Məhkəmə qərarları › İş №1(033)-3/2021

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-3/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-3/2021 05.05.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1960-cı il tarixdə Göygöl rayonu, Qaraçanax kəndində anadan olmuş, məhkumluğu olmayan, ailəli, işləməyən, Gəncə şəhəri, Kəpəz rayonu, F.Əmirov küçəsi ev 2, mənzil 27-də daimi qeydiyyatda olmaqla yaşayan barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq, yəni 3490 qram çəkidə narkotik vasitə olan qrudulmuş marixuananı əldə edərək Gəncə şəhərinə yaşadığı evə aparmaq məqsədilə qanunsuz daşıyaraq Şahid4 idarə etdiyi «VAZ-2106» markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə Balakən rayonundan Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən 28 iyun 2020-ci il tarixdə saat 00:30 radələrində Yevlax- Zaqatala-Gürcüstan avtomobil yolunun 135-ci km-də yerləşən 718 saylı YPX postunda avtomobil saxlanılmış, Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün YPX postuna çağırılmış Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən Zaqatala RPŞ-nə dəvət edilmiş, polis şöbəsində baxış zamanı avtomobildən Təqsirləndirilən şəxs məxsus bir ədəd ağ rəngli kisədə həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o Gəncə şəhərində yaşayır. Hadisə baş verən gün, yəni 27 iyun 2020-ci il tarixdə o tanışı olan Arzu adlı xanımla Gəncə şəhərində olan ona məxsus evdə biraz çaxır içmişlər. Arzu telefonla danışdıqdan sonra 2 nəfər dostunun həmin ünvana gələcəyini xəbər vermiş, o Arzuya etiraz edərək başqa şəxləri öz evində görmək istəmədiyini bildirmişdir. Arzu artıq dostlarına olduğu ünvanı verdiyini demiş və bir müddət sonra həmin şəxslər onun evinə gəlmişdirlər. Həmin şəxslərdən biri onun tanışı olan Şahid5 olmuş, Natiqin dostu olan digər şəxsi isə tanımadığını bildirmişdir. Natiq və dostunu evə dəvət etdikdən sonra onlar Arzuya araq almağı təklif etmişdir. Ona pulunun olmadığını bildirdikdən sonra Natiq və dostu gedib araq alıb qayıtmışlar. X11 alacaqlı olduğu birinin olduğunu bildirərək Balakənə getməyi təklif etmiş və uzun müddətdir görüşmədiklərini bildirərək orada yeyib içməyi təklif etmişdir. O tək olduğundan və evdə darıxdığından Natiq və dostu ilə birgə Balakənə getmək təklifinə razılaşmışdır. Natiq 2244 taksi xidmətinə zəng vuraraq taksi sifariş etmişdir. Özünə məxsus evdə yemək yedikdən, Natiq və dostu alan araqdan içdikdən sonra Balakənə getmək üçün evdən çıxmış və Vidadi küçəsində olan çayçının yanında avtomobilə minmişlər. Evdən çıxdıqda qonşuluqda yaşayanlar onları görmüşlər. Natiq sifariş verdiyi taksidə 4 nəfər, özü, Arzu adlı tanışı, Şahid5 və onun dostu Balakənə gəlmək üçün yola çıxmışlar. Zaqatalaya çatdıqda Natiq və dostu Arzunu dəqiq tanımadığı mehmanxananın yanında düşürmüşdür. Şahid5 telefonla danışmış, lakin onun nə barədə danışdığı barədə məlumatı olmamışdır. Bundan sonra onlar yola davam edərək Balakən rayonu Katex kəndinə getmişlər. Katex kəndində yol kənarında maşından düşmüşlər, bu zaman Natiq və dostunun yanına tanımadığı bir nəfər uca boylu şəxs yaxınlaşmış, onlar bir müddət söhbət etdikdən sonra həmin şəxs Natiqə ağ rəngdə kisə vermişdir. Sonradan Natiq maşın gətirmək üçün Zaqatalaya tərəfə getmiş, adını bilmədiyi Natiqin dostu və kisəni Natiqə vermiş uca boylu şəxs onun yanında qalmışdır. Sonra ağ kisəni Natiqə verən şəxs də yanlarından ayrılaraq çıxıb getmişdir, bundan sonra o və Natiqin dostu həmin yerdə Şahid5 gözləmişlər. Şahid5 taksi ilə qayıtdıqdan sonra onu maşının ön oturacağına oturdub yola salmışlar. Sərxoş olduğundan bir qədər yol getdikdən sonra maşında olan kisəni görmüş və sürücüyə “Bunlar mənim başımı bəlaya salacaqlar” sözlərini demişdir və bu zaman qarşıda postun olduğunu görmüşdür. Taksi sürücüsü ona narahat olmamağı həmin posta heç kimi saxlamadıqlarını bildirmişdir. Posta çatdıqda polis əməkdaşı onun olduğu taksini saxlamışdır. Postda kisənin sahibinin kim olduğu soruşulanda o kisənin ona məxsus olduğunu demiş və Şahid5 və onun dostunu ələ vermək istəməmişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı isə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan vaxtaşırı olaraq istifadə edir. 2009-cu ildə Rusiya Federasiyası Saratov vilayətində qəsdən adam öldürdüyü üçün azadlıqdan məhrum edilmiş və 2017-ci ilin sonlarında azadlığa buraxıldıqdan sonra Azərbaycan Respublikasına qayıtmışdır. Rusiya Federasiyasında cəza çəkmə müəssisəsində olduğu zaman Balakən rayonu Katex kənd sakinləri Xəqani və Ruslan adlı şəxslərlə tanış olmuş, 27 iyun 2020-ci il tarixdə saat təxminən 14 radələrində dövlət nömrə nişanını bilmədiyi VAZ-2107 markalı avtomobillə Balakən rayonu Katex kəndinə getmək üçün yola düşmüşdür. Ondan başqa da avtomobildə iki nəfər sərnişin olmuş, lakin həmin sərnişinlərin kim olmasını bilməmişdir. Həmin sərnişinlər Zaqatala şəhərində avtomobildən düşmüş, o isə Balakən rayonu Katex kəndinə getmişdir. 27 iyun 2020-ci il tarixdə saat təxminən 18 radələrində Balakən rayonu Katex kəndinə çatmış, gecə saatlarınadək Katex kəndi ərazisində qeyd etdiyi qardaşları axtarsa da tapa bilməmişdir. Bundan sonra ac olduğu üçün Katex kəndi ərazisində yerləşən kafedə oturub yemək yemiş və bir qədər spirtli içki olan araq içmişdir. Gecə Katex kəndi ərazisində bir yer tapıb yatmağı və səhər yenidən Xəqani və Ruslanı axtarmağı fikirləşmişdir. Lakin 27 iyun 2020-ci il tarixdə, saat 23 radələrində Katex kəndində kafedən çıxdıqdan sonra ağacın dibində ağ rəngli kisə olduğunu görərək həmin kisənin ağzını açıb baxdıqda kisənin içərisində yaşıl rəngli ot halında, qurudulmuş marixuanaya bənzər maddə olduğunu görmüşdür. Vaxtaşırı qurudulmuş marixuanadan istifadə etdiyi üçün həmin maddənin iyindən kisənin içərisində olan maddənin marixuana olmasını bilmişdir. Bundan sonra o fikrini dəyişərək həmin kisəni özünün istifadə etməsi üçün götürmüş və yolun kənarına çıxaraq Gəncə şəhərinə getmək məqsədilə Zaqatala şəhərinə getmək üçün taksi avtomobili gözləmişdir. Bir qədər gözlədikdən sonra ağ rəngli, üzərində taksi işarəsi olan «VAZ-2106» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili gəlmiş, o həmin taksini dayandırmışdır. Sonradan adını öyrəndiyi taksi sürücüsü Şahid4lə Zaqatala şəhər avtovağzalına gətirməsi üçün 5 manata razılaşmışdır. Buna görə də əlində olan kisəni arxa oturacağın üzərinə qoymuş, özü isə qabaq sağ oturacaqda oturmuş, razılaşdığı kimi 5 manat pulu sürücüyə vermişdir. 28 iyun 2020-ci il tarixə keçən gecə saat 00:30 radələrində Katex kəndinin çıxışında yerləşən DYP postundan keçdikdə olduğu avtomobili dayandırılmış, polis əməkdaşları sürücüdən avtomobilin sənədlərini istədikdə avtomobildən düşərək nəyə görə saxladıqları ilə maraqlanmışdır. Həmin vaxt polis əməkdaşı avtomobilə yaxınlaşaraq arxa oturacağın üzərinə qoyduğu kisəni görüb nə olması ilə maraqlanmış, o isə həmin kisənin ona məxsus olmasını və içərisində şəxsi əşyaları olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları avtomobili DYP postunun qabağına sürdürüb onları avtomobildə saxlayaraq Zaqatala RPŞ-nin əməkdaşlarını dəvət etmiş, bir müddət sonra bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşları DYP postuna gələrək özlərini təqdim edərək onları Zaqatala RPŞ-nə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına heç bir etiraz etməyərək polislərlə bir yerdə Zaqatala rayon polis şöbəsinə getmişdir. Polis şöbəsinə Şahid4lə birlikdə Cumaəliyə məxsus VAZ-2106 markalı avtomobillə gəlmişdir. Zaqatala rayon polis şöbəsində ona şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılacağı elan edilmiş və vəkillərin siyahısı təqdim olunmuş, o həmin siyahıdan Balakən rayonu ərazisində fəaliyyət göstərən vəkil Hidayət Muradovu seçdikdən sonra Hidayət Muradov ona təqdim olunmuş, tutulmağı haqqında yazılı qərar və bildiriş aldıqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya və yaxud narkotik tərkibli maddə aşkar edilməmişdir. Lakin avtomobildə ona məxsus narkotik maddə olan marixuana olmasını bildirmiş, bundan sonra onun və sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmişdir. O, avtomobilin arxa oturacağına qoyduğu ağ rəngli kisənin içərisində olan marixuananı polis əməkdaşlarına təqdim etmiş, onun təqdim etdiyi kütlə tərəzidə çəkilmiş və bir ədəd kisəyə qoyularaq qablaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Şahid4 məxsus VAZ-2106 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobildə aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana ona məxsusdur, həmin marixuananı 27 iyun 2020-ci il tarixdə Balakən rayonu Katex kəndi ərazisindən kisədə hazır vəziyyətdə tapmış, vaxtaşırı marixuanadan istifadə etdiyi üçün həmin marixuananı tapdıqdan sonra özü istifadə etmək məqsədilə Gəncə şəhərinə yaşadığı evə aparmaq istəmişdir. Xəqani və Ruslan adlı şəxslər Balakən rayonu Katex kənd sakinləridir. Rusiya Federasiyasının Saratov vilayətində cəza çəkən vaxt tanımış, onların hal-hazırda Balakən rayonu Katex kəndində olmalarını dəqiq bilmir, onları tapmaq məqsədilə Balakən rayonu Katex kəndinə gəlmiş, lakin tapa bilməmişdir. Gəncə şəhərində piyada Bakı şəhəri istiqamətində olan polis postuna yaxın yerə qədər gəlmiş, sonra isə Samux rayonu Alıuşağı kəndi ərazisi ilə karantin postunu keçərək oradan da taksi ilə Balakən rayonu Katex kəndinə gəlmişdir. Olan pulunu kafedə yemək yeyən vaxt xərcləmiş, narkotik vasitə olan qurudulmuş marixuananı tapdıqdan sonra nə yolla olursa Gəncə şəhərinə yaşadığı evə getmək qərarına gəlmiş, buna görə də 5 manat pul verib əvvəlcə taksi ilə Zaqatala şəhərinə gəlmiş, Zaqatala şəhərindən də taksi ilə Gəncə şəhərinə gedib evdə pulunu verməyi planlaşdırmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 Sərvan oğlu ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərdi ki, etibarnamə ilə idarə etdiyi VAZ- 2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksilik edir. 27 iyun 2020-ci il tarixdə, saat 23:40 radələrində idarə etdiyi VAZ-2106 markalı avtomobillə Balakən şəhərindən yaşadığı Balakən rayonu Katex kəndi istiqamətində gələn vaxt kəndin girişində bir nəfər adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin, əlində balaca kisə ilə yolun kənarında dayanaraq taksi axtarmasını görmüşdür. O, Təqsirləndirilən şəxs yanına çatdıqda əl edərək avtomobili saxlamışdır. O da avtomobili Təqsirləndirilən şəxs yanında saxlamış, Rüstəm ona Gəncə şəhərinə getməli olduğunu, bunun üçün Zaqatala şəhər avtovağzalına aparmasını bildirmişdir. Həmin vaxt o Rüstəmi aparmağın qarşılığında 5 manat pul alacağını demiş və Rüstəm razılaşaraq əlində olan kisəni avtomobilin arxa oturacağına qoymuş, özü isə avtomobilin qabaq oturacağında əyləşmişdir. Rüstəm avtomobilə oturan kimi ona 5 manat pul vermişdir. Bundan sonra o hərəkətə başlamış və Zaqatala rayonunun girişində olan dövlət yol polisi postunu keçən vaxt polis əməkdaşları onun idarə etdiyi avtomobili postda dayandırmaq üçün işarə etmişdir. O, avtomobili saxlamaq üçün kənara çəkmiş, həmin vaxt Təqsirləndirilən şəxs «of allah» deyərək arxa oturacağın üstündə olan kisəni əli ilə aşağı tərəfə ayaqaltına itələmişdir. O, avtomobili saxladıqdan sonra adını öyrəndiyi Anar adlı yol patrul xidməti inspektoruna yaxınlaşaraq sənədlərini təqdim etmiş, avtomobilin qabağında sənədlərə baxan vaxt avtomobilində sərnişin qismində əyləşən, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs avtomobildən düşərək onları nəyə görə saxlamağı ilə maraqlanmışdır. Yol polisi əməkdaşı avtomobilə yaxınlaşdıqda avtomobilin arxa oturacağında olan kisəni görərək nə olması ilə maraqlanmışdır. Rüstəm isə kisənin ona məxsus olmasını və şəxsi əşyaları olduğunu demişdir. Bundan sonra postda olan digər polis əməkdaşı da onların yanına gəlmiş, polis əməkdaşları ona avtomobili postun qabağına sürməyini istəmişdir. O, avtomobili postun qabağına sürdükdən sonra polis əməkdaşları onların yanında dayanaraq Zaqatala RPŞnin əməkdaşlarını dəvət etmişlər. Bir qədər sonra posta bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşları gələrək onları Zaqatala RPŞ-nə dəvət etdikdə etiraz etmədən Zaqatala RPŞ-nə gəlmişlər. Həmin vaxt o və Təqsirləndirilən şəxs ona məxsus avtomobildə oturaraq Zaqatala rayon polis şöbəsinə gəlmişlər. Zaqatala rayon polis şöbəsində Təqsirləndirilən şəxs avtomobilin salonunda olan kisənin içərisində özünün istifadə etməsi üçün əldə etdiyi qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra çəkiliş vasitəsi ilə avtomobilə baxış keçiriləcəyi bildirilmiş, o buna etiraz etmədiyi üçün çəkiliş vasitəsi ilə avtomobilə baxış keçirilmiş və Təqsirləndirilən şəxs onun avtomobilinin arxa oturacağına qoyduğu kisəni polis əməkdaşlarına təqdim etmişdir. Həmin kisə elektron tərəzi vasitəsi ilə çəkilərək qablaşdırılmış, protokol tərtib edilmiş və həmin protokol imzalanmışdır. Həmçinin Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ilk dəfə görmüş, Təqsirləndirilən şəxs avtomobilə əyləşdiyi zaman arxa oturacağa qoyduğu kisənin içərisində narkotik maddə olmasını Zaqatala RPŞ-nə gətirildiyi zaman bilmiş, Təqsirləndirilən şəxs avtomobilinə mindirdiyi zaman yanında başqa şəxslər olmamış, Təqsirləndirilən şəxs yolun kənarında tək dayanaraq əlində qeyd etdiyi kisə olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 2008-ci ildən DİO-da xidmət edir, 2019-cu ilin aprel ayından isə Zaqatala rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28 iyun 2020-ci il tarixdə Zaqatala rayon polis şöbəsində xidmətdə olan vaxt məsul növbətçi tərəfindən Zaqatala rayonu ərazisində yerləşən BDYPİ-nin YPXA-nın 5-ci tağımının 718 saylı stasionar postunda VAZ- 2106 markalı avtomobilin saxlanıldığını və həmin avtomobildə olan sərnişindən şübhələndikləri üçün polis şöbəsindən əməliyyat qrupu istəmələri barədə məlumat verilmişdir. Bundan sonra Zaqatala RPŞ-nin əməkdaşları ilə birlikdə 718 saylı stasionar postda getmiş, YPXA-nın 5-ci tağımının 718 saylı stasionar postuna çatdıqda postda Balakən rayonu Katex kənd sakini Şahid4 məxsus VAZ-2106 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobilin saxlanıldığını, avtomobildə olan sərnişin Gəncə şəhər sakini Təqsirləndirilən şəxs özünü şübhəli apardığı barədə məlumat verilmişdir. Bundan sonra şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 27 iyun 2020-ci il tarixdə Gəncə şəhərindən Balakən rayonuna gəldiyini, yenidən Gəncə şəhərinə qayıtdığını bildirmişdir. Həmin vaxt avtomobildə olan kisə diqqətlərini çəkdiyi üçün kisənin kimə məxsus olması və kisədə olanın nə olması ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs yenə şübhəli cavablar verdiyi üçün hər ikisi, yəni Təqsirləndirilən şəxs və Şahid4 Zaqatala rayon polis şöbəsinə dəvət edilmişdir. Şahid4 və Təqsirləndirilən şəxs Cumaəliyə məxsus VAZ-2106 markalı avtomobillə Zaqatala rayon polis şöbəsinə gəlmişdir. Zaqatala rayon polis şöbəsində müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə əvvəlcə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomobildə olan kisənin ona məxsus olmasını və kisənin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirdiyi üçün Şahid4 idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağında olan kisəni təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, bu barədə protokollar tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüusatları təsdiq etmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2006-cı ildən DİO-da, 2019-cu ilin sentyabr ayından isə YPXA-nın 5-ci tağımının Yol Patrul Xidməti İnspektoru vəzifəsində xidmət edir. Xidməti ərazisi əsasən Zaqatala rayonu ərazisində yerləşən 718 saylı stasionar post olmuşdur. 28 iyun 2020-ci il tarixdə yenə 718 saylı stasionar postda xidmətdə olan vaxt Balakən rayonu istiqamətindən ağ rəngli VAZ-2106 markalı avtomobilin gəlməsini görmüş, həmin avtomobil gecə vaxtı işıqlardan düzgün istifadə etmədiyi üçün tərəfindən saxlanılmaq üçün işarə edilmişdir. Avtomobilin sürücüsü Şahid4 avtomobili kənarda saxlayaraq sənədlərlə birlikdə ona yaxınlaşmış, sürücü Şahid4 sənədlərinə baxan vaxt avtomobildə olan sərnişin adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs onlara yaxınlaşaraq avtomobili nə üçün saxlamağı soruşmuşdur. O, da Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələndiyi üçün bir yerdə avtomobilə yaxınlaşmış, avtomobilə yaxınlaşdıqda arxa oturacaqda ağ rəngli kisə olduğunu görmüş, sürücüdən həmin kisədə nə olması ilə maraqlandıqda sürücü kisənin sərnişin Təqsirləndirilən şəxs məxsus olmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs kim olması və hara getməsi ilə maraqlanmış, Təqsirləndirilən şəxs ona Gəncə şəhərinə getdiyini demişdir. Bundan sonra kisədə nə olması ilə maraqlandıqda şəxsi əşyaları olduğunu bildirmişdir. O, bundan sonra bir yerdə xidmətə çıxan polis serjantı Zahid Babayevi yanına çağırmış, sürücüyə isə avtomobili postun qabağına sürməyi bildirmişdir. Sürücü Şahid4 avtomobili postun qabağına sürüb saxlamış, bundan sonra o Zaqatala rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat vermiş, özləri isə həmin müddətdə Təqsirləndirilən şəxs və Şahid4 avtomobildə saxlamışdır. Bir qədər sonra Zaqatala rayon polis şöbəsinin əməkdaşları gəlmiş, onlarla bir yerdə Təqsirləndirilən şəxs və Şahid4 Zaqatala rayon polis şöbəsinə apararkən Şahid4 avtomobilini o idarə etmiş, Şahid4 və Təqsirləndirilən şəxs isə avtomobildə oturmuşdur. Zaqatala rayon polis şöbəsində müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə əvvəlcə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobildə olan kisənin ona məxsus olmasını və kisənin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Şahid4 idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağında olan kisəni təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, həmin qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, bu barədə protokollar tərtib edilmiş və protokollar iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o və dostu X1 şəhərində qəsəbədə yerləşən park yaxınlığında olan zaman təsadüfən əvvəldən tanıdığı Təqsirləndirilən şəxs və onların tanışı olan Arzu adlı xanım ilə rastlaşmışlar. Arzu və Rüstəm hər ikisi bir qədər içmiş halda olmuşlar. O Rüstəmlə hal əhval tutduqdan sonra nə etdiyini ondan soruşmuş və Təqsirləndirilən şəxs da ona cavabında Balakən rayonuna getmək istədiyini bildirmiş və ona da onlarla birlikdə getməyi təklif etmişdir. Onun da Balakəndə görməli olduğu işləri olduğundan Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış və Təqsirləndirilən şəxs tərəfindən təşkil edilən “Mercedes” markalı avtomobillə Arzu adlı xanımı yolda düşürdükdən sonra Balakən rayonunun Katex kəndi ərazisinə gəlmişlər. Təqsirləndirilən şəxs yol boyu bir neçə dəfə telefonla danışmışdır. Balakən rayon mərkəzinə çatmadan Təqsirləndirilən şəxs getdikləri avtomobili saxladaraq düşmüşdür. Ona Balakənə gedib getmədiklərini soruşduqda o gedəcəklərini və tələsməməli olduğunu demişdir. Sonra Təqsirləndirilən şəxs həmin avtomobilin sürücüsünü yola salmışdır. Həmin vaxt ağaclıq tərəfdən bir adam çıxmış və Rüstəmlə bir müddət danışdıqdan sonra ağaclıqdan bir sumka (çanta) çıxararaq Təqsirləndirilən şəxs vermişdir. Rüstəm ondan kənarlaşaraq ağaclıq tərəfdən çıxan şəxslə söhbət etdiyindən onların nə danışdıqları barədə məlumatı olmamışdır. Rüstəm sumka ilə qayıtdıqda spesifik ətir gəlmiş və o sumkada nəşə olduğundan şübhə etmişdir. Gəncədən Balakənə gəldiyi yol boyu da Rüstəmdən doğru işlərlə məşğul olmadığından şübhə etmişdir. Onu da qeyd edir ki, Zaqatala Rayon Polis Şöbəsində əvvəldən tanıdığı Fərid adlı şəxs işləyir, həmin şəxs əvvəllər Gəncədə də işlədiyindən onun özünü və qardaşını yaxşı tanıdığından ona zəng vuraraq yanında narkotik saxlayan şəxs olduğu barədə məlumat vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs onun yanında olan Fərhad Əsgərova maşın tapmasını demişdir. Fərhad Əsgərovun yaşda böyük olduğunu düşünüb özü Balakən rayonuna getmək üçün maşın tapmaq məqsədi ilə yol kənarına çıxmışdır. Sonra o Zaqatala tərəfə gələn bir maşını saxladıb əyləşərək taksi gətirmək məqsədi ilə taksilərin dayandığı yanacaqdoldurma məntəqəsinin yanına gəlmişdir. Orada tanımadığı ağ rəngdə SSSR-i istehsalı bir maşının sürücüsü ilə danışaraq Təqsirləndirilən şəxs və Fərhad Əsgərovun olduğu yerə gəlmişdir. O taksidən düşdükdən sonra Təqsirləndirilən şəxs avtomobilin ön oturacağına oturaraq “gedim qızı gətirib gəlirəm, sonra sizi yola salacam” sözlərini deyib Zaqatala tərəfə getmişdir. Rüstəm onlardan ayrıldıqdan sonra o Fəridlə telefonda danışaraq Təqsirləndirilən şəxs avtomobilə minərək onlardan ayrıldığını bildirmişdir. O Arzunu əvvəcədən tanısa da həmin gün onun Arzu ilə heç bir telefon danışığı olmayıb. Həmin gün Arzu Təqsirləndirilən şəxs yanında olmuş və hər ikisi içkili olmuşdur. Məhkəmə iclası zamanı əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 27 iyun 2020-ci il tarixdə baş vermiş hadisələri tam aydın xatırlamır. Təqsirləndirilən şəxs tanıyır. Həmin tarixdə Təqsirləndirilən şəxs, Şahid5, Arzu adlı xanım və özü Gəncə şəhərindən Balakən rayonuna getmək üçün bir avtomobildə yola çıxmışlar. Yolda Təqsirləndirilən şəxs Arzu adlı qadını Zaqatala rayonunun girişində düşürmüşdür. Bu zaman o çöldə soyuq olduğunu, qış ayı olduğunu bildirərək niyə qadını yolda düşürdüyü ilə maraqlanmışdır. Arzu avtomobildən düşdükdən sonra avtomobil Balakən istiqamətində hərəkətini davam etdirmişdir. Balakən rayonunda yol kənarında maşından endikdən sonra o və Natiq kənara çəkilmiş, Təqsirləndirilən şəxs isə biraz irəli gedərək orada olan bir şəxslə danışmışdır. O əvvələr də Balakən rayonunda olmuş və orada tanıdığı bir xanımla görüşmək üçün gəlmişdir. Lakin içkili olduqları üçün həmin gün Balakəndə yaşayan tanışı olan həmin qadınla görüşmədən geri qayıtmışlar. İçkili olduğundan həmin gün baş verənləri xatırlamaqda çətinlik çəkir. Rüstəm həmin şəxslə danışdıqdan sonra taksi ilə tək Balakən postu tərəfə getdiyini və Natiqlə ona “postu keçdikdən sonra xəbər edəcəm sizə postu keçərsiz” sözlərini deməsini xatırlayır. Sonra o Natiqlə birlikdə yoldan keçən bir maşın ilə Zaqatala şəhərində yerləşən Araz marketin qarşısına gəlmiş, Natiqin işi olduğundan ondan ayrılmış və Natiq təxminən 40 dəqiqə sonra Araz marketin yanına qayıtmışdır. Sonra Natiqlə birlikdə Gəncə şəhərinə qayıtmışlar. Məhkəmə iclası zamanı əlavə şahid qismində dindirilmiş X8 şahid qismində dindirilmiş Şahid5 və X2 ifadələrinə uyğun ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan şəxsi axtarış və götürmə haqqında 28 iyun 2020-ci il tarixli protokoldan görünür ki, üzərində qanunsuz saxladığı narkotik vasitə, eləcə də silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları təqdim edilməsi şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmş, o bildirmişdir ki, üzərində qanusuz olaraq daşıdığı narkotik maddə və yaxud qanunsuz hər-hansı bir əşya yoxdur, lakin Balakən rayonundan Zaqatala şəhərinə gəldiyi taksi avtomobilində özünün istifadə etməsi üçün Balakən rayonu Katex kəndi ərazisində ağacın dibindən tapmış olduğu qurudulmuş marixuana vardır. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd üzərində yazısı olmayan dırnaq tutan, «Argo» siqaret qutusu, sağ yan cibindən kibrit qutusu, qəpiklə 1 manat 5 qəpik dəmir pul, bir ədəd kilid açarı, içərisində 4 ədəd həb qalmış «Ortofen» həb kaseti, əynində olan açıq boz rəngli köynəyinin sol tərəfində olan üst cibindən «Samsung» telefonlarının adaptrı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində qanunsuz saxladığı narkotik tərkibli maddə olmasa da, Zaqatala şəhərinə gəldiyi «Vaz-2106» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin arxa oturacağında, Balakən rayonu Katex kəndi ərazisində, ağacın dibindən tapdığı kisənin içərisində qurudulmuş marixuana vardır. O, 28 iyun 2020ci il tarixdə saat 00:30 radələrində Zaqatala şəhərinə gəldiyi zaman Katex postunda saxlanıldıqları zaman polis əməkdaşları tərəfindən Zaqatala rayon polis şöbəsinə dəvət olunmuşdur. Aparılmış video çəkilişə aid görüntülər DVD diskə köçürülərək qablaşdırılıb protokola əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş dırnaq tutan, «Argo» siqaret qutusu, kibrit qutusu, qəpiklə 1 manat 5 qəpik dəmir pul, bir ədəd kilid açarı, içərisində 4 ədəd həb qalmış «Ortofen» həb kaseti, «Samsung» telefonlarının adaptrı onun özünə təqdim olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 28 iyun 2020-ci il tarixli 17/422 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış vərəqədə «Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə ….. » sözləri yazılmış 01 ədəd ağ rəngli sintetik kisənin içərisindəki təmiz çəkisi 3 kq, 490 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin 18 avqust 2020-ci il tarixli 715 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 05.05.2021-ci il tarixli məktubundan görünür ki, Penitensiar Xidmətdə fəaliyyət göstərən “Mərkəzi məlumat bazasında” Təqsirləndirilən şəxs adlı şəxs barəsində məlumat qeydiyyatdan keçməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 28 iyun 2020-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Məmmədov X7 RPŞ-in TB-nin təhqiqatçısı Namiq Orucov tərəfindən həmin gün saat 00:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 29 iyun 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Rusiya Federasiyası Saratov Vilayəti Yuşov Rayon Məhkəməsinin 19.01.2010-cu il tarixli hökmünə əsasən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Gəncə Şəhər 8 saylı Mənzil İstismar Sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, mənzil istismar sahəsinə Təqsirləndirilən şəxs oğlu barəsində yazılı və şifahi olaraq heç bir şikayət olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində Şahid4 Sərvan oğlunun idarə etdiyi “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaq hissəsindən aşkar edilmiş 3490 qram çəkidə qurudulmuş marixuananın ona aid olmaması, eyni zamanda həmin narkotik vasitənin Şahid5 məxsus olmasına dair verdiyi ifadəsinə hüquqi qiymət verərək, Təqsirləndirilən şəxs özünün də ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, həmin narkotik vasitəni ağaclıq ərazidən tapmasını bildirməsini, lakin sonradan narkotik vasitəni Şahid5 tanımadığı şəxsdən almasını qeyd etməsini, ibtidai istintaqın gedişində hər hansı bir etirazının olmamasını, qeyd olunanlarla bağlı verilmiş ekspert rəyini və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin qiymətləndirərək məhkəmə hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs bu xüsusatlarla bağlı məhkəmədə verdiyi ifadəsi, iş materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla təkzib edilir və o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Təqsirləndirilən şəxs Şahid4 Sərvan oğlunun idarə etdiyi “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaq hissəsindən aşkar edilmiş 3490 qram çəkidə qurudulmuş marixuananın ona aid olmaması, eyni zamanda həmin narkotik vasitənin Şahid5 məxsus olmasına dair məhkəmə istintaqında verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmadığı, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə onun 3490 qram çəkidə qurudulmuş marixuananın ona aid olmaması ilə bağlı ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış ifadə hesab edərək sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı aşkar edilmiş 3490 qram çəkidə qurudulmuş marixuananın ona aid olmaqla daşıması barədə verdiyi etirafedici ifadəsi işin hallarına uyğun və daha inandırıcı olduğuna, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla təsdiq olunduğu üçün məhkəmə onun həmin ifadələrini sübut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozitiv əlamətlərindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma kimi əlamətləri Təqsirləndirilən şəxs əməllərində mövcud olmuşdur. Onun özü də həm məhkəmə iclası zamanı, həm də ibtidai istintaq zamanı narkotik vasitəni əldə edərək daşımasını etiraf etmişdir. Onun etirazı ondan ibarət olmuşdur ki, ona həmin narkotik vasitəni Şahid5 verməsinə baxmayaraq N. Mustafayev və F. Əsgərov məsuliyyətdən kənarda qalmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Şahid4 Sərvan oğlunun ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadə verməsinə, Şahid5 və X2 hərəkətlərinə, eləcə də Təqsirləndirilən şəxs 3490 qram çəkidə qurudulmuş marixuananı aldığı şəxsin müəyyən edilərək əməlinə hüquqi qiymət verilməsi üçün cinayət haqqında məlumat aidiyyəti üzrə araşdırma aparılması üçün istintaq orqanına göndərilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs, Şahid5, X2 ifadələri ilə həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Sərvan oğlunun verdiyi ifadələr bir biri ilə ziddiyyət təşkil edir. Məhkəmə Şahid4 Sərvan oğlunun ifadəsinin “27 iyun 2020-ci il tarixdə, saat 23:40 radələrində idarə etdiyi VAZ-2106 markalı avtomobillə Balakən şəhərindən yaşadığı Balakən rayonu Katex kəndi istiqamətində gələn vaxt kəndin girişində bir nəfər adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin, əlində balaca kisə ilə yolun kənarında dayanaraq taksi axtarmasını görmüşdür. O, Təqsirləndirilən şəxs yanına çatdıqda əl edərək avtomobili saxlamışdır. O da avtomobili Təqsirləndirilən şəxs yanında saxlamış, Rüstəm ona Gəncə şəhərinə getməli olduğunu, bunun üçün Zaqatala şəhər avtovağzalına aparmasını bildirmişdir.” hissəsini inandırıcı və ağlabatan hesab etmir. Ona görə ki, sonuncunun ifadəsində göstərdiyi bu hissə iş materiallarında olan sübutlarla, digər şahid ifadələri ilə təkzib edilir. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış protokolu, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq, yəni 3490 qram çəkidə narkotik vasitə olan qrudulmuş marixuananı əldə edərək Gəncə şəhərinə yaşadığı evə aparmaq məqsədilə qanunsuz daşıyaraq Şahid4 idarə etdiyi «VAZ-2106» markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə Balakən rayonundan Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən 28 iyun 2020-ci il tarixdə saat 00:30 radələrində Yevlax- Zaqatala-Gürcüstan avtomobil yolunun 135-ci km-də yerləşən 718 saylı YPX postunda avtomobil saxlanılmış, Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün YPX postuna çağırılmış Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən Zaqatala RPŞ-nə dəvət edilmiş, polis şöbəsində baxış zamanı avtomobildən Təqsirləndirilən şəxs məxsus bir ədəd ağ rəngli kisədə həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Saratov Vilayəti Yuşov Rayon Məhkəməsinin 19.01.2010-cu il tarixli hökmünə əsasən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad olunuşdur. Penitensiar Xidmətdə fəaliyyət göstərən “Mərkəzi məlumat bazasında” isə Təqsirləndirilən şəxs adlı şəxs barəsində məlumat qeydiyyatdan keçməmişdir. Buna görə də, Azərbaycan Respublikası CM-in 18-ci maddəsinə əsasən bu hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, onun üzərində saxlayaraq daşıdığı narkotik vasitəsinin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, onun şübhəli şəxs qismində tutularaq saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alınacağı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ona CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalıdır. O, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 01 ədəd kisədə 3489,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir.Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 iyun 2020-ci il tarixdən 29 iyun 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində 29 iyun 2020-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni, 05 may 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ona CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 01 ədəd kisədə 3489,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 35,97 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar