Məhkəmə qərarları › İş №1(031)-9/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-9/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-9/2021 18.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X5 Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkillər – Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmamış, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 5 ünvanda qeydiyyatda olmaqla fakitiki yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə, xx xxxxx 1986-cı il tarixdə Şabran rayonu, Şahnəzərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmamış, fərdi əməklə məşğul olan, Şabran rayonu Şahnəzərli kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində qohumu Şabran rayon Şahnəzərli kənd sakini Təqsirləndirilən şəxs2la tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran rayonu Xırdaoymaq kəndi ərazisində yerləşən örüş sahəsinin yaxınlığından sonuncunun idarə etdiyi “Opel Astra” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə keçərkən, örüş sahəsində kənd sakini Zərərçəkmiş şəxs özünə məxsus xırda buynuzlu heyvanlarını otardığını görüb 02 baş qoynunu ələ keçirmək qərarına gəlmiş, cinayətkar niyətlərini həyata keçirmək üçün avtomobili saxlayıb ondan yaxınlıqdan – təxminən 15-20 metr aralıdan su gətirməyi xahiş etmiş, bu məqamdan istifadə edərək Təqsirləndirilən şəxs2 köməkliyi ilə hər birinin diri çəkisi ayrı-ayrılıqda müvafiq olaraq 30 və 35 kq, ümumi dəyəri 476 manat təşkil edən 02 (iki) baş xırdabuynuzlu heyvanları avtombilin yük yerinə yükləmiş, bunu görən Zərərçəkmiş şəxs bunun qarşısını almaq üçün onlardan heyvanları geri düşürtməyi təkidlə tələb etsə də, buna məhəl qoymayaraq hadisə yerindən uzaqlaşmış, bununla da özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində qohumu, Şabran şəhər sakini Təqsirləndirilən şəxs1la tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran rayonu Xırdaoymaq kəndi ərazisində yerləşən örüş sahəsinin yaxınlığından idarə etdiyi “Opel Astra” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə keçərkən, örüş sahəsində kənd sakini Zərərçəkmiş şəxs özünə məxsus xırdabuynuzlu heyvanlarını otardığını görüb 02 baş qoynunu ələ keçirmək qərarına gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək üçün avtomobili saxlayıb ondan yaxınlıqdan, təxminən 15-20 metr aralıdan su gətirməyi xahiş etmiş, bu məqamdan istifadə edərək Təqsirləndirilən şəxs1 köməkliyi ilə hər birinin diri çəkisi ayrı-ayrılıqda müvafiq olaraq 30 və 35 kq, ümumi dəyəri 476 manat təşkil edən 02 (iki) baş xırdabuynuzlu heyvanları idarə etdiyi avtombilin yük yerinə yükləmiş, bunu görən Zərərçəkmiş şəxs bunun qarşısını almaq üçün onlardan heyvanları geri düşürtməyi təkidlə tələb etsə də, buna məhəl qoymayaraq hadisə yerindən uzaqlaşmış, bununla da özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, ünvan 2 mənzil 5 ünvanda öz ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq öz ailəsini dolandırır. xx xxxxxx 2020-ci il tarixdə təxminən gunorta saatlarında o, Şabran şəhərində qohumu Təqsirləndirilən şəxs2la görüşüb onunla birlikdə avtomobilinə ehtiyyat hissələri almaq üçün Xaçmaz şəhərinə getmək istəmişdir. Buna görə də həmin gün saat 17 radələrində o, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu istiqamətində hərəkət etməyə başlamışdırlar. Onlar Xaçmaz rayonu istiqamətində hərəkət edərkən “Vəlvələçay” adlanan ərazidə Respublika ərazisində karantin rejimi ilə əlaqədar yaradılmış postdan Xaçmaz rayonuna keçə bilməyəcəklərini başa düşüb, ara yolları ilə getmək üçün Hacı maşını Şabran rayonu Xırdaoymaq kəndinə sürmüşdür. Bu zaman qarşılarına qoyun sürüsü çıxmış və o, həmin qoyunlardan birini oğurlamaq fikirinə düşmüş və Hacıya idarə etdiyi avtomobili qoyun sürüsünün yanında saxlamasını bildirmişdir. Hacı maşını qoyun sürüsünün yanında saxladıqdan sonra onlar hər ikisi maşından yerə düşmüş, sonra Hacı qoyunları otaran Elsevər adlı şəxsə maşının radiatorunun qızdırdığını və su gətirməsini xahiş etmişdir. Həmin qoyunların sahibi Elsevər adlı cavan oğlan su gətimək üçün təxminən 20 metr onlardan uzaqlaşmış, Hacı isə bu zaman keçib maşına əyləşmişdir. Sonra o, özü tək maşının yük yerini açmış, qoyun sürüsünün içərisindən bir baş qoyunu oğurlayaraq maşının yük yerinə qoymuşdur. Həmin vaxt o, Hacıya qoyunu oğurladığını deyərək maşını sürməsini bildirmişdir. Bu zaman Hacı avtomobili işə salaraq sürmək istəyən zaman qoyunların sahibi Elsevərin onlardan təxminən 20 metr aralıdan qışqıraraq qoyunu nə üçün oğurladığlarını soruşaraq qışqırmışdır. Onlar isə həmin şəxsin sözünə məhəl qoymayaraq maşını saxlamamış və sürüb getmişlər. Bundan sonra Hacı maşını Şabran rayonu istiqamətində sürmüşdür. Sonra onlar Şabran şəhərinə çatmış və oğurladıqları qoyunu aparıb yaşadığı evin həyətinə qoymuşdurlar. Bundan sonra o, Hacı ilə birlikdə Şabran şəhərində “Vüsalpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı kafeyə gedərək orada pivə içkisi qəbul etmişlər. Bir neçə dəqiqə sonra kafenin yaxınlığında Şabran RPŞ-nin polis əməkdaşları onlara yaxınlaşaraq RPŞ-nə dəvət etmiş və o da Hacı ilə birlikdə Şabran RPŞ-nə gedib etdikləri əməli səmimi olaraq etiraf etmişdirlər. Etdiyi əməldən peşmandır. Xahiş edir, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, Şabran rayonu, Şahnəzərli kəndində öz ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus “Opel Astra” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi işləyərək öz ailəsini dolandırır. xx xxxxxx 2020-ci il tarixdə o, Şabran şəhərində yaşayan qohumu Muradla görüşüb onun avtomobilinə ehtiyyat hissələri almaq üçün onunla birlikdə Xaçmaz rayonuna getmək istəmişlər. Xaçmaz rayonu istiqamətində hərəkət edərkən “Vəlvələçay” adlanan ərazidə Respublikadakı karantin rejimi ilə əlaqədar yaradılmış postdan keçə bilməyəcəklərini başa düşüb, ara yollar ilə getmək üçün maşını Şabran rayonu, Xırdaoymaq kəndinin içərisinə sürmüşdür. Bu zaman qarşılarına qoyun sürüsü çıxmış və onlar həmin qoyunlardan birini oğurlamaq qərarına gəlmişlər. Buna görə də, o, maşını qoyun sürüsünün yanında saxlamış və hər ikisi avtomobildən yerə düşmüşlər. Bu zaman o, qoyunları otaran Elsevər adlı oğlandan avtomobilin radiatoruna tökmək üçün su gətirməsini xahiş etmişdir. Sonra Elsevər adlı cavan oğlan su gətirməyə gedərkən o, keçib avtomobildə əyləşmiş, Murad isə avtomobilin yük yerini açaraq qoyunlardan bir ədədini oğurlayaraq avtomobilin yük yerinə qoymuşdur. Bu zaman o, mühərriki işə salaraq sürən zaman qoyunların sahibi Elsevər onlardan təxminən 20 metr aralıdan həmin qoyunu nə üçün oğurladığlarını onlardan soruşaraq qışqırmışdır. O isə Elsevərin sözünə məhəl qoymayaraq avtomobili saxlamamış və oradan uzaqlaşaraq Şabran rayonu istiqamətində sürmüşdür. Onlar Şabran şəhərinə çatdıqdan sonra oğurladığları qoyunu Muradgilin yaşadığı evin həyətinə aparıb qoymuşlar. Bundan sonra Muradla birlikdə Şabran şəhərində “Vüsalpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı kafeyə gedərək orada pivə içkisi qəbul etmişlər. Bundan bir neçə dəqiqə sonra kafenin yaxınlığında Şabran RPŞ-nin polis əməkdaşları onlara yaxınlaşaraq hər ikisini RPŞ-yə dəvət etmişlər. O da Muradla birlikdə Şabran RPŞ-nə gəlmiş və etdikləri əməli səmimi olaraq etiraf etmişlər. Etdiyi əməldən peşmandır və xahiş edir ki, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilsin. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə ifadə verərək göstərdi ki, o, Şabran rayonu Xırdaoymaq kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin kənddə öz valideyinləri ilə birlikdə yaşayır və şəxsi təsərrüfatında 16 baş xırdabuynuzlu heyvanları saxlayır. Saxladıqları qoyunları o, hər gün yaşadığı kəndin ərazisində olan örüş sahəsinə aparıb otarır, axşamlar isə evə gətirir. xx xxxxxx 2020-ci il tarixdə gunorta saatlarında hər gün olduğu kimi o, özünə məxsus 16 baş xırdabuynuzlu heyvanları kəndin ərazisində yerləşən örüş sahəsinə otarmaq üçün aparmışdır. Həmin gün saat 17 radələrində o, heyvanlarının yanında örüş sahəsində olarkən ağ rəngli “Opel” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yanında saxlamışdır. Bu zaman avtomobilin sürücüsü adının sonradan Hacı olduğunu bildiyi şəxs və onun yanında sərnişin kimi əyləşmiş adının sonradan Murad olduğunu bildiyi şəxs avtomobildən yerə düşərək ona yaxınlaşmış və ondan avtomobilin radiatoruna tökmək üçün su gətirməyi xahiş etmişdirlər. O da həmin şəxslərə kömək etmək məqsədilə su gətirmək üçün təxminən dayandıqları yerdən 20-25 metr aralıda olan çaya getmişdir. O, çayın kənarında olan 02 lirtlik 02 ədəd kapron butulkanı götürüb su ilə doldurub geri qayıdan zaman görmüşdür ki, həmin “Opel” markalı avtomobilin sürücüsü Hacı və yanında olan Murad adlı şəxslər ona məxsus olan heyvanlardan 02 baş xırdabuynuzlu heyvanlarını oğurlayaraq avtomobilin yük yerinə yükləyirlər. Bu zaman o, onların arxası ilə qaçaraq uca səslə qışqırıb qoyunlarını qaytarmalarını bildirmişdir. Lakin həmin şəxslər onun qışqırmağına əhəmiyyət verməyərək avtomobili sürüb oradan uzaqlaşmışdırlar. Sonra o, özünə məxsus 14 baş xırdabuynuzlu heyvanlarını götürərək yaşadığı evin həyətinə aparmış, bu barədə atası Fərəcə məlumat verdikdən sonra Şabran rayon polis şöbəsinə gedərək ona məxsus 02 baş qoyunları ağ rəngli “Opel” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və sərnişini tərəfindən oğurlanması barədə rəsmi ərizə yazıb müraciət etmişdir. Həmin 02 baş oğurlanmış qoyunların birinin diri çəkisi 30 kq, digərinin diri çəkisi isə 35 kq olmaqla, ümumilikdə hər ikisinin dəyəri 700 manat təşkil etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onun qoyunlarını oğurlayan Murad və Hacı adlı şəxsləri tapmış və onlar 02 baş qoyunu deyil, 01 baş qoyunu oğurladıqlarını etiraf etmişlər. Sonra o, polis əməkdaşları ilə Murad adlı şəxsin evinin həyətinə getmiş və həmin oğurladıqları 2 baş qoyunlardan 01 başını Muradın yaşadığı evin həyətindən götürərək onun özünə təhvil vermişlər. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Şabran rayonu, Xırdaoymaq kəndində öz ailəsi ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində o, özünə məxsus tərəvəz sahəsində iş görən zaman təxminən 50-60 metr uzaqdan ağ rəngli markasını bilmədiyi avtomobilin kəndə gedən çınqıllı yolun içərisində həmkəndlisi Fərəcin oğlu Elsevərin qoyunlarının yanında dayandığını, sonra avtomobildən iki nəfər cavan oğlanın düşdüyünü və bundan bir neçə dəqiqə sonra avtomobilin yük yerini açdığlarını görmüşdür. Bundan sonra adlarını sonradan Hacı və Murad kimi bildiyi həmin şəxslərin avtomobilin yük yerinə qoyun qoyduqlarını uzaqdan görsə də, ancaq neçə baş qoyun qoyduqlarını dəqiq görməmişdir. O, həmin şəxslərin qoyunları oğurladıqlarını başa düşmüş və bu zaman qoyunların sahibi Zərərçəkmiş şəxs uzaqdan qışqıra-qışqıra həmin şəxslərə qoyunlarını aparmamalarını bildirdiyini eşitmiş, lakin həmin şəxslər onun qışqırmağına əhəmiyyət verməyərək avtomobili sürüb oradan uzaqlaşıb getmişlər. Bundan sonra o, Zərərçəkmiş şəxs yanına getmiş və nə baş verdiyini soruşmuş, Zərərçəkmiş şəxs isə ona məxsus iki baş qoyunlarını həmin şəxslərin oğurladıqlarını bildirmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 9/3278 saylı rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus oğurlanmış 02 (iki) baş erkək cinsli, diri çəkisi 30 və 35 kq olan qoyunların orta bazar qiyməti ümumilikdə 476 manat müəyyən edilmişdir. Şabran rayonu Xırdaoymaq kəndindən zərərçəkmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məxsus 02 (iki) baş erkək qoyunların deyil, yalnız bir baş erkək cinsli qoyunu talamaları barədə təqsirləndirilən şəxslər tərəfindən ibtidai istintaqın gedişatında irəli sürülmüş dəlilləri iş üzrə toplanmış sübutlar məcmusu ilə müqayisəli şəkildə təhlil edərək məhkəmə belə bir nəticəyə gəlir ki, onlar özünü müdafiə xarakteri daşımaqla məsuliyyətini yüngülləşdirmək məqsədini güdür. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 02 baş qoyunları onun gözünün qarşısında avtomobilin yük yerinə yüklədiklərini yaxınlıqdakı tərəvəz sahəsində işləyən kənd sakini Şahid həmkəndlisi Zərərçəkmiş şəxs yanına getdikdən sonra onun özündən eşitmiş və bu barədə məlumatı olmuşdur. Bundan başqa zərərçəkmiş özünə məxsus qoyunları avtomobildən düşürmələrini, eləcə də həmin avtomobilin arxasınca qaçaraq polisə məlumat verəcəyi barədə təqsirləndirilən şəxslərə bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq onlar hərəkətlərini davam etdirərək Şabran şəhərinə gəlmişlər. Bundan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs1 qoyunlardan birini yaşadığı evin həyətyanı sahəsində gizlətmiş və hadisədən təxminən 2-3 saat sonra onlar RPŞ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilmişlər. Maddi sübut hesab edilən bir baş qoyun təqsirləndirilən Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən aşkar edilərək götürlümüş və məsul saxlanc üçün sahibinə təhvil verilmişdir. Göründüyü kimi bu müddət ərzində təqsirləndirilən şəxslər digər bir baş xırdabuynuzlu heyvanı sata və ya digər bir şəxsə verə bilərdilər. Eyni zamanda təqsirləndirilən şəxslərlə zərərçəkmiş arasında keçirilmiş üzləşdirilmə zamanı sonuncu, iki baş xirdabuynuzlu heyvanları avtomobilin yük yerinə onun gözləri qarşısında yüklədiklərini gördüyünü və onlar çıxıb getdikdən dərhal sonra atası ilə birlikdə 16 baş qoyunlarını sayarkən iki baş qoyunun çatışmadığını, yəni 14 baş olduğunu təqsirləndirilən şəxslərin üzünə qarşı bildirmişdir. Ona görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə elan edilmiş ittiham əsaslı hesab edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkum olunmamış şəxslərdir. İş materiallarında olan Şabran rayon İHB-nın Şahnəzərli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 317 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şabran rayonu Şahnəzərli kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında Şabran rayon İHB-nın Şahnəzərli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 316 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 4098 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 3 mənzil 5 ünvanda ailə üzvləri – atası X2 və anası X1 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 4099 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 017667 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə Xıdırova (Hüseynova) Humay Gülü qızı xx xxxxxxxx 2010-cu ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan AZE seriyalı 18864237 saylı və AZE seriyalı 11747418 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə Xıdırova (Hüseynova) Humay Gülü qızının birgə nikahlarından xx.xx.2010-cu il tarixdə Nazlı adlı qızları və xx.xx.2012-ci il tarixdə Bəhlul adlı oğlanları olmuşdur. İş materiallarında olan Şabran rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(031)-26/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, ev dustaqlığı qətimkan tədbirinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şabran rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(031)-27/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, ev dustaqlığı qətimkan tədbirinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq olunmuş onların ifadələri və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildiyindən onların əməli Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar ayrı-ayrılıqda həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən himayəsində iki azyaşlı uşağının olması, eləcə də cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, etdiyi əməldən peşmanlıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını da cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, etdiyi əməldən peşmanlıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını da cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hal aşkar olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların təqsirli bilindikləri maddənin sanksiyasında ancaq azadlıqdan məhrum etmə növündə cəzanın olmasını nəzərə alaraq hesab edir ki, onların hər birinə ayrı-ayrılıqda azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 8-ci bəndinə əsasən məhkəmələr tərəfindən təyin edilmiş cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəzaların tətbiqinin genişləndirilməsi və 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin hər birinin barəsində cəzanı yüngülləşdirən halların olmasını, təyin olunacaq cəzanın onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, onların cəza çəkmədən islah olunmalarını mümkün sayaraq, hesab edir ki, təqsiləndirilən şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, azadlıqdan şərti məhkum edilmələri daha da ədalətli və əsaslıdır. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası CPM-nin 163.4-cü maddəsinə əsasən ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin maddəyə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən ev dustaqlığında olduğu müddət onlara təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. İş üzrə zərərçəkmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məxsus 01 (bir) baş erkək qoyunun zərərçəkmiş şəxsə təhvil verilməsi, təqsirləndirilən Təqsirləndirilən şəxs2 məxsus “Opel” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təqsirləndirilən şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358-ci maddəsini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ev dustaqlığında olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddətinə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində tətbiq edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yeri dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ev dustaqlığında olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddətinə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində tətbiq edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yeri dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. İş üzrə zərərçəkmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məxsus 01 (bir) baş erkək qoyunun zərərçəkmiş şəxsə təhvil verilməsi, təqsirləndirilən Təqsirləndirilən şəxs2 məxsus “Opel” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təqsirləndirilən şəxsə təhvil verilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi hesab olunan aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar