Məhkəmə qərarları › İş №1(044)-113/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-113/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-113/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, N.Nərimanov prospekti ev 5, mənzil 4-də qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını əvəzsiz və gizli olaraq talamaqla məqsədi ilə 29 sentyabr 2019-cu il tarixdə gecə saat 02 radələrində Gəncə şəhəri Kəpəz rayonu, Hərbi Şəhərcik 38 ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus Ərzaq mağazasına qapısının dəmir örtüyünün qıfılını istintaq zamanı müəyyən edilməmiş alətdən istifadə etməklə mexaniki təsir edərək sındırıb mağazaya qanunsuz daxil olaraq kassa aparatından 1800 manat məbləğində nəğd pulu, rəflərdə olan 1 ədədi 3,70 manat olan 8 ədəd 29,6 manat dəyərində X12 04 markalı siqaretləri, 1 ədədi 2,20 manat olan 10 ədəd 22 manat dəyərində Wincester KSSS Silver markalı siqaretləri, 1 ədədi 2,80 manat olan 10 ədəd 28 manat dəyərində X11 markalı siqaretləri, 1 ədədi 3,30 manat olan 15 ədəd 49,50 manat dəyərində Winston XS style silver markalı siqaretləri, 1 ədədi 1,80 manat olan 12 ədəd 21,60 manat dəyərində Argo compact blue markalı siqaretləri, 1 ədədi 1,80 manat olan 16 ədəd 28,80 manat dəyərində vvant nano black markalı siqaretləri, 1 ədədi 1,80 manat olan 18 ədəd 32,40 manat dəyərində Argo nano blue markalı siqaretləri, 1 ədədi 1,60 manat olan 14 ədəd 22,40 manat dəyərində Keno club markalı siqaretləri, 1 ədədi 1,60 manat olan 11 ədəd 17,60 manat dəyərində Kingdom markalı siqaretləri, 1 ədədi 2,80 manat olan 11 ədəd 30,80 manat dəyərində LD club markalı siqaretləri, 1 ədədi 2 manat olan 8 ədəd 16 manat dəyərində Viceroy nano White markalı siqaretləri, soyuducunun içərisindən 1 ədədi 13,60 manat olan 10 ədəd 136 manat dəyərində Sevimli dad firmasına məxsus “Oxotnik” kolbasalarını, 1 ədədi 8,50 manat olan 2 ədəd 17 manat dəyərində Sevimli dad firmasına məxsus “Doktorskaya” kolbasalarını ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 2251,70 manat dəyərində əmlakı, mağazanın içərisində yerləşdirilmiş Zərərçəkmiş şəxs3 MMC-yə məxsus 40135 nömrəli “EASYPAY” markalı elektron ödəmə terminalının kassasını mağazadan götürdüyü baltadan istifadə etməklə zərbələr vurub sındıraraq kassanın içərisindən Zərərçəkmiş şəxs3 MMC-yə məxsus 918 manat məbləğində nəğd pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən eyni niyyətlə, yəni özgə əmlakını əvəzsiz və gizli olaraq talamaqla məqsədi ilə X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 mart 2020-ci il tarixdə, gecə saat 03 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 icarəyə götürüb işlətdiyi “Dönərxana” kafesinin yanına gəlmiş, o, kafenin kənarında gözləyərək ətrafı müşahidə etmiş, Həsən Əliyev kafenin nəfəsliyinin pəncərəsini fiziki təsir etməklə açıb qanunsuz daxil olaraq kafedəki stolun üzərində olan qutunun və şkafda olan şüşə bankanın içərisindən ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 500 manat məbləğində nəğd pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin sentyabr ayında Gəncə şəhəri Hərbi şəhərcik ərazisində yerləşən ərzaq mağazasından 1800 manat pul, kolbasa və siqaretlər, həmin mağazada olan elektron ödəmə terminalından 918 manat pul oğurlamışdır. 29.09.2019-cu il tarixdə gecə saat 02 radələrində spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuş, Gəncə şəhəri, Hərbi şəhərcik ərazisində yerləşən mağazanı görmüş, həmin mağazada ödəmə terminalının olmasını bilmiş, çünki, təxminən hadisə baş verməmişdən təxminən 3 ay əvvəl həmin mağazanın yiyəsindən nisyə ərzaq istəsə də, verməmiş və buna görə də nə vaxtsa həmin mağazadan oğurluq etməyi qarşısına məqsəd qoymuşdur. O, evdən çıxmamışdan oğurluq etmək fikrində olduğundan üzünü gizlətməyə görə maska və qıfılı sındırmaq üçün dəmir parçasını üzərində götürmüşdür. O, üzünə maska taxaraq mağazanın qarşısına yaxınlaşmışdır. Mağaza dəmir örtüklə bağlanmış, dəmir örtüyün qıfılına özü ilə gətirdiyi dəmir parçası ilə təzyiq edərək qıfılı sındırıb dəmir örtüyü qaldırmış, mağazanın plastmast qapısını əli ilə təzyiq edərək açmış və mağazanın içərisinə daxil olmuşdur. Mağazanın tiçərisinə daxil olduqdan sonra dəmir örtüyü rahat oğurluq edə bilməsi üçün bağlamış, ödəmə terminalın yanına getmiş, ödəmə terminalını elektrik cərəyanından ayırmışdır. Mağaza üç bölmədən ibarət olmuş, terminalın kassasını sındırmaq üçün mağazanın ət satılan hissəsindən balta götürmüş və kassa hissəsinə balta ilə zərbələr vurub sındırmış, terminalın kassasında olan 918 manat pulu oğurlamışdır. Daha sonra mağazanın kassasına yaxınlaşaraq kassanı götürüb yerə çırpmış və kassa qırılmış, kassanın içərisində olan 1800 manat nəğd pulu oğurlamış, daha sonra ac olduğundan vitrindən kolbasalar və rəfdən siqaretlər oğurlayaraq sellofan torbaya yığmışdır. O, mağazanın dəmir örtüyünü qaldırıb ətrafa baxmış və heç kimin olmadığına əmin olduqdan sonra çölə çıxmış, mağazanın dəmir örütüyünü aşağı salaraq oradan uzaqlaşmış, əldə etdiyi pulu müxtəlif ehtiyaclarıma sərf etmişdir. Bundan başqa 2020-ci il mart ayında X6 ilə birlikdə Gülüstan qəsəbəsində yerləşən dönərxanadan oğurluq etmişdir. Belə ki o, X4 uşaq vaxtlarından tanımış, Həsənlə dostluq münasibəti olmuş, Həsənin qalmağa yeri olmadığından 25 mart 2020-ci il tarixdə qalmaq üçün yaşadığı evə gəlmiş, Həsənlə haradan pul əldə edə biləcəkləri barədə söhbət etmişlər və oğurluq etmək qərarına gəlmişlər. 26.03.2020-ci il tarixdə gecə saat 03 radələrində Həsənlə birlikdə Gülüstan qəsəbəsi ərazisində gəzərkən dönərxananın nəfəsliyinin açıq vəziyyətdə olmasını görmüşlər, Həsən həmin dönərxanadan oğurluq etmək istəməsini bildirmiş və onlar həmin dönərxanadan oğurluq etmək qərarına gəlmişlər. O, əvvəllər də oğurluq etdiyi üçün üzünün kameraya düşməməsi üçün Həsənin içəri girməsi barədə razılığa gəlmişlər, o, yolun digər tərəfində gözləyərək kimsə gəlsə xəbər vermək üçün ətrafı müşahidə etmiş, Həsən nəfəslikdən içəri daxil olmuşdur. Təxminən 5 dəqiqə sonra Həsən nəfəslikdən çölə çıxaraq onun yanına gəlmiş, Həsən 400 manatdan çox pul oğurlamış, həmin pulun 110 manatını ona vermiş və həmin pulun bir hissəsini birlikdə yemək-içməyə xərcləmişlər. O, ifadəsinin sonunda göstərmişdir ki, dönərxanadan Həsənlə birlikdə oğurluq etmiş, Hərbi şəhərcik ərazisində olan mağazadan tək oğurluq etmiş, heç kimin onun oradan oğurluq etməsi barədə məlumatı olmamış, heç kim ona oğurluq etməsi üçün köməklik göstərməmiş və onu təhrik etməmişdir. Sonda o, məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, hadisə baş verməmişdən əvvəl təxminən 3 ay olar ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Dönərxananı” icarə əsasında işlətmiş, 25.03.2020-cı il tarixdə, təxminən saat 20:30 radələrində dönərxananı bağlayıb getmiş, 26.03.2020-ci il tarixdə səhər saat 11 radələrində işə gəlib dönərxananın qapısını açmış və içəri daxil olduqda pəncərənin açıq vəziyyətdə olmasını, pul olan şüşə bankanın və stolun üzərinə qoyduğu qutunun içərisində olan ümumilikdə 500 manat nəğd pulunun oğurlanmasını görmüşdür. Lakin bu barədə polisə məlumat verməyərək dönərxanadan ona məxsus 500 manat pulumu oğurlayan şəxsi tapmaq istəmiş, lakin oğrunu tapa bilmədiyinə görə 28.03.2020-ci il tarixdə Nizami RPİ-nə ərizə ilə müraciət edərək, icarə əsasında işlətdiyi dönərxanadan 500 manat pulunun oğurlanması barədə məlumat vermiş, dönərxanadan nəğd puldan başqa heç bir şey oğurlanmamışdır. Sonda o, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilərək barışdıqlarını, heç bir şikayət və tələbi olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, gündəlik olaraq mağazanı saat 08 radələrində açmış və saat 23 radələrində bağlamış, mağaza üç hissədən ibarət olmuşdur. 29 sentyabr 2019-cu il tarixdə səhər saat 07 radələrində mağazaya gəldikdə mağazanın dəmir örtüyünün qıfılının sındırılmasını müəyyən etmiş, mağazanın dəmir örtüyünü qaldırmış və 28 sentyabr 2019-cu il tarixdən 29 sentyabr 2019-cu il tarixə keçən gecə naməlum şəxs və ya şəxslərin ona məxsus olan Gəncə əhəri Hərbi Şəhərcik 38 ərazisində yerləşən mağazanın dəmir örtüyün kilidinin sındırılması üsulu ilə mağazaya qanunsuz daxıl olunmaqla mağazanın kassasından 1800 manat nəğd pul, mağazanın rəfindən 1 ədədi 370 manat olan 8 ədəd 29,6 manat dəyərində X12 04 markalı siqaretləri, 1 ədədi 2,20 manat olan 10 ədəd 22 manat dəyərində Vincester KSSS Silver markalı siqaretləri, 1 ədədi 2,80 manat olan 10 ədəd 28 manat dəyərində X11 markalı siqaretləri, 1 ədədi 3,30 manat olan 15 ədəd 49,50 manat dəyərində Vinston XS style silver markalı siqaretləri, 1 ədədi 1,80 manat olan 12 ədəd 21,60 manat dəyərində Argo compact blue markalı siqaretləri, 1 ədədi 1,80 manat olan 16 ədəd 28,80 manat dəyərində vrant nano black markalı siqaretləri, 1 ədədi 1,80 manat olan 18 ədəd 32,40 manat dəyərində Argo nano blue markalı siqaretləri, 1 ədədi 1,60 manat olan 14 ədəd 22,40 manat dəyərində Keno club markalı siqaretləri, 1 ədədi 1,60 manat olan 11 ədəd 17,60 manat dəyərində Kingdom markalı siqaretləri, 1 ədədi 2,60 manat olan 11 ədəd 30,80 manat dəyərində LD club markalı siqaretləri, 1 ədədi 2 manat olan 8 ədəd 16 manat dəyərində Viceroy nano vvhite markalı siqaretləri, soyuducu vitrindən 1 ədədi 13,60 manat olan 10 ədəd 136 manat dəyərində Sevimli dad firmasına məxsus “Oxotnik” kolbasalarını, 1 ədədi 8,50 manat olan 2 ədəd 17 manat dəyərində Sevimli dad firmasına məxsus “Doktorskaya” kolbasaları ümumilikdə 451,70 manat dəyərində ərzaqları, mağazanın içərisində yerləşdirilmiş Zərərçəkmiş şəxs3 MMCnin mülkiyyətində olan “EASYPAY” markalı elektron ödəmə terminalının daxili kilidini, pul kasetini və əskinas qəbuledicisinin sındırılıb içərisindən 918 manat məbləğində pulu gizli yolla oğurlanması ona məlum olmuşdur. O, da oğurluq barədə dərhal Kəpəz rayon polis bölməsinə zəng edərək məlumat vermiş, oğurluq nəticəsində ona ümumilikdə 2251,70 manat dayərində maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsi bağışladığını və sonuncu ilə barışdıqlarını, heç bir şikayət və tələbi olmadığını bildirərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 MMCdə Gəncə bölgəsi üzrə inkassator sürücü vəzifəsində işləmiş, həmin MMC-yə məxsus Gəncə bölgəsində 14 ədəd ödəniş terminalı olmuşdur. Gəncə şəhəri Hərbi şəhərcik ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazaya terminaldan pulları götürmək üçün gedən zaman 28 sentyabr 2019-cu il tarixdən 29 sentyabr 2019-cu il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən mağazanın qapısının kilidinin sındırılması üsülu ilə mağazaya qanunsuz daxil olunmaqla mağazanın içərisində yerləşdirilmiş Zərərçəkmiş şəxs3 MMC-nin mülkiyyətində olan 40135 nömrəli “KASSAM.AZ” markalı elektron ödəmə terminalının daxili kilidini, pul kasetini və əskinaz qəbuledicisinin sındırılıb içərisindən 918 manat məbləğində pulun gizli yolla oğurlanması ona məlum olmuşdur. Bu barədə MMC tərəfindən rəsmi olaraq Kəpəz RPİ-ə müraciət edilmiş, oğurlanmış 918 manat məbləğində puldan əlavə 70 manat dəyərində kioskun qapısı, 40 manat manat dəyərində qapının qıfılı, 15 manat dəyərində qapının kantı, 600 manat dəyərində kart oxuyucu, 900 manat dəyərində pul qəbuledici, 300 manat dəyərində pul kaseti sındırılaraq yararsız hala salınmış, kioskun təmirinə çəkiləcək xərcin miqdarı 150 manat məbləğində olmuşdur. Sonda o, MMC-yə dəymiş ziyanı tələb etdiklərini, təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Baxış keçirilməsi haqqında” 28.03.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi “Dönərxana”da baş vermişdir. - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29.09.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Gəncə şəhəri, Hərbi Şəhərcik 38 ərzisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazada baş vermişdir. - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 18.01.2021-ci il tarixli protokollardan görünür ki, X2 ifadəsi yerində yoxlanılmış və ifadəsin yerində yoxlanması zamanı 2020-ci ilin mart ayında gecə saat 03 radələrində Sahillə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etdikləri Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən hazırda “DOXO” oyun klubu kimi istifadə edilən birmərtəbəli tikilidə fəaliyyət göstərən dönərxana yerini əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 16 fevral 2021ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və ifadəsin yerində yoxlanması zamanı 2019-cu ilin sentyabr ayında gecə saat 02 radələrində özü tək oğurluq etdiyi Gəncə şəhəri, Hərbi Şəhəcik 38 ərazisində yerləşən ərzaq mağazasının yerini əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir. Həmçinin 2020-ci ilin mart ayında gecə saat 03 radələrində Həsən Əliyevlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etdikləri Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən hazırda “DOXO” oyun klubu kimi istifadə edilən birmərtəbəli tikilidə fəaliyyət göstərən dönərxana yerini əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir. İfadələrin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. - 15.02.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, X2 olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilmişdir. - 15.02.2021-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” qərardan görünür ki, X2 barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. - Gəncə şəhər Psixonevroloji Dispanserinin məhkəmə-psixiatrik ekspertizasının 16 fevral 2021-ci il tarixli 81 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə müşayiət olunan XBT 10 F 60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesab vermək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesab vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 fevral 2021-ci il tarixli 9/805 nömrəli rəyində göstərilmişdir ki, 2019-cu ilin sentyabr ayına olan nəzəri qaydada orta bazar qiymətləri X12 04 markalı siqaretlər 1 ədədi 3.70 manat 8 ədədi 29,6 manat dəyərində, Wincester KSSS Silver markalı siqaretlər 1 ədədi 2,20 manat 10 ədədi 22 manat dəyərində, X11 markalı siqaretlər 1 ədədi 2,80 manat 10 ədədi 28 manat dəyərində, Winston XS style silver markalı siqaretlər 1 ədədi 3,30 manat 15 ədədi 49,50 manat dəyərində, Argo compact blue markalı siqaretlər 1 ədədi 1,80 manat 12 ədədi 21,60 manat dəyərində, vvant nano black markalı siqaretlər 1 ədədi 1,80 manat 16 ədədi 28,80 manat dəyərində, Argo nano blue markalı siqaretlər 1 ədədi 1,80 manat 18 ədədi 32,40 manat dəyərində, Keno club markalı siqaretlər İ ədədi 1,60 manat 14 ədədi 22,40 manat dəyərində, Kingdom markalı siqaretlər İİ ədədi 1,60 manat 11 ədədi 17,60 manat dəyərində, LD club markalı siqaretlər 1 ədədi 2,80 manat 11 ədədi 30,80 manat dəyərində, Viceroy nano White markalı siqaretlər 1 ədədi 2 manat 8 ədədi 16 manat dəyərindədir. 10 ədəd Sevimli dad firmasına məxsus “Oxotnik” kolbasalarının və 2 ədəd Sevimli dad firmasına məxsus “Doktorskaya” kolbasalarının çəkiləri barədə ətraflı məlumat verilmədiyindən qiymətləndirmə aparılması mümkün olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-in 126.2.4, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü və 177.2.3-2-ci maddələri ilə təqsirləndiriləməsinə dair cinayət işi 10.06.2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-26/2021 saylı 06.04.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib CM-nin 126.2.4-cü maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü və 177.2.3-2-ci maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 6 il, 11 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası axlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəza çəkmə müddətinin əvvəli 30 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünü etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs, əməlini etiraf etməsini zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı ödəyərək onlarla barışmasını, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamalarını, birinci cinayət hadisəsini yetkinlik yaşına çatmayan vaxtı törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, o, hazırkı cinayət əməllərindən sonra da oğurluqlar etmiş, həmçinin ağır cinayət törətmişdir. Onun eyni xarakterli cinayət əməllərini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını, əksinə bu cinayət əməllərini özü üçün həyat tərzinə çevirdiyi deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməllərini barəsində çıxarılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-26/2021 saylı 06.04.2021-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəza hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmədə 9 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat və 54 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-26/2021 saylı 06.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 06 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 30 sentyabr 2020-ci il tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM; VÖEN**********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN **********; Müxbir hesab AZ41NABZ; ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçilər Müdafiəçi və X3 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən müvafiq olaraq Müdafiəçi üçün 120 (yüz iyirmi) manat və X7 üçün 54 (əlli dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan şəxsə təqdim edildiyi gündən) 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar