Məhkəmə qərarları › İş №1(012)-101/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-101/2021

19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-101/2021 19.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, himayəsində iki azyşalı uşağı olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında qeydiyyatda olan və ünvan 2n, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14.07.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd ağ rəngli kağıza bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 0,299 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlayaraq özü ilə daşımış, 14 iyul 2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinin ərazisində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən həmin bir ədəd ağ rəngli kağız bükümdə olan, kustar üsulla hazırlanmış 0,299 qram çəkidə narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə il olar narkotik vasitələrin istifadəçisidir və 14.07.2020-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır kəndində olan zaman bir nəfər əvvəllər tanmıdığı şəxs ona yaxınlaşaraq onu tanıdığını, narkotik vasitələrdən istifadə etməsini bildiyini və yerdən bir ədəd bükümdə heroin tapdığını bildirib həmin bükümü ona istifadə etmək üçün hədiyyə vermişdir. O, həmin bükümü tanımadağı şəxsdən alıb, əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün, yəni 14.07.2020-ci il tarixdə təxminən saat 20 radələrində Abşeron rayonu, Masazır kəndi, Qurtuluş- 93 yaşayış massivində olduğu zaman üç nəfər əvvəllər tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron rayon Polis İdarəsinin əməkdaşı olduğunu və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib polis idarəsinə getməsini təklif etmişlər. O, polis əməkdaşına heç bir etiraz etmədən sonuncularla birlikdə Abşeron rayon Polis İdarəsinə getmişdir. Abşeron Rayon Pols İdarəsində üzərində narkotik vasitənin olmasını könüllü olaraq etiraf etmişdir. Bundan sonra ona xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra videogörüntü ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı qanunla dövriyyəsi qzdağan olunmuş əşya olubolmaması soruşulmuşdur. O, könüllü olaraq göy rəngli şalvarının sağ yan cibində olan 1 ədəd bükümün içərsində narkotik vasitə heroin olmasını bildirmişdir. Bu haqda protokol tərtib olunaraq, üzərində aşkar olunmuş bir ədəd büküm qablaşdırılmış o, və şəxsi axtarışda iştirak edən digər iştirakçılar, həmin zərfi və protokolu imzalamışlar. Sonda o, narkotik maddələrin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini bir daha belə hallara yol verməyəcəyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron RPİ-nin CAŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14.07.2020-ci il tarixdə xidmətdə olan zaman, 07.07.1987-ci ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvandan yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və bir qədər sonra Abşeron rayonu, Masazır kəndi, Qurtuluş-93 yaşayış kompleksində olacağı ilə bağlı məlumat əldə etdikdən sonra raportla rəhbərliyə məruzə etdikdən və razılıq aldıqdan sonra, ondan, Abşeron RPİ-nin NMQ-nin baş ə/m polis mayoru Şahid2 və Abşeron RPİ-nin CAŞ-nin ə/m, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün, yəni 14.07.2020-ci il tarixdə saat 20 radələrində yuxarıda göstərilən yerə gələrək Təqsirləndirilən şəxs gəlməsini gözləmişlər. Bir qədər sonra Təqsirləndirilən şəxs həmin yerdə olan zaman, sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağızda olan bükümü çıxarıb, içərisində narkotik vasitə heroinin olmasını bildirmişdir. Bundan sonra xidməti otaqların birində Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Sərxan Ramazanov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra videogürüntü ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olubolmaması barədə soruşulmuş, olduğu təqədirdə təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs həmin bükümü təqdim etmişdir. Həmin bükümün içərsindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini 14.07.2020-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində tanmıdağı şəxsdən hədiyyə aldığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşdirmə aparılaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddələrə bənzər kütlə qablaşdırılmışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin NMQ-nin baş ə/m polis mayoru Şahid2 və ibtidai istintaq zamanı Abşeron RPİ-nin CAŞ-nin ə/m polis baş leytenantı Şahid3 elan olunaraq tədqiq edilmiş ifadələrindən görünür ki, onlar iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadələr vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə Abşeron RPİ-də Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən həmin bir ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsi bir daha təsdiq olunmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.12.2020-ci il tarixli, 6/2632 saylı tədqiqat rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «.. Təqsirləndirilən şəxs …» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 0,299 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərğbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, təqiqata təqdim edilmiş narkotik vasitənin təmiz çəkisi 0,299 qramdır, tədqiqata 0,050 qram sərf edildikdən sonra 0,249 qram qalıq qalmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,249 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 22.07.2020-ci il tarixli, 2028 saylı məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui – istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİHB-nın Xırdalan şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.08.2020-ci il tarixli arayışından, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında anası- 1959-cu il təvəllüdlü X2, həyat yoldaşı-1985-ci il təvəllüdlü X6, qızı-2010-cu il təvəllüdlü X3 və qızı-2015-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığı məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14.07.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, istintaq orqanı tərəfindən 16.07.2020-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra o, məhkəmənin çağırışlarına gəlmədiyi üçün barəsində həbs qətimkan tədbiri seçilməklə 30.10.2020-ci il tarixdə axtarış elan edilmiş və o, 30.11.2020-ci il tarixdə tutularaq həbsə alınmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məmmədov Murad Rafiq oğlunun həbsdə saxlanıldığı müddət 03 (üç) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 07 (yeddi) ay 12 (on iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalında dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,249 qram narkotik vasitə heroin məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan əlavə iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 07 (yeddi) ay 12 (on iki) gün müddət ona təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 18 (on səkkiz) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,249 qram narkotik vasitə heroin məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar