Məhkəmə qərarları › İş №1(044)-104/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-104/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-104/2021 01.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Qalaksi” firmasında mühasib vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, F.Əliyev küçəsi,1-ci döngə,ev 8,mənzil 7 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15.11.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 19.11.2020-ci il tarixdən testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 22.11.2020-ci il tarixdə, saat 16 radələrində yaşadığı ünvan 2 ünvanını qanunsuz tərk edib Gəncə şəhəri, Totanlı qəsəbəsində yerləşən Mərkəzi Klinikanın qarşısına gedərək epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır.Bununla da o, Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirmişdir ki, 22.11.2020-ci il tarixdə, saat 16-17 radələrində yaşadığı evdən işlədiyi Qalaksi firmasına məxsus, lakin onun istifadəsində olan VAZ 21015 markalı, ** DR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri Totanlı qəsəbəsində yerləşən Mərkəzi Klinikaya Covid-19 virusu ilə əlaqədar ciyərlərində buzlaşma olub-olmamasını yoxlatmaq məqsədilə gedirmiş. Həmin vaxt yaşadığı evdən çıxaraq kənar şəxslərlə təmasda olmadan bir başa Mərkəzi Klinikaya doğur getmişdir. Onunla birlikdə avtomobildə heç kim olmamışdır. O öz maşını ilə Mərkəzi Klinikaya çatmağına az qalmış onun istifadəsində olan mobil nömrəyə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim edən Rasim müəllim yaşadığı evi tərk etməyinin səbəbini soruşmuş və olduğu yerdə qalmağını istəmişdir. O isə Mərkəzi Xəstəxanaya daxil olmadan yolun kənarında idarə etdiyi VAZ 21015 markalı avtomobilini saxlamışdır. Həmin vaxt orada polis əməkdaşları ona yaxınlaşıb sosial məsafəni qorumaqla onunla profilaktiki söhbət etmiş və onu evinə göndərmişlər. O yaşadığı evdə qalmaqdan darıxdığına görə 22.11.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanmazdan əvvəl də Gəncə şəhəri ərazisində özünə məxsus avtomobil ilə hərəkət etmiş, həmin vaxt tək olmuş və heç kimlə təmasda olmamışam. Bundan sonra sağalanadək o evdən bir daha çıxmamışdır. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində 2 azyaşlı uşağı olduğunu, cərimə cəzasını icra etməyə maddi imkanı olmadığını nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o daxili işlər orqanlarında 1981-ci ildən, tutduğu vəzifədə isə 2018-ci ildən xidmət edir. Gəncə şəhəri BPİ-nin Xüsusi Təyinatlı Bölmələrinin komandir müavini vəzifəsində çalışır. Funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə hal-hazırda ölkəmizdə də yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə rəhbərlik etdiyi bölmə tərəfindən nəzarət həyata keçirilir. Bununla bağlı daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və s.üsullardan istifadə edilir. 22.11.2020-ci il tarixdə “Covid-19” virusunun daşıyıcısı Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib digər şəxslərlə ünsiyyətdə olaraq onları virusa yoluxdurma təhlükəsi yaratması ilə bağlı baş polis idarəsinə daxil olmuş əhatə dairəsini tərk edənlərin siyahısını nəzərdən keçirərkən ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşayış yerini tərk etdiyini aşkar edərək istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, telefon danışığı zamanı o Təqsirləndirilən şəxs harada olmasını soruşduqda Asəf Gəncə şəhəri ərazisində olduğunu, yaşadığı evi tərk etdiyini, Gəncə şəhəri Totanlı qəsəbəsi ərazisində olduğunu, Mərkəzi Klinikaya yaxınlaşdığını, müalicə olunmaq məqsədilə həmin istiqamətdə getdiyini bildirmişdir. O Təqsirləndirilən şəxs olduğu yerdə qalmasını və hərəkət etməməsini tapşırmış, Təqsirləndirilən şəxs olduğu yerə yaxınlaşan zaman aktiv COVİD-19 virusu xəstəsi olduğunu, özünütəcrid qaydalarına əməl edərək yaşayış yerini tərk etməməli olduğu halda evdən çıxdığını aşkar etmişdir. “Covid- 19” virus daşıyıcısı Təqsirləndirilən şəxs ilə sosial məsafə gözləməklə profilaktiki söhbət edərək onu yaşadığı evə getməsini təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və Gəncə şəhər 6 nömrəli poliklinikanın sahə həkimi vəzifəsində çalışır. Həmin klinikanın 20 nəfər sahə həkimi var. Koronovirus pandemiyası yayıldıqdan sonra xəstələrin sayı artdığı üçün sahə həkimləri ilə bərabər o da ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Həmin xəstəliyin inkubasiya dövrü 14 gündür. Əldə etdikləri tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən onlara göndərilir və onlar klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edirlər. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən onlara daxil olmuş məlumata əsasən poliklinikanın sakini, ünvan 4-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. Bundan sonra həmin şəxsin adı poliklinikanın ilkin müraciət edənlərin qeydiyyatı jurnalına və əmək qabiliyyəti olmamaq vərəqələrinin qeydiyyatı kitabına qeyd olunmuş və adına ambulator xəstənin tibbi kartası açılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ***-***-**-** saylı istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan nömrə ilə əlaqə saxlayaraq xəstəyə Vitamin C həblərinin, Maqnezium-sulfat, sink, Parasitamol dərman vasitələrini qəbul etməsi tövsiyyə edilmiş, eyni zamanda 14 gün ərzində yaşayış yerini tərk etməməli olması barədə xəbərdarlıq edilmişdir. Eyni qaydada 14 gün ərzində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmişdir və 14-cü gün, yəni 04.12.2020-ci il tarixdə onun səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxartmışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzindən verilmiş 03 dekabr 2020-ci il tarixli, 4247 saylı məktubdan görünür ki, Gəncə şəhəri,F.Əliyev küçəsi,1 döngə,bina 8,mənzil 7-də qeydiyyatda olan 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 19.11.2020-ci il tarixdə COVİD- 19 virusuna yoluxmasına görə Gigiyena və Epidemiologiya Mərkəzində qeydiyyata götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi 6 nömrəli şəhər Poliklinikasının 04.12.2020-ci il tarixli 601 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri,F.Əliyev küçəsi,1 döngə,bina 8,mənzil 7 ünvanında yaşayan,xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 19.11.2020-ci il tarixində,Covid-19 qarşı burun-udlaqdan yaxma vermiş və cavab pozitiv(+) çıxmışdır.20.11.2020-ci il tarixində xəstə poliklinika tərəfindən ev müşahidəsi nəzarətinə götürülmüş və müalicə almışdır.Xəstə 14 gün ev müşahidə nəzarətində saxlanılmış və 04.12.2020-ci il tarixində isə karantin müddəti bitmişdir. İş materiallarına əlavə edilmiş 13.01.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər 6 nömrəli şəhər poliklinikasının sahə həkimi Şahid2, hal şahidləri Pirani Elçinin və Kamran Abdiyevin iştirakı ilə 1 ədəd “Ambulator xəstənin tibbi kartası”na baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin karta 20.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına açılmış və kartanın 2-ci vərəqində xəstəliyin simptomlarına əsasən ona COVİD-19 diaqnozunun qoyulması qeyd edilmişdir. Bundan başqa, həmin kartada xəstə Təqsirləndirilən şəxsla aparılmış telefon əlaqələri barədə qeydlər öz əksini tapmışdır. Belə ki, həmin kartadan müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxslə 20.11.2020-ci ildə telefon əlaqəsi saxlanılaraq ona ev şəraitində müalicə olunması, evdən çölə çıxmaması tövsiyyə edilmişdir. İş materiallarında olan “koronavirusinfo.az” internet səhifəsindən “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X1 və Azərbaycan Respublikasının İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş Tibb işçiləri üçün müvəqqəti rəhbərlikdən aydın olur ki, mövcud sübutlar “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürüldüyünü göstərir. Xəstəylə təmasda olan və ya xəstəyə qulluq edənlər arasında yoluxma riski ən yüksəkdir. “COVİD- 19” virusu təsdiqlənmiş xəstələrə 14 gün ev izolyasiyası tədbiq edilir. Müvafiq xəstəliyin inkubasiya dövrü 14 günədək ola bilər. Xəstə monitorinq müddətini evdə keçirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları, videogörüntülər və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10 avqust 2005-ci il təvəllüdlü X4 və 08 sentyabr 2006cı il təvəllüdlü X2 adlı 2 uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi məhkum Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya İdarəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar