Məhkəmə qərarları › İş №1(010)-84/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-84/2021

29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-84/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokuroğluğunun Dövlət X1 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Ərəblinka küçəsi nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir dəd kibrit qutusunda təmiz çəkisi 0,612 qram ar rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və xx xxxxxxx 2020-ci il tarixdə saat 00:50 radələrində Suraxanı RPG-nin Post Patrull Xidməti Bölüyünün əməkdaşı tərəfindən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasmın insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində olan “ABU” adlanan yanacaq doldurma məntəqəsinin qarşısında qurulmuş polis postunda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən yaşayış yerini və olduru yeri tərk etmək üçün SMS və “E-Təbib” mobil tətbiqi vasitəsilə 3 saatadək müddətə verilən icazənin olması yoxlanılan zaman üzərində narkotik vasitə olmasını bildirməsi səbəbindən saxlanılıb ünvan 3 saylı ünvanda yerləşən Suraxanı RPG-nin 30cu Polis Şöbəsinin inzibati binasına gətirilərək, videoçəkilişdən istifadə olunmaqla, üzərində şəxsi axtarış aparılan zaman, əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən həmin psixotrop maddə aşkar edilərək, götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində müştəri kimi tanıdığı Xətai adlı şəxsdən özünün istifadəsi üçün metamfetamin alaraq, kibrit qutusuna qoyaraq üzərində saxlayıb, daşımışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 00:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində olan “ABU” adlanan yanacaq doldurma məntəqəsinin qarşısında qurulmuş polis postunda olan polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş, bu zaman o, özünü itirmiş və polis əməkdaşından yayınmaq istəmişdir. Lakin polis əməkdaşı bundan şübhələnmiş və onu sorğu sual etmişdir. Polis əməkdaşına özünü itirməsinin səbəbinin üzərində narkotik maddə olması ilə bağlı olduğunu demişdir. Polis əməkdaşına üzərində olan narkotik maddəni təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşı onu PŞ-nə dəvət etmiş, o, heç bir etirazının olmadığını deyib razılaşmaqla 30-cu PŞ-nə gətirilmiş və orada onun şəxsiyyəti müəyyənləşdirilmişdir. Polis şöbəsində üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmasının zəruri olmasını demişlər. O, heç bir etirazının olmadığını dedikdən sonra ona hüquq və vəzifələri izah edilmişdir. Polis şöbəsində xidməti otaqların birində videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərində qanunsuz əşya olması barədə sual verilmiş, bu zaman əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən pul kisəsini çıxarıb, içərisində kibrit qutusunda “kakos” kimi tanıdığı narkotik maddə olmasını demişdir. Həmin kibrit qutusu polis əməkdaşı tərəfindən götürülərək qablaşdırılmış, qablaşdırılmış zərf möhür ilə möhürlənmiş və üzəri iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı aşkar edilmiş narkotik vasitəni bir ay əvvəl Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Chargah” restoranında müştəri kimi tanıdığı Xətai adlı şəxsdən pulsuz olaraq almasını bildirmişdir. Şüşə kimi tanıdığı narkotik maddəni yalnız özü istifadə etmək üçün əldə etmiş, narkotik maddəni heç kimə satmaq və ya vermək niyyəti də olmamışdır. Üzərindən aşkar edilmiş narkotik maddəni bir ay əvvəl əvvəl Türkan qəsəbəsində “Chargah” adlanan restoranda müştəri kimi olan Xətai adlı şəxsdən pulsuz almışdır. Üzərindən aşakr edilmiş narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlmamışdır. Narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsi və əkilib - becərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Üzərində narkotik maddə olması barədə heç kimin məlumatı olmuşdur. Xətai adlı şəxsdən narkotik maddəni istifadə etmək üçün almış, lakin sonradan fikirindən yayınmış, narkotik maddəni də harasa qoymaqdan qorxmuş, bunun üçün də üzərində saxlayıb daşımışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ifadəsi elan olunmuş şahid, Bakı şəhəri Suraxanı RPİ-nin PPXB-də polis nəfəri Şahid1 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Respublikanın ərazisində geniş yayılmış virus “Covid 19” infeksiya xəstəliyinin qarşısının alınması məqsədilə digər polis əməkdaşları ilə birgə Suraxanı rayon ərazisində postlar qurulmuş və həmin postlardan keçən şəxslərin icazəsini yoxlamışlar. O, Hövsan qəsəbəsi ərazisində olan “ABU” yanacaq doldurma məntəqəsinin qarşısında qurulmuş polis postunda xidmət aparmışdır. xx xxxxxxx 2020-ci il tarixdə axşam saat 00:50 radələrində “ABU” yanacaq doldurma məntəqəsinin qarşısında qurulmuş polis postundan keçən şəxslərin icazəsi olub-olmamasını yoxlamış, həmin vaxt bir nəfər şəxsin piyada keçməsini görmüş və həmin şəxsə yaxınlaşıb özümü təqdim etmişdir. Həmin şəxsdən çölə çıxması üçün icazəsinin olmasını soruşmuş, sonuncu özünü şübhəli apararaq müxtəlif bəhanələr gətirmiş, həmin şəxsin hərəkətlərindən şübhələnmiş, belə ki, sonuncu heç bir səbəb olmadan həyəcanlanmış və danışa bilməmişdir. Həmin şəxsi sorğu-sual edən zaman o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və bildirmişdir ki, üzərində narkotik vasitə vardır, ona görə də qorxdugundan həyəcanlanmışdır. Bundan sonra həmin şəxsə Suraxanı RPİ-nin 30-cu PŞ-nə getməyi təklif etmişdir. Həmin şəxs də heç bir etiraz etməmiş və razılaşmışdır. Həmin şəxslə birlikdə xidməti avtomobillə Suraxanı RPİ-nin 30cu PŞ-nə gəlmiş və bu barədə Polis Şöbəsinin rəisinə raportla məruzə etmişdir. Bundan sonra xidmətdə oldugu yerə qayıdaraq, xidmətimi davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə Polis Şöbəsində xidmətdə olmuş, həmin gün saat 02 radələrində Suraxanı RPİ-nin PPXB-nin əməkdaşı tərəfindən Respublikanın ərazisində geniş yayılmış virus “Covid 19” infeksiya xəstəliyinin qarşısının alınması məqsədilə Hövsan qəsəbəsi ərazisində olan “ABU” yanacaq doldurma məntəqəsinin qarşısında qurulmuş polis postunda bir nəfər şəxs saxlanılaraq üzərində narkotik vasitə olmasını bildirməsi səbəbindən polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs müəyyən edilmiş və həmin günü Polis Şöbəsinə vəkil dəvət edilmişdir. Vəkilin və onun iştirakı ilə Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparılmaga başlanılmışdır. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, axtarış zamanı Hüseynə üzərində qanunla qadagan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu da heç bir etiraz etməyərək, əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd qara rəngli pul kisənini çıxarıb təqdim edərək, içərisində bir ədəd kibrit qutusunda “şüşə” kimi bildiyi narkotik maddə olmasını bildirmişdir. Həmin pul kisəsinin içərisinə baxış keçirilmiş və bir ədəd kibrit qutusunda ag rəngli kristal şəkilində maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etməsi barədə sual verilmiş, o, da narkotik maddəni bir ay əvvəl Türkan qəsəbəsində yerləşən işlədiyi “Chargah” restoranında müştəri kimi tanıdıgı Xətai adlı şəxsdən pulsuz olaraq almasını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadagan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol oxunmuş, protokolun dogruluguna iştirak edən şəxslər, həmçinində özü imza etmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxxxxx 2020-ci il tarixli 6/2223 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş maddə sübut” yazısı olan zərfdəki kibrit qutusunun içərisində olan təmiz çəkisi 0,612 qram ag rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsin Ambulator X2 Komissiyasının verdiyi xx.xx.2020-ci il tarixli, 3155 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş və elan edilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah –tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, bir ədəd bükümdə təmiz çəkisi 0,612 qram psixotrop maddə olan metamfetamin məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutuldugu 01 gün müddəti azadlıgın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıgın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və bir ədəd bükümdə təmiz çəkisi 0,612 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar