Məhkəmə qərarları › İş №1(026)-9/2021

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-9/2021

16.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-9/2021 16.05.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs1 – xx xxxx 1991-ci ildə Qobustan rayonunun Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Qobustan rayonunun Yekəxana kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2xx xxxx 1995-ci ildə Qobustan rayonunun Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qobustan rayonunun Yekəxana kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3xx xxx 1971-ci ildə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Şamaxı rayonunun Günəşli (keçmiş Saqiyan) kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikası CM-in 32.4, 32.5, 177.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Şamaxı rayonunun Günəşli (keçmiş Saqiyan) kənd sakini Təqsirləndirilən şəxs3 təhriki ilə aralarında yaranmış sövdələşmə ilə razılaşıb, oğurluq cinayətinin törədilməsinə dair məsləhət və məlumatları, eləcə də cinayət yolu ilə əldə edilmiş atları satın alacağına dair vədindən sonra özgənin əmlakını gizli olaraq talama məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 iyul 2020-ci il tarixdə saat 01 radələrində Qobustan rayonunun Yekəxana kəndində Zərərçəkmiş şəxs gözətçi kimi işlədiyi bağın yanında olan otlaq sahəsindən Zərərçəkmiş şəxs məxsus 1 rəst 600 manat dəyərində 1 il 3 aylıq, tünd qırmızı rəngli erkək dayça, 1 rəst 600 manat dəyərində 4 yaşlı, tünd qırmızı rəngli dişi at və 1 rəst 500 manat dəyərində 7 yaşlı, tünd qırmızı rəngli dişi at olmaqla, ümumi dəyəri 1700 manat təşkil edən 3 rəst atı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Şamaxı rayonunun Saqiyan kənd sakini Təqsirləndirilən şəxs3 təhriki ilə aralarında yaranmış sövdələşmə ilə razılaşıb, sonuncunun oğurluq cinayətinin törədilməsinə dair məsləhət və məlumatları, eləcə də cinayət yolu ilə əldə edilmiş atları satın alacağına dair vədindən sonra özgənin əmlakını gizli olaraq talama məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 iyul 2020-ci il tarixdə saat 01 radələrində Qobustan rayonunun Yekəxana kəndində Zərərçəkmiş şəxs gözətçi kimi işlədiyi bağın yanında olan otlaq sahəsindən sonuncuya məxsus 1 rəst 600 manat dəyərində 1 il 3 aylıq, tünd qırmızı rəngli erkək dayça, 1 rəst 600 manat dəyərində 4 yaşlı, tünd qırmızı rəngli dişi at və 1 rəst 500 manat dəyərində 7 yaşlı, tünd qırmızı rəngli dişi at olmaqla, ümumi dəyəri 1700 manat təşkil edən 3 rəst atı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 05 iyul 2020-ci il tarixdə Qobustan rayonunun Yekəxana kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ələ almaqla qabaqcadan əlbir olan qrup şəklində oğurluq etmələrinə dair onlarla sövdələşib, oğurluq cinayətinin törədilməsinə təhrik edərək, onlara məsləhətlər və məlumatlar verməklə yardım edərək, cinayət yolu ilə əldə edilmiş əmlakı satın alacağına dair vəd verib, sonuncular tərəfindən 06 iyul 2020-ci il tarixdə saat 01 radələrində Qobustan rayonunun Yekəxana kəndində Zərərçəkmiş şəxs gözətçi işlədiyi bağın yanında olan otlaq sahəsindən sonuncuya məxsus 1 rəst 600 manat dəyərində 1 i 3 aylıq, tünd qırmızı rəngli erkək dayça, 1 rəst 600 manat dəyərində 4 yaşlı, tünd qırmızı rəngli dişi at və 1 rəst 500 manat dəyərində 7 yaşlı, tünd qırmızı rəngli dişi at olmaqla, ümumi dəyəri 1700 manat təşkil edən 3 rəst atın oğurlanmasında cinayətin təhrikçisi və köməkçisi kimi iştirak etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.4, 32.5, 177.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan rayonunun Yekəxana kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə orada yaşayır. Təqsirləndirilən şəxs2 həmkəndlisi olmaqla həm də qohumudur. Təqsirləndirilən şəxs3 isə Şamaxı rayon sakini kimi tanıyır, onunla da münasibəti yaxşıdır. Bir müddət bundan əvvəl Ədalətlə görüşdüyü vaxt Ədalət ona “kənddə kəsəkdə at varsa, oğurla, Saqiyana gətir, sənə hər cür köməklik edərəm, heç bir problem yaşamazsan, atları əridib sənə yaxşı pul da verərəm” demişdir. Həmçinin, Ədalət onunla danışıq əsnasında kəndlərində gözətçi işləyən Elnur adlı şəxsin yaxşı atlarının olduğunu və onlara nəzər yetirməsini demişdir. 05 iyul 2020-ci il tarixdə saat təxminən 18 radələrində o, istifadəsində olan mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil nömrəyə zəng etmişdir. İlk növbədə o, Ədalətdən borca pul istəmiş, lakin Ədalət ona “sənə təcili pul lazımdırsa, dediyimi et, at və ya atlar varsa, oğurla, gətir, sonra İsmixan atları əritsin, sənə də, yaxşı pul verim”- demişdir. Həmçinin, Elnurun atlarına nəzər yetirib-yetirmədiyini soruşmuş və Elnurda yaxşı madyan atın olduğunu demiş, daha sonra o, Ədalətə “konturum azdı”deyib mobil nömrəsini yığmasını xahiş etmişdir. Ədalət onu yığdıqdan sonra Ədalətə “Elnurun atlarına bir az sonra baxaram və imkan olsa gətirərəm”- demiş, bu vaxt Ədalət “dəqiq bu gün gətirə biləcəksənsə mən sənin zəngini gözləyim, gecə oyaq olum”- demiş, o, Ədalətə “sənə çağırış atacam, çünki mənim konturum yoxdur və gecə oyaq ol ki, mən atları gətirəndə biləsən”- demişdir. Bundan sonra, o, Elnurun atlarının otlaq sahəsində otladığını müşahidə etmiş və axşamüstü kəndlərindəki mağazanın yanında İmkanı görüb onu kənara çəkib həmkəndliləri Həsənə məxsus bağın kənarında olan otlaq sahəsində həmin bağa gözətçilik edən Elnur adlı şəxsin 5 rəst atını gördüyünü və həmin atları onunla birgə oğurlamaq istədiyini bildirmişdir. Daha sonra söhbət əsnasında İmkana həmin atları oğurlayıb Şamaxı rayonu Saqiyan kəndinə Ədalət adlı şəxs üçün aparacaqlarını və atları apardıqdan sonra Ədalət adlı şəxsin həmin atları əridib onlara pul verəcəyini bildirmişdir. İmkan bir qədər fikirləşdikdən sonra onunla razılaşmışdır. Bundan sonra, onlar oğurluğu əvvəlcədən planlaşdırıb qərara gəlmişlər ki, Elnur adlı şəxsin atlarını həmin sahədən axşam saatlarında heç kəs olmayan vaxtda gizlincə götürüb, əvvəlcədən danışdığı Ədalət adlı şəxsin yaşadığı Şamaxı rayonu Saqiyan kəndinə Pirsaat çayı qırağı ilə aparsınlar. Hətta o, İmkana bu işin müqabilində atları Ədalətgilə aparıb verdikdən sonra 100 manat pul verəcəyini söz vermişdir. Beləliklə, 06 iyul 2020-ci il tarixdə saat 01 radələrində həmin bağın ətrafında olan otlaq sahəsinə İmkanla gedib ətrafı müşahidə edib heç kimin onları görmədiyinə əmin olduqdan sonra sahəyə hörüklənmiş 5 rəst atdan 1 dayça və 2 dişi, ümumilikdə 3 rəst atı hörükdən çıxarıb hərəsi birinə minmiş, həmin atlardan dayça olanı isə onun oturduğu dişi atın arxasınca gəlməyə başlamışdır. Onlar həmin 3 rəst atı çay qırağı və daha sonra dağ yolu ilə Ədalətin yaşadığı Şamaxı rayonu Saqiyan kəndinə aparmışlar. Onlar bütün gecəni at üstündə yol getmişlər və yol boyu o, mobil telefonla Ədalətlə danışıb həmin atları oğurladıqlarını, heç bir çətinlik çəkmədiklərini və yolun hansı istiqamətində olduqları barədə mütəmadi məlumat vermişdir. Təxminən saat 09 radələrində onlar atları Şamaxı rayonu Saqiyan kəndinə çatdırmışlar. Ədalətlə danışıq zamanı Ədalət, həmin atları onun evinə yaxın olan məktəbin arxasına gətirmələrini demişdir. Onlar atları məktəbin arxasına aparıb ağaca bağlamışlar. Bir qədər sonra, Ədalət onların yanma gəlmiş və bir müddət atların yanında dayanıb onlarla söhbət etmişlər. Ədalət söhbət əsnasında ona “axır işə yaradın, dediyimi edə bildin, bundan sonrası mənlikdir, qoy qardaşım İsmixan da gəlsin, görüm bunları nə edəcəyik” deyib yolda gəldikləri vaxt kiminsə onlardan şübhələnibşübhələnmədiyini və onları görüb-görmədiyini soruşmuşdur. Daha sonra Ədalət onları evinə çay-çörək yeməyə dəvət etmiş, lakin bu vaxt İmkan ona Ədalət gilə getmək istəmədiyini və Şamaxı rayonunda onu gözləyəcəyini bildirmişdir. Bundan sonra, İmkan onlardan ayrılıb getmiş, Ədalət onun yanında bir neçə dəfə arvadı ilə əlaqə saxlayıb heyvanların gəlib-gəlmədiyini soruşmuş, sonra isə “qonağım var, süfrə rahla, gəlirik” demiş və sonra Ədalət gilə getmişlər. Ədalət gildə olan zaman Ədalətin ilk dəfə gördüyü qardaşı İsmixan gələrək onlarla oturmuş, həmin vaxt Ədalət onu qardaşına təqdim edib, “axır ki, bir işə yarıyıb bizim üçün at gətirə bildi, indi isə iş bizə düşür” demiş, sonra isə o, İsmixanla atın qiyməti barədə söhbət etmiş, o, İsmixana “Ədalət atları tanıyır və özü həmin atları mənə məsləhət görüb, mən həmin atlardan qaşqası alnında olan ata 300 manat istəyirəm” demişdir. İsmixan isə “Ədalət görübsə və dediyin qiymətə etiraz etmədisə, mən 250 manat verirəm” demiş və onlar razılaşmamışlar. Daha sonra İsmixan ona həmin at üçün 265 manat verə biləciyini demiş, bundan sonra onlar razılaşmışlar və həmin pulu yerindəcə İsmixandan almışdır. Bu vaxt ilk dəfə gördüyü Ədalətin bacısı oğlu Elməddin də onların yanına gəlmiş və o da söhbətə qoşulmuşdur. Elməddin söhbət əsnasında ondan dayçaya görə nə qədər istədiyini soruşmuş, o isə “ağsaqqalınla, yəni Ədalətlə danış”- demişdir. Ədalət isə ona “problem deyil, ana-bala at mənlikdi, onları əridəcək adam tapmışam, qoy həmin adamla danışım, ondan bu atların yerinə at ala bilsəm onu rahat satarıq”- demişdir. Atları satdıqdan sonra həmin gün saat təxminən 14 radələrində Ədalət “bacıoğlu”-dediyi şəxsə zəng edib onu Şamaxı rayonunun mərkəzinə aparmağını xahiş etmişdir. Ədalət həmin vaxt ondan dəfələrlə “yanındakı oğlan, yəni İmkan ağızı bütöv uşaqdırmı, ya yox” soruşmuş, o isə onlara əminliklə “narahat olmayın”demişdir. Bundan sonra İsmixan Ədalətə “mən o uşağı tanımıram və narahatam ki, bu işin üstü açılar, gəlin belə razılaşaq, bu işin zibili çıxsa iş Veysəllikdir, əgər boynuna götürürsə onun şəklini mən götürdüyüm atla çəkək, sabah problem olsa, bu şəkli göstərək”- demiş, o isə onlara “problem deyil, çəkək”-demişdir. Bir qədər sonra ağ rəngli “VAZ 2106” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil onu Ədalətgilin qapısından götürüb Şamaxı rayon avtovağzalının yaxınlığında düşürtmüşdür. Həmin vaxt İmkan ona dəfələrlə zəng edib nə vaxt gələcəyini soruşmuş, o isə İmkana Şamaxı rayon avtovağzalının yaxınlığında onu gözləməsini demişdir. İmkanla görüşdükdən sonra ona 50 manat pul vermiş, qalığını isə Ədalətin atları əritdikdən sonra verəcəyini demişdir. Ədalətin evində olduğu zaman orada Ədalətdən başqa arvadı Svetlana, qardaşı İsmixan və bacısı oğlu Elməddin olmuş, başqa heç kəs olmamış, Elnura məxsus atları oğurlamaq fikrini də və ondan sonra İmkanla atları oğurlamaq üçün hər bir şəraiti də Ədalət yaratmış, habelə Ədalət həmin atları qardaşı İsmixanla əridib ona yaxşı pul verəcəyini bildirmiş, Şahid1 da atların oğurluq olması barədə məlumatı olmuş və həmin atlardan birini ondan almış, Şahid3 da atların oğurluq olması barədə məlumatı olmuşdur. Əməlindən peşmançılıq çəkir, ziyanı tam ödəmişlər. O, həmçinin bildirdi ki, Qobustan rayon polis şöbəsində polis əməkdaşları tərəfindən döyülmüşdür və qorxusundan belə ifadə vermişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan rayonu Yekəxana kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə orada yaşayır. Təqsirləndirilən şəxs1 onun qohumudur, münasibəti daimi yaxşı olmuşdur. 05 iyul 2020-ci il tarixdə axşamüstü Veysəli kəndlərindəki mağazanın yanında görmüş, həmin vaxt Veysəl onu kənara çəkib həmkəndliləri Həsənə məxsus bağın kənarında olan otlaq sahəsində həmin bağa gözətçilik edən Elnur adlı şəxsin 5 rəst atını gördüyünü və həmin atları onunla birgə oğurlamaq istədiyini bildirmişdir. Daha sonra söhbət əsnasında Veysəl ona həmin atları oğurlayıb Şamaxı rayonu Sağiyan kəndinə Ədalət adlı şəxs üçün aparacaqlarını və atları apardıqdan sonra Ədalət adlı şəxs həmin heyvanları əridib onlara pul verəcəyini demişdir. O, bir qədər fikirləşdikdən sonra Veysəllə razılaşmış və oğurluğu əvvəlcədən planlaşdırıb qərara gəlmişlər ki, Elnur adlı şəxsin atlarını həmin sahədən axşam saatlarında heç kəs olmayan vaxtda gizlincə götürüb, Veysəlin əvvəlcədən danışdığı Ədalət adlı şəxsin yaşadığı Şamaxı rayonu Saqiyan kəndinə Pirsaat çayı qırağı ilə aparsınlar. Hətta həmin vaxt Veysəl bunun müqabilində atları Ədalət gilə aparıb verdikdən sonra ona 100 manat verəcəyinə söz vermişdir. Beləliklə, 06.07.2020-ci il tarixdə saat 01 radələrində həmin bağın ətrafında olan otlaq sahəsinə gedib ətrafı müşahidə edib heç kimin onları görmədiyinə əmin olduqdan sonra sahəyə hörüklənmiş 5 rəst atdan 1 dayça və 2 dişi, ümumilikdə, 3 rəst atı hörükdən çıxarıb hərəsi birinə minmiş, həmin atlardan dayça olanı isə Veysəlin oturduğu dişi atın arxasınca gəlməyə başlamışdır. Onlar həmin 3 rəst atı çay qırağı və daha sonra dağ yolu ilə Ədalətin yaşadığı Şamaxı rayonu Saqiyan kəndinə aparmışlar. Onlar bütün gecəni at üstündə yol getmişlər və yol boyu Veysəl mobil telefonla Ədalətlə danışıb həmin atları oğurladıqlarını, heç bir çətinlik çəkmədiklərini və yolun hansı istiqamətində olduqları barədə mütəmadi Ədalətə məlumat vermişdir. Həmin gün təxminən saat 09 radələrində onlar atları Şamaxı rayonu Saqiyan kəndinə çatdırmışlar. Veysəl Ədalətlə danışıq zamanı Ədalətin “atları orada olan məktəbin arxasına gətirmələrini istədiyini” demişdir. Onlar atları məktəbin arxasına aparıb ağaca bağlamışlar. Bir qədər sonra Ədalət adlı şəxs onların yanma gəlmiş və bir müddət atların yanında dayanıb onlarla söhbət etmişdir. Ədalət söhbət əsnasında Veysələ “axır işə yaradın, dediyimi eliyə bildin, bundan sonrası məndədir, qoy qardaşım İsmixan da gəlsin, görüm bunları nə edəcəyik“ deyib yolda kiminsə onlardan şübhələnib-şübhələnmədiyini və kiminsə onları görüb-görmədiyini soruşmuş, daha sonra isə Ədalət onları evinə çayçörək yeməyə dəvət etmiş, lakin, bu vaxt o, Veysələ Ədalət gilə getmək istəmədiyini və Şamaxı rayonunda onu gözləyəcəyini bildirmişdir. Bundan sonra o, onlardan aralaşıb Şamaxı rayonunun mərkəzinə gedib bir qədər şəxsi işlərini görmüş, həmin ərəfədə o, Veysəllə mütəmadi əlaqə saxlayıb nə vaxt gələcəyini soruşmuşdur. Veysəl onlarla işini bitirib təxminən saat 14 radələrində onunla Şamaxı rayonunun mərkəzində görüşmüş və ona həmin işə görə 50 manat pul vermiş, atlardan birini, yəni dayçanı Ədalətin qardaşı İsmixan “əritdikdən” sonra qalıq 50 manatı ona verəcəyini demiş, bundan sonra isə Veysəllə kəndlərinə qayıtmışlar. Veysəllə həmin vaxt 5 rəst ata baxıb 3 rəştini bəyənib oğurlamaq qərarına gəlmişlər, orada qalan həmin 2 rəst atı oğurlamaq fikirləri olmamış, lakin buna imkanları olmuşdur. Təqsirləndirilən şəxs3 həmin atların oğurluq olduğunu bilmiş, onlar atları oğurladıqdan sonra Veysəl Ədalətlə yol boyu bir neçə dəfə onun yanında mobil telefonla danışıb, atları oğurladıqlarını, heç bir çətinlik çəkmədiklərini və yolun hansı istiqamətində olduqları barədə mütəmadi Ədalətə məlumat vermişdir. Atları Ədalətə aparıb verdikdən sonra Ədalət Veysələ “axır işə yaradın, dediyimi edə bildin, bundan sonrası mənlikdir, qoy qardaşım İsmixan da gəlsin, görüm bunları nə edəcəyik“deyib yolda kiminsə onlardan şübhələnib-şübhələnmədiyini və onları görüb-görmədiyini soruşmuş, Təqsirləndirilən şəxs3 atları çatdırdıqdan sonra Ədalətin qardaşı Şahid1 orada görməmişdir. Qobustan rayon polis şöbəsində polis əməkdaşları tərəfindən döyülmüşdür və qorxusundan belə ifadə vermişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.4, 32.5, 177.2.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şamaxı rayonu Saqiyan kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 tanıyır və onunla yaxşı münasibəti var. 05 iyul 2020-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 özünə məxsus mobil telefonla ona zəng etmiş, o, telefona cavab vermiş, bu vaxt Veysəl ona “3 atım var, satıram, 750 manata Nabur kəndindən almışam demiş, o isə atların erkək və ya dişi olduqlarını soruşmuşdur. Veysəl ona həmin atların birinin erkək, ikisinin isə dişi olduğunu demiş, bundan sonra o, Veysələ “Şamaxı rayonu Saqiyan kəndində dişi atlara ehtiyac olmur, amma erkək atı sata bilərik” -demişdir. 06.07.2020-ci il tarixdə saat 11 radələrində Veysəl yaşadığı evə gəlib onu soruşmuş, arvadı isə Veysələ “Ədalət dana qırağındadır, bir azdan sonra gələcək” demişdir. Arvadı Veysəlin gəldiyini görüb onun mobil telefonuna zəng edib “bir nəfər atlı arxasında da iki at bizim evə gəlib səni soruşdu”- demişdir. Bundan sonra o, evə gəlmiş və həmin atları evinin yanında qoz ağaclarına bağlamışlar. Atları bağladıqdan sonra Veysəl onların evinə gəlib yuyunub çay-çörək yemiş, sonra isə bir az istirahət edib uzanmışlar. Uzanıb dinclərini aldıqdan sonra durub yenə də çay içib atlar barədə söhbət etməyə başlamışlar. Veysəl ona “bu atları necə edək”- demiş, o isə Veysələ “çıxaq sahəyə görək kimə satıb, kiminlə dəyişirik” demişdir. Onlar sahəyə çıxmışlar, həmin vaxt Elməddin bir az uzaqda olmuş, o, Elməddinə səslənib onu çağırmışdır. Elməddinə “bu oğlan İmdadın qardaşıdır, atı satmaq istəyir, deyir 750-ə almışam, 1000 manat verən olsa, sataram” demişdir. Bu vaxt Elməddin pulunun olmadığını, lakin özündə olan atla dəyişə biləcəyini demişdir. Alnında ağ olan bir dişi atı ondan götürmüş, 1 rəst dayçanı isə Elməddin Veysəldən götürmüş, 65 manat pula xeyirləşmişlər. Elməddin demiş ki, “yanında dur, şəklini çəkim”. Veysəl də orada durmuşdur. Sonra Veysəl “birdən mənim şəklimi internetə qoyarsan”- demiş, o isə Veysələ “sənin şəklini internetə qoymaz”cavabını vermişdir. Veysəl dişi ata minib Elməddindən aldığı səmənd, yəni sarı atı quyruğuna bağlamış, onunla və Elməddinlə görüşüb, sağollaşmışdır. Bundan sonra o, evinə qayıtmışdır. Elməddin də aldığı atlarla çıxıb getmişdir. Həmin günün səhəri İsmixan ona zəng edib demişdir ki, “Veysəl dünən Elməddinlə atları dəyişdikdən sonra Elməddin ondan öz atını geri almış, buna görə də Veysəl İsmixanın atını aparıb getmişdir”. Bununla bağlı İsmixan 07 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edib Veysəlin ona məxsus atı oğurladığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 həmin 3 rəst atı 06 iyul 2020-ci il tarixdə yaşadığı Şamaxı rayonu Sağiyan kəndinə tək gətirmiş, Təqsirləndirilən şəxs1 həmin 3 rəst atı 06 iyul 2020-ci il tarixdə gətirərkən atların oğurluq olması barədə ona heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs1 06 iyul 2020-ci il tarixdə ona məxsus evdə olarkən arvadı Şahid2 başqa heç kəs olmamışdır. O, həmçinin bildirdi ki, Qobustan rayon polis şöbəsində polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamış və döyülməmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 06 iyul 2020-ci il tarixdə Qobustan rayonu Yekəxana kəndində gözətçi kimi işlədiyi bağın yanında olan otlaq sahəsindən özünə məxsus 3 rəst atın oğurlanması barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə müraciət etmişdir.06 iyul 2020-ci il tarixdən 08 iyul 2020-ci il tarixədək olan müddətdə Qobustan rayonu Yekəxana kəndinə yaxın ətraf kənd və əraziləri gəzib atlarını axtarıb soraqlamış, lakin heç bir məlumat ala bilməmiş və bu səbəbdən də Qobustan rayon PŞ-yə təkrar ərizə ilə müraciət edərək ona məxsus 3 rəst atın itmədiyini, həmin atların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. O, təkrar ərizə ilə müraciət etdikdən sonra Qobustan RPŞ-nin əməkdaşları həmin gün atlarla bağlı məlumat əldə edib onu özləri ilə Şamaxı rayonu Saqiyan kəndinə aparmışlar. Şamaxı rayonu Sağiyan kəndinə çatdıqda əvvəllər şəxsən tanıdığı Ədalət adlı şəxsin, adını eşitdiyi İsmixan adlı qardaşı və onun bacısı oğlu Elməddinə yaxınlaşmışlar. Həmin vaxt İsmixan polis əməkdaşlarına və ona Qobustan rayonu Yekəxana kənd sakini Veysəl adlı şəxsin 06 iyul 2020-ci il tarixdə 3 rəst atla Şamaxı rayonu Saqiyan kəndinə gəldiyini və daha sonra həmin atları həmin ərazidə qoyub getdiyini bildirmişdir. Daha sonra İsmixan və onun bacısı oğlu Elməddin ona məxsus atların guya sahədə öz başına gəzdiyini və atları hal-hazırda tapıb onlara təqdim edəcəklərini deyib sahəyə getmişlər. Bir müddət sonra İsmixanla Elməddin ona məxsus ana-bala atı onlara təqdim etmişlər. O, özünə məxsus atları dərhal tanımış, atlardan dayça olanın quyruğu qırxılmış vəziyyətdə olmuşdur. O, İsmixanla Elməddinə “bu atın quyruğunu kim kəsib” dedikdə, onlar “bilmirik” cavabını vermişlər. Daha sonra isə həmin oğurluğu törədən şəxslər Qobustan RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Şamaxı rayonu Saqiyan kəndində ailəsi ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs3 onun qardaşı, Şahid3 isə onun bacısı oğludur. 06.07.2020-ci il tarixdə axşam saatlarında o, heyvan-qara qırağında olarkən bacısı oğlu Elməddin yanına bir qırmızı atla gəlib “dayı, sarı atımı dəyişdim və həmin şəxsə iki baş ata görə 75 manat üstündə pul verdim”- demiş, həmçinin, həmin şəxsin şəklini də mobil telefonla çəkdiyini, bundan sonra isə həmin şəxsin özünü şübhəli aparıb çəkdiyi şəkli silməyini xahiş etdiyini bildirmişdir. O, bu sözlərdən sonra həmin şəxsdə olan atların oğurluq ola biləcəyindən şübhələnmişdir. Bu səbəbdən də, Elməddinə dərhal həmin şəxs uzaqlaşmamış ona çatmasını və atını geri almasını bildirmişdir. Elməddin aldığı ata minib həmin şəxsin arxasınca getmiş, bu zaman onun arxasında olan dayça da oradan uzaqlaşmışdır. O, bir az sonra Elməddinə zəng edib həmin şəxsi tapıb-tapmadığını soruşmuş, Elməddin isə öz atını geri aldığını və həmin şəxsə atları qaytardığını demişdir. 07 iyul 2020-ci il tarixdə səhər saat 09 radələrində o, Elməddinlə qoyunda olarkən Elməddinə “qoy atların hörüyünü dəyişim, gəlirəm” demiş, o, atların yanına getdikdə özünə məxsus sarı rəngli bir rəst atın orada olmadığını görmüşdür. Həmçinin o, orada olan ağaclar tərəfdə tanımadığı 2 at görmüş, sonra isə məlum olmuşdur ki, həmin atlar Elməddinlə at dəyişən şəxsin atlarıdır. Bundan sonra, qardaşı Ədalət ona həmin itmiş atı İmdadın qardaşı Veysəlin oğurlaya biləcəyini demiş, Ədalət ona İmdadın nömrəsini vermiş və o, İmdada zəng edib bu məsələni başa salıb qardaşı Veysəlin harada olmasını soruşmuşdur. İmdad isə qardaşı Veysəllə danışmadığını, lakin atası Əlinin nömrəsinə zəng edə biləcəyini demişdir. Bundan sonra atası Əli ilə əlaqə saxlayıb ondan xahiş etmişdir ki, “polisə müraciət etməmiş Veysələ de ki, mənim atımı geri qaytarsın”. Lakin Veysəlin atası onla kobud danışıb “get hara istəyirsən məlumat ver” demişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə atının oğurlanması barədə müraciət etmişdir. Şahid4 uzun müddətdir ki, tanıyır, lakin sonuncu dəfə onu 2020-ci ilin təxminən aprel-may aylarında görmüşdür. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Şamaxı rayonu Saqiyan kəndində ailəsi ilə birlikdə yaşayır, Şahid1 və Təqsirləndirilən şəxs3 onun dayısıdır. O, təsərrüfatla məşğuldur. 06 iyul 2020-ci il tarixdə saat 11 radələrində o, heyvan-qara qırağında olarkən orada olan kənd camaatından dəqiq xatırlamadığı şəxslər demişlər ki, “kəndə at dəyişən gəlib”. Bundan sonra o, ot biçini tərəfə gedib həmin at dəyişən şəxsi görmüşdür. Həmin at dəyişən şəxsin yanında 3 rəst at olmuşdur. Həmin atlardan üçünün də rəngi qırmızı, biri dayça erkək, digər ikisi isə dişi olmuşdur. Həmin şəxsə onda olan sarı atı dəyişmək üçün yaxınlaşıb “atları nə cür dəyişirsən” soruşmuş, həmin şəxs isə “sən sarı atı mənə ver, məndə olan 3 atdan ikisinin hansını ürəyin istəyirsə, üstündə 100 manat verib götür”- demişdir. Bundan sonra isə ona 50 manat verə biləcəyini demiş, lakin həmin şəxs razılaşmamış, sonra isə 65 manata razılaşıb qaşqası olan dişi və bir dayça erkəyi ondan götürmüşdür. Atı götürməzdən əvvəl həmin şəxsə qaşqası olan dişi atın yanında dayanmasını və şəklini çəkəcəyini bildirmiş və həmin şəxs razılıq verdikdən sonra onun şəklini qaşqalı atla çəkmişdir. Onlar razılaşdıqdan sonra həmin şəxs özündə qalan dişi atı onun atının quyruğuna bağlayıb oradan aralaşmışdır. O, atları götürdükdən təxminən yarım saat sonra dayısı İsmixanın yanına gedib aldığı atları göstərmiş, İsmixan isə ona “xeyir ola, nə səbəbə atları dəyişdin” -demiş, bu zaman o, dayısına “erkəyi saxlaya bilmirdim, üstündə 65 manat pul verib bu iki atı götürdüm və dəyişən oğlanın şəklini qaşqalı atla çəkdim, oğlan şəkli çəkdikdən sonra mənə şübhəli-şübhəli “birdən internetdə paylaşarsan” -deyib getdi, demişdir. Dayısı İsmixan həmin atların oğurluq ola biləcəyini, ona görə də təcili həmin şəxsi tapıb atını geri götürməyini ondan istəmiş, bundan sonra o, dayısı İsmixanın atına minib həmin şəxsin getdiyi yola tərəf getmişdir. O, atı bacardığı qədər möhkəm sürüb həmin şəxsi kəndin zibillik deyilən ərazisi tərəfdə görüb saxlatdırmışdır. Həmin şəxsə yaxınlaşıb “qardaş mən bu atdan qorxuram, bu oğurluq olar, mənim atımı və 65 manatımı qaytar”- demiş, həmin şəxs isə “qorxacaq heç bir şey yoxdur, istəsən atın yiyəsi ilə səni tanış edərəm”- demişdir. Bundan sonra o, atını geri götürmüşdür. O, öz atını götürüb qayıtmışdır. 07 iyul 2020-ci il tarixdə səhər saat 08 radələrində o, dayısı İsmixanla qoyunda olarkən dayısı “qoy atların hörüklərini dəyişib gəlim” demiş, dayısı İsmixan gedib qayıtdıqdan sonra sarı atının oğurlandığını və sahədə tanımadığı digər 2 atın olduğunu bildirmişdir. Onlar birgə sahəyə gedib görmüşlər ki, dayısına məxsus at yoxdur, lakin ərazidə dünən at dəyişən şəxsin atları vardır. Bundan sonra, dayısı DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edib atının oğurlandığını bildirdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Şamaxı rayonu Saqiyan kəndində ailəsi ilə birlikdə yaşayır. 06 iyul 2020-ci il tarixdə saat 09-10 radələrində həyətdə olan zaman tanımadığı şəxs ona yaxınlaşıb əri Ədalətin harada olmasını soruşmuş, o isə sahədə olduğunu demişdir. Təxminən bir saat sonra həmin şəxs əri Ədalətlə onlara gəlmiş, əri və həmin şəxs özləri ilə 3 rəst at gətirmişlər. Ədalət ona “qonağımız var, süfrə rahla” demiş, onlara yemək və çay vermişdir. Həmin vaxt ərinin, yəni Ədalətin bacısı oğlu Elməddin də onlara gəlmiş və onlar bir yerdə oturmuşlar. Daha sonra isə həmin şəxs onlarda bir neçə saat oturduqdan sonra çıxıb getmişdir. Onun atların oğurluq olması barədə məlumatı olmamış və Təqsirləndirilən şəxs1 ərinə və ya Elməddinə atların oğurluq olması barədə məlumat verib-verməməsi haqqında məlumatlı olmamışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, Ağsu rayonu Kalva kəndində ailəsi ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs3 təxminən 6-7 ildir ki, tanıyır. Ədalət onun yaşadığı Ağsu rayonu Kalva kəndinə at alqı-satqısı ilə bağlı tez-tez gəlir. 2020-ci ilin iyul ayının əvvəlində təxminən ayın 5-i səhər saatlarında Ədalət onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edib hal-əhval tutmuş, həmin gün o, bir neçə dəfə zəng etmiş, axşam saatlarında bir daha zəng edib, ona at lazım olub-olmadığını soruşmuşdur. O, Ədalətə “əgər yaxşı at olsa, mənə xəbər edərsən” demişdir. Bundan sonra, səhəri gün yəni, 06 iyul 2020-ci il tarixdə Ədalət ona yenidən zəng vuraraq, əlində yaxşı ana-bala at olduğunu demiş, o isə cavab olaraq “hal-hazırda vaxtım yoxdur, ot biçini ilə məşğul oluram” demişdir. Həmin gün Ədalət dəfələrlə ona zəng vuraraq, təkidlə həmin atları ona satmaq istədiyini demiş, lakin o, Ədalətə hal-hazırda maddi durumu yaxşı olmadığı üçün həmin atları ala bilməyəcəyini, lakin istəsə öz atını həmin atlarla dəyişə biləcəyini demişdir. O, həmin gün Ədalətlə görüşə bilmədiyi üçün 07 iyun 2020-ci il tarixdə Ədalət ona yenidən zəng vuraraq, nə vaxt gələ biləcəyini soruşmuş, o isə axşam işdən gec çıxdığını deyib, bu səbəbdən Ədalətin onun yaşadığı kəndə gəlməyini xahiş etmişdir. O, bunları Ədalətə dedikdən sonra Ədalət ona axşam gələ bilməyəcəyini, lakin yarı yola kimi gələ biləcəyini demişdir. Bundan sonra, o, həmin gün axşam saat 22 radələrində, işdən çıxıb, öz atını evdən götürdükdən sonra Şamaxı rayonu ərazisinə gələrək Ədalətlə Muğanlı kəndi yaxınlığında görüşmüşdür. Onunla görüşdükdən sonra, atlara baxmış və atlar xoşuna gəlmişdir. Bundan sonra, Ədalət onun atına baxaraq “bu iki at sənin atından dəyərlidir”- demiş, bu səbəbdən atdan əlavə olaraq ondan 50 manat pul istəmiş, lakin o, Ədalətə bu pulu ona verə bilməyəcəyini demişdir. Daha sonra Ədalət ona, “heç olmasa atlardan əlavə mənə 20 manat ver” demişdir. Lakin o, Ədalətə ”sənə verəcək pulum yoxdur, imkan olsa, sonra hörmət edərəm, sən mənim atımı həmin atlarla dəyişmək istəyirsənsə, dəyişək, yoxsa mən həmin atları istəmirəm” dedikdən sonra Ədalət onunla razılaşmış və o, özünə məxsus süd rəngli atı Ədalətə verərək, Ədalətdən 2 rəst qırmızı rəngli ana-bala atı almışdır. Onlar dəyişiklik etdikdən sonra o, atları götürərək, yaşadığı Ağsu rayonu Kalva kəndinə qayıtmışdır. O, atları götürdükdən sonra Ədalət ona dəfələrlə yolda zəng vuraraq, çatıb-çatmadığını soruşmuşdur. 08 iyul 2020-ci il tarixdə səhər saatlarında Ədalət ona zəng vuraraq “zibili çıxıb” demişdir. O Ədalətə nə baş verdiyini soruşduqda, Ədalət ona atları götürdüyü dostunun atası narazılıq etdiyini və atları geri istədiyini bildirmişdir. Ədalət ona bunları dedikdən sonra o, Ədalətə ‘bala atın quyruğunu qırxmışam” demişdir. Ədalət bunu eşidib narazılıq edərək, “ay aman, sən nə üçün belə etmisən” demiş, o isə Ədalətə “həmin atları səndən almışamsa, nə istəsəm onu da edərəm” deyə cavab vermişdir. Bundan sonra, Ədalət ona “atları geri qaytar” demiş, o isə əvvəlcə razılaşmamış,-daha sonra Ədalət ona yalvararaq “ölmüşəm, məni yerdən götür, xahiş edirəm qaytar” dedikdə Ədalətlə razılaşıb ona atları gəlib götürməyini bildirmişdir. O isə Kalva kəndinə gəlməyinin mümkün olmadığını, yarı yola qədər gələcəyini demiş, daha sonra atları aparıb qaytarmışdır. Həmin atlardan ana atın başında kaprondan düzəldilmiş hörük ip olmuş, həmin hörüyü həyətində olan it hissələrə bölmüşdür. Ədalət həmin atları dəyişən zaman atların oğurluq olub-olmadığı barədə ona bir söz deməmişdir. 02 oktyabr 2020-ci il tarixdə o, Qobustan rayon PŞ-yə dəvət edildikdən sonra Təqsirləndirilən şəxs3 ona dəfələrlə zəng edib hansı səbəbdən onun polisə dəvət edildiyini soruşmuş, o isə Ədalətə ona verdiyi 2 rəst ana-bala atlar barədə ondan ifadə alındığını demiş, Ədalət ondan hansı formada ifadə verdiyini soruşmuş, o isə Ədalətə telefonda danışıq zamanı Qobustan RPŞ-də verdiyi ifadəni dedikdə, Ədalət ona “sənin başın xarabdır, sən məni niyə polislərə satırsan”- deyib “evdə ol, gəlib sənə başa salacam ki necə ifadə verməlisən”- deyərək onu telefonda hədələməyə başlamış və təkidlə ifadəsini dəyişməyini istəmişdir. Əks təqdirdə isə onun üzünə yalandan duracağını və onu şərləməklə hədələmişdir. Bir qədər sonra Ədalət ona zəng edərək onun evinə gəlmək istədiyini dedikdə Ədalət arvadının xəstə olduğunu deyib başqa yerdə görüşməyi təklif etmişdir. Daha sonra mobil telefonunu cibinə qoyub, səs yazan funksiyanı işə salaraq evdən çıxmış, həmin vaxt Ədalət və qardaşı İsmixan ona yaxınlaşıb “otur avtomobildə söhbət edək”- demişlər. Bundan sonra Ədalət və qardaşı İsmixanla birlikdə avtomobilə oturmuş, həmin vaxt Ədalətin arvadı Şahid2 da avtomobildə olmuşdur. Avtomobildə əyləşdikdən sonra söhbətə başlamış, danışıqları telefona yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 02 sentyabr 2020-ci il tarixli, 9/2812 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş qərarda göstərilən 1 il 3 aylıq, tünd qırmızı rəngli erkək dayçanın qiyməti 600 manat, 4 yaşlı, tünd qırmızı rəngli dişi atın qiyməti 600 manat, 7 yaşlı, tünd qırmızı rəngli dişi atın qiyməti 500 manat olmaqla, atların 2020-ci ilin iyul ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1700 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 04 dekabr 2020-ci il tarixli 4/1103 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Princo” markalı CD diskdə olan mübahisəli fonoqramdakı tədqiqatı tələb olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Princo” markalı CD diskdə olan mübahisəli fonoqramdakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid4, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1, “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs3 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Princo” markalı CD diskdə olan mübahisəli fonoqramdakı tədqiqatı tələb olunan danışıq hissələrində montaj əlamətləri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya” X5 Şamaxı rayon şöbəsinin verdiyi 27 aprel 2021-ci il tarixli 50 nömrəli ekspert rəyində göstərilir ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ mil-bilək nahiyyəsinin və qarın nahiyyəsinin çoxsaylı kəsilmiş yara izləri yerləşmə nahiyyələrinə, xarakterinə görə zərərçəkənin özü tərəfindən 3,5-4,5 il əvvəl kəsici alət təsirindən yetirilməyə uyğun gəlirlər. Təqsirləndirilən şəxs1 almış olduğu xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya” X5 Şamaxı rayon şöbəsinin verdiyi 27 aprel 2021-ci il tarixli 51 nömrəli ekspert rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-dən daxil olmuş anten dairəsində göstərilir ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında müxtəlif vaxtlarda mobil telefon danışıqları, SMS mətinləri Şamaxı rayonunun Göylər kəndi ərazisində olmuşdur. İş materiallarına əlavə edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 08 oktyabr 2020-ci il tarixli 171 saylı arayışında göstərilir ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Qobustan rayonu Yekəxana kəndində qeydiyyatdadır və orada yaşayır. İş materiallarına əlavə edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunduğu göstərilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədə göstərilir ki, Səftərov X3 rayon məhkəməsinin 20 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmiş, hökm 11 may 2017-ci il tarixdə qüvvəyə minmişdir. 15 oktyabr 2018-ci il tarixdə Qobustan rayon məhkəməsinin qərarı ilə qazancından 10% dövlət nəfinə tutulmaqla 01 il 06 ay islah işləri cəzasına məhkum edilmişdir. 31 avqust 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarına əlavə edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 08 oktyabr 2020-ci il tarixli 170 saylı arayışında göstərilir ki, Təqsirləndirilən şəxs2 həqiqətən də Qobustan rayonu Yekəxana kəndində qeydiyyatdadır və orada yaşayır. İş materiallarına əlavə edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunduğu göstərilir. İş materiallarına əlavə edilmiş Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı rayon Sağiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 23 oktyabr 2020ci il tarixli 202 saylı arayışında göstərilir ki, Təqsirləndirilən şəxs3 həqiqətən də Şamaxı rayonu Saqiyan kəndində qeydiyyatdadır və orada yaşayır. İş materiallarına əlavə edilmiş Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Sağiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 23 oktyabr 2020-ci il tarixli 203 saylı arayışında göstərilir ki, Təqsirləndirilən şəxs3 himayəsində xx xxxxxx 1975-ci il təvəllüdlü arvadı-Şahid2 və 25 iyul 1996-cı il təvəllüdlü oğlu-Təmirov Sərxan Ədalət oğlu vardır. İş materiallarına əlavə edilmiş Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Sağiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunduğu göstərilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 verdikləri ifadələri özünü müdafiə xarakteri daşıyır və göstərdikləri məhkəmə baxışı zamanı öz təsdiqini tapmadı. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.4, 32.5, 177.2.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 vurulmuş ziyanı tamamilə ödəmələrini, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onların cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 32.4, 32.5, 177.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 3 rəst atın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Maddi sübut kimi tanınan və Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan, at üçün istifadə olunan bir ədəd hörük sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə 350 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347- 349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 25 iyul 2020-ci il tarixdən 27 iyul 2020-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün və 02 mart 2021-ci il tarixdən 16 may 2015-ci il tarixədək həbsdə saxlandığı iki ay on yeddi gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla üzərində 2 (iki) il 6 (altı) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilsin, o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2(iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 25 iyul 2020-ci il tarixdən 27 iyul 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla üzərində 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.4, 32.5, 177.2.1-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 32.4, 32.5, 177.2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 04 dekabr 2020-ci il tarixdən 05 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla üzərində 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərilmiş 54 saat hüquqi yardıma görə 324 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1, Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərilmiş 54 saat hüquqi yardıma görə 324 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2, Azərbaycan Respublikası CM-in 32.4, 32.5, 177.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı göstərilmiş 54 saat hüquqi yardıma görə 324 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, müdafiəçisi Müdafiəçi3 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 rəst atın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Maddi sübut kimi tanınan və Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan, at üçün istifadə olunan bir ədəd hörük sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə 350 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar