Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-11/2021 04.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM-in) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) Zərərçəkmiş şəxs anası Şahid1 təqaüdə çıxardacağı barədə yalan vədlər verməklə inandırıb etibardan suiistifadə etmə və aldatma yolu ilə xx xxxxxxxx 2017-ci il tarixdə Gəncə şəhəri, Cavadxan küçəsində 700 manat, xx xxxxxx 2017-ci il tarixdə Cavadxan küçəsində “Muğan Bank”ın qarşısında 1500 manat, 2017-ci ilin dekabr ayında günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhər Mərkəzi poçtdan göndərdiyi 150 manat pulu Bakı şəhərində əldə etməklə, 2017-ci ilin dekabr ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı Gəncə şəhəri Dəyirman dairəsinin yaxınlığında yerləşən mənzildə 300 manat, xx xxxxxx 2018-ci il tarixdə Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən “Kapital bank”ın içərisində 100 manat, 2018-ci ilin ortalarında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Cavadxan küçəsində 250 manat pulunu, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs vahid niyyətlə 3000 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, işdə olan və tədqiq olan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və anası Şahid1 təxminən 2017-ci ildən tanımışdır. Onun sonuncularla tanışlığı keçmiş həyat yoldaşı Pərvanə Məmmədovanın vasitəsilə olmuşdur. Belə ki, X2 şəhər Abbas Səhhət poliklinikasında tibb bacısı işləmişdir. Təxminən 2017-ci ilin avqust ayında Zərərçəkmiş şəxs müayinə olunması üçün Pərvanənin yanına gəlmiş, həmin vaxt o da orada olmuşdur. Həmin vaxt Nuriyə Pərvanəyə anası Aybənizin şəkər xəstəsi olduğunu, lakin nevroloji xəstəliklə bağlı xəstəxanada yatdığını və həmin xəstəliklə bağlı anası Aybənizi təqaüdə çıxartmaq istədiklərini, lakin 3 saylı TTY xəstəxanasında yerləşən uşaq polikilinikasının həkimi Səadət həkimin həmin işi görmək üçün 4500 manat pul istədiyini, lakin həmin pula gücləri çatmadığını demişdir. Bu zaman Pərvanə ona səhiyyədə işləyən qohumu olduğunu demiş, ondan Nuriyəgilə kömək edə biləcəyini soruşmuşdur. O, isə bunun bir az çətin məsələ olduğunu, danışıb sonra cavab verəcəyini demişdir. Təxminən 3 gündən sonra o, Aybənizin həkimi Səadət həkimin yanına getmiş və Aybənizin işi ilə maraqlanmışdır. Səadət həkim isə demişdir ki, Aybənizin xəstəliyi ilə bağlı sənədlər yoxlanması üçün bir dəfə Bakıya, Səhiyyə Nazirliyinə göndərilmiş, lakin yüngül xəstəlik olduğu üçün sənədlər təsdiqlənmədən geri qaytarılmışdır. O isə Səadət həkimə Aybəniz xanımın onun xalası olduğunu, kasıb olduqlarını demiş, sonunculara necə kömək edə biləcəklərini soruşmuş, həmçinin bu işin həlli üçün dediyi 4500 manat pula sonuncuların gücü çatmadığını bildirmişdir. Səadət həkim isə kağız parçasına xəstəliklə bağlı diaqnozlar yazmış və həkimlərlə danışıb həmin diaqnozla bağlı epiqrizlər almalı olduğunu bildirmişdir. O, da həmin kağız parçasını götürüb Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında nevropatoloq işləyən baş həkim Raqif həkimin yanına getmiş və orada həkimə tanışlıq verib xalası Aybəniz üçün pensiya düzəltdirmək istədiyini, bunun üçün də kağızda qeyd edilən diaqnozlu epiqrizləri çıxartmaq lazım olduğunu demişdir. Raqif həkim isə xəstəni xəstəxanada 21 gün yatmalı olduğu halda xəstəxanada yatızdırmadan həmin sənədləri verməyə ondan 1000 manat pul istəmişdir. Daha sonra demişdir ki, epiqrizə yazılmalı olan xəstəliklərlə bağlı laboratoriyaya 200 manat və MRT üçün isə 300 manat pul vermək lazımdır. O isə Raqif həkimlə danışıb xəbər edəcəyini demişdir. Təxminən 4 gündən sonra o, yenidən Səadət həkimin yanına getmiş və sonuncunun iş otağında dediyi epiqrizləri alıb gətirəcəyini demiş və bu işin orada xərcinin nə qədər olacağını soruşmuşdur. Səadət həkim isə 1000 manat Səhiyyə Nazirliyinə, 500 manat da özünə və oradakı həkimlərə çatacağını demişdir. O isə Səadət həkimə gedib danışıb xəbər edəcəyini demişdir. Bundan sonra o, Nuriyə ilə görüşmüş və olanları Nuriyəyə danışmışdır. Nuriyə isə ilkin olaraq 700 manat pul verə biləcəyini, daha sonra isə hissəhissə yerdə qalanları da verə biləcəyini demişdir. Buna görə o, birisi günü səhər saatlarında Səadət həkimin yanına gedib Aybənizin adına ondan Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına göndəriş almış və özünə məxsus Vaz 21011 markalı avtomobili ilə X4 qəsəbəsindən götürüb Raqif həkimin yanına getmişdir. Orada Aybəniz şəxsiyyət vəsiqəsinin surətini və göndəriş vərəqəsini onunla birgə Raqif həkimə vermiş. Raqif həkim isə Aybənizin 21 gün orada yatmalı olduğu halda yatızdırmayacağını, ancaq 21 gündən sonra gedib Teymurov xəstəxanasında MRT-dən keçməli olduğunu bildirmiş, laboratoriya sənədlərini isə həkim özü götürəcəyini demişdir. Bundan sonra onlar Aybənizlə birgə oradan çıxıb onun maşınına gəlmişlər. Həkim isə 800 manat pulu vermək lazım olduğunu ona demişdir. Nuriyə isə ona pulu hələ vermədiyi üçün o, dostu Ədalətə zəng vurub sonuncudan ona verməli olduğu puldan 700 manatını istəmişdir. Sonuncu isə gətirib xəstəxananın içərisində ona 700 manat pul vermişdir. O, həmin pulu götürüb Raqif həkimin yanına getmiş və iş otağında həmin pulu Raqif həkimə vermişdir. Həmin vaxt otaqda onlardan başqa heç kim olmamışdır. Raqif həkim isə 800 manat verməli olduğunu, yerdə qalan 200 manatı isə epiqrizi götürəndə verə biləcəyini demişdir. O, isə Raqif həkimə 100 manatı sabah gətirib verəcəyini demişdir. Raqif həkim isə razılaşmış və o, oradan çıxıb maşınının yanına gəlmişdir. Aybənizi maşını ilə Mərkəzi Univermağın yaxınlığında düşürdüb getmişdir. Sabahı gün günorta saatlarında isə o, 100 manat pulu gətirib Raqif həkimə vermişdir. Raqif həkimə verdiyi həmin 800 manat pulu o özündən vermişdir. xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri Cavadxan küçəsində Nuriyə ilə görüşmüş və Nuriyə “Kapital Bank”-a aid hesab kartından 700 manat pul çıxardıb həmin küçədə ona vermişdir. O, həmin puldan 200 manatını aparıb Raqif həkimə vermişdir ki, sonuncu laboratoriyanın pulunu versin. Sonra Raqif həkimin dediyi 21 gün tamam olduğu üçün gedib pulu verib sənədləri götürmək lazım olduğundan o, xx.xx.2017-ci il tarixdə Nuriyəyə zəng edib pul lazım olduğunu demişdir. Nuriyə isə onunla razılaşmış və onlar yenə də Gəncə şəhər Cavadxan küçəsində görüşmüşlər və Nuriyə “Kapital Bank”-a aid hesab kartından 1100 manat pul çıxarıb ona vermişdir. O, həmin puldan öz 800 manat pulunu götürmüş və yerdə qalan 300 manat pulu isə MRT üçün özündə saxlamışdır. Təxminən 2 gündən sonra Nuriyə həmin küçədə “Muğan Bank”-ın qarşısında onunla görüşüb 400 manat pulu ona vermişdir. Səhəri gün isə onlar Aybənizlə Abbas səhhət xəstxanasında görüşmüş və o, Aybənizi orada cavan bir oğlanın yanında MRT-dən keçirtmiş və 300 manat pulu da cavan oğlana vermişdir. Səhəri gün həmin cavan oğlandan sənədləri götürüb aparıb Raqif həkimə göstərmiş və həkim laboratoriyanın sənədlərinə, epiqrizə baxıb düz olduğunu demişdir. O da həmin sənədləri götürüb Səadət həkimin yanına getmiş, lakin Səadət həkim xəstəxanada olmadığı üçün həkimin mobil nömrəsini yığmış və sabah gəlməyə razılaşmışdır. Buna görə o, sabahı gün həkimin yanına getmiş, Səadət həkim xəstəlik sənədlərinə baxıb hər şeyin qaydasında olduğunu demiş və ondan 1500 manat pulu istəmişdir. O isə səhəri gün Nuriyə ilə görüşüb 650 manat pul götürmüş, Nuriyə 150 manat puluda 2-3 günə verəcəyini demişdir. O, həmin 650 manat pulun üstünə özündən 150 manat qoyub 800 manat eləmiş, Nuriyənin onda olan 400 manat pulunu da həmin pulun üstünə qoyub aparıb 1200 manat pulu təkcə Səadət həkimin iş otağında sonuncuya vermiş və şəxsi işləri ilə bağlı Bakı şəhərinə getmişdir. Təxminən 2017-ci ilin dekabr ayında tarixi dəqiq yadında qalmayan vaxtda Nuriyəyə zəng edib Bakı şəhərində olduğunu və pul lazım olduğunu demiş, Nuriyə də buna görə Gəncə şəhəri Mərkəzi poçtdan onun adına 150 manat pul göndərmişdir. Sonra Səadət həkim ona zəng edərək 300 manat pulu da vermək lazım olduğunu demiş, o da Nuriyəyə zəng edərək Səadət həkimə 300 manat vermək lazım olduğunu bildirmişdir. Buna görə Nuriyə də aparıb Səadət həkimə 300 manat pul vermişdir. Təxminən bir ay yarımdan sonra o, Səadət həkimlə əlaqə saxlamış və işin nə yerdə olduğunu soruşmuşdur. Səadət isə sənədlərə imtina gəldiyini demiş və yenidən həkimlərdən keçib sənədləri göndərmək lazım olduğunu bildirmişdir. Onlar da Səadət həkimin dediyi kimi yenidən həkimlərdən keçmiş və Səadət həkim sənədləri yenidən göndərmiş, lakin yenə imtina gəlmişdir. Bundan sonra o, Bakı şəhərində olduğu üçün maraqlana bilməmiş və sonradan bilmişdir ki, Nuriyə ondan şikayət etmişdir. O, Nuriyənin verdiyi pulların hamısını qeyd etdiyi həkimlərə xərcləmiş, həmin pullardan ona heç bir pul çatmamışdır. O, Səadət həkimə zəng edəndə isə həkim təzə komissiya gəldiyini, onluq bir şey olmadığını bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanla bağlı qarşılıqlı razılığa gəlmişlər və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də məhkəmədən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, ünvan 2 orta məktəbdə müəllimə işləyir. Təqsirləndirilən şəxs Nurəddin oğlunu əvvəllər tanımamış, Rövşənlə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, Təqsirləndirilən şəxs təxminən 2017-ci ilin avqust ayında tanımışdır. Belə ki, 2017-ci ilin avqust ayında tarixi dəqiq yadında qalmayan vaxtda o, öz səhəti ilə əlaqədar olaraq Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına getmiş, Təqsirləndirilən şəxs da orada təsadüfən tanımışdır. Həmin ərəfədə o, anası Şahid1 xəstəliyi ilə əlaqədar olaraq təqaüdə çıxartmaq istəmiş, buna görə də o, xəstəxanada tibbi bacısı işləyən Pərvanə ilə söhbət edib məsləhət alıb bu barədə maraqlanmaq istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təsadüfən onların söhbətini eşitmiş və söhbətə müdaxilə edib bildirmişdir ki, onun anasını təqaüdə çıxarda bilər. Belə ki, sonuncu Gəncə şəhər İcra Hakimiyyətində memar işləyir və bu işi düzəldə biləcək tanışları vardır. Bu səbəbdən də onların arasında münasibət yaranmışdır. O, da Təqsirləndirilən şəxs inanmış və fikirləşmişdir ki, Təqsirləndirilən şəxs anası Şahid1 təqaüdə çıxarda bilər. Buna görə Rövşənlə münasibət yaratmış və anasının təqaüdə çıxarılmasında ona köməklik etməyini Rövşəndən xahiş etmişdir. O, Rövşənə anasının xəstəliyinin nevroloji xəstəlik olduğunu və anasının təqaüd üçün müraciət etdiyini, lakin nəticə əldə edilmədiyini demişdir. Rövşən isə həkimlərlə danışıb həll edəcəyini demişdir. O, anasının həkiminin nevropatoloq Raqif həkim olduğunu demiş, Rövşən də danışıb həll edəcəyini, bunun müqabilində isə 3000 manat pul verməli olacağını bildirmişdir. O, da Rövşənlə razılaşmışdır. Bundan sonra Rövşən ona zəng edib sənədlərin düzəlməsi və adın sistemdən silinməsi üçün 3000 manat puldan 700 manatının verilməli olduğunu demiş, o, da buna görə xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri Cavadxan küçəsində Rövşənlə görüşmüş və “Kapital Bank”-a aid hesab kartından 700 manat pul çıxardıb həmin küçədə Təqsirləndirilən şəxs vermişdir. O, həmin pulu Təqsirləndirilən şəxs verən vaxt yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs pulu ondan alıb həmin pula sənədləri düzəltdirəcəyini demiş və çıxıb getmişdir. xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən ona zəng edib pul lazım olduğunu bildirmiş, o da yenə Gəncə şəhər Cavadxan küçəsində “Kapital Bank”-a aid hesab kartından 400 manat və 1100 manat pul çıxarıb həmin küçədə “Muğan Bank”-ın qarşısında Rövşənlə görüşüb ona vermişdir. Rövşən isə 400 manat pulu həkimə verib epiqrizi dəyişdirəcəyini bildirmişdir. Aradan bir qədər keçmiş yəni, xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs ona həmin işlə bağlı 100 manat pul lazım olduğunu demiş, o, da Gəncə şəhər Cavadxan küçəsində “Kapital Bank”a aid hesab kartından 100 manat pul çıxarıb “Kapital Bank”-ın içərisində Rövşənə vermiş, Təqsirləndirilən şəxs isə həmin pulu götürüb çıxıb getmişdir. Bundan sonra təxminən 2017-ci ilin dekabr ayında tarixi dəqiq yadında qalmayan vaxtda Rövşən ona zəng edib Bakı şəhərinə getdiyini və pul lazım olduğunu demiş, o, da buna görə Gəncə şəhər Mərkəzi poçtdan Təqsirləndirilən şəxs adına 150 manat pul göndərmişdir. Lakin həmin pul göndərişinə dair olan qəbzi hazırda itirmişdir. 2017-ci ilin təxminən dekabr ayında o, Təqsirləndirilən şəxs ünvanını dəqiq bilmədiyi, lakin Gəncə şəhəri Dəyirmanın dairəsi adlanan ərazidə yaşadığı ünvana getmiş və orada Təqsirləndirilən şəxs ondan 300 manat pul istəmiş, buna görə də o, Rövşənə 300 manat pul vermişdir. Bundan sonra Rövşən ona zəng edib təqaüd işi ilə bağlı Gəncə şəhər 3 nömrəli xəstəxanada işləyən Səadət həkimə pul vermək lazım olduğunu demiş, o, da 2018-ci ilin ortalarında tarixi dəqiq yadında olmayan vaxtda Gəncə şəhəri, Cavadxan küçəsində Rövşənlə görüşüb 3000 manatdan qalan 250 manatı Rövşənə vermişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs 3000 manat pul vermişdir. O, Rövşəndən iş barəsində maraqlandıqda Təqsirləndirilən şəxs başının qarışıq olduğunu, buna görə işin uzandığını bildirmişdir. O, isə vermiş olduğu pulu geri istədikdə Rövşən onu aldadaraq müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmışdır. Zərərçəkmiş şəxs əlavə suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs bu məsələni həkimlərin vasitəsi ilə həll etdiyini demiş, Aybəniz isə nevropatoloq Raqif həkimin xəstəsi olduğu üçün həmin həkimlə danışıb yenidən epiqriz açdıracağını demiş və ona heç bir rəsmi sənəd təqdim etməmişdir. Həmçinin qeyd etmişdir ki, o, həkimlərə pul verməmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanla bağlı qarşılıqlı razılığa gəlmiş və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməsini xahiş edir (ərizə iş materiallarına əlavə edilmişdir). Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, nevroloji xəstəliklərdən əziyət çəkir və həmçinin şəkər xəstəsidir. 2015-ci ildən Gəncə şəhər 1 saylı Abbas Səhhət adına xəstəxananın Nevroloji şöbəsinin həkimi Raqif Həkimin və həmçinin Gəncə şəhər 2 saylı poliklinikanın nevropotoloqu Səadət həkimin xəstəsidir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Rövşənlə tanışlığı qızı Nuriyə vasitəsi ilə olmuşdur. 2017-ci ilin sonlarına yaxın o, xəstəliyi ilə əlaqədar müalicə almaq üçün Raqif həkimin yanına getmişdir. Həmçinin bildirir ki, səhhəti yaxşı olmadığı üçün mütəmadi olaraq Abbas Səhhət xəstəxanasında müalicə alır. Bildirir ki, qızı onun xəstəliyi ilə əlaqədar pensiyaya çıxmağını istəmiş və buna görə də Abbas Səhhət xəstəxanasında tanıdığı Rövşənin bu məsələdə onlara kömək edəcəyini bildirmişdir. Buna görə də o, 2017-ci ilin sonlarında müalicə və müayinə olunmaq üçün Raqif həkimin yanına gedən zaman Rövşən də onunla birgə həmin həkimin yanına getmişdir. O, orada təxminən 1 aya yaxın müalicə olunduqdan sonra Raqif həkim onun xəstəliyi ilə bağlı bəzi sənədləri və epiqrizi ona təqdim etmiş, Rövşən isə ona Raqif həkimlə danışdığını və onun əlillik alaraq pensiya almağı üçün lazım olan xəstəlikləri Raqif həkimlə danışıb həmin epiqrizə əlavə etdirdiyini bildirmişdir. Daha sonra isə Rövşən ona həmin sənədləri Səadət həkimə verdiyini və lakin sənədlərin Sosial müdafiə Nazirliyi tərəfindən təsdiq olunmadığı üçün pensiya almağının mümkün olmadığını ona bildirmişdir. Təqsirləndirilən şəxs onu əlillik alaraq pensiyaya düzəltmək adı ilə qızı Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldadaraq qızının 3000 manat pulunu ələ keçirmişdir. Onlar isə Rövşəndən pullarını geri tələb etdikdə Rövşən həmin pulları həkimlərə verdiyini bildirərək geri qaytarmaqdan imtina etmişdir. Rövşənlə Raqif həkimin arasında onun yanında heç bir pul barədə danışıq olmamışdır. O, Raqif həkimin xəstəsi olduğu üçün gedərək müalicə və müayinə olunmuş, həmçinin MRT-dən keçmiş. Rövşən o, MRT-dən keçən zaman heç bir həkimə 300 manat pul verməmişdir. Həmçinin Rövşənin Səadət həkimə də 1200 manat pul verməsindən xəbərim olmamış, Rövşən Nuriyədən aldığı pulları özü mənimsəmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhər 1 saylı Abbas Səhhət adına xəstəxananın Nevroloji şöbəsinin həkimidir. Şahid1 tanıyır. Aybəniz 2015-ci ildən baş beynin xroniki qan dövranı çatışmamazlığı, ensefalopatiya, şəkərli diabet ağır forma xəstəliyi ilə müraciət etmiş və o, sonuncunu müalicə etmişdir. Həmin vaxtdan Aybəniz onun xəstəsidir. Təxminən 2017-ci il tarixdə dəqiq yadında qalmayan yay aylarında Aybəniz, qızı Nuriyə və Rövşən adlı şəxslə onun yanına gəlmişlər. Həmin vaxt Rövşən Aybənizi xalası kimi təqdim edərək İcra Hakimiyyətində işlədiyini deyib tanışlıq vermiş və bildirmişdir ki, Aybəniz onun xəstəsidir, Aybənizə kömək edib xəstəlik kağızı alsınlar və əlillik düzəltsinlər ki, pensiya alsın. O isə bildirmişdir ki, həmin xəstəlik sənədi üçün xəstə 21 gün xəstəxanada yatmalıdır. Sonuncular razı olduqları üçün o, Aybənizin keçmiş xəstəlik sənədlərini gətirmələrini bldirmişdir. Aybəniz həmin sənədləri gətirib ona verəndən sonra xəstəxanada Aybənizin adına anket açılmış və müayinələrdən, analizlərdən keçmişdir. 21 gündən sonra Aybənizin xəstəlik sənədi hazır olmuş, Rövşən isə ona zəng edərək həmin sənədləri Aybənizə verməyini xahiş etmişdir. O da həmin sənədləri Aybənizə vermiş, bundan sonra o, bir daha nə Aybənizi, nə də Rövşəni görməmişdir. Şahid1 2015-ci ildən onun xəstəsidir. O, Rövşəndən Aybəniz üçün xəstəlik sənədləri verməyə pul istəməmiş və almamışdır. Rövşənlə pul barəsində nə danışıq, nə də razılıq olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1998-ci ildən Gəncə şəhər 2 saylı poliklinikasında nevropatoloq işləyir. Şahid1 3-4 ildir ki, tanıyır. Belə ki, Aybəniz nevroloji xəstəliklərdən əziyət çəkdiyi üçün onun xəstəsi olmuş və o, sonuncunu müalicə etmişdir. Təxminən 2017-ci ilin xatırlamadığı yay aylarında Rövşən adlı əvvəllər tanımadığı şəxs onun yanına gələrək özünü İcra Hakimiyyətinin işçisi kimi təqdim edərək Aybənizin xalası olduğunu və Aybənizin pensiya almasında sonuncuya köməklik göstərməyini ondan istəmişdir. O isə Rövşənə Aybənizin xəstəliyi ilə əlaqədar pensiya düşürsə ala biləcəyini bildirmiş və X3 Xəstəxanasında müalicə və müayinə olunması üçün Rövşənə göndəriş vermişdir. Rövşən təxminən 1 ay sonra onun yanına gəlib X3 xəstəxanasında müalicə olunması barədə epiqriz gətirərək ona təqdim etmiş, o, isə həmin epiqrizi Gəncə şəhər 2 saylı poliklinikasında Aybənizin adına açılmış anketə əlavə etmişdir. Bundan sonra isə Aybənizin xəstəliklə bağlı sənədləri komputer vasitəsi ilə Sosial Müdafiə Nazirliyinin Tibbi sosial ekspertiza komissiyasına göndərilmiş, bir müddət sonra isə həmin komissiyadan Aybənizə əlillik dərəcəsi və pensiya düşməməsi və yenidən müalicə olunması barədə imtina cavabı gəlmişdir. Bundan sonra Aybənizin sənədləri bir neçə dəfə komissiyaya göndərilsə də Aybənizin xəstəliyi ilə əlaqədar sonuncuya pensiya düşməmişdir. Rövşən ona şər atır. Belə ki, Rövşən onun yanına gələrək Aybənizin xalası olduğunu və Aybənizə pensiya düzəltməkdə köməklik etməyini ondan istəmiş, o isə Aybənizinin adına Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında müalicə olunması üçün göndəriş vermiş və həmçinin Rövşənə bildirmişdir ki, Aybənizin sənədləri Sosial Müdafiə Nazirliyinə komissiyaya göndəriləcək. Aybənizin pensiya alıbalmayacağı isə onlardan asılı deyildir. Bundan sonra Rövşən Aybənizin xəstəliyi ilə bağlı epiqrizi və digər sənədləri gətirmiş, o, isə həmin sənədləri Aybənizin anketinə əlavə etmişdir. Aybənizin sənədləri isə Sosial Müdafiə Nazirliyinə ekspertizaya göndərilsə də təsdiq olunmamışdır. Bildirir ki, onunla Rövşən arasında pul barədə heç bir danışıq olmamışdır. O, nə Rövşəndən 1200 manat, nədə ki, Nuriyədən 300 manat pul almamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2018-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Gəncə şəhəri Cavadxan küçəsində yerləşən Kapital Bankın qarşısında pul aldığı yerə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il 17(on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2015-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, ona təyin edilmiş 2(iki) il 17(on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hesab edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs anası Şahid1 təqaüdə çıxardacağı barədə yalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə xx xxxxxxxx 2017-ci il tarixdə Gəncə şəhəri, Cavadxan küçəsində 700 manat, xx xxxxxx 2017-ci il tarixdə Cavadxan küçəsində “Muğan Bank”ın qarşısında 1500 manat, 2017-ci ilin dekabr ayında günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhər Mərkəzi poçtdan göndərdiyi 150 manat pulu Bakı şəhərində əldə etməklə, 2017-ci ilin dekabr ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı Gəncə şəhəri Dəyirman dairəsinin yaxınlığında yerləşən mənzildə 300 manat, xx xxxxxx 2018-ci il tarixdə Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən “Kapital bank”ın içərisində 100 manat, 2018-ci ilin ortalarında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Cavadxan küçəsində 250 manat pulunu, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs vahid niyyətlə 3000 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və qarşılıqlı razılığa gəlmişlər. Ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanla bağlı qarşılıqlı razılığa gəlmişlər. CM-in 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməlidir. Digər tərəfdən məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-in 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulduğundan həmin cinayət CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilir. CM-in 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəl edilə bilməz. CM-in 75.2-ci maddəsinə əsasən isə müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən verilmiş ittihamdan və cinayət işinin materiallarından görünür ki, o, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini xx xxxxxxxx 2017-ci il, xx xxxxxx 2017-ci il, 2017-ci il dekabr və 2018ci ilin dekabr-yanvar aylarında və günü istintaqa dəqiq məlum olmayan tarixdə 2018-ci ilin ortalarında törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsindən iki ildən artıq müddət keçmişdir. Məhkəmə hesab edir ki, cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Belə ki, CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Ona görə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin barışması ilə cinayət təqibinə xitam verilməsi təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdıran hal hesab edilə bilər. Azərbaycan Respublikası CM-nin 10.2-ci maddəsinə görə ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin maddənin 10.3-cü bəndində əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmçinin həmin maddənin 10.4-cü maddəsinə əsasən isə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Digər tərəfdən Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsinə əsasən məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin ilkin əsaslarından biri cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsidir. (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 75.1.1ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(044)-11/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-11/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver