Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-182/2021 08.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1991-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 22-də qeydiyyatda oaln, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 sentyabr 2020-cı il tarixdə Bakı şəhərindən Abşeron rayonu, Xırdalan şəhərinə gələrkən yolda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarlından artıq 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxil olan 0,470 qram heroini 20 manat müqabilində əldə edib üzərində saxlayaraq Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, 15 sentyabr 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 16 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən «Araz» marketin arxasında saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və xidməti iş otaqlarının birində üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarının sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,470 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 14.09.2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nizami metrosunun yaxınlığında taksi avtomobili ilə Xırdalan şəhərinə gələn zaman yolda tanımadığı sürücü ilə söhbət əsnasında narkotik aludəçisi olduğunu bilib ona narkotik vasitə heroin təklif etmiş, razılaşıb ondan yolda 20 manata bir büküm heroin sürücüdən almışdır. Sürücü ona heroini verdikdən sonra Xırdalan şəhərində avtomobildən düşüb getmiş, aldiği heroinin bir hissəsini həmin günü istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. 15.09.2020-ci il tarixdə işi ilə bağlı saat təxminən 16 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Q.Nəbi küçəsində yerləşən «Araz» marketin arxasında olan zaman Abşeron rayon polis idarəsinin əməkdaşları onu küçədə saxlayaraq Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmiş və onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Üzərində olan 1 büküm narkotik vasitəni kənara ata bilməmiş və könüllü olaraq həmin polis işçiləri ilə birlikdə Abşeron RPİ-nə gəlmiş, orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilərək videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bundan sonra polis işçilərinin iştirakı ilə təhqiqatçı İlkin Ağayev tərəfindən üzərinə videçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı tanımadığı taksi sürücüsündən 20 manata aldığı bir büküm heroini əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən cıxararaq polis işçilərinə könüllü təqdim etmiş, həmin büküm onun və digər iştirakçıların yanında təhqiqatçı tərəfindən açılaraq tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,470 qram olduğu müəyyən edilmiş, sonra isə öz bükmünə bükülərək zərfin içərisinə qoyularaq ağzı bağlanmış və möhürlənmişdir. Daha sonra bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o, tərtib edilmiş protokola və zərfə imza etmişdir. Narkotik vasitə aldığı şəxsin soyadını, atasının adını, ünvanını və telefon nömrəsini bilmir və həmin avtomobilin dövlət nömrə nişanına və markasına fikir verməmiş, əldə etdiyi həmin narkotik vasitə olan heroini özü qəbul etmək üçün almış, narkotik vasitəni satmaq niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 19.01.1991-ci il təvəllüdlü, Salyan şəhərində anadan olmuş, Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 22-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron 1» yaşayış kompleksi, bina 14, mənzil 52-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsində və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq gəzdirilməsində və qəbulunda şübhəli olduğu üçün 15.09.2020-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış və Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. 15 sentyabr 2020-ci il tarixdə saat 15:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs «Araz» marketin arxasındakı ərazidə müəyyən edilərək saxlanılmış, həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində rəhbərliyə raportla məruzə edildikdən sonra xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olubolmadığı soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş kütləni çıxarıb təqdim etmiş, həmin büküm açıldıqda içərisində narkotik maddə olan heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmiş və özünün şəxsi istifadəsi üçün bir gün əvvəl Bakı şəhəri, Nizami metrosu yaxınlığında əyləşdiyi taksidə hərəkətdə olarkən tanımadığı taksi sürücüsündən 20 manata əldə etdiyini, həmin narkotikin bir hissəsini özü qəbul etdiyini və qalan hissəsini isə üstündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 15.09.2020-ci il tarixli 6/1891 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «….Təqsirləndirilən şəxs...» və s. yazılar və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 0,470 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir (qalıq 0,420 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 19.11.2020-ci il tarixli «3251» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticəsində asılılıq sindromu - narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 14 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Abşeron rayon polis idarəsinin 15.09.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15.09.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 17.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15.09.2020-ci il tarixdən 17.09.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08.05.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,420 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15.09.2020-ci tarixdən 17.09.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08.05.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,420 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron R ayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-182/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-182/2021
08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver