Məhkəmə qərarları › İş №1(043)-49/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-49/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-49/2021 04.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Kəlbəcər rayonu, Başlıbel kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda, yəni ümumi təmiz çəkisi 5,782 qram narkotik vasitə heroin və şəxsi istehlak miqdarında təmiz çəkisi 0,197 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 20.10.2020-ci il tarixdə saat 21:40 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən "Dəyirman dairəsi" adlanan ərazidə ölkə ərazisində elan olunmuş Hərbi vəziyyət rejimi ilə əlaqədar tətbiq edilən komendant saatının tələbini pozduğundan Kəpəz RPİ-nin əməkdaşları tərəfindən idarə etdiyi “Haval H2” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq narkotik vasitənin təsiri altında olması və narkotik vasitə saxlaması şübhəsi yarandığından Gəncə şəhəri, Heydər Əliyev prospekti 265 ünvanda yerləşən Gəncə şəhər Kəpəz RPİ-nə gətirilib üzərinə baxış keçirilərkən əynindəki şalvarın sağ arxa cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq külli miqdarda üç ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3.151 qram, 2.277 qram, 0.354 qram, ümumi təmiz çəkisi 5.782 qram narkotik vasitə heroin və şəxsi istehlak miqdarında bir ədəd kağız bükümdə təmiz çəkisi 0.197 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, müxtəlif vaxtlarda ayrı-ayrı tanımadığı şəxslərdən müxtəlif növlərdə narkotik vasitələr alaraq istifadə etmişdir. Şəxsi işləri ilə bağlı 20 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinə getmiş, Bərdə şəhərində dört yol adlanan yerdən keçən zaman yerdən yolun kənarında sellefon paketə bükülmüş vəziyyətdə olan kütlə tapmışdır. Həmin tapdığı kütləni avtomobil ilə aparmış və orada içinə baxan zaman həmin bükülülərin sellefona bükülmüş dörd ədəd heroin, bir ədəd kağız bükümdə marixuana olduğunu aşkar etmişdir. Narkotik maddə aludəçisi olduğu üçün həmin maddələrdən özünün istifadəsi üçün kütlələri saxlamaq qərarına gəlmişdir. Bir ədəd bükümdə narkotik vasitə heroini iyləmək yolu istifadə etmiş və digər bükümləri şalvarının arxa cibinə qoymuşdur. Daha sonra idarə etdiyi “Haval H2” markalı ** PC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhərinə qayıdan zaman Gəncə şəhəri Ş.İ.Xətai prospektində “Dəyirmanın dairəsi” adlanan yerdə saat təxminən 21:40-da yolda dayanmış 3 nəfər polis əməkdaşı onu saxlamışlar. Həmin vaxt onun komendant saatı ilə bağlı heç bir icazəsi və üzərində şəxsiyyətini təsdiq edən sənədi olmamış, buna görə də həmin polis əməkdaşları oraya başqa polis əməkdaşlarını çağıraraq onu Gəncə şəhər Kəpəz RPİ-nə aparmaları üçün təhvil vermişlər. O da avtomobili ilə birlikdə həmin polislərlə Kəpəz RPİ-nə gəlmişdir. O, üzərində narkotik vasitə olduğu üçün polis idarəsinin qarşısından qaçmaq istəmiş, bu zaman polis əməkdaşları onu tutaraq yenidən saxlamış və Kəpəz RPİ-nə gətirmişlər. Polis İdarəsində üzərinə baxış keçirilmişdir. Baxış zamanı sağ arxa cibindən siqaret qutusunun içərisindən sellofon paket çıxarılmışdır. Həmin paketin içərisində olan 3 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu, ailə vəziyyətini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Gəncə şəhər BPİ-nin PPXT-nun polis nəfəri, polis sıravisi vəzifəsində xidmət etmişdir. 20 oktyabr 2020-ci il tarixdə saat 21:40 radələrində ölkə ərazisində tətbiq edilən komendant saatı ilə əlaqədar olaraq Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən "Dəyirman daiəsi" adlanan ərazidə Gəncə şəhər BPİ-nin PPXT-nun polis nəfəri, polis sıravisi Şahid2 ilə birlikdə xidmətdə olan zaman polis əməkdaşı onları "Dəyirman dairəsində" olan stasionar posta dəvət etmişdir. Həmin posta yaxınlaşan zaman “Haval H2” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən adı sonradan məlum olan Təqsirləndirilən şəxs heç bir icazəsinin olmadığı, komendant saatı rejiminin tələbini pozduğu məlum olmuşdur. Həmçinin ilk baxışdan narkotik vasitənin və ya alkaqol tərkibli içkinin təsiri altında olması şübhəsi yarandığı üçün polis baş leytenantı Şahid4 tərəfindən Gəncə şəhər Kəpəz RPİ-nə aparılması üçün onlara təhvil verilmişdir. Təqsirləndirilən şəxs avtomobil ilə birlikdə Kəpəz RPİ-nə gətirən zaman sonuncu polis idarəsinin qarşısında avtomobili saxlayaraq qaçmaq istəmiş, bu zaman tərəflərindən saxlanılaraq Kəpəz RPİ-nə gətirilib Növbətçi Hissəyə təhvil verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqda şübhəli olduğundan üzərinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün şübhəli şəxs qismində tutulmuşdur. Kəpəz RPİ-də onun üzərinə baxış keçirilən zaman əynində olan şalvarının sağ arxa cibindən 1 ədəd kağız bükümdə marixuana, 3 ədəd sellofan bükümdə narkotik vasitə heroin və siqaret falqasına bükülmüş narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20.10.2020-ci il tarixdə saat 21:40 radələrində ölkə ərazisində tətbiq edilən komendant saatı ilə əlaqədar Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Dəyirman dairəsi” adlanan ərazidə yerləşən stasionar postda xidmətdə olarkən Haval H2 markalı bir avtomobil posta yaxınlaşdı və avtomobili saxladılar. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürmək üçün heç bir icazəsi yox idi və komendant saatı rejiminin tələbini pozmuşdu. Sürücü Təqsirləndirilən şəxs hərəkətlərində qəribəliklər hiss etdilər, sanki o narkotik vasitənin və ya spirtli içkinin təsiri altında idi. Buna görə radiostansiya vasitəsi ilə ərazidə olan post-patrul xidmətinin əməkdaşları oraya çağırıldı və Təqsirləndirilən şəxs Kəpəz RPİ-nə aparılması üçün onlara təhvil verildi. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqda şübhəli olduğundan tutulmuş və üzərindən 5 ədəd bükümdə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 da Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, 20.10.2020-ci il tarixdə günorta saatlarında evdə olan zaman Amil onun yaşadığı evə gəlmiş və ondan işlərini həll etmək üçün bir-iki saatlıq avtomobilini istəmişdir. Mən də onun xətrinə dəyməmək üçün kreditlə aldığım Haval 2 **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili ona verdim. Təxminən axşam saat 22 radələrində bir nəfər polis əməkdaşı ona zəng edərək Amilin komendant rejiminin tələblərini pozduğunu və polis tərəfindən saxlanıldığını bildirdi. Ondan avtomobilinin Təqsirləndirilən şəxs tərəfindən idarə edildiyini bilib-bilməməsi soruşuldu və o da cavabında avtomobili Amilə özünün verdiyini dedi. Sonra ona məlum olmuşdur ki, Amil saxlanıldıqdan sonra polis idarəsinə gətirilmiş və üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının 21 oktyabr 2020-ci il tarixli 16/720 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.” sözləri yazılmış kağız paketdəki 3 (üç) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkisi 3,151qram, 2,277 qram, 0,354 qram, ümumi təmiz çəkisi 5,782 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin rəydən görünür ki, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,197 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Bir ədəd “gümüşü” rəngli falqanın üzərində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. Əlavə məhkəmə-kimyəvi ekspertizasının 16 dekabr 2020-ci il tarixli 16/818 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.” Sözləri yazılmış kağız paketdəki 3 (üç) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2020-ci il tarixli 983 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “xxxx” LTD MMC-də daxil olmuş çıxarışların qeydə alındığı 1 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus istifadəsində olan 055 *** ** ** mobil nömrəsinə daxil və xaric olan smslər aşkar edilməmişdir. Daxil və xaric olan telefon zənglərinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil nömrəsi ilə 20.10.2020-ci il tarixdə və əvvəlki tarixlərdə Pərviz Bağırzadənin adına qeydiyyata alınmış 055 *** ** ** mobil nömrəsi ilə, Samir Səfərlinin adına qeydiyyata alınmış 055 *** ** ** mobil nömrəsi ilə, Amil Məmmədovun adına qeydiyyata alınmış 055 *** ** ** mobil nömrəsi ilə, öz adına qeydiyyata alınmış 055 *** ** ** mobil nömrəsi ilə, İsmayıl İbrahimovun adına qeydiyyata alınmış 055 *** ** ** mobil nömrəsi ilə mütəmadi olaraq əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs 055 *** ** ** və 055 *** ** ** mobil nömrəsini tanışı Şahid5, 055 *** ** ** mobil nömrəsini arvadının istifadə etməsini, 055 *** ** ** mobil nömrəsini isə qardaşı Təqsirləndirilən şəxs istifadə etməsini bildirmişir. Zənglərin anten dairələrindən görünür ki, 20.10.2020-ci il tarixdə edilmiş zənglərin daha çox hissəsi Gəncə şəhəri, Şahsevənlər küçəsi 153 ərazilərində qeydə alınmışdır. 15.10.2020-ci il tarixdə 20.10.2020-ci il tarixə qədər edilmiş zənglərin anten dairəsi Bərdə rayonu ərazisində qeydə alınmamışdır. Əməliyyat tapşırığına verilmiş 10.12.2020-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və qurudulmuş marixuananı həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilməmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması və satdığı şəxslərin dairəsinin müəyyən edilməsi ilə bağlı heç bir əməliyyat məlumatı daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 16 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 ədəd polietilen kəsiyi bükümlərində olan qalıq çəkisi 5,482 qram narkotik vasitə heroin, 1 ədəd kağız bükümdə qalıq çəkisi 0,147 qram narkotik vasitə qurudulmuş marixuana, üzərində heroin izləri olan bir ədəd gümüşü rəngli falqa, eləcə də 20.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilməsinin videogörüntülərinin qeydə alındığı 2 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram, qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarındın artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, küllü miqdarın (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram olması göstərilmişdir. Gəncə şəhər Nizami rayon məhkəməsinin 08 may 2008-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay 15 gün müddətində islah işləri cəzasına məhkum edilmişdir.Gəncə şəhər Probasiya şöbəsindən daxil olmuş məktuba əsasən Təqsirləndirilən şəxs barəsində olan Gəncə şəhər Nizami rayon məhkəməsinin 08.05.2008-ci il tarixli hökmü şöbənin arxivində aşkar edilmədiyindən Təqsirləndirilən şəxs islah işləri cəzasını çəkib-çəkməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmamışdır. Azərbaycan Respublikası DSMF-nun Kəlbəcər rayon şöbəsi tərəfindən verilmiş 010261 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA 276773 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Gəncə şəhər Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 01 dekabr 2020ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 4(043)-89/2020 saylı, 22.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 20.10.2020-ci il tarixdən hesablanmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 4(104)-95/2020 saylı, 06.11.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 4(043)-89/2020 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti 20.01.2021-ci il tarixədək müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, İİ qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlaması, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 20.10.2020-ci il tarixdən 20.01.2021-ci il tarixədək olan müddətdə həbsdə və ev dustaqlığında olmuşdur. Odur ki, onun həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 ədəd polietilen kəsiyi bükümlərində olan qalıq çəkisi 5,482 qram narkotik vasitə heroin, 1 ədəd kağız bükümdə qalıq çəkisi 0,147 qram narkotik vasitə qurudulmuş marixuana və üzərində heroin izləri olan bir ədəd gümüşü rəngli falqa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64,80 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20.10.2020-ci il tarixdən 20.01.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 3 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü madəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla 3 ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdilsin və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 5,482 qram narkotik vasitə heroin, 0,147 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd gümüşü rəngli falqa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 64,80 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar