsalı “GF-Track/62 cm/Straight track, 160 cm (3 sleepers) TR-31606” markalı və dəyəri 244,71 manat olan alüminium əsaslı ərintidən zavod üsulu ilə hazırlanmış Almaniya istehsalı “GF-Track/62 cm/Straight track, 90 cm (2 sleepers) TR-30906” markalı 02 ədəd rels cinayət işi üzrə maddi sübut hesab edilmiş və onların sahibinə qaytarılması nəzərə alınmışdır. xx xxx 2020-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuşdur. xx xxx 2020-ci ildə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Səbail RPİnin X2 azad edilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-135/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəl seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və o Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən verilmiş tələbnamədən görünür ki, xx xxxxxxxx 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təsirli bilinərək qazancının 20% dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 1(014)-83/2011 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təsirli bilinərək qazancının 20% dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsindən alınmış arayışdan görünür ki, «Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli Qərarı tətbiq edilərək Təqsirləndirilən şəxs islah işləri cəzasından azad edilmişdir. Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, ünvan 5 saylı ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs şəhərdə yaşadığı müddət ərzində haqqında şəhər icra nümayəndəliyinə heç bir ərizə, şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinə dəymiş ziyan ödənillmiş, ibtidai istintaq dövründə relslərin qaytarılmış, eləcə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, dəymiş ziyanı aradan qaldırdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmamasını və zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan içtimai işlər növündə cəzaya məhkum edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs oğlunun xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək, yəni 01 (bir) ay 05 (beş) gün həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə səkkiz saat hesabı ilə hesablanmaqla, 280 (iki yüz səksən) saat ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs ictimai işlər cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal hazırda saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsus dəyəri 381,88 manat olan alüminium əsaslı ərintidən zavod üsulu ilə hazırlanmış Almaniya istehsalı “GF-Track/62 cm/Straight track, 160 cm (3 sleepers) TR-31606” markalı və dəyəri 244,71 manat olan alüminium əsaslı ərintidən zavod üsulu ilə hazırlanmış Almaniya istehsalı “GF-Track/62 cm/Straight track, 90 cm (2 sleepers) TR-30906” markalı 02 ədəd rels zərərçəkmiş şəxs İctimai Televiziya və Radio Yayımları Şirkətinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisəsini özündə əks etdirən iş üzrə maddi sübut kimi tanınmış 04 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 480 (dörd yüz səksən) saat müddətə ictimai işlər cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci ilədək, yəni 01 (bir) ay 05 (beş) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 8 (səkkiz) saat ictimai işlər cəzasına bərabər tutularaq, 280 (iki yüz səksən) saat təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 200 (iki yüz) saat müddətə ictimai işlər cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal hazırda saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsus dəyəri 381,88 manat olan alüminium əsaslı ərintidən zavod üsulu ilə hazırlanmış Almaniya istehsalı “GF-Track/62 cm/Straight track, 160 cm (3 sleepers) TR-31606” markalı və dəyəri 244,71 manat olan alüminium əsaslı ərintidən zavod üsulu ilə hazırlanmış Almaniya istehsalı “GF-Track/62 cm/Straight track, 90 cm (2 sleepers) TR-30906” markalı 02 ədəd rels zərərçəkmiş şəxs İctimai Televiziya və Radio Yayımları Şirkətinə qaytarılması nəzərə alınsın. Cinayət hadisəsini özündə əks etdirən 04 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X4 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə 252 (iki yüz əlli iki) manat pul tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat Bakı şəhəri 3 saylı vəkil bürosunun “xxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar