Məhkəmə qərarları › İş №1(021)-182/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-182/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-182/2021 16.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxxxx 1980-cı ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Bərdə rayonu Kələntərli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan sürücülük vəsiqəsi olmaqla idarə etdiyi özünə məxsus “Mercedes Benz 270 CDİ” markalı 10 VS-109 dövlət qeydiyyat nişanlı avtomobil ilə 30 iyun 2021-ci il tarixdə saat 21 radələrində Muğanlı- Körpüsındıran avtomobil yolunun Bərdə rayonu Kələntərli kəndi ərazisindən keçən hissəsində Bərdə rayonu Muğanlı kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olan sürətlə, yəni saatda 70-75 kilometr surətlə idarə edib, həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bunu etməmiş, yolu sağ istiqaməti ilə hərəkətdə olan sürücü X6 idarə etdiyi “VAZ 21074” markalı, 10 NK-075 dövlət nömrə nişanlı avtomobil ilə toqquşaraq, ehtiyatsızlıqdan sonuncuya başın sol gicgah nahiyəsinin qançırı, sol gicgah və kəllə əsası sümüklərinin sınıqları, baş-beyin qişalarına, yumuşaq qişa altına, baş-beyin toxumasına və mədəciklərinə qansızma, sol qaşarası, burun, alt dodaq nahiyələrinin əzilmiş yaraları, sağ gözyuvasıaltı nahiyənin qançırı ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər yetirərək zərərçəkmiş şəxs Azər Cəfərovun ölümünə səbəb olaraq sonuncuya məxsus “VAZ 2107” markalı 10 NK-075 dövlət qeydiyyat nişanlı avtomobilə 7000 (yeddi min) manat məbləğində və Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz 270 GDİ” markalı 10 VS-109 dövlət qeydiyyat nişanlı avtomobilə 4375 (dörd min üç yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, “Mercedes Benz 270 CDİ” minik markalı 10 VS-109 dövlət nömrə nişanlı gümüşü metallik rəngli avtomobili vardır. “Mercedes Benz 270 CDİ” minik markalı 10 VS-109 dövlət nömrə nişanlı avtomobil atası Zərərçəkmiş şəxs2 adına olsada, atası Zərərçəkmiş şəxs2 ona ƏN 600389 nömrəli etibarnamə ilə 13 aprel 2022-ci il tarixədək idarə etmək hüququ vermişdir. Həmin avtomobil ona məxsudur və hadisə zamanı avtomobili özü idarə etmişdir. Avomobili idarə etmək üçün 13 aprel 2022-ci ilədək AB 712998 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 30 iyun 2021-ci il tarixdə saat 21 radələrində Bərdə şəhəri, Sənayə küçəsi ilə Kələntərli kəndində yerləşən evinə doğru hərəkət etmişdir. Yolun Kələntərli kəndinə çatdığı yerdə saatda 70-75 km.saat surətlə hərəkət edərkən, qarşıdan hərəkət edən “VAZ 2107” markalı 10 NK-075 dövtlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Qarşıda hərəkət edən avtomobili ötmə manevri etmək istəmiş, qarşı istiqamətə yola çıxmışdır. Onun avtomobili “VAZ 2107” markalı 10 NK-075 dövlət qeydiyyat nişanlı avtomobilinin sol arxa qanada çatdıqda “VAZ 2107” markalı 10 NK-075 dövtlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili ilə sol tərəfə hərəkət edərək onun yoluna çıxmaqla onun avtomobilini sol tərəfə sıxmışdır. Avtomobilini sol tərəfə çəkmiş, bu zaman onun avtomobili asfalt yoldan çıxaraq yolun sol çiynində olan çınqıl daşdığa girmiş, dərhal ayağını əyləcə basmış və avtomobilin idarəetməsini itirmişdir. Onun avtomobili qarşıda hərəkət edən “VAZ 2107” markalı 10 NK-075 dövtlət qeydiyyat nişanlı avtomobilin sol qanad hissəsindən vurub düz keçmişdir. “VAZ 2107” markalı 10 NK- 075 dövtlət qeydiyyat nişanlı avtomobil isə yolun sağında olan beton və ağacla toqquşaraq dayanmışdır. Dərhal “VAZ 2107” markalı 10 NK-075 dövtlət qeydiyyat nişanlı avtomobilin yanına gedərək sürücünü avtomobildən çıxarmışdır. Adının sonradan X6 olmasını bildiyi şəxsi yol ilə keçən avtomobil saxlamış və Azəri həmin avtomobil ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bir müddət sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. Səhvini başa düşür, əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ondan tələb və şikayətinin olmamasını, onlarla barışıq əldə etməsini nəzərə alıb, ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 15 noyabr 2021-ci il tarixli iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X13 əridir. 30 iyun 2021-ci tarixdə saat 22 radələrində yaşadığı evdə olarkən, atası İsax ona zəng edərək əri Azərin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almasını və hal-hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasında olmasını bildirmişdir. Atası İsaxdan öyrənmişdir ki, əri Azərin idarə etdiyi “VAZ 2107” markalı 10 NK-075 dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz 270 CDİ” markalı 10 VS-109 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, hadisə nəticəsində Azər xəsarət almışdır. Dərhal Bərdə rayon Mərkəzi xəstəxanası getmişdir. Xəstəxanada olarkən atasından “Mercedes Benz 270 CDİ” markalı 10 VS-109 dövlət qeydiyyat nişanlı avtomobil ilə əri toqquşan şəxsin Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Növbəti gün gecə saatlarında Azərin beyin daxili qanaxması olmuş, sonradan isə Azər koma vəziyyətinə düşmüşdür. Sonradan isə 08 iyul 2021-ci il tarixdə saat 1340 radələrində Azər aldığı xəsarətlər nəticəsində Bərdə rayon Mərkəzi xəstəxanasında vəfat etmişdir. Hadisəni görməmiş, hadisə zamanı yaşadığı evdə olmuşdur. Təqsirləndirilən şəxs ərinin yas mərasimində yaxından iştirak etmiş, lazımı köməkliyi göstərmişdir. Sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığnı, ona dəymiş maddi və mənəvi ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını, övladları azyaşlı olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilib qanunamüvafiq qərar qəbul edilməsini və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Bundan başqa zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 cinayət işi materiallarına əlavə olunmuş notarial qaydada təsdiq edilmiş ərizəsindən müəyyən olunur ki, o, X7 ilə barışmış, Fizuli Əliyev tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. “Mercedes Benz 270 CDİ” markalı 10 VS-109 dövlət qeydiyyat nişanlı avtomobil onun adınadır. Həmin avtomobili oğlu Füzuli almış və sonuncunun istifadəsində olmuşdur. Avtomobili idarə etməsi üçün Füzuliyə etibarnamə vermişdir. 30 iyun 2021-ci il tarixdə axşam saatlarında evdə olarkən Füzuli zəng edərək avtomobil ilə qəza törətməsini demişdir. Füzulidən 30 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində “Mercedes Benz 270 CDİ” markalı 10 VS-109 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu Kələntərli kəndi istiqamətində hərəkətdə olarkən ötmə manevri etmək istəmiş, bu zaman isə “VAZ 2107” markalı 10 NK-075 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 avtomobili sağa çəkərək Füzulinin yoluna çıxmış, Füzuli qəzadan qaçmaq üçün avtomobili sağa çəkmiş, lakin bu zaman idarəetməni itirərək arxadan “VAZ 2107” markalı 10 NK-075 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasını öyrənmişdir. Füzuli ona dəymiş maddi ziyanı tam olaraq ödəmiş, onun Füzulindən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə verərək Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona qarşı heç bir iddia, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs uzaq qohumu kimi tanımış, onun Füzuli ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 30 iyun 2021-ci il tarixdə saat 21 radələrində Füzuliyə zəng etmiş, sonuncu Bərdə-Kələntərli yolunda yol-nəqliyyat hadisə törətməsini demişdir. Dərhal hadisə yerinə getmişdir. Hadisə yerində Füzulinin idarə etdiyi Mercedes Benz 270 CDİ markalı 10 VS- 109 dövlət qeydiyyat nişanlı avtomobilinin “VAZ 2107” markalı 10 NK-075 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma nəticəsində əzildiyini görmüşdür. Həmin vaxt hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. 30 iyun 2021-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs avtomobili ilə Bərdə şəhərindən Kələntərli kəndinə getmişdir. Füzuli ötmə manevri edərkən, qarşıda hərəkətdə olan “VAZ 2107” markalı 10 NK-075 dövlət qeydiyyat nişanlı avtomobil sol tərəf istiqamətdə hərəkət etmişdir. Füzuli məcbur olub avtomobili sol tərəfə çəkmiş və asfalt yoldan çıxmışdır. Bu zaman Füzuli avtomobilin idarəetməsini itirmiş və qarşıda olan “VAZ 2107” markalı 10 NK-075 dövlət qeydiyyat nişanlı avtomobili sol arxa qanaddan vurmuşdur. “VAZ 2107” markalı 10 NK-075 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq yolun sağ çiynində olan ağac və betona dəymişdir. Bundan sonra Füzuli avtomobili saxlayıb yolun kənarında olan “VAZ 2107” markalı 10 NK-075 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış və avtomobilin sürücüsünü avtomobildən çıxarmışdır. Bu zaman avtomobildə bir nəfər sərnişində olmuşdur. Bundan sonra yol ilə keçən tanımadığı avtomobil adının sonradan Azər olmasını bildiyi şəxsi Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X12 rayonlararası zona mərkəzinin verdiyi 08 iyul 2021-ci il tarixli 19 saylı rəyindən müəyyən edilir ki, X1 meyitinin bədənində aşağıdakı xəsarətlər-başın sol gicgah nahiyəsinin qançırı, sol gicgah və kəllə əsası sümüklərini sınıqları, baş-beyin qişalarına, yumuşaq qişa altına, baş-beyin toxunasına və mədəciklərinə qansızma, sol qaşarası, burun, alt dodaq nahiyələrinin əzilmiş yaraları, sağ gözyuvasıaltı nahiyənin qançırı vardır. Həmin xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə-yəni 30.06.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, qişalar altına, baş-beyin toxumasına və mədəciklərinə qansızma olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli 8/1829 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən müəyyən edilir ki, “Mercedes Benz 270CDİ” markalı 10 VS-109 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz 270 CDİ” markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70-75 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan AB 712998 saylı sürücülük vəsiqəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “BC” katiqoriya sürücülük hüququ vardır. İş materiallarında olan 807 saylı 30.06.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən olunur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan 806 saylı 30.06.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən olunur ki, X8 orta dərəcə alkoqol sərxoşluğu əlamətləri aşkar edilmişdir. İş materiallarında olan 23 iyul 2021-ci il tarixli ilkin qiymətləndirmə aktından müəyyən olunur ki, yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz 270CDİ” markalı 10 VS-109 dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 4375 manat ziyan dəymişdir. İş materiallarında olan 23 iyul 2021-ci il tarixli ilkin qiymətləndirmə aktından müəyyən olunur ki, yol nəqliyyat hadisəsi nəticəsində X10 məxsus VAZ-2107 markalı 10 NK-075 dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 6500-7000 manat ziyan dəymişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun texniki cəhətdən saz vəziyyətdə olan sürücülük vəsiqəsi olmaqla idarə etdiyi özünə məxsus “Mercedes Benz 270 CDİ” markalı 10 VS-109 dövlət qeydiyyat nişanlı avtomobil ilə 30 iyun 2021-ci il tarixdə saat 21 radələrində Muğanlı-Körpüsındıran avtomobil yolunun Bərdə rayonu Kələntərli kəndi ərazisindən keçən hissəsində Bərdə rayonu Muğanlı kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olan sürətlə, yəni saatda 70-75 kilometr surətlə idarə edib, həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bunu etməməsi, yolu sağ istiqaməti ilə hərəkətdə olan sürücü X6 idarə etdiyi “VAZ 21074” markalı, 10 NK-075 dövlət nömrə nişanlı avtomobil ilə toqquşaraq, ehtiyatsızlıqdan sonuncuya başın sol gicgah nahiyəsinin qançırı, sol gicgah və kəllə əsası sümüklərinin sınıqları, baş-beyin qişalarına, yumuşaq qişa altına, baş-beyin toxumasına və mədəciklərinə qansızma, sol qaşarası, burun, alt dodaq nahiyələrinin əzilmiş yaraları, sağ gözyuvasıaltı nahiyənin qançırı ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər yetirərək zərərçəkmiş şəxs Azər Cəfərovun ölümünə səbəb olaraq sonuncuya məxsus “VAZ 2107” markalı 10 NK-075 dövlət qeydiyyat nişanlı avtomobilə 7000 (yeddi min) manat məbləğində və Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz 270 GDİ” markalı 10 VS-109 dövlət qeydiyyat nişanlı avtomobilə 4375 (dörd min üç yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 1135 saylı 23.07. 2021-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Kələntərli kəndində yaşayır. Təqsirləndirilən şəxs yaşadığı kənddə özünü nizamlı bir sakin kimi aparmış, qonşular və kənd ağsaqqallarının dərin hörmətini qazanmışdır. Bərdə rayonunun Kələntərli kənd İƏD üzrə nümayəndəliyində Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində insanlara qarşı həmişə hörmətlə yanaşmışdır. Kələntərli kənd İƏD üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs haqqında heç bir şikayət ərizəsi daxil olmamışdır. İş materiallarında olan Bərdə rayonu Kələntərli kənd icra nümayəndəliyi tərəfindən verilmiş regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 fevral 2008-ci il tarixli AZ-İİ 050407 saylı, 12 may 2010-cu il tarixli AZ-İİ 461351 saylı və Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyul 2019-cu il tarixli AZ-İV 301598 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 30 noyabr 2007-ci il tarixdə anadan olmuş X4, 30 oktyabr 2009-cu ildə anadan olmuş Zərərçəkmiş şəxs2 Füzuli oğlunun və 10 yanvar 2018-ci ildə anadan olmuş X5 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxsə maddi köməklik göstərməsini, onlara vurulmuş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 09.07.2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, həmçinin zərərçəkmiş şəxs X6 hadisə zamanı sərxoş olmasını və digər Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin atası olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, cəzanı çəkməkdən yayınmaq ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 03 sentyabr 2021-ci il tarixli 8/1829 saylı bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan “Mercedes Benz 270 CDİ” markalı 10 VS-109 dövlət qeydiyyat nişanlı və VAZ-2107 markalı 10 NK-075 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs- Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01(bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03(üç) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkməsinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 100(bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan “Mercedes Benz 270 CDİ” markalı 10 VS-109 dövlət qeydiyyat nişanlı və VAZ-2107 markalı 10 NK-075 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar