Məhkəmə qərarları › İş №1(031)-53/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-53/2021

08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-53/2021 08.10.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1985-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Şabran rayonu Dəvəçi kəndində qeydiyyatda olmaqla faktiki yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan 02 (iki) ədəd kibrit qutusunda qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 3.837 qram və 3,780 qram, ümumi təmiz çəkisi isə 7,617 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixunanı 30 may 2021-ci il tarixdə əynindəki göy rəngli cins şalvarın sol yan cibinə yerləşdirib yaşadığı Şabran rayonu Dəvəçi kəndi ərazisinə üstündə gəzdirməklə qanunsuz olaraq saxlamış, həmin gün saat 19 radələrində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Dəvəçi kəndində orta məktəbin yaxınlığında saxlanılmış və keçirilmiş şəxsi axtarış zamanı sözüzügedən narkotik vasitə ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu Dəvəçi kəndində ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur, himayəsində iki azyaşlı övladı vardır, ailənin yeganə qazanc gətirənidir. 30 may 2021-ci il tarixdə saat 17 radələrində Bakı-Quba magistral yolunun Şabran rayon Dəvəçi kənd ərazisindən keçən hissəsində yolun Bakı şəhəri istiqamətinə gedən tərəfdə yerləşən avtobus duracağında dayandığı zaman yerdə iki ədəd kibrit qutusu görüb yerdən götürmüşdür. Kibrit qutularına baxdıqda içərisində istifadə etdiyi narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüş və həmin narkotik vasitələri sonradan istifadə etmək üçün əyinində olan göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. Bundan sonra yaşadığı evə gedib həmin gün saat 19 radələrində yaşadığı Dəvəçi kəndində yerləşən tam orta məktəbin yanına çıxdıqda 03 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərinin Şabran RPŞ-nin əməkdaşları olduqdarını ona deyərək üzərində narkotik vasitə olub-olmamasını ondan soruşmuşlar. Üzərində narkotik vasitə olmasını etiraf etdikdən sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə RPŞ-nə gəlmişdir. Polis şöbəsindəki xidməti otaqların birində olan zaman hüquqları ona izah edilməklə dövlət hesabına vəkillə təmin edilib üzərində vidoçəklişlə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı əyinində olan göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edib və içərisindəki narkotik vasitə olan nəşənin ona məxsus olmasını bildirmişdir. Üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutularında olan narkotik vasitə hesab olunan qurudulmuş marixuana ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla əlaqədar tərtib edilmiş protokol ilə tanış olduqdan sonra protokolu imzaları ilə təsdiq etmişlər. Etdiyi əməldən peşmandır, himayəsində iki azyaşlı uşağının olmasını və ailənin yeganə qazanc gətirəni olduğuna görə ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 göstərdi ki, Şabran rayonu Dəvəçi kəndində yaşayan, xx xxxxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş həmin məlumata əsasən 30 may 2021-ci il tarixdə saat 19 radələrində RPŞ-nin polis əməkdaşları Şahid1 və Araz Bayramovla birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Şabran rayonu Dəvəçi kənd orta məktəbinin yaxınlığında saxlayıb və onu Şabran rayon PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə Şabran rayon PŞ-nə gəlmişdir. RPŞ-nin inzibati binasının otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçrilməsinə heç bir etiraz etmədiyini bildirdikdən sonra dəvət edilmiş Müdafiəçi iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində hər hansı bir cinayət xarakterli əşyanın olub-olmamasını soruşduqda o, könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş kibrit qutuları açıldıqda onların içərisində yaşımtıl rəngli kütlələrin olması müəyyən olunmuşdur. Həmin kibrit qutularında olan yaşımtıl rəngli kütlələrin nə olmasını Hicrandan soruşduqda o, həmin kütlələrin narkotik vasitə hesab edilən nəşə olmasını bildirmişdir. Həmin iki ədəd kibrit qutuları zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 da eyni məzmunda ifadə verərək Şahid2 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli 7/505 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 02 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda 3,837 qram və 3,780 qram olmaqla ümumi çəkisi 7,617 qram (tədqiqata sərf edilən miqdar – 0,1 qr (hər bir obyektdən 0,05 qram olmaqla), qalıq – 7.517 qram bitki mənşəli kütlə öz aralarında xarici görünüşünə və tərkibində THC-un (tetrahidrakannabinolun) RF göstəricisinə əsasən eyni olub, tərkibindəki maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən ambulator məhkəmə narkoloji ekspertizasının 29 iyul 2021-ci il tarixli 2441 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabiodlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Şabran rayon məhkəməsinin 01 iyun 2021-ci il tarixli 4(031)-20/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 30 may 2021-ci il tarixdən hesab edilmişdir. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Dəvəçi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli 221 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Dəvəçi kəndində ailə üzvləri – arvadı X2, uşaqları – 2015-ci il təvəllüdlü oğlu Xalıqov Yusif Hicran oğlu, 2014-cü il təvəllüdlü oğlu Xalıqov Rəcəb Hicran oğlu ilə birlikdə yaşayır. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Dəvəçi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli tələbnamədən və Şabran rayon məhkəməsinin 12 iyul 2019-cu il tarixli 2(031)-30/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun şübhəli şəxs qismində saxlanıldığı 02 günə 04 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılıb üzərində qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işi materiallarında əlavə edilmiş Şabran rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib Şabran rayon məhkəməsinin 1(031)-30-2019 saylı 12 iyul 2019-cu il tarixli hökmü ilə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hazırda onun çəkilməmiş 02 ay 04 gün cəzası qalmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar ediməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Dəvəçi kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2021-ci ildən 08 oktyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 04 ay 08 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 88 manat 70 qəpik Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş və Şabran RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 (iki) ədəd kibrit qutusunda hər birinin ayrıayrılıqda 3,837 qram və 3,780 qram olmaqla, tədqiqatdan sonra qalıq qalan 7.517 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və yaşadığı evə keçirilmiş baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd kompakt diskin (DVD) cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Şabran rayon məhkəməsinin 12 iyul 2019-cu il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasını qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 ay 08 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində 02 (iki) il 03 (üç) ay 14 (on dörd) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Dəvəçi kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilməklə dərhal məhkəmə iclas zalından azadlığa buraxılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilmiş və Şabran RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 (iki) ədəd kibrit qutusunda hər birinin ayrıayrılıqda 3,837 qram və 3,780 qram olmaqla, tədqiqatdan sonra qalıq qalan 7.517 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və yaşadığı evə keçirilmiş baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd kompakt diskin (DVD) cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88 manat 70 qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar