Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-63/2021 29.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1982-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2an, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan cinayət işi üzrə barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli, 4(004)-16/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qeyri-yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci tarixdə saat 13 radələrində ünvan 3 ünvanda yerləşən saxlanc yeri hesab edilən qeyri-yaşayış sahəsinə giriş qapısının qıfılını sındıraraq qanunsuz daxil olmaqla, içərisində saxlanılan Zərərçəkmiş şəxs məxsus 250 manat dəyərində bir ədəd “JVC” markalı split kondisionerin daxili hissəsini, cəmi 10 manat dəyərində 12 metr elektrik naqilini, hər birinin qiyməti 8 manat olan cəmi 48 manat dəyərində 6 ədəd “Led” lampalarını gizli olaraq talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs cəmi 308 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində, o, tək iş axtarmaq üçün Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ilə gəzərək, yaşayış binasının birinci mərtəbəsində yerləşən obyekt sırasının qarşısından keçərkən, binanın zirzəmisinə pilləkən ilə aşağı düşmüşdür. Obyektin giriş qapısında olan asma qıfılı sındırıb qapını açmış, qeyri-yaşayış sahəsinə daxil olduqda dəhlizdə split kondisionerin divarda quraşdırılmış hissəsini əli ilə qopartmışdır. Həmin hissəyə qoşulmuş naqil və aliminium borunu qıraraq splitdən ayırmış, sonra otaqların birində qutunun içərisində təxminən 10-12 metr uzunluğunda elektrik naqil və təzə altı ədəd “Led” lampaları görüb götürmüşdür. O, götürdüyü əşyalarla birlikdə oğurluq etdiyi binadan bir qədər uzaqlaşmış, kondisionerin daxili split hissəsinin plasmas olan hissələrini metal hissəsindən ayırıb atmış, metal hissəsini isə Bayıl qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb 3 manata satmışdır. Sonra oğurladığı təxminən 10-12 metr naqili və altı ədəd “Led” lampanı ümumilikdə 20 manata Bayıl qəsəbəsindəki bazarının yanında “Xəzər” marketin yaxınlığında yerləşən “1001 xırdavat” adlanan mağazaya gətirib satmışdır. Əldə etdiyi pulları isə özü üçün xərcləmişdir. O, oğurladığı split kondisionerin metal hissəsini məntəqəyə təhvil verərkən həmçinin oğurladığı naqil və “Led” lampaları mağazaya satarkən əşyaların oğurluq olmasını deməmişdir. Mağazanın satıcısına lampaları evinə aldığını, lakin pula ehtiyacı olduğundan satdığını demişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini və Zərərçəkmiş şəxs ondan şikayət və tələbinin olmadığını nəzərə alıb yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasından kənarda yaşayan dayışı X2 adına olan ünvan 4 ünvanda yerləşən binanın zirzəmisində 49 kv.metr sahə rəsmi etibarnamə ilə onun sərəncamındadır. Həmin obyekt onun tərəfindən tam təmir edilərək, giriş dəmir qapısı qıfılla bağlanmış və vaxtaşırı həmin obyektə baş çəkib nəzarət edirdi. Sonuncu dəfə qeyri-yaşayış sahəsinə xx xxxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində gəlmiş, əşyaları yerində görmüşdür. xx xxxxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində, o, növbəti dəfə obyektə gəldikdə, obyektin dəmir qapısındakı asma qıfıl sındırılmış və qapı açıq vəziyyətdə olmasını görmüşdür. İçəriyə daxil olduqda dəhlizdə divara bərkidilmiş 250 manat dəyərində bir ədəd “JVC” markalı kondisionerin daxili split hissəsinin yerində olmadığını, həmçinin otaqda qutuda qoyulmuş 10 manat dəyərində 12 metr elektrik naqili və hər birinin dəyəri 8 manat olan, cəmi 48 manat dəyərində 6 ədəd açılmamış təzə şəkildə “Led” lampaların oğurlanmasını aşkar edib DİN-nin “102” xidmətinə oğurluq barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona cəmi 308 manat maddi ziyan dəymişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs şkikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda yerləşən icarəyə götürdüyü “1001 xırdavat” adlanan məişət və təsərrüfat əşyalarının satışı mağazasını işlədir. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsi təxminən iki ilə yaxındır ki, tanıyır. Onun Bayıl qəsəbəsində yaşamasını bilsə də, lakin dəqiq hansı ünvanda yaşadığını bilməmişdir. Hasil əvvəllər tez-tez işlətdiyi mağazanın yanına gəlib oralarda gəzərək ondan hərdən 1-2 manat siqaret pulu istəmiş, o, da sifətdən tanıdığı üçün siqaret pulu vermişdir. Hasilin nə işlə məşğul olmasını bilməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Hasil onun işlətdiyi mağazaya gələrək özü ilə gətirdiyi altı ədəd təzə “Led” adlanan lampanı göstərərək, evi üçün cəmi 20 manata aldığını, lakin pula ehtiyacı olduğu üçün satmaq istəmişdir. O, da Hasili tanıdığı üçün 20 manat verib altı ədəd “Led” lampanı almışdır. Sonralar o, Hasildən aldığı altı ədəd lampaları hər birini 7 manatdan pərakəndə şəkildə tanımadığı müştərilərə satmışdır. Həmin lampadan mağazada qalmamışdır. Bundan sonra xx xxxxxxx 2020-ci il tarixdə Hasil mağazaya Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları ilə gəlib, mağazanı göstərərək 6 ədəd “Led” lampa satdığını bildirmişdir. Elə həmin vaxt ona polis əməkdaşlarından məlum olmuşdur ki, Hasilin təxminən bir ay əvvəl ona satdığı lampalar oğurluq olmuşdur. O, da polis əməkdaşlarına Hasildən lampa aldığını təsdiq edərək, Hasil ona həmin lampaları satarkən özünə məxsus olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda Səbail rayon Mühafizə İdarəsinin inzibati binasının qarşısında yerləşən, icarəyə götürdüyü əlvan metalların qəbulu məntəqəsini işlədir, yəni müxtəlif vətəndaşların gətirdiyi əlvan metal qırıntılarını qəbul edib tərəzi ilə çəkərək hər metal üzrə siyahıya uyğun olaraq ödəniş edir. Qəbul etdiyi metal qırıntılarını məntəqədə yığıb saxlayır, sonra zavod nümayəndələri bir neçə həftədən bir gəlib məntəqədə onun topladığı metal qırıntılarını təhvil alıb aparırlar. xx xxxxxxx 2020-ci il tarixdə günortaya yaxın o, işlədiyi məntəqədə olarkən oraya polis əməkdaşları ilə birlikdə bir nəfər tanımadığı oğlan gəlib işlədiyi məntəqəni göstərərək, xx xxxxxxxx 2020-ci il tarixdə günün günorta saatlarında, özü ilə gətirdiyi split kondisionerin metal hissələrini təhvil verib cəmi 3 manat pul aldığını bildirmişdir. Lakin o, həmin şəxsə diqqətlə baxıb adının Təqsirləndirilən şəxs olmasını öyrənsə də, həmin şəxsdən nə vaxtsa kondisionerin metal hissələrini təhvil aldığını xatırlamır. xx xxxxxxx 2020-ci il tarixdə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində ittiham elan edilmişdir. Səbail rayon prokurorunun xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Hümbətov X3 Saxlama Yerindən həbsdən azad olunmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1982-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.07.200-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 4(004)-16/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmışdır. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.07.200-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və hal-hazıradək cərimədən məhkum tərəfindən 600 manat ödənilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs əvvəllər talama cinayətinə görə məhkum olunduğunu, cəzanı tam icra etmədiyini və yenidən talama cinayətini törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat miqdarında cərimə cəzasının ödənilməmiş hissəsi, yəni 2400 manat miqdarında cərimə cəzası hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya tam birləşdirilərək ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikasl CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək, yəni 01 gün həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 01 (bir) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işinin istintaqı aparılır. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli, 4(004)-16/2021 saylı qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir və o hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmənin hazırlıq iclasında məhkəmə Təqsirləndirilən şəxs haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli, 4(004)-16/2021 qərarı ilə həbs qətimkan tədbirinin seçildiyini nəzərə alaraq ibtidai istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirini ləğv etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli, 4(004)-16/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat miqdarında cərimə cəzasının ödənilməmiş hissəsi, yəni 2400 manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilərək ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və 2400 (iki min dörd yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixdək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 2400 (iki min dörd yüz) manat miqdarında cərimə saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 4(004)-16/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-63/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-63/2021
29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver