Məhkəmə qərarları › İş №1(012)-705/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-705/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-705/2025 10.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Pirməmmədzadə Vüsal Əliş oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, istixanada texniki işçi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2a yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqa şəxsiyyəti məlum olmayan Mariya Tsukanova adlı xarici vətəndaşla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs Forex birja platformasında itirdiyi pulları Avropa Arbitraj Məhkəməsi yolu ilə geri qaytaracağına dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi dalan 1 ev 33 ünvanında yerləşən evində olan zaman 29 oktyabr 2024cü il tarixdə saat 21:44-də adına olan Kapital Bank ASC-yə məxsus 5239-1517-2872-2102 nömrəli bank kartından onun Kapital Banka məxsus 4169-7388-6140-4246 nömrəli bank kartına göndərdiyi 1245 manat, 30 oktyabr 2024-cü il tarixdə saat 13:35-də isə öz adına olan Kapital Bank ASC-yə məxsus 4169-7388-6253-5154 nömrəli bank kartından onun Kapital Banka məxsus 4169-7388-6140-4246 nömrəli bank kartına göndərdiyi 4237,50 manat dəyərində 2500 ABŞ dolları, ümumilikdə 5482,5 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs 5482 manat 50 qəpik məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirini etiraf edərək ifadəsində göstərdi ki, bir neçə il bundan əvvəl onlayn qazanc əldə etmə saytında aldadılaraq təxminən 20.000 manata yaxın pulu ələ keçirilmişdir. İnternet vasitəsi ilə pullarını geri qaytarmaq üçün müxtəlif vasitələr axtarmış, 2024-cü ilin avqust ayında Facebook sosial şəbəkəsində qarşısına çıxan reklamda bir şirkətin hüquqşünaslarının internetdən dələduzluq yolu ilə ələ keçirilən pulları geri qaytarmaq üçün xidmət göstərdikləri qeyd etmişdir. X2 kimi təqdim edən qadınla həm Telegram, həm də WhatsApp vasitəsi ilə danışmış və yazışmış, Mariya Tsukanovaya başına gələn hadisəni danışdıqda o, ələ keçirilmiş pullarının hamısını geri qaytaracağına söz vermişdir. Bir neçə gün sonra Mariya Tsukanova bir qabın içində ABŞ dolları və Avrolarla dolu pulların şəklini çəkib ataraq ələ keçirilən pullarını geri qaytararaq nağdlaşdırdığını bildirmiş, həmin pulları ona göndərmək üçün 2000 ABŞ dolları pul istəmişdir. Tələb olunan qədər pulu olmadığına görə Mariya Tsukanova şərt kəsərək Binance kripto valyuta saytında şəxsi hesab açmasını, adına olan bank kartı nömrəsini verəcəyi həmin karta pullar köçürüləcəyi, həmin köçürülən pullarla Binance kripto valyuta saytından kripto valyuta olan USDT alıb onun hesabına köçürəcəyini bildirmişdir. Mariya Tsukanovanın deməsinə görə kartına pul atacaq şəxslər də onlayn dələduzluğa məruz qalmış şəxslərdir və onların pullarının geri qaytarılması üçün həmin şirkətə göndərdikləri pulu onun vasitəsilə göndərəcəklər. Pullarının geri qaytarılması üçün Mariya Tsukanovanın şərti ilə razılaşmış, adına olan Kapital Banka məxsus 4169-7388-6140-4246 və bundan başqa bir neçə bank kartının nömrəsini Mariya Tsukanovaya vermişdir. 2024-cü ilin sentyabr ayından kartına pullar köçürülməyə başlamış, hər dəfə kartına pul köçürülməmişdən əvvəl Mariya Tsukanova onunla əlaqə saxlayıb kartına pul köçürüləcəyi barədə xəbər verirmiş, kartına pul köçürüldükdən sonra Binance saytına girib həmin məbləğdə USDT kripto valyutası alıb Mariya Tsukanovanın göndərdiyi Binance İD ünvanının nömrəsinə USDT kripto valyutasını göndərmişdir. Bu minvalla 2024-cü ili dekabr ayı da daxil kartına göndərilən pullarla kripto valyuta alaraq Mariya Tsukanovanın göndərdiyi İD ünvanının nömrəsinə köçürmüşdür. 29 oktyabr 2024-cü il tarixdə Kapital Banka məxsus 4169-7388-6140-4246 nömrəli bank kartına 1245 manat pul köçürülmüş, Mariya Tsukanova həmişəki kimi əlaqə saxlamış, tapşırdığı kimi həmin pula 723,83 USDT kripto valyutası alaraq göndərdiyi İD ünvanının nömrəsinə həmin USDT kripto valyutasını göndərmişdir. Bundan sonra 30 oktyabr 2024-cü il tarixdə Kapital Banka məxsus 4169- 7388-6140-4246 nömrəli bank kartına 4238 manat pul köçürüldükdə Mariya Tsukanova həmişəki kimi əlaqə saxlamış, tapşırdığı kimi həmin pula 2463,95 USDT kripto valyutası alaraq göndərdiyi İD ünvanının nömrəsinə həmin USDT kripto valyutasını göndərmişdir. Mariya Tsukanova ştata işə götürüb və aylıq 500 ABŞ dolları maaş verəcəyini desə də hər ay bir bəhanə edib ona maaş verməmiş, maaşlarını toplayıb bir yerdə verəcəyini demişdir. 2024-cü ilin dekabr ayında Mariya Tsukanova 2025-ci ilin yanvar ayında məzuniyyətə çıxdıqları üçün fəaliyyətlərini müvəqqəti dayandırdıqlarını demişdir. Hazırda zərər çəkmiş şəxsə vurmuş zərəri aradan qaldırmış, onunla barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, bir neçə il əvvəl Forex birja saytında pul yatırıb həmin yatırdığı pulların itirmişdir. Daha sonra itirdiyi pulları geri qaytarmaq üçün internetdə hüquq şirkətləri axtarmış, 30 oktyabr 2024-cü il tarixdə “YouTube” platformasında “G-Law” adlı şirkətin elanı ilə rastlaşmış, həmin elanda dələduzluq halları ilə bağlı araşdırma aparılmasını və dəymiş zərərin ödənilməsində kömək edildiyini görmüşdür. Həmin səhifədə olan anket hissəsində şəxsi məlumatlarını qeyd etmiş, Yelena adı ilə özünü təqdim edən xarici vətəndaş +31-6-120-705-93 saylı mobil nömrə ilə mobil nömrəsinin “WhatsApp” tətbiqi vasitəsilə yazaraq başına gəlmiş hadisə barədə maraqlanaraq guya ki, hüquqşünasa yönləndirəcəyini bildirmiş, sonra +31- 6-220-37-270 saylı mobil nömrənin “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlayan şəxs özünü Aleksandr Şved adı ilə təqdim edərək, şirkətin hüquqşünası olduğunu bildirib başına gəlmiş hadisəyə aid sənədləri tələb etdikdə Forex saytının hesaba pul yatırılması ilə bağlı olan çıxarışları özünü Aleksandr Şved kimi təqdim edən şəxsə göndərmişdir. Bundan sonra elektron poçt ünvanına ingilis dilində yazılmış məktub göndərilmiş, Aleksandr Şved adlı şəxs eyni məktubun ona də göndərildiyini, məktubda qeyd olunanları izah edərək dələduzluq halı ilə bağlı 8800 ABŞ dolları və 30% kompensasiya olmaqla ümumilikdə 11534 ABŞ dolları pulun ödənilməsi barədə qərar verildiyini bildirmişdir. Dələduzluq halı ilə bağlı səhhətində bir neçə problemin yarandığını Aleksandr Şvedə bildirdikdə xəstəliklə bağlı sənədləri təqdim edəcəyi təqdirdə kompensasiya miqdarını artıra biləcəyini demişdir. Bundan sonra Aleksandr Şved müraciəti ilə bağlı Avropa “Arbitraj məhkəməsi”ndə proses keçiriləcəyini, əgər qərar əleyhinə olarsa məhkəmə xərclərini həmin hüquq şirkətinin ödəyəcəyini, lehinə verilərsə 2500-3000 ABŞ dolları arası rüsumu ödəməli olacağını deyib elektron poçt ünvanına Avropa “Arbitraj məhkəməsi”nin logo və möhürü olan məktub göndərilmiş, məktubda ümumilikdə 40629 ABŞ dolları əldə edəcəyi ilə bağlı məhkəmə qərarının qəbul edilməsi, həmçinin məhkəmə xərcləri ilə bağlı 3200 ABŞ dolları ödəməli olduğu göstərilmişdir. 29 oktyabr 2024-cü il tarixdə saat 21:44-də “Kapital Bank”a məxsus 5239-1517-2872-2102 nömrəli bank kartından məktubda qeyd edilən 4169-7388-6140-4246 nömrəli bank kartına 1245 manat pul köçürmüşdür. Daha sonra öz adına olan “Kapital Bank”a məxsus 4169-7388-6253-5154 nömrəli bank kartından məktubda qeyd edilən 4169-7388-6140-4246 nömrəli bank kartına 2500 ABŞ dolları pul köçürmək istəsə də günlük limitinin dolduğu üçün həmin gün pulu göndərə bilməmişdir. Səhəri gün 30 oktyabr 2024-cü il tarixdə saat 13:35-də öz adına olan “Kapital Bank”a məxsus 4169-7388-6253-5154 nömrəli bank kartından məktubda qeyd edilən 4169-7388-6140-4246 saylı kart hesabına 2500 ABŞ dolları pulu göndərmiş, həmin 2500 ABŞ dolları manat ekvivalentində 4237,5 manat kimi çıxmışdır. Bununla da ümumilikdə iki gün ərzində məktubda göstərilən 4169-7388-6140-4246 nömrəli bank kartına 5482,5 manat pul köçürmüşdür. Bundan sonra +44-***-***-**-** saylı mobil nömrə vasitəsilə zəng edərək özünü Dmitri kimi təqdim edən şəxs Avropa “Arbitraj məhkəməsi”ndə işlədiyini, 40.629 ABŞ dolları vəsaiti hesabına köçürə bilmək üçün elektron poçtuna göndərdiyi məktubda qeyd edilən bank hesabına əlavə olaraq 2000 ABŞ dolları pul köçürməli olduğunu bildirdikdə şübhələnməyə başladığı üçün tanışları vasitəsi ilə Avropa “Arbitraj məhkəməsi”nə adına hər hansı bir məhkəmə qərarının olub olmamasını soruşaraq adına heç bir qərar olmadığını öyrənmiş, dələduzlar tərəfindən aldanılaraq pulunun ələ keçirildiyini başa düşmüşdür. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 17 aprel 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir,onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, İkinci Qarabağ müharibəsi iştirakçısıdır, qapalı kəllə beyin travması aldığı üçün həm müalicə alır, həm də həmin xəsarətinə görə heç bir yerdə işləyə bilmir. Qazanc əldə etmək üçün Binance saytında kripto valyuta alış-satışı ilə məşğul olur, əsasən USDT kriptovlayutasını ucuz qiymətə tapanda alır, hər bir valyutanın üzərinə 1-2 qəpik əlavə edib satır. Müharibə iştirakçısı olduğu üçün dövlətdən təqaüd alır. Adına kart açmamaq üçün 2024-cü ilin sentyabr ayından noyabr ayına kimi dayısı oğlu Şahid1 adına olan 4169-7388- 5560-5576 nömrəli bank kartından istifadə etmişdir. 30 oktyabr 2024-cü il tarixdə Binance saytı vasitəsi ilə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs istifadəsində olan 4169-7388-5560-5576 nömrəli bank kartına 4238 manat pul köçürmüş, həmin pulun əvəzində ona 2463,95 USDT kripto valyuta satmışdır. Binance saytında təhlükəsizlik güclü səviyyədə olduğu üçün heç kim ayrı şəxsin adından həmin saytda qeydiyyatdan keçə bilməz. Həmin saytda şəxsiyyətin təsdiqlənməsi həm şəxsiyyət vəsiqəsi həm də üz tanınma tələb olunur, saytda qeyd etdiyi mobil telefon nömrəsi də öz adına olmalıdır. Ona görə də əminliklə deyə bilərəm ki, mənim kartıma pul köçürən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Böyük məbləğdə kripto valyuta alan şəxslərdən istifadəsində olan mobil telefon nömrəsini alıb şəxsən danışmış, Elşadın da mobil telefon nömrəsini (***-***-**-**) istəmiş, onunla telefonla danışıb Binance saytından anlayışı olub olmadığını və hansı məqsədlə kripto valyuta aldığını soruşmuş, Elşad da pulun özünə məxsus olduğunu, həmin kripto valyutanı özü üçün aldığını, almaqda məqsədi də yatırım etmək olduğunu demişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, avtomobil təkəri təmiri ilə məşğul olur. 4169-7388-5560-5576 nömrəli bank kartı vardır və 2024-cü ilin sentyabr ayından noyabr ayına kimi həmin kartı bibisi oğlu Şahid2 istifadə olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:  “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir.  “Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 17 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:25 dəqiqədə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.  “Zərərçəkmiş şəxs kimi tanımaq barədə” 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır.  “Cinayət işinin tövsif olunması haqqında” 19 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Həmin Məcəllənin 178.2.1 və 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif olunmuşdur.  “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.  “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 19 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirillən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məcid Məcidlinin 19 yanvar 2025-ci tarixli vəsatəti təmin edilməmişdir.  “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 fevral 2025-ci il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.  “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 12 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər istintaq materialları sübut növü kimi qiymətləndirilmişdir.  Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 17 aprel 2025-ci il tarixli ərizədən və notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir və ondan şikayət və tələbi yoxdur.  Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 10 iyul 2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsə vurulmuş ziyan onun tərəfindən ödənilmiş və zərərçəkmiş şəxslə barışmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir.  10.07.2025-ci il tarixli, 21707 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında - 1371 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir; Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4,39.1.6-39.1.11, 40.3 və 40.4-cümaddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir.“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkilli Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 165 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Abşeron rayon Vəkil Bürosunun vəkilli Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 165 (bir yüz altmış beş) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar