Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-12/2021 28.01.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, orta təhsilli, X8 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olan, Gədəbəy rayonu, Dikdaş kəndində yaşayan, barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində Gədəbəy rayonu, Dikdaş kəndində yerləşən evinin qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu yaba ilə vuraraq, ona döş qəfəsinin arxa səthinin şişkinliyi, geniş ölçülü qançırı və sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər yetirdiyinə görə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, ifadə verərək, göstərmişdir ki, o, hazırda arvadı Şahid3 ilə birlikdə Gədəbəy rayonu, Dikdaş kəndində yaşayır. Zərərçəkmiş şəxs qonşusu və arvadı Təranənin əmisi oğludur. Ramizlə əvvəllər münasibətləri yaxşı olmuş, ona qarşı düşmənçiliyi, ədavəti olmamışdır. Yaşadıqları kəndin ərazisindən keçən “Zəyəm” çayının kənarında arvadı Təranənin də istifadə etdiyi biçənək sahəsi vardır. Lakin həmin ərazi əslində kənd camaatının ümumi istifadəsində olan biçənək ərazisidir. Bir müddət həmin biçənəyi Təranənin qardaşı X5 istifadə etmişdir. Son bir neçə ildir həmin biçənəyi Aqil istifadə etmək üçün onlara vermişdir. Oranı biçib təsərrüfatlarında olan heyvanları saxlayırlar. xx xxxx 2020-ci il tarixdə qonşusu Ramiz həmin biçənəyin otunu onlara xəbər vermədən biçmişdir. xx xxxx 2020-ci il tarixdə həmin yerə gedəndə sahənin biçildiyini görmüşdür. Sonradan bilmişdir ki, oranı Ramiz biçib. xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində Təranə ilə yaşadığı evin həyətinə çıxıb mal-qaraya qulluq etmişlər. Həmin vaxt Ramiz əlində bel gəlmiş, ondan otu niyə biçdiyini soruşmuşdur. Ramizin danışığından əsəbi olduğunu və əlindəki bellə onu vurmaq istədiyini hiss etmişdir. Ramiz onu nalayiq ifadələrlə söymüş, ona yaxınlaşıb, bellə onu vurmaq istəyən zaman, o, beli Ramizin əlindən alıb kənara tullamışdır. Həmin vaxt Təranə də evin həyətində yanında olmuşdur. Ramizlə arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Ramiz hasarın kənarında olan yabanı götürüb arvadı Təranənin baş nahiyyəsindən vurmuşdur. Təranə zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra o, Ramizin üstünə getmiş, Ramizin əlində olan yabanı tutmuş və onlar çəkişməyə başlamış, o, yerə yıxılmışdır. Ramiz üstünə çıxıb yabanı boğazına tərəf sıxmağa başlamışdır. O, isə əlilə yabanı tutub saxlayaraq boğmasına imkan verməmişdir. Bu vaxt Təranə yerdən kərpici götürüb Ramizin baş nahiyəsindən vurmuşdur. Ramizin başına kərpic parçası dəydiyinə görə üstündən qalxmışdır. Onlar mübahisə edən zaman Ramizin arvadı Xoşqədəm və oğlu Aslan gəlmişlər. Aslan atası Ramizi sakitləşdirmiş və mübahisə saldığına görə iradını bildirmişdir. Xoşqədəm isə əlini atıb Təranənin sacını yolmuşdur. Aslan anası Xoşqədəmi sakitləşdirmiş və onlar çıxıb evlərinə getmişlər. Zərərçəkmiş onun arvadı Təranənin vurduğuna görə digər bir işdə cinayət məsuliyyətinə cəlb edilmişdir. O, zərərçəkmişə heç bir xəsarət yetirməmişdir. Ona görə də bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, o, hazırda Gədəbəy rayonu, Dikdaş kəndində yaşayır. Şahid3 əmisi qızıdır. Təqsirləndirilən şəxs Sadiq oğlu isə Təranənin əridir. Təranə və Hamletlə əvvəllər münasibətləri yaxşı olmuş, onlara qarşı düşmənçiliyi, ədavəti olmamışdır. 1980-ci ildən yaşadığı kəndin ərazisindən keçən “Zəyəm” çayının sahilində olan ərazidən biçənək kimi istifadə etmişdir. Bəzən həmin çay daşır və sel suyu sahili yuduğuna görə oradan ot biçmək mümkün olmur. Həmin biçənək sahəsi heç kimə məxsus deyil, dövlətindir. Kim istəsə biçir. İstifadəsində olan biçənək sahəsində olan söyüd ağaclarından Təranənin qardaşı X2 yaşadığı evi istiqamətində olan biçənək sahəsi var. Bu ilin iyun ayının sonlarında biçənək sahəsinin otunu biçmişdir. Aqilgilin biçənək sahəsi ilə aralığı biçərək sərhəd açmışdır ki, sərhədlər bilinsin. xx xxxx 2020-ci il tarixdə qonşusu Hamletin biçənək ərazisini biçərək, 3-4 lay otu yığdığını bilmişdir. Ona görə biçənək ərazisinə gəlmiş və orada olan 3-4 lay otu çaya tökmüşdür. xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində evindən çıxıb biçənək sahəsinə gəlmiş və qalan otu biçildiyini görmüşdür. O, biçənək sahəsinə baxdıqdan sonra evinə qayıtmış və evinin qarşısında Hamleti görüb, otu kimin biçdiyini soruşmuşdur. Həmin vaxt evin həyətində olan əmisi qızı Təranə gəlmiş və onu söyüb təhqir edərək otunu biçməkdə haqlı olduqlarını demişdir. Ona görə də aralarında münaqişə başlamışdır. Münaqişə zamanı Hamlet yaxasından tutmuşdur. Onlar çəkişən zaman Təranə əlinin içində tutduğu daş parçası ilə baş nahiyəsindən vurmuşdur. Zərbə başına dəydiyinə görə yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra Hamlet yaba ilə bel-kürək nahiyəsinə vurmuşdur. O, huşunu itirib yerdə qalmışdır. Bir neçə dəqiqədən sonra həyat yoldaşı Şahid1 və oğlu Aslan gəlib, onları sakitləşdirmişlər. O, evinə getmiş və sonra polisə bölməsinə gedib şikayət ərizəsi yazmışdır.Həmin mübahisə 2-3 dəqiqə ərzində davam etmişdir. Təqsirləndirilən şəxs müalicə edilməsi üçün ona maddi yardım etməmiş və barışığa cəhd göstərməmişdir. Ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, hazırda ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Dikdaş kəndində yaşayır. Zərərçəkmiş şəxs əridir. Şahid3 və onun əri Təqsirləndirilən şəxs qohumları olmaqla yanaşı, həm də qonşularıdır. Onlarla əvvəllər münasibətləri yaxşı olmuş, onlara qarşı düşmənçiliyi, ədavəti olmamışdır. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında ev işlərini gördükdən sonra heyvanları yemləməyə getmişir. Sonra qayıdıb evinə gəlmişdir. Həmin vaxt oğlu Aslan və əri Ramiz də evdə olmuşlar. Bir müddət sonra əri Ramiz evdən çıxmış və heyvanları örüşə aparmağa getmişdir. Saat 06 radələrində oğlu Aslanla evində olan zaman bayırdan davadalaş səsləri eşitmişdir. O, oğlu ilə birlikdə evinin həyətinə çıxanda görmüşdür ki, Hamlet Ramizin yaxasından tutub dartışdırır. Həmin vaxt Təranə əri Ramizə yaxınlaşıb başının arxa nahiyəsinə əli ilə vurmuşdur. Ramiz yerə yıxılmışdır. Ramiz yerdə olan zaman Hamlet yaba ilə onun bel-kürək nahiyəsindən vurmuşdur. O, oğlu Aslanla yaxınlaşanda Təranənin əlinin içində daş olduğunu görmüşdür. Ramizin başı qanamış və huşsuz vəziyyətdə yerdə qalmışdır. Onlar Hamleti və Təranəni sakitləşdirmişlər. Əri Ramiz özünə gəldikdən sonra polisə bölməsinə gedib şikayət ərizəsi yazmışdır. Münaqişə 2-3 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, hazırda Gədəbəy rayonu, Qaraməmmədli kəndində yaşayır. Təqsirləndirilən şəxs əridir. Zərərçəkmiş şəxs həmkəndlisi və qohumu olmaqla qonşuluqda yaşayır. Ramizə qarşı əvvəllər düşmənçiliyi, ədavəti olmamışdır. Lakin, Ramiz və ailə üzvləri ev heyvanlarını məhləsinə buraxdıqları üçün əvvəllər aralarında bir neçə dəfə münaqişələri olmuşdur. Sonuncu dəfə xx xxx 2020-ci il tarixdə münaqişə zamanı Ramizin qardaşı X3 onu vurduğuna görə polisə şikayət etmiş və onu cərimələmişlər. Bundan sonra xx xxxx 2020-ci il tarixdə Ramiz kənddən axan çayın kənarında olan sahəsini biçmişdir. Həmin biçənək sahəsini qardaşı X5 biçmək üçün ona vermişdir. xx xxxx 2020-ci il tarixdə əri Ramizlə çayın kənarında olan sahəyə getmiş və Ramizin biçdiyi yerdən artıq qalan hissədən bir qədər yer biçmişlər. xx xxxx 2020-ci il tarixdə səhər saat 06 radələrində əri Hamletlə evdən yenicə çıxıb mal-qaranı rahatlamaq istəmişlər. Bu vaxt Ramiz əlində bel evin həyətinə gəlmiş və Hamletə irad bildirərərk, onu vurmaq istəmişdir. Hamlət beli Ramizin əlindən alıb kənara atmışdır. O, Ramizin yanına gedib ona yerin onlara məxsus olduğunu demişdir. Həmin vaxt Ramizlə arasında mübahisə başlamışdır. Mübahisə zamanı Ramiz hasarın qırağında olan yabanı götürüb baş nahiyəsinə bir dəfə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Özünə gələn zaman görmüşdür ki, Ramiz əri Hamleti yerə yıxıb və yabanı boğazına sıxır. Hamlet isə yabanı əlləri ilə saxlayır. Ramizin ərinə nəsə edəcəyindən qorxmuş, yerdən kərpic parçasını götürüb Ramizin baş nahiyəsinə vurmuşdur. Ramiz Hamletin üstündən qalxmışdır. Ramizin arvadı Xoşqədəm və oğlu Aslan gəlmişlər. Xoşqədəm onun saçından tutmuşdur. X1rı sakitləşdirmiş və onlar birlikdə getmişlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-cimaddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Gədəbəy Rayon Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli 451 nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın (təpə-alın nahiyəsinin) əzilmiş səthi yarası, şişkinliyi və qançırı (ənsə nahiyəsinin), döş qəfəsinin arxa səthinin şişkinliyi, geniş ölçülü qançırı və sıyrığı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxx 2020-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin arxa səthinin şişkinliyi, geniş ölçülü qançırı və sıyrığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyildir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X8 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. İşdə olan Xasiyyətnamədən görünür ki, Sadıxov X4 rayonu, Köçəsgər kəndində qeydiyyatda olmaqla Gədəbəy rayonu, Dikdaş kəndində yaşayır və müsbət xarakterizə edilir. İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə 1 (bir) ədəd yaba maddi sübut kimi tanınmış, təqsirləndirilən və zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olandan sonra saxlanması üçün Gədəbəy RPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmadığını, ona hər hansı bir xəsarət yetirmədiyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs xəsarətin ona məhz təqsirləndirilən şəxs tərəfindən yaba ilə yetirildiyini bildirmişdir. İş üzrə şahidlər Quliyeva Xöşqədəm Müsəllim qızı və Şahid2 da məhkəmə iclasında zərərçəkmişin sağlamlığına yüngül zərər yetirilməsinə səbəb olmuş xəsarətlərin məhz təqsirləndirilən şəxs tərəfindən yaba ilə yetirildiyini bildirmişlər. Digər Şahid3 da məhkəmə iclasında təqsirləndirilən şəxslə zərərçəkmişin dava etdiklərini biri-birilərini vurduqlarını bildirmiş və bununla da zərərçəkmişin sağlamlığına yüngül zərər yetirilməsinə səbəb olan xəsarətlərin məhz təqsirləndirilən şəxs tərəfindən yetirildiyini təsdiq etmişdir. Yəni, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində Gədəbəy rayonu, Dikdaş kəndində yerləşən evinin qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu yaba ilə vuraraq, ona döş qəfəsinin arxa səthinin şişkinliyi, geniş ölçülü qançırı və sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər yetirmiş və bununla da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirlən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış yaba hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış yaba hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-12/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-12/2021
28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver