Məhkəmə qərarları › İş №1(044)-173/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-173/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-173/2021 01.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri X8, müdafiəçi Gəncə şəhər Hüquq Məsləhəxanasının vəkili X1, təqsirləndirilən şəxs X5 iştirakları ilə, 02.08.1966-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X9, 07.01.2021-ci il tarixdə saat 22 radələrində yaşadıqları ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində tanışı Zərərçəkmiş şəxs ilə yemək yeyərək, spirtli içki qəbul etmişlər, sərxoş olduqdan sonra X14 Bayramovdan doğum haqqında şəhadətnaməsini istəmiş, bu vaxt hər ikisi sərxoş olduqlarından aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs söyərək təhqir etdiyi üçün sonuncu evin həyətinə çıxıb taxta parçası götürərək evə qayıtmış, Arzu Quliyevanın başından və bədəninin müxtəlif yerlərindən həmin taxta parçası ilə bir neçə dəfə qəsdən vuraraq ona təpə və sol dirsək nahiyələrinin əzilmiş-sıyrılmış yaraları ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurduqdan sonra X14 Bayramova əsəbləşərək stolun üzərindən götürdüyü mətbəx bıçağı ilə sonuncunu qəsdən vuraraq sol kürək nahiyəsinin daxilinə keçməyən deşilmiş və kəsilmiş yarası ilə nəticələnən qəsdən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da X9 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs X9 məhkəmə iclasında bildirdi ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Daimi yaşayış yeri olmadığından Faiqin evində əvvəllər də gecələmişdir, son 3 gündür ki, mütəmadi olaraq o, Faiqin evində gecələyir və həm də təmizlik işləri aparırdı. 07.01.2021-ci il tarixdə saat təxminən 22 radələrində o, Faiqin evinə gəlmiş, həmin vaxtı Faiq evdə olmuşdur. O, özü ilə 0, 7 litr çaxır gətirmiş və o, Faiqə çaxır içməyi və yemək yeməyi təklif etmiş, Faiq onunla yemək yesə də özü aldığı spirti qəbul etmiş, onlar qəbul etdikləri içkilərin təsirindən sərxoş olmuşlar. O, Faiqdən ona məxsus doğum haqqında şəhadətnaməsini verməsini demiş, çünki onun sənədləri, Faiqdə qalmışdır. Təxminən 02 radələri olardı o, Faiqlə söhbət edən zaman, söhbət əsnasında aralarında qonaq otağında mübahisə yaranmış və o, Faiqi söymüşdür. Faiq evin həyətinə çıxıb taxta parçası gətirmiş və qəflətən onun başından bir zərbə vurmuş, həmin zərbədən onun başı yarılmış və qan gəlməyə başlamış, o, da əsəbləşərək masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə Faiqin kürəyindən bir dəfə vurmuş və bıçağı yenidən masanın üzərinə qoymuşdur. O, Faiqdən qorxduğu üçün Faiqin onu vurduğu taxta parçasını götürüb küçəyə çıxmış “Maxi” marketə tərəf qaçmışdır. Sərxoş olduğuna görə həmin taxta parçasını xatırlamadığı yerə atmışdır. Daha sonra polis əməkdaşları onu görmüş və başından qan gəldiyi üçün onu sorğu suala tutmuşlar. O, da polis əməkdaşlarına onu Faiqin taxta parçası ilə vurduğunu, onun da Faiqi bıçaqla kürəyindən vuraraq xəsarət yetirdiyini demişdir. Daha sonra o, Faiqin evini göstərmiş, polis əməkdaşları ilə birlikdə Faiqin yaşadığı evin yerləşdiyi küçəyə gəlmişlər. Orada Faiqin də evin qarşısında dayandığını görmüş, həmin vaxt Faiqin kürəyində qan ləkələri olmuşdur. O, polis əməkdaşlarına Faiqi bıçaqla vurduğunu demişdir. Daha sonra polis əməkdaşları onu və Faiqi Nizami Rayon Polis İdarəsinə gətirdilər. Xəsarətləri olduğuna görə onları X12 Xəstəxanasına aparmışlar və onun təpə nahiyəsində cərrahi tikişlər qoyulmuşdu. Hazırda əməlindən peşmandır. O, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən onun barəsində 05 noyabr 2021-ci il tarixli Zəfər günü münasibəti ilə çıxarılmış amnistiya aktının tətbiq edilməsini, onu cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, təqsirləndirilən şəxs X7 xeyli müddətdir ki, tanıyır və onun daimi yaşayış yeri olmadığından çox vaxt onun evində gecələyir. Arzu onun evinə gəlib evində təmizlik işləri də aparırdı. 07.01.2021-ci il tarixdə saat təxminən 22 radələrində Arzu onun evinə gəlmiş, o, tək yaşadığı üçün evdə onlardan başqa heç kim olmamışdır. Arzu özü ilə çaxır gətirmiş, o, isə aptekdən içmək üçün spirt almışdır. Bir qədər keçəndən sonra o, spirt içmiş, Arzu isə çaxır içmişdir. Sonra isə onlar biraz yemək yemişlər, o, və Arzu sərxoş olmuşlar. Arzunun sənədləri onun evində olduğundan Arzu ondan öz doğum haqqında şəhadətnaməsini istəmiş, o, da Arzuya sənədlərin yerini bilmədiyini demişdir. Arzu bu vaxt əsəbləşmiş və onu bir neçə dəfə təhqir etmiş, aralarında qonaq otağında mübahisə yaranmış, o, evin həyətinə çıxıb taxta parçası götürüb evə qayıdaraq Arzunun başından bir zərbə vurmuş, Arzunun başından qan axmağa başlamış, Arzu da əsəbləşdiyi üçün masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə onun kürəyindən bir dəfə vurdu və həmin vaxt onun beli qanamış, daha sonra Arzu qaçıb küçəyə çıxıb getmişdir, o, isə evdə qalmışdır. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları onun yaşadığı evə gəlmiş, Polis əməkdaşları ondan nə baş verdiyini soruşduqda o, onlara Arzu ilə dalaşdığını, Arzunu taxta parçası ilə vurduğunu, Arzunun isə onu bıçaqla kürəyindən vuraraq xəsarət yetirdiyini demişdir. Həmin vaxt polis əməkdaşları onları Nizami Rayon Polis İdarəsinə, daha sonra isə tibbi yardım göstərilməsi üçün Gəncə şəhər X12 Xəstəxanasına aparmışlar. Orada ona və Arzuya tibbi yardım göstərildikdən sonra onları evə buraxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, halhazırda Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfəri vəzifəsində xidmət edir. 08 mart 2021-ci il tarixdə saat 02 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində iş yoldaşı Şahid2 ilə xidmətdə olan vaxt “Maxi” marketin qarşısında bir qadının yaralı olduğunu görüb ona yaxınlaşdıq. Həmin qadının X9 olduğunu öyrəndikdən sonra ona kimin xəsarət yetirdiyini soruşduq. Arzu Quliyeva onlara Zərərçəkmiş şəxs tərəfindən ona xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yaşadığı ünvana Gəncə şəhəri, Fizuli küçəsi, 1-ci döngə, 7 saylı evə getmişlər. Orada Zərərçəkmiş şəxs da yaralı olmasını müəyyən etmişlər. Zərərçəkmiş şəxs ona Arzu Quliyevanın xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra o, və Kamal, Arzu və Faiqi Gəncə şəhər Nizami rayon Polis İdarəsinə aparmışlar. Orada Arzu və Faiqdən ərizə və izahat alındıqdan sonra hər ikisi tibbi yardım göstərilməsi üçün Gəncə şəhər X12 Xəstəxanasına aparıldır və onlara tibbi müayinə göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə tədqiq edilmiş və işdə olan 08.01.2021-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 30/2021 saylı protokoldan görünür ki, X6 orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 36 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət –sol kürək nahiyyəsinin daxilə keçməyən deşilmiş-yarası – deşici-kəsici alətin təsiri nətiəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 07.01.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə tibb ekspertizasının 19.02.2020ci il tarixli 16/160/161 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu batıcı xassəyə malk olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə dəyişikliklər edilməmişdir. Təqdim olunmuş uzunqol köynəyin səthində olan 02 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə, zədələridir. Lakin təqdim edilmiş uzunqol köynəyin üzərində olan zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 08.01.2021-ci il tarixli 36 saylı ekspert rəyində olan bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarın səthində olan zədələr müqayisə edilmiş və müəyyən olunmuş ki, “sol kürək nahiyyəsinin daxilə keçməyən kəsilmiş yarası” xəsarəti ilə köynəyin səthində olan 02 ədəd zədə yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Beləliklə, məhkəmə iclasında sübutlar əsasında müəyyən olunmuşdur ki, X9, 07.01.2021-ci il tarixdə saat 22 radələrində yaşadıqları ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində tanışı Zərərçəkmiş şəxs ilə yemək yeyərək, spirtli içki qəbul etmişlər, sərxoş olduqdan sonra X14 Bayramovdan doğum haqqında şəhadətnaməsini istəmiş, bu vaxt hər ikisi sərxoş olduqlarından aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs söyərək təhqir etdiyi üçün sonuncu evin həyətinə çıxıb taxta parçası götürərək evə qayıtmış, Arzu Quliyevanın başından və bədəninin müxtəlif yerlərindən həmin taxta parçası ilə bir neçə dəfə qəsdən vuraraq ona təpə və sol dirsək nahiyələrinin əzilmiş-sıyrılmış yaraları ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurduqdan sonra X14 Bayramova əsəbləşərək stolun üzərindən götürdüyü mətbəx bıçağı ilə sonuncunu qəsdən vuraraq sol kürək nahiyəsinin daxilinə keçməyən deşilmiş və kəsilmiş yarası ilə nəticələnən qəsdən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in128-cimaddəsiilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş təqsirləndirilən şəxs X5 məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilmiş və 05.11.2021-ci il tarixli Amnistiya aktını nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Müdafiəçi X3 da hüquqlarını müdafiə etdiyi X5 mövqeyi ilə razı olduğunu, onun barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmişin və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən X5 əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 14-cü hissəsiə əsasən bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 23.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən amnistiya – bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən təqsirləndirilən şəxs X5 barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.12 və 9.1-ci bəndlərinin tətbiq edilməli olduğunu, eyni zamanda müdafiə tərəfinin amnistiyanin tətbiqi ilə bağlı razılıq mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının1.12 və 9.1-ci bəndləri tətbiq edilməklə təqsirləndirilən şəxs X9 cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə ekspertizası xərci 63 manat məbləğində pul vəsaiti X4 tutularaq, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndləri tətbiq edilməklə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş X9 cinаyət məsuliyyətindən аzаd edilsin. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayə işinin icraatına xitam verilsin. X5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə ekspertizası xərci 63 manat məbləğində pul vəsaiti X4 tutularaq, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar