Məhkəmə qərarları › İş №1(033)-59/2021

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-59/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-59/2021 06.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyev Fərrux Elman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əsədov Vaqif Mehralı oğlunun, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Nəbiyev Əhməd Şaban oğlunun, Təqsirləndirilən şəxs, xx.xx.1972-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Zaqatala Rayon Məhkəməsinin 07.08.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum olunmuş, Zaqatala rayon məhkməsinin 29.05.2003-cü il tarixli amnistiya haqqında Azərbaycan Respublikası MM-nin 06.05.2003-cü il tarixli qərarının 6,6.5-ci bəndinə əsasən cəzadan azad edilmiş, Zaqatala şəhəri, Faiq Əmirov küçəsi ev 11-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda bitkiləri əkib becərməklə kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi, tərkibində narkotik maddələr olan çətənə bitkisinin 03 ədəd toxumunu 2021-ci ilin iyul ayında yaşadığı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qanunsuz olaraq 01 ədəd ağ rəngli plastik qabda əkmiş və həmin toxumlardan əmələ gəlmiş xeyli miqdarda, tərkibində narkotik maddələr olan bitkilərə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə qanunsuz kultivasiya etmiş, 21 iyul 2021-ci il tarixdə, saat 19 radələrində Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən həmin fərdi yaşayış evinin həyətinə baxış keçirilərkən gizli şəkildə kultivasiya etdiyi yerdə, yəni kol-kosla örtülmüş ərazidə 01 ədəd dibçəkdə hündürlükləri 10 sm-dən 15 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 0,52 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin 03 ədəd şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Polis əməkdaşları evinə gəlməmişdən təxminən 10 gün əvvəl özü istifadə etmək üçün üç ədəd çətənə toxumunu dibçəkdə əkmiş, həmin dibçəyi isə həyətyanı sahəsində olan yarımçıq tikilidə kol-kosun içərisində saxlamışdır. Hər gün həmin dibçəkdə əkmiş olduğu toxumlara qulluq etməyə başlamış, həmin dibçəkdə olan toxumların hər üçündən çətənə bitkisi çıxmış və o həmin şitillərə də qulluq etməyə başlamışdır. 21 iyul 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gələrək ona çətənə bitkilərinin kultivasiya edilməsində şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onun razılığı ilə və mütəxəsisin iştirakı ilə onun həyətyanı sahəsinə baxış keçirtmiş, baxış zamanı həyətində olan yarımçıq tikilidə əkib kol-kosun içərisində gizlətdiyi üç ədəd çətənə bitkisinin şittiləri olan dibçəyi təqdim etmişdir. Həmin vaxt iştirak edən aqranom həmin şitillərə baxaraq aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin şitillər ekspertizaya göndərilməsi üçün köklü halda çıxarılaraq qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş və baxış zamanı başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Narkotik vasitə olan qurudulmuş marixuanadan gələcəkdə istifadə etmək üçün əkmiş, çətənə bitkisinin şitillərini əkib becərməsindən ailə üzvlərinin xəbəri olmamışdır. Hazırda törətdiyi əmələ görə peşman olmuşdur. Əməlini etiraf etməsini, peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Zaqatala şəhəri, Faiq Əmirov küçəsi ev 11-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsində şübhəli olduğu üçün tərəfindən şöbə rəhbərliyinə raportla məruzə olunmuşdur. Rəhbərlik tərəfindən PPXB-nün polis nəfəri, polis baş serjantı İlyas Bahadlurov və təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Ramazan Hüşənovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmçinin bundan başqa mütəxəssis dəvət edilmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə icazə verilməsi barədə ərizə vermiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətdə olan yarımçıq tikilinin içərisində kol-kosun arasında olan ağ rəngli plastik qabı göstərərək həmin qabın içərisində çətənə bitkiləri əkdiyini bildirmişdir. Həmin ağ rəngli plastik qaba baxdıqda qabın içərisində üç ədəd hündürlükləri 10-15 sm olan çətənə bitkiləri olduğu müəyyən edilmişdir. Həmin vaxt baxışda iştirak edən alim-aqranom Şahid İsayev həmin dibçəkdə olan üç ədəd çətənə bitkisinə aqrotexniki qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş 3 ədəd çətənə bitkisi ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri özü istifadə etmək üçün əkdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdən və evin həyətyanı sahəsindən başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Zaqatala rayon polis şöbəsinə gətirilmiş və polis şöbəsinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Zaqatala RPŞ-in əməkdaşları Şahid3 və Şahid2 da öz ifadələrində Şahid1 göstərdiklərini təsdiq etdilər. İş materallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 21 iyul 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəsinə baxış baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını əkib-əkməməsi, əgər əkirsə könüllü olaraq göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs öz istifadəsi üçün narkotik tərkibli çətənə kolları əkdiyini, həmin kolların yerini göstərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan yarımçıq tikilinin içərisində kol-kosun arasında olan bir ədəd ağ rəngli plastik qabı təqdim edərək həmin qada çətənə bitkisinin şitillərini əkdiyini göstərmişdir. Həmin plastik qabın içərisində 3 ədəd hündürlükləri 10-15 sm olan çətənə bitkisi olduğu və aqrotexniki qulluq edildiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş Qax Regional LESM-nin baş aqronomu Şahid İsayevin 21.07.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 21.07.2021-ci il tarixdə Zaqatala rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəsinə baxış keçirilərkən aşkar edilmiş 1 ədəd dibçəkdə hündürlüyü 10 sm, 13 sm və 15 sm olmaqla 3 ədəd kök üstə narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qulluq edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin verdiyi 22 iyul 2021-ci il tarixli 17/525 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə «Təqsirləndirilən şəxs yaşadığı…. Fərdi yaşayışevinin həyətində aşkar edilərək çıxardılmış…3 ədəd bitki…» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada 03 (üç) ədəd, hündürlükləri 10 sm-dən 15 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 0,52 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronom mütəxəssis Şahid İsayev tərəfindən verilmiş 21 iyul 2021-ci il tarixli aqranom rəyinə əsasən təqdim olunmuş çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin verdiyi 21 avqust 2021-ci il tarixli 982 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Şübhəli olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2021-ci il tarixdə saat 20:35-də şübhəli şəxs qismində tutulmuşdur. Tutulmanın saatı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində baxış keçirilməsinə başlandığı saatdan yəni saat 19:03 dəqiqədən hesablanmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23.07.2021-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Zaqatala RPŞ-nin İB-nin müstəntiqi İsa Çıraoqvun 23 iyul 2021-ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 iyul 2021-ci il tarixdə saat 17:25də “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Zaqatala RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən 29.07.2021-ci il tarixdə verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 07.08.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum olunmuş, Zaqatala rayon məhkməsinin 29.05.2003-cü il tarixli amnistiya haqqında Azərbaycan Respublikası MM-nin 06.05.2003-cü il tarixli qərarının 6, 6.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarına olan 29 avqust 2021-ci il tarixli sübutların qiymətlənidirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham işin hallarına uyğun gəldiyi üçün dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 206.1, 234.1 və 234.2ci maddələri ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs əməli narkotik vasitələri könüllü təqdim etmə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zərfdə olan 0,52 qram çəkidə 03 ədəd çətənə bitkisinin şitilləri və bir ədəd içərisində torpaq olan dibçək cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Zaqatala RPŞ-nin maddi sübutların saxlama otağında saxlanmışdır. İş materallarında olan Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materallarında olan Zaqatala RİHB-nın Zaqatala şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28.07.2021-ci il tarixli 1052 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19-cü bəndində göstərilir ki, CM-in 237-ci maddəsində şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nda «Narkotik vasitələr» adlanan 3 Siyahının 2-ci sırasına görə çətənə növlü bitkilər qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər hesab olunur və onun xeyli miqdarı-3-15 ədəd təşkil edir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar edilərək götürülmüş çətənə növlü bitkilər 9 ədəd təşkil edir. Məhkəmə hesab edir ki, yuxarıda şərh edilən cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirli olması onun özünün məhkəmədə verdiyi etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi, tərkibində narkotik maddələr olan çətənə bitkisinin 03 ədəd toxumunu 2021-ci ilin iyul ayında yaşadığı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qanunsuz olaraq 01 ədəd ağ rəngli plastik qabda əkmiş və həmin toxumlardan əmələ gəlmiş xeyli miqdarda, tərkibində narkotik maddələr olan bitkilərə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə qanunsuz kultivasiya etmiş, 21 iyul 2021-ci il tarixdə, saat 19 radələrində Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən həmin fərdi yaşayış evinin həyətinə baxış keçirilərkən gizli şəkildə kultivasiya etdiyi yerdə, yəni kol-kosla örtülmüş ərazidə 01 ədəd dibçəkdə hündürlükləri 10 sm-dən 15 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 0,52 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin 03 ədəd şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməklə törətdiyi cinayət əməlindən peşmançılıq hisləri keçirməsi, bir daha cinayət əməli törətməyəcəyinə söz verməsi, ailəsinin yeganə qazanc mənbəyi olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən həmin Məcəllənin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Lakin, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyəti, etdiyi əməlin az ağır cinayətlər qrupuna aid olması bunu deməyə əsas verir. Bu baxımdan Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən əməlini etiraf etməsi və əməlindən peşman olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21.07.2021-ci il tarixdən saat 19:03-dən 23.07.2021-ci il tarixə saat 17:25-dək həbsdə saxlandığı müddət 02 (iki) gün nəzərə alınaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator narkoloji ekspertizasının rəyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə pofilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla əlaqədar məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq, Zaqatala Rayon Polis Şöbəsində saxlanılan üzərində «Təqsirləndirilən şəxs yaşadığı…. Fərdi yaşayış evinin həyətində aşkar edilərək çıxardılmış…3 ədəd bitki…» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada 03 (üç) ədəd, hündürlükləri 10 sm-dən 15 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 0,52 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri və bir ədəd içərisində torpaq olan dibçək hökm qanuni qüvvəyə mindikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam həcmdə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs alınaraq, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi zərər yoxdur. Qeyd olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 21.07.2021-ci il tarixdən 23.07.2021-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi alti) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində elektron nəzarət vasitəsi tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Zaqatala rayonu ərazisinin hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yeri olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Zaqatala Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsinə göndərilsin. İş üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan üzərində «Təqsirləndirilən şəxs yaşadığı…. Fərdi yaşayışevinin həyətində aşkar edilərək çıxardılmış…3 ədəd bitki…» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada 03 (üç) ədəd, hündürlükləri 10 sm-dən 15sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 0,52 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri və bir ədəd içərisində torpaq olan dibçək hökm qanuni qüvvəyə mindikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat təşkil edən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar