Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-75/2021 08.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi vəkil Müdafiəçi1 iştirakı ilə xx xxxx 1985-ci ildə Abşeron rayonu Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu Novxanı kəndi M.Hüseynzadə küçəsi ev 12-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 28.12.2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 234.1-ci maddələri ilə, xx xxxxxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, Abşeron rayonu Novxanı kəndində qeydiyyatda olan və yaşayan, barəsində 01 aprel 2019-cu il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 15 yanvar 2019-cu il tarixdə, saat 02 radələrində Abşeron rayonu, Novxanı kəndində yerləşən 7 saylı körpələr evi uşaq baxçasına məxsus və körpələr evinin divarına quraşdırılmış, muzey və bədii əhəmiyyət kəsb edən, uzunluğu 1,6 metr, eni 1 metr, 93 kiloqram çəkidə 5000 manat dəyərində X7 şəklindən ibarət metaldan olan xatirə lövhəni ələ keçirib, zərərçəkmiş Abşeron rayonu Novxanı kənd 7 saylı uşaq baxçasına maddi ziyan vurmuşlar. Bundan başqa Təqsirləndirilən şəxs1 21 yanvar 2019-cu il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümündə, təmiz çəkisi 0,328 qram kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil olan narkotik vasitə olan heroini qanunsuz olaraq 10 manata əldə edib üstündə saxlayaraq Abşeron rayonu Novxanı qəsəbəsinə gələrək həmin narkotik vasitəni üzərində daşımış, həmin tarixdə, saat 12:40 radələrində Abşeron rayonu Novxanı kəndi M.Hüseynzadə küçəsində Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis idarəsinə gətirilib, üstünə keçirilən şəxsi axtarış və götürmə zamanı siqaretin gümüşü kağızında saxladığı bir bükümdə həmin narkotik vasitə olan 0,328 qram heroin əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 25 may 2020-ci il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sarı rəngli polietilen bağlamada, təmiz çəkisi 465,0 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq 50 manata əldə edib üstündə saxlayaraq Abşeron rayonu Saray qəsəbəsinə gələrək həmin narkotik vasitəni üzərində daşımış, həmin tarixdə, saat 16:25 radələrində Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Tərlan” şadlıq sarayının qarşısında Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis idarəsinə gətirilib, üstünə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində olan sarı rəngli polietilen sellofan torbanının içərisində həmin narkotik vasitə 465,0 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 15 yanvar 2019-cu il tarixdə, saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə yaşadığı Novxanı kəndində olarkən pula ehtiyacları olduğuna görə həmin kənddə yerləşən uşaq baxçasının divarında bərkidilmiş Məmmədəmin Rəsulzadənin şəkili olan metal lövhəni oğurlayıb, metal qəbulu məntəqəsinə satmaqla pul qazanmaq qərarına gəlmişlər. Yaşadığı evin həyətindən Eminlə birlikdə götürdükləri dəmir lom ilə M.Rəsulzadə küçəsində yerləşən baxçanın yanına gəlmişlər, lom ilə metal lövhəni divardan dartıb qopartmış və Emin ilə metal lövhəni yaşadığı evin həyətinə aparmışlar. 15.01.2019-cu il tarixdə, saat 08 radələrində Emin kənddə yolun kənarında tikinti materialları satılan yerdən icarəyə götürdüyü laqonda ilə həyətdə həmin metal lövhəni doğrayıb hissələrə bölmüşlər. Emin ilə həmin hissələri polietilen torbalara yığıb, saat 10 radələrində yoldan keçən “Opel Astra” markalı taksi ilə Abşeron rayonu, Xırdalan şəhərində “Ər-Riyad” ticarət mərkəzinin yanında yerləşən metal qəbulu məntəqəsinə satmağa aparmışlar. Orada metal qəbulu yerində işləyən şəxs metala baxmış və sink olduğu üçün almadığını bildirmişdir. Oradan taksi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsbəsində metal qəbulu məntəqəsinə metal lövhəni aparmış və 26 kq-nı həmin məntəqədə 1 kiloqramını 5 manatdan sataraq 130 manat pul almışlar. Məntəqədə işləyən şəxs metalın qalan hissəni almadığı üçün, taksi ilə qalan metalları Sumqayıt şəhərində alminium zavodunun yanında yerləşən metal qəbulu məntəqəsinə aparıb orada 64 kiloqram metalın 1 kq-nı 5 manatdan satıb, 320 manat pul almışlar. Taksi sürücüsünə 40 manat vermişlər. Emin həmin puldan ona 200 manat vermiş, yerdə qaln 210 mantı isə özünə götürmüşdür. Həmin lövhəni oğurlamağını Emindən başqa heç kim bilməmişdir. Taksi sürücüsü və metalı alan şəxslər həmin metal hissələrin oğurluq olmasını bilməmişlər. Bundan başqa 21 yanvar 2019-cu il tarixdə, saat 12:40 radələrində yaşadığı Novxanı kəndində, M.Hüseynzadə küçəsi ilə mağazaya getdiyi vaxt, iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq ondan narkotik vasitə olan heroindən istifadə etməkdə və üzərində saxlamaqda şübhələndiklərini deyərək, onların təklifi ilə onlarla birlikdə Abşeron rayon Polis İdarəsinə getmişdir. Polis əməkdaşları ona hüquq və vəzifələrini izah edərək, video çəkilişlə üzərində şəxsi axtarış aparıldığı vaxt, üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması, əgər varsa könüllü təqdim etməsi təklif edildikdən sonra, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kazığına bükülmüş, içərisində narkotik vasitə olan bir büküm heroini təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə heroin olan bükümü 21.01.2019-cu il tarixdə, saat 11 radələrində Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata özünə qəbul etmək üçün almışdır. Nakotik vasitə heroin olan bükümü polis əməkdaşları zərfə qoyaraq möhürləmiş və imza etmişlər. Bundan başqa təxminən 5 il olar ki, narkotik vasitə istifadəçisidir. 25 may 2020-ci il tarixdə Sumqayıt şəhərinə getmiş və həmin gün saat 14 radələrində Sumqayıt şəhərində olarkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq üzərində narkotik vasitə olan marixuana olduğunu və rayona getdiyi üçün pulu olmadığından 50 manata satdığını demişdir. Üzərində olan 50 manat pulu həmin şəxsə verib həmin şəxsdən 1 ədəd sarı rəngli sellofan torbada olan qurudulumuş marixuananı öz istifadəsi üçün almışdır. Həmin gün Sumqayıt şəhərində Novxanı kəndinə getmək üçün Saray qəsəbəsinə gəlmiş, saat 16 radələrində Saray qəsəbəsində yerləşən “Tərlan” şadlıq sarayının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək əməliyyat məlumatı olduğunu buna görə də üzərinə baxış keçirilməsi üçün Abşeron RPİnə getməyini demişlər. Etiraz etməyərək onlarla birlikdə Abşeron RPİ-nin inzibati binasına gəlmiş və orada ona hüquqları izah edildikdən sonra video çəkiliş ilə polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi-axtarış götürmə keçirilərkən özü əlimdə olan sarı rəngli politelin torbanın içərisindəki narkotik vasitə olan marixuananı təqdim etmişdir. Daha sonra həmin torbadakı narkotik vasitə ekspertiza təyin edilməsi üçün onun və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə qablaşdırılaraq götürülmüşdür. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində daşımışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 15 yanvar 2019-cu il tarixdə, saat 02 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə yaşadığı Novxanı kəndində olarkən pula ehtiyacları olduğuna görə həmin kənddə yerləşən uşaq baxçasının divarında bərkidilmiş Məmmədəmin Rəsulzadənin şəkili olan metal lövhəni oğurlayıb, metal qəbulu məntəqəsinə satmaqla pul qazanmaq qərarına gəlmişlər. Ülvi ilə birlikdə kəndin M.Rəsulzadə küçəsində yerləşən baxçanın yanına gəlmişlər, lom ilə metal lövhəni divardan qopartmışlar və həyətlərinə aparmışlar. 15.01.2019-cu il tarixdə, saat 08 radələrində kənddə yolun kənarında tikinti materialları satılan yerdən icarəyə götürdükləri laqonda ilə həyətdə həmin metal lövhəni doğrayıb hissələrə bölmüşlər. Sonra Ülvi ilə həmin hissələri polietilen torbalara yığıb saat 10 radələrində yoldan keçən “Opel Astra” markalı taksi ilə Abşeron rayonu, Xırdalan şəhərində “Ər-Riyad” ticarət mərkəzinin yanında yerləşən metal qəbulu məntəqəsinə satmağa aparmışlar. Orada metal qəbulu yerində işləyən şəxs metala baxmış və sink olduğu üçün almadığını bildirmişdir. Oradan taksi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsbəsində metal qəbulu məntəqəsinə metal lövhəni aparmışlar və 26 kq-nı həmin məntəqədə 1 kiloqramını 5 manatdan sataraq 130 manat pul almışlar. Məntəqədə işləyən şəxs metalın qalan hissəni almadığı üçün, taksi ilə qalan metalları Sumqayıt şəhərində alminium zavodunun yanında yerləşən metal qəbulu məntəqəsinə aparıb orada 64 kiloqram metalın 1 kq-nı 5 manatdan satıb, 320 manat pul almışlar. Taksi sürücüsünə 40 manat vermişlər. Beləliklə əldə etdikləri həmin puldan Ülviyə 200 manat vermiş, qalan 210 mantı pulu isə özünə götürmüşdür. Taksi sürücüsü və metalı alan şəxslər həmin metal hissələrin oğurluq olmasını bilməmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 02.10.2009-cu il tarixdən Abşeron rayonu, Novxanı kəndində yerləşən 7 saylı uşaq baxçasının müdiri vəzifəsində işləyir. 1992-1993-cü illərdə bağçanın binasının küçə tərəfdən olan divarına M.Ə.Rəsulzadənin şəkli və həmin evdə doğulduğu barədə məlumatlar qeyd olunan metal löhvə vurulmuşdur. 15 yanvar 2019-cu il tarixdə, səhər saat 07:30-da baxçaya işə gedərkən, bağçanın binasının küçə tərəfdən olan divarına M.Ə.Rəsulzadənin şəkli və onun həmin evdə doğulduğu barədə məlumatlar qeyd olunan metal löhvənin yerində olmadığını görmüşdür. Bu barədə bağçada işləyən gözətçidən soruşmuş, gözətçi xəbəri olmadığını bildirmişdir. Həmin metal löhvənin hansı metaldan olması və dəyəri barədə, lövhənin kim tərəfindən oğurlanmasını bilmir. Qeyd etmişdir ki, həmin xatirə löhvəsi Novxanı kəndin hansısa sakini tərəfindən hazırlanaraq 7 saylı körpələr evi uşaq bağçasına hədiyyə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2-3 ildir ki, metal qəbulu işi ilə məşğul olur. Vətəndaşlar tərəfindən gətirilmiş metalları qəbul edib, sonra onları metal əritmə zavoduna təhvil veririr. 2019-cu ilin yanvar ayında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində yerləşən Namiq adlı şəxsin metal qəbulu məntəqəsində metal qəbulu işi ilə məşğul olmuşdur. 2019cu ilin yanvar ayının ortalarında metal qəbulu məntədəsində olan zaman bir “Opel” markalı, nömrəsini bilmədiyi avtomobil metal qəbulu məntəqəsinin qarşısında saxlayaraq avtomobildən düşən iki nəfər cavan oğlanlar satmağa metal gətirdiklərini bildirmişlər. Həmin şəxslərdən nə metal gətirdiklərini soruşanda, onlar latun metalı gətirdiklərini bildirərək, bir ədəd torbanın içərisində metalı gətirib tərəziyə qoymuşlar və metalı çəkib, 26 kiloqram metal olmuşdur. Onlar metalın bir kiloqramını 5 manata satdığını bildirmişlər və o, da razılaşaraq həmin 26 kiloqram metalı alıb onlara 130 manat pul vermişdir.Həmin şəxslərdən metalı haradan əldə etdiklərini soruşanda onlar həmin metal babalarından qalmış at şəkili olub və onu doğrayıb satdıqlarını bildirmişlər. Həmin şəxslərdə gətirdikləri metaldan yenə olmuş, lakin onun pulu olmadığı üçün həmin şəxslərin gətirdikləri metalın qalanlarını almamışdır.Ondan sonra həmin şəxslər gəldikləri avtomobilə oturub üçüncü şəxs avtomobili idarə edərək oradan getmişlər. Aradan bir neçə gün sonra Abşeron rayon Pİ-nin əməkdaşları gələrək həmin metalın oğurluq olduğunu deyərək metalları götürüb aparmışlar. Ondan sonra o, bilmişdir ki, həmin şəxslərin gətirdikləri metal oğurluq olub və onlar onu Novxanı qəsəbəsində X7 xatirə löhvəsini oğurlayaraq doğrayıb satmışlar.Həmin şəxslər Ülvi və Emin adlı şəxslər olmuşlar.O, metalı alanda onun oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin CAŞ-də əməliyyat müvəkkili işləyir. 21 yanvar 2019-cu il tarixdə Abşeron rayonu Novxanı kəndində yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitə qəbul etməkdə və üzərində gəzdirməsi barədə məxfi mənbədən məlumat əldə edilmişdir. Həmin məlumat Polis İdarəsinin rəisinə məruzə ediləndən sonra əməliyyat qrupu yaradılmış və həmin gün saat 13 radələrində CAŞ-nin əməliyyat müvəkili, polis leytenantı Şahid7 ilə birlikdə Abşeron rayonun Novxanı kəndində Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim edərək, onlarla Abşeron rayon Polis İdarəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs1 də etiraz etməyib onlarla Abşeron rayon Pİ-nə gəlmiş və xidməti otaqda təhqiqatçı tərəfindən dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunduqdan sonra üstünə kamera çəkilişi aparmaqla axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs1 buna etirazı olmadığını dedikdən sonra ona üstündə narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki qara cins şalvarının sağ yan cibindən siqaretin gümüşü kağazından ibarət bir büküm təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu və 21 yanvar 2019-cu il tarixdə, saat 11 radələrində Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata özünə qəbul etmək məqsədilə aldığını və üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin bir bükümdə olan narkotik vasitə heroin zərfə qoyularaq DİN-nin 56 saylı möhür ilə möhürlənmiş və bununla bağlı tərtib edilmiş protokol tərəfindən imzalanmışdır. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş narkotik vasitəni kimdən almasıni bilmir, bu barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayon Pİ-nin CAŞ-nin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 may 2020-ci il tarixdə məxfi mənbədən daxil olmuş məlumata əsasən məlum olmuşdur ki, Abşeron rayonu Novxanı kəndi M.Hüseynzadə küçəsi ev 12-də yaşayan Əliyev X6 rayonu Saray qəsəbəsinin ərazisində narkotik vasitə marixuananın qəbulu ilə məşğul olur və üzərində gəzdirir.Onlar məlumatı idarənin rəisinə məruzə etmişlər və əməliyyat qrupu təşkil edilərək, İTŞ-nin sahə rəisi Şahid5lə təxminən saat 16 radələrində Abşeron rayonu Saray qəsəbəsinin ərazisində “Tərlan” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini ona təqdim etmişlər və ona bildirmişlər ki, onlarla polis idarəsinə getməlidir.Təqsirləndirilən şəxs1 də etiraz etməmişdir.Onlar polis idarəsinə gəlmişlər, müdafiəçi dəvət edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 bildirilmişdir ki, onun üzərinə şəxsi axtarış keçirilməlidir, əgər üstündə saxlanılması qadağan olunan əşya varsa onları təqdim etsin.Təqsirləndirilən şəxs1 etiraz etməmiş və əlində olan sarı rəngli sellofan torbanı təqdim edərək bildirmişdir ki, həmin bağlamanın içərisində olan maddə narkotik vasitə olan marixuanadır, həmin gün Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən 50 manata almışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bağlamanın içərisində narkotik vasitə olan marixuanaya oxşar maddə olmuşdur. Həmin bir ədəd bağlama zərfə qoyulmuş, zərf 56 saylı möhürlə möhürlənmişdir.Bu barədə tərtib edilmiş protokolu və zərfi onlar imzalamışlar. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin narkotik vasitəni özü istifadə edib qəbul etmək üçün almışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus “Opel Astra” markalı, 99??821 dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi xidməti göstərir. 15 yanvar 2018-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, 20 yanvar dairəsində tanımadığı, təxminən 30-35 yaşlarında kişi ona yaxınlaşıb, Abşeron rayonu, Novxanı kəndinə getmək istədiyini demiş və onu 5 manat müqabilində Novxanı kəndindəki yanacaq doldurma məntəqəsinin yaxınlığına aparmışdır. Oradan geri qayıdarkən yolun kənarında dayanan iki nəfər cavan oğlanın əl işarəsinə görə avtomobili onlar üçün saxlamış, onlar yaxınlıqda həyətdə olan metalı Xırdalan şəhərinə aparmaq istədiklərini demişlər. Həmin 2 nəfərin göstərdiyi yol ilə Novxanı kəndində yoldan təxminən 200 metr aralıda olan həyət evin qarşısına gəlmiş və onlar həyətdən kisələrdə olan metal hissələri gətirib avtomobilin yük yerinə qoymuşlar. Onların təklifi ilə onları Xırdalan şəhərində “Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə gətirmişdir. Sərnişin olan 2 oğlan avtomobilin yük yerindən həmin kisələrdən birini aparıb orada, metal qəbulu məntəqəsində işləyən şəxsə satmağa göstərmiş, lakin həmin şəxs metalın mis olmadığı üçün almamışdır. Sonra onların təklifi ilə onları Xırdalan şəhərində məcburi köçkünlər yaşyan yataqxananın yanında yerləşən metal qəbulu məntəqəsinə aparmış lakin orada da onlardan metalı qəbul etmədikləri üçün onların təklifi ilə bu dəfə onları Biləcəri qəsbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmış və orada onlar həmin metal hissələrdən 4-5 ədədin satmışlar. Onların təklifi ilə avtomobili Binəqədi mərkəz adlanan yerdəki metal qəbulu məntəqəsinə sürmüş, lakin orada da onlardan metalları qəbul etməmişlər.Bundan sonra həmin sərnişinlərin təklifi ilə onları Sumqayıt şəhərinə əşya bazarının yanında yerləşən metal qəbulu məntəqəsinə aparmış və orada metal hissələrin hamısını orada satmışlar. Həmin iki nəfər ona 30 manat taksi pulu vermişlər, onlardan biri Sumqayıt şəhərində qalmış, digəri isə Novxanı kəndinə gedən yolda düşmüşdür. Avtomobilində apardığı metal hissələrin M.Ə.Rəsulzadənin xatirə löhvəsi olduğunu bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Alminium zavodunun yanında Metalruq küçəsində metal qəbulu məntəqəsində fəhlə işləyir. İşlədiyi metal qəbulu məntəqəsində vətəndaşlar tərəfindən gətirilən müxtəlif növ metalları qəbul edərək, məntəqənin sahibinin təyin etdiyi qiymətlə pulunu ödəyir. 15 yanvar 2019-cu il tarixdə məntəqədə işdə olduğu vaxt Ülvi adı ilə özünü təqdim edən şəxs əlindəki kisələr ilə ona yaxınlaşaraq, satmaq üçün latun metal gətirdiyini demişdir. Ülvi metalı “Opel Astra” markalı taksi ilə gətirmiş və yanında tanımadığı bir nəfər olmuşdur. Ülvinin gətirdiyi kisələrdəki metal hissənin kənarına maqnit yapışdırmaqla yoxlamış, maqnit yapışmadığına görə metalın latun olduğunu bilmiş və 1 kq.-nı 5 manata alacağını demişdir. Ülvinin gətirdiyi kisələrdə olan metalları tərəzidə çəkmiş və 64 kq. olduğu aydın olmuş və Ülviyə 320 manat pul vermişdir. Beləliklə, Ülvidən aldığı latun olan kisəni anbara qoymuşdur. Lakin kisələrdəki latuna baxmamışdır. 16 yanvar 2019-cu il tarixdə Abşeron rayon Polis İdarəsinin əməkdaşları işlədiyi məntəqəyə gəlib, bir gün əvvəl ona metal satıldığını soruşmuşlar. Polis əməkdaşların yanında bir gün əvvəl Ülvi adlı şəxslə gələn avtomobilin sürücüsünü görmüş və polis əməkdaşlarına iki kisə latun metal aldığını deyərək, həmin latun metalları polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları ona satılan metal hissələrin X3 kəndində küçədə vurulmuş xatirə löhvəsi olduğunu demişlər. Polis əməkdaşları ilə kisələri açıb içərisindəki metal hissələrə baxdıqda, həmin hissələrin X7 borelyefin hissələri olduğunu görmüşdür.Bundan sonra polis əməkdaşları həmin metal hissələrin sübut əhəmiyyət kəsb etdiyini deyib, özləri ilə aparmışlar. Ülvinin ona satdığı M.Ə.Rəsulzadənin borelyefinin hissələrinin oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin CAŞnin əməliyyat müvəkkili Şahid7 Bəymirz oğlu Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin İTŞnin sahə rəisi Şahid5 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 21 yanvar 2019-cu il tarixli, 19/137a saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə heroinin ilkin təmiz çəkisi 0,328 qramdır(qalıq 0,323 qram - 0,005 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2019-cu il tarixli, 6272 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri olan bir ədəd zərfdəki təmiz çəkisi 0,323 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,273 qram - 0,050 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş 26 may 2020-ci il tarixli, 7/262 saylı məhkəmə-bioloji ekspertizası rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1...” yazıları və imzalar olan 01(bir) ədəd sarı rəngli polietilen bağlamadakı təmiz çəkisi – 465,0 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır(qalıq 464,9 qram - 0,01 qram narkotik vasitə qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). Məhkəmə-narkoloji ekspertizanın 04 aprel 2019-cu il tarixli, 694 saylı ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Ekspert komissiyası tərəfindən verilmiş 13 mart 2019-cu il tarixli, 125 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş M.Ə.Rəsulzadənın xatirə lövhəsinin uzunluğu 1,6 m, en 1 metr ölçüdə, 93 kq çəkidə olan lövhə, muzey və bədii əhəmiyyət kəsb edir, lövhə 5000 (beş min) manat qiymətləndirilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 30 aprel 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 28.04.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Abşeron Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 25.05.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 25.05.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 27.05.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 25.05.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 24.08.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş və dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş və iş üzrə icraat dayandırılmışdır. Abşeron rayon Polis İdarəsinin 28.12.2020-ci il tarixli məktubundan görünür ki, Əliyev X6 rayon ərazisində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sumqayıt şəhər Probasiya Xidmətinin 07.05.2021-ci il tarixli 8345321-6 saylı məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 26 gününü çəkmiş, cəzasının 11 ay çəkilməmiş qalmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, M.Ə.Rəsulzadənin doğranılmış vəziyyətdə olan xatirə lövhəsi maddi sübut kimi tanınmış, saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, eyni zamanda Təqsirləndirilən şəxs1 üzərinə video çəkliş ilə baxış keçirilmiş və iki ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməlini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməl isə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 25.05.2020-ci tarixdən 24.08.2020-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 02 ay 29 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 28.12.2020-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı cəza təyini zamanı cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs Əliyev X8 Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir.. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Abşeron Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 11 ay hissəsi qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 08.05.2021-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış M.Ə.Rəsulzadənin doğranılmış vəziyyətdə olan xatirə lövhəsi qanuni qüvvəyə mindikdən sonra Abşeron rayonu Novxanı kənd 7 saylı uşaq baxçasına qaytarılsın. İş üzrə 81 manat 82 qəpik məhkəmə-kimyəvi və 69 manat 82 qəpik məhkəmə bioloji ekspertiza xərcləri Təqsirləndirilən şəxs1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,323 qram olan narkotik vasitə heroin və 464,9 qram nakotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları izah edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Eyni zamanda təqsirləndirilən şəxslərin məhkəmə istintaq zamanı hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş, Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X4 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Abbas-zadə Rəhim İsaq oğlunun 60 saat göstərdiyi hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına və məhkəmə istintaq zamanı Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 60 saat göstərdiyi hüquqi yardıma görə 360 manat məbləğində pul, Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 60 saat göstərdiyi hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs1 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 25.05.2020-ci tarixdən 24.08.2020-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 02 ay 29 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 28.12.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs2 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 08.05.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış M.Ə.Rəsulzadənin doğranılmış vəziyyətdə olan xatirə lövhəsi qanuni qüvvəyə mindikdən sonra Abşeron rayonu Novxanı kənd 7 saylı uşaq baxçasına qaytarılsın. İş üzrə 81 manat 82 qəpik məhkəmə-kimyəvi və 69 manat 82 qəpik məhkəmə bioloji ekspertiza xərcləri Təqsirləndirilən şəxs1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,323 qram olan narkotik vasitə heroin və 464,9 qram nakotik vasitə qurudulmuş marixuana məhv edilsin. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxslər müdafiəçilərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X4 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Abbas-zadə Rəhim İsaq oğlunun 60 saat göstərdiyi hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına və məhkəmə istintaq zamanı Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 60 saat göstərdiyi hüquqi yardıma görə 360 manat məbləğində pul, Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 60 saat göstərdiyi hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-75/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-75/2021
08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver