Məhkəmə qərarları › İş №1(044)-157/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-157/2021

28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-157/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra - Təqsirləndirilən şəxs) ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 355 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 07 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı Gəncə şəhəri, Şahsevənlər küçəsi 2-ci döngə 1 saylı evin yaxınlığında saxlanılıb Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilmiş və şəxsi axtarış zamanı üzərində daşıdığı qara rəngli çantanın içərisindən 1 ədəd göy rəngli poletilen torbada, təmiz çəkisi 355 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan marixuananı çəkmək yolu ilə qəbul edir. 2021-ci ilin avqust aylarında o, Göygöl rayonunda ”Azos” adlanan yerdə olan zaman, əvvəllər də narkotik vasitə marixuana qəbul etdiyi üçün marixuananı tanıdığıdından ağacların arasında marixuana kollarının olduğunu görmüş, həmin marixuana kollarını yığıb saxlamaq, lazım olduqca istifadə etmək qərarına gəlmişdir. Bundan sonra o, oradan bir qədər marixuana kolları qoparıb həmin kolları Gəncə şəhər “Şah sarayı” restoranının yaxınlığında körpünün altına aparmış, həmin marixuana kollarını qurumaları üçün həmin yerə qoymuşdur. O, bundan bir müddət sonra təkrar həmin yerə getmiş, həmin marixuananın quruduğunu, istifadəyə yararlı vəziyyətdə olduğunu görmüş, həmin marixuanadan bir qədər, öz şəxsi istifadəsi üçün götürüb qalan marixuananı yenə də orada qoyub yaşadığı evə getmişdir. 07.01.2021-ci il tarixdə, təxminən saat 20 radələrində Gəncə şəhərində “Şah sarayı” restoranının yanına getmiş, oradan da körpünün altına düşərək sellofanda gizlətdiyi həmin marixuananı oradan götürmüşdür. O, marixuananı üzərində apardığı dəri əl çantasına qoymuş, yaşadığı Gəncə şəhər Şahsevənlər küçəsi 2-ci döngə 1 saylı evin qabağına çatan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduğunu bildirərək onlarla birlikdə polis idarəsinə getməli olduğunu demişlər. O, həmin şəxslərlə razılaşmış, birlikdə Gəncə şəhər BPİ-nə getmişlər. İdarədə ona hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi təyin edilmiş, bundan sonra vəkilinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş əşyanın olub-olmadığı soruşulmuşdur. Bu zaman o, çiynindən asdığı dəri əl çantasını masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu deyib çantanı açmış, içərisində olan sellofanı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun iştirakı ilə həmin sellofanı açaraq baxış keçirmiş, sonra həmin kütlə tərəzidə çəkilmiş, həmin kütlənin ümumi çəkisi 358 qram gəlmiş və qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar olunan kütlə narkotik vasitə olan marixuanadır, həmin narkotik vasitəni 2021-ci ilin avqust ayında Göygöl rayonunda “Azos” adlanan yerin yaxınlığından yığıb özü qurutmuş və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs əlavə suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitədən heç kimə nə verməmiş, nədə ki satmamış, özü istifadə etmək üçün yığıb qurudub, üzərimdə gəzdirmişdir. Məhkəmədən əməlindən peşman olduğunu, ailəyə qazanc gətirən yeganə şəxs olduğunu nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 07.01.2021-ci il tarixdə saat 20 radələrində CAİ-nin kiçik inspektoru Şahid2 ilə Gəncə şəhəri, Şahsevənlər küçəsində xidməti işlə bağlı avtomobillə hərəkətdə olarkən bir nəfər şəxsin yolun kənarı ilə pandemiya qaydalarının ziddinə olaraq ağzında maska olmadan getdiyini görmüş, həmin vaxt onlar həmin şəxsə avtomobillə yaxınlaşaraq nə üçün maskasız halda küçəyə çıxaraq sərtləşdirilmiş karantin rejimi qaydalarını pozmasını soruşmaq istədikdə sonuncu özünü şübhəli apararaq qaçaraq hərəkət etməyə başlamışdır. Onlar həmin şəxsin ardınca hərəkət edib saxlayaraq xidməti vəsiqələrini ona göstərmiş və üzərində hər hansı narkotik vasitə və ya digər qanunsuz əşya olmasından şübhələndikləri üçün Gəncə şəhər BPİ-nə dəvət etmişlər və həmin şəxs onlarla Gəncə şəhər Baş Polis İdarəsinə gəlmişdir. Bundan sonra idarədə həmin şəxsin şəxsiyyəti müəyyən olunaraq xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün raportla müraciət olunmuşdur. Bundan sonra İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi təyin edilmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və çiynindən asdığı qara rəngli əl çantasının içərisindən göy rəngli sellofan torbada spesifik kəskin iyli, yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuş, həmin kütlə sellofanla birlikdə tərəzidə çəkilmiş və çəkisi 358 qram gəlmişdir. Həmin kütlə zərfdə qablaşdırılaraq ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 2020-ci ilin avqust ayında “Azos” kimi tanınan yerdə çayın qırağından yığaraq qurudub Gəncə şəhəri “Şah sarayı” restoranının yaxınlığında körpünün altında gizlədərək şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə şəhəri BPİ-nin CAİ-nin kiçik inspekoru Şahid2, məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.01.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 09.01.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 07.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 09.01.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.01.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, həmin tarixdə Gəncə şəhər BPİ-də müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması soruşulmuş. Şübhəli şəxs Təqsirləndirilən şəxs çiynindən asılmış qara rəngli dəri çantanın içərisindən göy rəngli sellofan kisəni təqdim etmişdir. Sonra həmin aşkar edilmiş göy rəngli selofan kisə müdafiəçinin və iştirakçıların iştirakı ilə açılmış, selofan kisənin içərisində tünd yaşıl rəngli, kəskin iyli, ilk görünüşdən narkotik maddə olan “marixuanaya” oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin göy rəngli selofan kisədə olan narkotik vasitə olan marixuananı o, 2020-ci il avqust ayının axırlarında “Azos” adlanan yerdən yığıb özü istifadə etmək üçün “Xan sarayı”-nın yaxınlığında olan körpünün altında saxlamış, az istifadə etmiş, son zamanlar pandemiya səbəbindən evdən çıxa bilmədiyi üçün həmin narkotik vasitəni götürüb yaşadığı evə gətirmək istəmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs özü narkotik vastə qəbul etdiyi üçün narkotik vasitəni üzərində saxlayaraq həmin narkotik vasitə olan marixuanaya oxşar kütlədən heç kimə satmadığını və heç kimə istifadə etmək üçün vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs çiyinindən asılmış qara rəngli dəri çantasından aşkar edilmiş göy rəngli sellofan kisə aptek tərəzisində çəkildi ümumi çəkisi 358 qram oldu və narkotik vasitə marixuanaya oxşar kütlə müdafiəçinin və iştirakçıların yanında əvvəlki vəziyyətə qaytarılaraq zərfə qoyulub möhürlənmişdir. Təqsirləndirilən şəxs çantasından və üzərindən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08.01.2021-ci il tarixli, 16/28 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi əl çantasından aşkar edilmiş “Marixuanaya” oxşar kütlə...” yazlar və imzalar olan kağız paketdəki, 1 ədəd göy rəngli polietilen torbada təmiz çəkisi 355 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkisi – 355 qr., tədqiqata sərf edildi – 0.2 qr., qalıq – 354.8 qr.). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 25.03.2021-ci il tarixli, 292 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloii dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin 25.01.2021-ci il tarixli 393 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 30.01.2021-ci il tarixli 347 saylı Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Nəbiyev X2 Dispanser qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 16.02.2021-ci il tarixli tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli hökmü ilə CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Probasiya şöbəsinin 01.04.2021-ci il tarixli 768/21 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli hökmü ilə təyin olunmuş 03 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını 18.03.2021-ci il tarixdə çəkib qurtarmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də cəza çəkdiyi müddətdə yenidən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, o, əvvəllər ağır və az ağır cinayət əməllərinə görə 2 dəfə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkum olunmuşdur. Onun əvvəllər dəfələrlə cinayət əməlləri törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və ona verilən cəzalardan nəticə çıxarmadığını, islah olunmağa meylli olmadığını göstərir. Təqsirləndirilən şəxs 07.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09.01.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 3 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 1(044)-157/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 24.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24.06.2021-ci il tarixdə tutularaq Gəncə Şəhər Baş Polis İdarəsi MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu 24.06.2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 354,8 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli həbsə alındığı 24.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 354,8 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 72 (yetmiş iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar