Məhkəmə qərarları › İş №1(019)-41/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-41/2021

07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-41/2021 07.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs -xx xxxxxx 1980-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq özgənin əmlakını gizli yolla tamah niyyəti və talama məqsədi ilə 10 fevral 2021-ci il tarixdə saat 13:46 radələrində Balakən rayonu Gərəkli kəndində yaşayan Zərərçəkmiş şəxs1 qeyd olunan ünvanda yerləşən yaşadığı evinin həyət qapısının üzərində olan və açarla bağlanmayan asma qıfılı əli ilə dartıb açmaqla evin həyətinə, daha sonra mənzilin giriş qapısının üzərində olan asma qıfılı qapının yanındakı pəncərənin üzərində olan açarı götürüb açmaqla saxlanc yeri olan mənzilə qanunsuz daxil olub yataq otağındakı əşya dolabının içərisində olan şüşə stəkanın içərisindən Zərərçəkmiş şəxs1 məxsus 250 (iki yüz əlli) manat məbləğində nağd pulu gizli yolla ələ keçirib talayaraq Zərərçəkmiş şəxs1 250 manat məbləğində ziyan vurmaqla, həmçinin, vahid niyyətlə həmin əşya dolabının içərisindəki şüşə konfet qabının içərisindən sonuncunun arvadı Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 3,19 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 220,00 manat dəyərində üzüyü, 01 ədəd 5,97 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 417,00 manat dəyərində üzüyü, 01 ədəd 0,80 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 45,00 manat dəyərində üzüyü, 01 cüt 1,81 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 120,00 manat dəyərində sırğanı, 01 ədəd 0,32 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 12,00 manat dəyərində məmulat hissəsini, 01 ədəd 1,14 qram kütləli, təxminən 900 əyarlı qızıldan hazırlanmış 90,00 manat dəyərində, yəni ümumi dəyəri təxminən 904,00 manat təşkil edən qızıl-zinət əşyalarını gizli yolla ələ keçirib talayaraq Zərərçəkmiş şəxs2 təxminən 904,00 məbləğində maddi ziyan vurmaqla, ümumilikdə vahid niyyətlə 1,154 (bir min yüz əlli dörd) manat məbləğində özgə əmlakını saxlanc yerinə qanunsuz daxil olub gizli talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, işdə olan digər sübutların bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 -cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Yevlax şəhəri C.Kərimov küçəsi ev 126 ünvanında ailə üzvləri, doğma bibisi Şahid1 və sonuncunun ailə üzvləri ilə birlikdə yaşayır.Rəsmi olaraq heç bir yerdə işləmir və mütəmadi olaraq bibisi Şahid1 ilə birlikdə dilənçilik edərək ailəsini dolandırır. Cəmi iki dəfə ailə həyatı qurmuş, ən böyük övladı 14, ən kiçik övladı isə 2 yaşındadır. 10 fevral 2021-ci il tarixdə səhər saatlarında bibisi Bəsti ilə birlikdə Balakən rayonuna gedib dilənçiliklə məşğul olmaq qərarına gəlmişlər, doğma dayısı Şahid2 bibisi Bəsti ilə onun mütəmadi olaraq dilənçiliklə məşğul olduqlarını bildiyinə görə, dayısı ilə əlaqə saxlayaraq taksi avtomobili tapıb onları Balakən rayonuna aparmasını xahiş etmiş, bir neçə dəqiqədən sonra dayısı Mustafa onunla əlaqə saxlayaraq hazır olmalarını və təxminən 10 dəqiqədən sonra taksi avtomobili ilə gedib onları götürəcəyini bildirmişdir. Beləliklə,təxminən 10 dəqiqədən sonra dayısı Mustafa əvvəldən tanıdığı və taksi fəaliyyəti ilə məşğul olan Habil adlı şəxsin idarə etdiyi taksi avtomobili ilə yaşadığı ünvanın yaxınlığına gəlib bibisi ilə onu götürmüşdür. Həmin vaxt Habil avtomobili idarə etmiş, dayısı isə ön sərnişin oturacağında əyləşmişdir.Bibisi ilə o isə avtomobilin arxa oturacağında əyləşmişlər.Onlar hərəkətə başlayıb bir qədər yol qət etdikdən sonra dayısı Mustafa xidmət haqqı kimi Habilə 50 manat pul verməli olduğunu bildirmiş, o da etiraz etmədən geri qayıdanda pulu verəcəyini demişdir.Təxminən saat 06:30 radələrində Yevlax şəhərindən yola düşüb, saat 09:00 radələrində Balakən rayonuna çatmışlar. Balakən rayonuna çatanda dəqiq bilmədiyi ünvanda bibisi ilə o, dilənmək məqsədi ilə avtomobildən yerə düşmüşlər, dayısıgildən onları bir neçə saat gözləmələrini xahiş etmişlər, daha sonra bibisi ilə birlikdə dilənməyə başlamışlar. Yolda qarşılarına çıxan insanlardan almaqla yanaşı bəzi evlərin qapısını döyüb ev yiyəsindən pul istəmişlər. Təxminən beş saat ərzində dilənə-dilənə gedib təxminən saat 14:00 radələrində Gərəkli kəndinin ərazisinə çıxmışlar, onlar Gərəkli kəndinin ərazisində magistral yolun kənarı ilə hərəkət edərkən bibisi Bəsti dilənmək məqsədi ilə dəmir materialdan hazırlanmış qırmızı rəngli bir darvazaya yaxınlaşmış və ona qapıda qıfıl olduğunu bildirmişdir. O, həmin darvazaya yaxınlaşıb əli ilə asma qıfılı çəkmiş və bu zaman qıfıl açılmışdır. Buna görə həmin qıfılın sadəcə olaraq itməməsi üçün qapıya asıldığını, ev sahibinin evdə olduğunu düşünmüş və dilənmək məqsədilə qapını açıb həyətə daxil olmuşdur. Həmin vaxt bibisi Bəsti yorulduğunu deyərək qapının astanasında dayanıb gözləmiş, o isə həyətdə olan birmərtəbəli fərdi yaşayış evinin giriş qapısına yaxınlaşıb əli ilə qapını döymək istəyən zaman həmin qapıda da asma qıfıl olduğunu görmüşdür. Daha sonra o, qapının sağ tərəfində olan pəncərədən evin içərisinə baxmaq istəyərkən pəncərənin qarşısında açarlar olduğunu görmüş, həmin açarları götürüb birini qıfıla daxil etmiş və qıfılı açmışdır. Bundan sonra evdə heç kimin olmadığına əmin olmuş və oğurluq etmək məqsədi ilə qapını açıb cəld mənzilə daxil olmuşdur. Mənzilə daxil olub sağ tərəfdə yerləşən yataq otağına keçmiş, orada olan əşya dolabının içərisindəki əşyalara göz gəzdirən zaman şüşə stəkanın içərisində xeyli kağız pul əskinazları, konfet qabının içərisində isə bir neçə çeşid qızıl-zinət əşyaları olduğunu görmüş, cəld həmin pulları və qızıl-zinət əşyalarını götürüb əynindəki gödəkçənin iç cibində gizlədərək mənzildən çıxmış, qapını əvvəlki kimi qıfılla bağlayıb açarları yerinə qoymuş, geri qayıdaraq bibisinin yanına getmiş və evdə heç kimin olmadığını, mənzilin qapısının bağlı olduğunu demişdir. Bütün bu sadaladığı hərəkətləri bibisinin görməməsi üçün bacardığı qədər cəld yerinə yetirmişdir. Daha sonra bibisi ilə birlikdə darvazadan bayıra çıxmışlar, darvazanın qıfılını da əvvəlki vəziyyətinə gətirib açarsız yerinə bağlamış və bibisinin şübhələnməməsi üçün oradan uzaqlaşıb dilənməyə davam etmişdir. Təxminən 01 saat ərzində ətraf küçələrdə gəzib diləndikdən sonra dayısı Mustafaya zəng edərək olduqları yeri tərif etmiş, evə getmək istədiklərini bildirmiş və gedib onları götürməsini xahiş etmişdir. Bir neçə dəqiqədən sonra dayısı ilə Habil olduqları yerə gedib onları götürmüşlər və oradan yaşadıqları Yevlax şəhərinə qayıtmışlar. Evə qayıdan zaman ümumi qazanclarından xidmət haqqı olaraq Habilə 50 manat pul vermiş, qalan pul isə onun, dayısının və bibisinin arasında bölünmüşdür. Hərəsinə 45 manat pul çatmışdır. Lakin o, Balakən rayonu Gərəkli kəndində evdən oğurluq etməsi barədə dayısıgilə heç bir məlumat verməmişdir. Çünki, ona vacib pul lazım olmuş və dayısıgilin məlumatı olarsa, həmin oğurladığı əşyaları ondan alıb geri qaytaracaqlarını bilmiş, buna görə dayısıgilə heçnə deməmişdir. Gecə yaşadığı evdə olan zaman oğurladığı əşyaların 250 manat nağd pul, sarı rəngli qızıl metaldan hazırlanmış 03 ədəd qadın üzüyü, sarı rəngli qızıl metaldan hazırlanmış 01 cüt sırğa, sarı rəngli qızıl metaldan hazırlanmış 02 ədəd diş, sarı rəngli qızıl metaldan hazırlanmış və qırılmış vəziyyətdə olan 01 ədəd yarımçıq boyunbağı hissəsi olduğunu aşkar etmişdir. Qızıl-zinət əşyalarını daha sonra satmaq məqsədi ilə yaşadığı evdə gizlətmiş, 250 manat nağd pulu isə səhəri gün şəxsi ehtiyaclarına xərcləmişdir. 13 fevral 2021-ci il tarixdə səhər saatlarında həmin tərkibdə dilənmək məqsədi ilə yenidən Yevlax şəhərindən Balakən rayonuna gedən zaman 10 fevral 2021-ci il tarixdə oğurladığı qızıl-zinət əşyalarını satmaq üçün üzərində götürmüşdür. Onlar Balakən rayonunun ərazisində olan zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və oğurluqda şöbhəli olduqlarını deyərək onları RPŞ-nə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə razılaşaraq RPŞ-nə getmişlər, o, X9 Bölməsində törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, Zərərçəkmiş şəxs1 yaşadığı mənzildən oğurladığı və üzərində olan, yəni satmaq məqsədi ilə üzərində götürdüyü qızıl-zinət əşyalarını könüllü olaraq İstintaq orqanına təqdim etmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. Ehtiyacı olduğuna görə məcburiyyət qarşısında qalıb bu əməli törətmişdir.Törətdiyi cinayət əməlindən çox peşimandır,bir daha belə əməllərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxslərə dəyən zərəri tam ödəmişdir.Vurulmuş zərəri tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Gərəkli kəndində arvadı Zərərçəkmiş şəxs2 və 3 azyaşlı övladı ilə birlikdə yaşayır. 10 fevral 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində ailə üzvləri ilə birlikdə Balakən şəhərində yaşayan qohumugilə qonaq gedərkən, mənzilin giriş qapısını qıfılla bağlayıb həmişə olduğu kimi açarı qapının sağ tərəfində olan pəncərənin qarşısına qoymuşdur.Həyətin giriş qapısının, yəni darvazanın qıfılı açarla bağlanmadığına görə, qıfılı sacədə olaraq darvazaya asıb bağlanmış kimi vəziyyətə gətirmiş və qohumugilə yollanmışlar.Həmin gün təxminən saat 15:00 radələrində ailə üzvləri ilə birlikdə evə qayıtmışlar, lakin mənzilə kiminsə daxil olmasından və ya evdən oğurluq olmasından heç birinin xəbəri olmamışdır. Səhəri gün, yəni 11 fevral 2021-ci il tarixdə səhər saatlarında ona pul lazım olduğu üçün mənzilin yataq otağındakı əşya dolabında olan stəkanın içərisində kağıza büküb saxladığı 250 manat pulu götürmək istəmiş, lakin pulun yerində olmadığını görmüşdür. Buna görə dərhal arvadı Aytənin həmin dolabdakı konfet qabının içərisində saxladığı özünə məxsus qızıl-zinət əşyalarının yerində olub-olmamasını yoxlamış, lakin qızıl-zinət əşyalarının da yerində olmadığını görmüşdür. Bundan sonra Aytəndən və uşaqlardan pullar və qızıl-zinət əşyaları barədə soruşmuşmuş, lakin sonuncular ümumiyyətlə əşyalara və ya dolaba toxunmadıqlarını bildirmişlər. Daha sonra o, qonşusu Elbrus Nastakalova müraciət edərək, sonuncunun yaşadığı evdə quraşdırdığı və əsas yolu müşahidə edən kamera qurğuları tərəfindən 10 fevral 2021-ci il tarixdə saat 12:00-dan 15:00-dək olan müddət ərzində qeydə alınmış videogörüntülərə baxmaq istədiyini bildirmiş, Elbrus etiraz etmədən müşahidə kameralarının həmin tarix və saatda qeydə aldığı videogörüntüləri ona göstərmişdir. Bundan sonra ona məlum olmuşdur ki, 10 fevral 2021-ci il tarixdə saat 13:47-də, yəni onlar evdə olmadıqları müddətdə əvvəllər tanımadığı iki qadın onların həyətinin darvazasına yaxınlaşmışlar və təxminən 10 dəqiqədən sonra oradan uzaqlaşmışlar. Həmin qadınların ona məxsus mənzilə daxil olub oğurluq etmələrindən şübhələndiyi üçün ərizə ilə RPŞ-nə müraciət etmişdir.Ona dəymiş ziyan tam ödənmişdir.Təqsirləndirilən şəxslə barışmışdır. Onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Gərəkli kəndində əri Zərərçəkmiş şəxs1 və 3 azyaşlı övladı ilə birlikdə yaşayır. 10 fevral 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində ailə üzvləri ilə birlikdə Balakən şəhərində yaşayan qohumugilə qonaq gedən zaman Elşad yaşadıqları mənzilin giriş qapısını qıfıllayıb açarla bağlamış, açarı isə qapının sağ tərəfində olan pəncərənin qarşısına qoymuşdur. Həyətin giriş qapısının, yəni darvazanın qıfılı açarla bağlanmadığına görə, Elşad asma qıfılı sacədə olaraq darvazaya asıb bağlanmış kimi vəziyyətə gətirmiş və qohumugilə yollanmışlar. Həmin gün təxminən saat 15:00 radələrində Elşad və uşaqlarla birlikdə evə qayıtmışlar, lakin mənzilə kiminsə daxil olmasından və ya evdən oğurluq olmasından heç birinin xəbəri olmamışdır. Səhəri gün, yəni 11 fevral 2021-ci il tarixdə səhər saatlarında Elşad onu və uşaqları yataq otağına çağırıb oradakı əşya dolabında olan stəkanın içərisində saxladığı özünə məxsus 250 manat pulun və həmin dolabdakı konfet qabının içərisində saxladığı ona məxsus qızılzinət əşyalarının yerində olmadığını bildirmişdir. Onlar isə ümumiyyətlə əşyalara toxunmadıqlarını bildirmişlər. Daha sonra Elşad qonşuları Elbrus Nastakalova müraciət edərək, sonuncunun yaşadığı evdə quraşdırdığı və əsas yolu müşahidə edən kamera qurğuları tərəfindən 10 fevral 2021-ci il tarixdə saat 12:00-dan 15:00-dək olan müddət ərzində qeydə alınmış videogörüntülərə baxmış, bundan sonra 10 fevral 2021-ci il tarixdə saat 13:47-də, yəni onların evdə olmadıqları müddətdə əvvəllər tanımadıqları iki qadının onların həyətinin darvazasına yaxınlaşmaları və təxminən 10 dəqiqədən sonra oradan uzaqlaşmaları onlara məlum olmuşdur. Onlar həmin qadınların mənzilə daxil olub oğurluq etmələrindən şübhələndikləri üçün Elşad ərizə ilə Balakən RPŞ-nə müraciət etmişdir. Ona dəymiş ziyan tam ödənmişdir. Təqsirləndirilən şəxslə barışmışdır.Onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, ünvan 4 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Özünə məxsus Volkswagen Fayton markalı O 937 TO05rus dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur.10 fevral 2021-ci il tarixdə təxminən saat 06:00 radələrində müştəri kimi tanıdığı Mustafa onunla əlaqə saxlayaraq onun bacısı qızı Təranəni və qohumunu Balakən Rayonuna aparmaq lazım olduğunu , lakin orada beş saat gözləməli olacaqlarını bildirmişdir. O, da razılaşaraq benzinin pulunu ödəyəcəklərini və 50 manat pul alacağını bildirmişdir.Təxminən saat 06:30 radələrində Mustafanı, bacısı qızı Təranəni və qohumunu, yəni adının sonradan Bəsti olduğunu bildiyi qadını götürüb Balakən rayonuna getmişlər. Yolda həmin qadınların dilənmək məqsədi ilə Balakən rayonuna getdiklərini bilmişdir.Yol gedərkən Mustafa bacısı qızı Təranəyə xidmət haqqı olaraq ona 50 manat pul verməli olduğunu demişdir. Təranə də etiraz etmədən geri qayıdanda pulu verəcəyini bildirmişdir. Təxminən saat 09:00 radələrində Balakən rayonuna çatmışlar. Orada küçələrin birində Təranə ilə Bəsti dilənmək məqsədi ilə avtomobildən yerə düşmüşlər.Mustafa ilə o isə adı yadında qalmayan yanacaqdoldurma məntəqəsinin yanında avtomobili saxlayıb içərisində yatmışlar. Təxminən saat 15:00 radələrində Təranə Mustafa ilə əlaqə saxlayaraq Gərəkli kəndinin ərazisində olduqlarını bildirmiş və artıq evə getmək istədiklərini demişdir.Buna görə Mustafa ilə Təranəgilin olduqları yerə gedib onları götürmüşlər və oradan yaşadıqları Yevlax şəhərinə qayıtmışlar. Evə qayıdan zaman yolda Təranə xidmət haqqı olaraq ona 50 manat pul vermişdir. Yevlax şəhərinə çatdıqdan sonra o, Mustafagili düşürüb öz evinə getmişdir. 13 fevral 2021-ci il tarixdə səhər saatlarında Mustafa onunla əlaqə saxlayaraq yenidən Balakən rayonuna getməli olduqlarını bildirmiş, o da eyni qaydada 50 manat xidmət haqqı alacağını bildirmişdir. Mustafa razılaşdıqdan sonra idarə etdiyi həmin avtomaşınla gedib onları götürmüş birlikdə Yevlax şəhərindən Balakən rayonuna getmişlər. Onlar “Balakən rayon bazarı” kimi tanınan ərazidə olan zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və oğurluqda şübhəli olduqlarını deyərək onları RPŞ-nə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə razılaşaraq RPŞ-nə getmişlər, Polis Şöbəsində olan zaman Təranə 10 fevral 2021-ci il tarixdə Balakən rayonu Gərəkli kəndində bir mənzildən pul və qızıl-zinət əşyaları oğurladığını səmimi etiraf etmişdir. Onun Təranənin bu əməlindən xəbəri və məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, hazırda Yevlax şəhəri C.Kərimov küçəsi ev 126 ünanında öz ailə üzvləri, doğma qardaşı qızı Təqsirləndirilən şəxs və sonuncunun ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və qardaşı qızı Təranə ilə birlikdə dilənçilik edərək ailəsini dolandırır. 10 fevral 2021-ci il tarixdə səhər saatlarında Təranə ilə birlikdə Balakən rayonuna gedib dilənçiliklə məşğul olmaq qərarına gəlmişlər, buna görə Təranə doğma dayısı Şahid2la əlaqə saxlayaraq taksi avtomobili tapıb onları Balakən rayonuna aparmasını xahiş etmiş, təxminən 20 dəqiqədən sonra Mustafa taksi fəaliyyətilə məşğul olan Habil adlı şəxsin idarə etdiyi taksi avtomobili ilə yaşadıqları ünvanın yaxınlığına gedib Təranə ilə onu götürmüş və dördü birlikdə Balakən rayonuna yollanmışlar. Yolda gedərkən Mustafa xidmət haqqı olaraq Habilə 50 manat pul verməli olduğunu Təranəyə demiş, sonuncu da etiraz etmədən geri qayıdanda pulu Habilə verəcəyini bildirmişdir. Onlar təxminən saat 09:00 radələrində Balakən rayonuna çatmışlar, yadında qalmayan küçələrin birində dilənmək məqsədi ilə Təranə ilə birlikdə avtomobildən yerə düşmüşlər.Təranə dayısından onları bir neçə saat gözləmələrini xahiş etmiş, dayısıgil də razılaşmışlar. Daha sonra Təranə ilə birlikdə müxtəlif küçələrdə təxminən beş saat ərzində dilənçilik edərək pul toplamağa başlamışlar. Artıq dilənə-dilənə gedib saat 14:00 radələrində Balakən rayonunun Gərəkli kəndinə çatmışlar. Onlar magistral yolun kənarı ilə hərəkət edərək qarşılarına çıxan insanlardan və yolun kənarında yerləşən evlərin qapısını döyərək ev sahiblərindən pul istəmişlər. Həmin vaxt o, bir darvazaya yaxınlaşıb ev sahibini səsləmək istəyərkən qapıda asma qıfıl olduğunu görmüş, Təranəyə qapıda qıfıl olduğunu bildirmiş, sonuncu darvazaya yaxınlaşıb əli ilə asma qıfılı çəkmiş və bu zaman qıfıl açılmışdır. Həmin vaxt Təranə böyük ehtimalla evdə adam olduğunu, qıfılın yəqin ki, itməməsi üçün qapıya asıldığını demiş və həyətə girib ev sahibindən pul alacağını bildirmişdir. Bundan sonra onlar birlikdə həyətə daxil olmuşlar, o, papiros çəkmək üçün yorulduğunu bəhanə edərək darvazanın astanasında dayanıb gözləmiş, Təranə isə ev sahibini çağırıb pul almaq üçün həyətdəki birmərtəbəli fərdi yaşayış evinin qarşısına getmişdir. Evin qarşısında məhəccər olduğuna görə Təranənin onu görməyəcəyini düşünmüş və orada daşın üzərində oturub xəlvət papiros çəkməyə başlamışdır. Çünki, onun papiros çəkdiyini Təranə bilməmişdir. O, papirosu çəkib bitirənə qədər Təranə geri qayıdıb evdə adam olmadığını və mənzilin giriş qapısının üzərində asma qıfıl olduğu bildirmişdir. Bundan sonra ikisi birlikdə darvazadan bayıra çıxmışlar.Təranə darvazanın qıfılını əvvəlki vəziyyətinə gətirib əli ilə yerinə bağlamış və oradan uzaqlaşıb dilənməyə davam etmişlər. Təxminən bir saat həmin kənddə dilənçilik etdikdən sonra Təranə dayısına zəng edib olduqları yeri başa salmış və evə getmək istədiklərini bildirmişdir. Bir qədər sonra Mustafa ilə Habil olduqları yerə gedib onları götürmüşlər və oradan yaşadıqları Yevlax şəhərinə qayıtmışlar. Evə qayıdan zaman yolda Təranə ümumi qazanclarından 50 manat pul götürüb xidmət haqqı olaraq Habilə vermişdir. Yevlax şəhərinə çatanda onlar üçü avtomobildən düşmüşlər, qazanclarından qalan pul üçünün, yəni onun, Mustafanın və Təranənin arasında bölünmüş, hərəsinə 45 manat pul düşmüşdür. Lakin Təranə onlara başqa heçnə deməmişdir. 13 fevral 2021-ci il tarixdə səhər saatlarında həmin tərkibdə dilənmək məqsədi ilə yenidən Yevlax şəhərindən Balakən rayonuna getmişlər, onlar “Balakən rayon bazarı” kimi tanınan ərazidə olan zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və oğurluqda şübhəli olduqlarını deyərək onları RPŞnə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə razılaşaraq Polis Şöbəsinə getmişlər, PŞ-də olarkən Təranə 10 fevral 2021-ci il tarixdə Balakən rayonu Gərəkli kəndində bir mənzildən pul və qızıl-zinət əşyaları oğurladığını səmimi etiraf etmişdir. Lakin, Təranənin törətdiyi əməldən onların xəbəri olmamış, sonucu onlara bu barədə heç bir məlumat verməmişdir. O, Təranənin belə əməllərdən, cinayətdən uzaq olmasını istəmiş və səhv addım atmaması üçün Təranəni daimi nəzarətdə saxlamışdır. Təranə qorxusundan ona bu barədə heçnə deməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda qədimi və dəyərli əşyaların alqı-satqısı ilə məşğul olaraq ailəsini doladırır. Təqsirləndirilən şəxs onun doğma bacısı qızı, Şahid1 isə Təranənin doğma bibisidir. Bəsti ilə Təranə dilənçilik edərək dolanırlar. 10 fevral 2021-ci il tarixdə təxminən saat 06:00 radələrində Təranə ona zəng edərək Bəsti ilə birlikdə Balakən rayonuna gedib dilənçiliklə məşğul olmaq istədiklərini bildirmiş və taksi avtomobili tapıb onları Balakən rayonuna aparmasını xahiş etmişdir. O da taksi fəaliyyəti ilə məşğul olan tanışı Habildən Balakən rayonuna gedib-qayıtmağı xahiş etmişdir. Habil razılaşdıqdan sonra Təranə ilə əlaqə saxlayaraq hazır olmalarını bildirmiş və təxminən 20 dəqiqədən sonra Habillə birlikdə gedib yaşadıqları ünvanın yaxınlığından Təranə ilə Bəstini götürmüşlər. Dördü birlikdə Balakən rayonuna gedərkən xidmət haqqı olaraq Habilə 50 manat pul verməli olduğunu Təranəyə demiş, sonuncu da etiraz etmədən geri qayıdanda pulu Habilə verəcəyini bildirmişdir. Onlar təxminən saat 09:00 radələrində Balakən rayonuna çatmışlar, orada küçələrin birində Təranə ilə Bəsti dilənmək məqsədi ilə avtomobildən yerə düşmüşlər, Habillə o isə adı yadında qalmayan yanacaqdoldurma məntəqəsinin yanında avtomobili saxlayıb içərisində yatmışlar. Təxminən saat 15:00 radələrində Təranə onunla əlaqə saxlayaraq Gərəkli kəndinin ərazisində olduqlarını bildirmiş və artıq evə getmək istədiklərini bildirmişdir. Buna görə Habillə o, olduqları yerə gedib Təranəgili götürmüşlər və oradan yaşadıqları Yevlax şəhərinə qayıtmışlar. Evə qayıdan zaman yolda Təranə xidmət haqqı olaraq Habilə 50 manat pul vermişdir. Yevlax şəhərinə çatıb avtomobildən düşəndən sonra Təranə dilənib topladıqları pulun qalanını isə üçünün, yəni onun, Bəstinin və özünün arasında bölmüşdür. Hərəsinə 45 manat pul çatmışdır. Lakin Təranə onlara başqa heçnə deməmişdir. 13 fevral 2021-ci il tarixdə səhər saatlarında həmin tərkibdə dilənmək məqsədi ilə yenidən Yevlax şəhərindən Balakən rayonuna getmişlər, onlar “Balakən rayon bazarı” kimi tanınan ərazidə olan zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və oğurluqda şübhəli olduqlarını deyərək onları RPŞ-nə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə razılaşaraq RPŞ-nə getmişlər, Polis Şöbəsində olan zaman Təranə 10 fevral 2021-ci il tarixdə Balakən rayonu Gərəkli kəndində bir mənzildən pul və qızıl-zinət əşyaları oğurladığını səmimi etiraf etmişdir. Bundan sonra Təranənin törətdiyi əməldən onun xəbəri olmuşdur. İşin 5-8-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş 11 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Balakən rayonu Gərəkli kənd sakini Zərərçəkmiş şəxs1 Balakən RPŞ-nə müraciət edərək, 10 fevral 2021ci il tarixdə günorta saatlarında naməlum şəxsin (şəxslərin) onun yaşadığı evə daxil olaraq yataq otağındakı dolabdan 250 manat nağd pulu, arvadı Zərərçəkmiş şəxs2 məxsus 03 ədəd qızıl üzüyü, 01 cüt qızıl sırğanı, 02 ədəd qızıl dişi, 01 ədəd qırılmış vəziyyətdə olan yarımçıq qızıl boyunbağını oğurladıqlarını bildirmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs1 məxsus olan yaşayış evinə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs1 məxsus olan 02 otaqdan ibarət yaşayış evi Gərəkli kəndində magistral yolun sağ hissəsində yerləşir. Zərərçəkmiş şəxs1 evin qırmızı rəngli giriş, dəmir qapısının üzərinə saldığı açarla açılmayan qıfılı göstərərək naməlum şəxsin (şəxslərin) həmin qıfılı açarsız açaraq evin həyətinə daxil olduqlarını, sonra evin taxta materialdan olan ağ rəngli giriş qapısının qıfılını açarla açaraq evə daxil olduqlarını bildirmişdir. Zərərçəkmiş şəxs1 evin açarını qapının sağ hissəsində yerləşən pəncərənin üzərində saxladığını bildirmişdir. Zərərçəkmiş şəxs1 evin yataq otağındakı dolabı göstərərək, dolabın içərisindəki şüşə stəkanda saxladığı 250 manat pulun və həmin yerdə şüşə materialdan konfet qabının içərisində saxladığı arvadı Zərərçəkmiş şəxs2 məxsus olan 03 ədəd qızıl üzüyün, 01 cüt qızıl sırğanın, 02 ədəd qızıl dişin və 01 ədəd qırılmış yarımçıq qızıl boyunbağının naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs1 qızılları 01 ədəd kağız bükümün içərisində şüşə qabda saxladığını, naməlum şəxsin həmçinin yataq otağındakı 01 ədəd sandığı açaraq içərisinə baxdığını, lakin oradan və evdən başqa heçnəyi oğurlamadığını bildirmişdir. Baxış zamanı evdə olan servantın şüşəsindən, şüşə qənd qabının içəri tərəfindən, şüşə stəkanların içəri tərəflərindən, mebel üzlüyü olan sandığın, mebel üzlüyü olan kiçik sandıqçanın üzərlərindən RPŞ-nin KTQ-nin baş kriminalisti polis mayoru Sadiq Vəzirov tərəfindən ümumilikdə 12 ədəd əl-barmaq izləri götürülmüşdür. Həmçinin, Zərərçəkmiş şəxs1 yaşadığı evin qonşuluğunda yaşayan Gərəkli kənd sakini Elbrus Nastakalova məxsus kamera mühafizə sisteminin görüntüləri təhqiqatçı tərəfindən götürülmüşdür. Həmin videogörüntülər gələcəkdə diskə köçürülərək protokola əlavə ediləcəkdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus olan evin yol giriş qapısının və evin taxta giriş qapısının qıfıllarının kənar əşyanın müdaxiləsi ilə zorla açılmadığı, evdəki əşyaların zədələnmədiyi müşahidə olunmuşdur. Baxış zamanı hal şahidləri və iştirakçılar tərəfindən vəsatət və şikayət daxil olmamışdır. Protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş, protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. İşin 30-cu vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Vüsal Bayramovun 13 fevral 2021-ci il tarixli raportundan görünür ki, həmin tarixdə Balakən RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlinin törədilməsində şübhəli bilinən Yevlax şəhər sakinləri Şahid3, Şahid2, Şahid1 və Koldar X3 şəhər Mərkəzi Bazar ərazisində saxlanılaraq Balakən RPŞ-nə gətirilmişlər və inzibati binada onlarla aparılan ilkin söhbət zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. İşin 39-cu vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş 13 fevral 2021-ci il tarixdə tərtib edilmiş “əşyanın könüllü təqdim edilməsi, götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 10 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı mənzildən oğurluq etməkdə şübhəli bilinərək RPŞ-nə gətirilmiş və izahatı alınmış Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, Zərərçəkmiş şəxs1 yaşadığı mənzildən oğurladığı - sarı rəngli qızıl metaldan hazırlanmış 03 ədəd qadın üzüyünün, sarı rəngli qızıl metaldan hazırlanmış 01 cüt sırğanın, sarı rəngli qızıl metaldan hazırlanmış 02 ədəd dişin, sarı rəngli qızıl metaldan hazırlanmış və qırılmış vəziyyətdə 01 ədəd yarımçıq boyunbağının üzərində olduğunu və həmin qızıl-zinət əşyalarını könüllü surətdə istintaqa təqdim etmək istədiyini bildirmişdir. Həmin əşyalar iş üçün sübut əhəmiyyətinə malik olduğu üçün tərəfindən Təqsirləndirilən şəxs götürülmüşdür. Götürülmüş qızıl-zinət əşyaları elektron tərəzi vasitəsi ilə ölçülən zaman 01 ədəd Rusiya istehsalı olan qızıl nişan üzüyünün təxmini çəkisi 6 qram, 01 ədəd Rusiya istehsalı olan qaşsız üzüyün təxmini çəkisi 0,81 qram, 01 ədəd Rusiya istehsalı olan qaşlı üzüyün təxmini çəkisi 3,20 qram, 01 cüt Rusiya istehsalı olan qırmızı qaşlı qızıl sırğanın təxmini çəkisi 1,81 qram, ümumi təxmini çəkisi 0,30 qram olan 02 ədəd qızıl dişlər və 01 ədəd Rusiya istehsalı olan boyunbağının qırılmış hissəsinin təxmini çəkisinin 0,32 qram olması müəyyən edilmişdir. İşin 40-cı vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş 13 fevral 2021-ci il tarixdə tərtib edilmiş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 qonşusu Elbrus Nastakalovun yaşadığı evdə quraşdırılmış videomüşahidə kameralarının 10 fevral 2021-ci il tarixdə saat 13:43:53-dən saat 13:50:52dək olan müddətdə qeydə aldığı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD-R markalı diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Üzəri ağ rəngli olan və alt hissəsində kiçik hərflərlə DVD-R yazısı olan 01 ədəd diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, diskdə 01 ədəd fayl yerləşir. Faylın adı VİD_20210211_192211, həcmi isə 1,032,388 KB-dir. Həmin fayl açılan zaman görünür ki, iki qadın asfalt yolun kənarı ilə piyada videomüşahidə kameralarına doğru hərəkət edirlər və videomüşahidə kameralarına çatanda yolun qarşı tərəfinə keçirlər. 07 dəqiqəlik videonun 01 dəqiqə 45-ci saniyəsində nisbətən yaşlı olan qadın darvazaya doğru gedir, videonun 2-ci dəqiqəsində digər qadın da ona tərəf gedir. Videonun 04 dəqiqə 28-ci saniyəsində qadınlar ikisi birlikdə darvazadan yola doğru hərəkət edirlər, daha sonra yolu qarşı tərəfə keçib gəldikləri istiqamətdə geri qayıdırlar.Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdəki nisbətən yaşlı qadın onun bibisi Şahid1, digər qadın isə onun özüdür. Həmin vaxt bibisi ona darvaza qapının üzərində asma qıfıl olduğunu bildirmiş, o, darvazaya yaxınlaşıb əli ilə qıfılı çəkən zaman qıfıl açılmışdır. Daha sonra birlikdə darvazadan içəri girmişlər, bibisi darvazanın astanasında dayanıb gözləmiş, o isə pul dilənmək üçün getdiyi mənzildə heç kimin olmadığından istifadə edərək mənzilin yataq otağındakı əşya dolabının içərisindən 250 manat pul, sarı rəngli qızıl metaldan hazırlanmış 03 ədəd qadın üzüyünü, sarı rəngli qızıl metaldan hazırlanmış 01 cüt sırğanı, sarı rəngli qızıl metaldan hazırlanmış 02 ədəd dişi, sarı rəngli qızıl metaldan hazırlanmış və qırılmış vəziyyətdə olan 01 ədəd yarımçıq boyunbağı hissəsini oğurlamışdır. İşin 109-110-cu vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş 15 fevral 2021-ci il tarixdə tərtib edilmiş “əşyanın tanınmaya təqdim edilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs İstintaqa təqdim etdiyi sarı rəngli qızıl metaldan hazırlanmış 03 ədəd qadın üzüyü, sarı rəngli qızıl metaldan hazırlanmış 01 cüt sırğa, sarı rəngli qızıl metaldan hazırlanmış 02 ədəd diş, sarı rəngli qızıl metaldan hazırlanmış və qırılmış vəziyyətdə olan 01 ədəd yarımçıq boyunbağı tanınması üçün iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təqdim edilmiş, sonuncu əli ilə özünə məxsus qızı-zinət əşyalarını seçib göstərərək həmin əşyaların ona məxsus olduğunu və həmin əşyaların 10 fevral 2021-ci il tarixdə yaşadığı evdən oğurlandığını bildirmişdir. İşin 120-125-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəəşunaslıq ekspertizasının 07 may 2021-ci il tarixli 6/1834-9/2920 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 6 adda zərgərlik məmulatlarının 10.02.2021-ci il tarixdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 904,00 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı kimidir: - 3,19 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış üzük – 220,00 manat; - 5,97 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış üzük – 417,00 manat; - 0,80 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış üzük – 45,00 manat; - 1,81 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış sırğa cütü – 120,00 manat; - 0,32 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış məmulat hissəsi – 12,00 manat; - 1,14 qram kütləli, təxminən 900 əyarlı qızıldan hazırlanmış metal nümunə – 90,00 manat; İşin 117-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşin 132-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06.05.2021-ci il tarixli 2392 nömrəli arayışından görünür ki, Koldar X8 şəhəri, C.Kərimov küçəsi 126 saylı evdə qeydiyyatdadır. İşin 137-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06.05.2021-ci il tarixli 2392 nömrəli arayışından görünür ki,Koldar X8 şəhəri,C.Kərimov küçəsi 126 saylı evdə qeydiyyatdadır və aşağıdakı ailə üzvləri vardır: qızı Koldar Bəsti Mixail qızı, oğlu Koldar Zaur Mixail oğlu, qızı Koldar Aytən Mixail qızı, qızı X2, qızı X5 və qızı X6. İşin 129-131-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X10 15.03.2006-cı ildə, X12 03.06.2008-ci ildə, X11 20.03.2013-cü ildə, X2 18.02.2015-ci ildə, X5 12.03.2016-cı ildə və X6 16.06.2018-ci ildə anadan olmuşdur. İşin 134-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur,barəsində nümayəndəliyə yazılı və şifahi müraciət daxil olmadığı qeyd edilmişdir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Şahid3 ibtidai istintaq və məhkəmə iclasında verdikləri ifadələrini, şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ifadələrini, ekspertiza rəyini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq vahid tamah niyyəti ilə saxlanc yeri olan evə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmiş, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur,təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, vurulmuş zərəri könüllü olaraq tam ödəməsi, Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Onun əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmalarının mümkün olmasını, onun barəsində daha ciddi cəzanın təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni ,əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayət məsuliyyətindən azad edilməsi,habelə barəsində CM-in 70-ci maddəsinin təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir . İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri təxminən 904,00 manat təşkil edən 01 ədəd 3,19 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 220,00 manat dəyərində üzüyün, 01 ədəd 5,97 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 417,00 manat dəyərində üzüyün, 01 ədəd 0,80 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 45,00 manat dəyərində üzüyün, 01 cüt 1,81 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 120,00 manat dəyərində sırğanın, 01 ədəd 0,32 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 12,00 manat dəyərində məmulat hissəsinin, 01 ədəd 1,14 qram kütləli, təxminən 900 əyarlı qızıldan hazırlanmış 90,00 manat dəyərində metal nümunənin Zərərçəkmiş şəxs2 qaytarılması və ümumilikdə vurulmuş ziyanın tam həcmdə ödənməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 11 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri təxminən 904,00 manat təşkil edən 01 ədəd 3,19 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 220,00 manat dəyərində üzüyün, 01 ədəd 5,97 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 417,00 manat dəyərində üzüyün, 01 ədəd 0,80 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 45,00 manat dəyərində üzüyün, 01 cüt 1,81 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 120,00 manat dəyərində sırğanın, 01 ədəd 0,32 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış 12,00 manat dəyərində məmulat hissəsinin, 01 ədəd 1,14 qram kütləli, təxminən 900 əyarlı qızıldan hazırlanmış 90,00 manat dəyərində metal nümunənin Zərərçəkmiş şəxs2 qaytarılması və ümumilikdə vurulmuş ziyanın tam həcmdə ödənməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE ********************,X1,KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Hökmün icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “KAPİTALBANK” X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar