Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-105/2021 07.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1971-ci ildə Bərdə rayonu Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 aprel 2021-ci il tarixdə saat 18 radələrində Bərdə rayonu Alaçadırlı kəndində yaşayan qardaşı, eyni zamanda qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı əlində olan baltanın sapı ilə Zərərçəkmiş şəxs sol qol və sol çiyin nahiyəsinə qəsdən bir dəfə vuraraq döş qəfəsi, orta qoltuq, sol çiyinüstü nahiyələrinin sıyrıqları ilə müşayət olunan sağlamlığa zərər vurmayan, daha sonra baltanın tiyəsinin arxa tərəfi ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən bir dəfə vuraraq baş beyin silkələnməsi və başın alın-təpə nahiyəsinin əzilmiş yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxsla qonşudur, həyətlərinin arasında setka vardır. Qardaşı İlqar təxminən 5 ay əvvəl Bakı şəhərinə gedib 25.04.2021-ci il tarixdə yaşadığı evə qayıtmışdır. Həmin vaxt ərzində o, İlqarın həyətin gələn sudan istifadə etmişdir. 25.04.2021-ci il tarixdə təxminən saat 18 radələrində İlqar yaşadığı ünvana gələrək nə səbəbə xəbərsiz sudan istifadə etdiyini ona demişdir. Həmin vaxt həyətdə balta ilə odun yarmışdır. İlqara çıxıb getməsini bildirmiş, sonuncu ona nalayiq sözlər dediyi üçün əsəbləşmiş və əlində olan baltanın sapı ilə İlqarın sol çiyin nahiyəsindən, baltanın tiyəsinin ara tərəfi ilə İlqarın baş nahiyəsindən bir dəfə vurmuşdur. İlqarı vurduqdan sonra peşman olduğu üçün baltanı yerə atıb qaçıb getmişdir. Həmin vaxt arvadı Şahid2 İlqarın arvadı Şahnaz yanında olmuş və həmin hadisələri Sevinc və Şahnaz görmüşdür. Səhvini başa düşür, əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxsla barışdığını, ona vurduğu ziyanı ödədiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxsla qonşuluqda yaşayır. Ailəsi ilə birlikdə təxminən 5 ay əvvəl Bakı şəhərinə qaynatası evinə gedib 25.04.2021-ci il tarixdə yaşadığı evə qayıtmışdır. Bərdə rayonu Alaçadırlı kəndində yerləşən ata evinə gəldikdən sonra təxminən saat 18 radələrində həyətinə gələn suyun gəlmədiyini görüb suyu Vüqarın öz həyətinə çəkdiyini bilmişdir. Ona görə də Vüqarın həyətinə gedərək həyətinə gələn suyu nə səbəbə xəbərsiz öz həyətinə apardığını soruşmuşdur. Həmin vaxt Vüqar öz həyətində balta ilə odun yarmışdır. Vüqar ona nalayiq sözlər demiş və əlində olan balta ilə yanına gələrək, baltanın sapı ilə onun sol qol nahiyəsinə vurmuşdur. Vüqarın arvadı Sevinc də onların yanına gəlmiş, Vüqar baltanın tiyəsinin arxası ilə onun başının qabaq tərəfinə bir dəfə vurmuşdur. Vüqar balta ilə onu vurduqdan onun başından qan axmışdır. Sonuncu onun başının qanadığını görüb baltanı yerə atıb qaçıb getmişdir. Baltanı yerdən götürüb evində saxlamış, özü ilə polis şöbəsinə gətirərək təqdim etmişdir. Həmin vaxt arvadı Şahnaz yanında olmuş və həmin hadisələri Şahnaz da görmüşdür. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs əridir. Qaynı Təqsirləndirilən şəxsla həyətləri arasında setka vardır. Ailəsi ilə birlikdə təxminən 5 ay əvvəl Bakı şəhərinə atası evinə gedərək 25.04.2021-ci il tarixdə yaşadığı evə gəlmişdir. Onlar Bərdə rayonu Alaçadırlı kəndində yerləşən evinə gəldikdən sonra yəni, 25.04.2021-ci il tarixdə təxminən saat 18 radələrində Vüqarın həyətinə gələn suyu kəsərək öz həyətinə apardığını bilmişdir. Ona görə də əri İlqar Vüqarı çağırıb nə səbəbə həyətə gələn suyu kəsməsini sonuncuya demişdir. İlqar və Vüqarın mübahisə etdiyini görüb darvazanın qarşısına çıxmış, Vüqarın əlində balta olduğunu görmüşdür. Vüqarın arvadı Sevinc də orada olmuş, ərini sakitləşdirməsini Sevincə demişdir. Vüqar baltanın sapı ilə İlqarın sol çiyin nahiyəsindən daha sonra baltanın tiyəsinin arxa tərəfi ilə İlqarın baş nahiyəsindən bir dəfə vurmuşdur. İlqarın başından qan axmış, Vüqar İlqarın başının qanadığını görüb baltanı yerə ataraq həmin yerdən qaçıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 25.04.2021-ci il tarixdə təxminən saat 18 radələrində yaşadığı evdə olarkən əri Vüqar yaşadığı evin həyətində balta ilə odun yarmışdır. Qaynı İlqar yaşadığı ünvana gələrək Vüqarı çağırmış, Vüqar İlqarın yanına getdikdən sonra onların mübahisə etdiyini eşidib evdən çıxıb onların yanına getmişdir. İlqar Vüqarın ünvanına nalayiq sözlər dediyindən Vüqar odun doğradığı baltanı əlinə götürüb baltanın arxası ilə İlqarın baş nahiyəsindən bir dəfə vurmuşdur. Vüqar İlqarı vurduqdan sonra baltanı yerə atıb həmin yerdən uzaqlaşmışdır. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 26 aprel 2021-ci il tarixli 333 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlərbaş beyin silkələnməsi ilə müşayət olunan başın alın-təpə nahiyəsinin əzilmiş yarası, döş qəfəsi, orta qoltuq, sol çiyinüstü nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 25.04.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə: a) baş beyin silkələnməsi ilə müşayət olunan başın alın-təpə nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; b) döş qəfəsi, orta qoltuq, sol çiyinüstü nahiyələrinin sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 28 aprel 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 817 saylı 29 aprel 2021-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Alaçadırlı kəndində yaşayır. Təqsirləndirilən şəxs dörd azyaşlı uşaq atasıdır, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Yaşadığı kənddə özünü nizamlı bir kənd sakini kimi aparmış, qonşuların hörmətini qazanmışdır. Bərdə rayonu Kələntərli kənd İƏD üzrə nümayəndəliyində Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində insanlara qarşı həmişə hörmət və ehtiramla yanaşmışdır. Kələntərli kənd İƏD üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs haqqında heç bir təqsirləndirici rəsmi şikayət ərizəsi daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40-cı maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs barışdıqda cinayət təqibi həyata keçirilməyə və ya cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut olan, Bərdə rayon Polis şöbəsinin sübutların saxlanc anbarında saxlanılan 1 ədəd balta qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut olan, Bərdə rayon Polis şöbəsinin sübutların saxlanc anbarında saxlanılan 1 ədəd balta qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-105/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-105/2021
07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver