Məhkəmə qərarları › İş №1(050)-15/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-15/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-15/2023 16.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə çəkilməmiş qalan azadlıqdan məhrum etmə cəzası 06 ay müddətə azaldılmış və cəzaçəkmə müddəti bitdiyindən cəzaçəkmə müəssisəsindən dərhal azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Masallı şəhər, Heydər Əliyev prospektində yerləşən “İlqar Plaza” şadlıq sarayının qarşısında əvvəllər tanımadığı Masallı şəhəri, Qarabağ küçəsi ev 22, mənzil 10-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs yaxınlaşaraq kömək məqsədilə 1 manat pul istəmiş, Zərərçəkmiş şəxs əlini əynində olan göy rəngli şalvarın sağ yan cibinə salaraq pul çıxartmaq istəyərkən cibində olan 01 ədəd 100 manatlıq, 02 ədəd 50 manatlıq olmaqla, ümumilikdə 200 manat pul əskinazı yerə düşmüş, o, Zərərçəkmiş şəxs gözü qarşısında həmin pulları yerdən götürərək getmək istədikdə Zərərçəkmiş şəxs götürdüyü pulları geri qaytarmasını tələb etsə də o, sonuncunun bu tələbinə məhəl qoymadan qaçaraq oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 200 manat məbləğində pulunu açıq yolla talayaraq soyğunçuluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Masallı şəhər, H.Əliyev prospekti ərazisində yerləşən “İlqar Plaza” şadlıq sarayının həyətinə gəlmişdir. Şadlıq sarayında keçirilən toy mərasimi başa çatdığından insanlar şadlıq sarayının həyətini tərk etməyə başlamışdır. Həmin vaxtı şadlıq sarayının giriş qapısındakı pilləkənin yanında olan zaman orta yaşlarında əynində göy rəngli kostyum olan əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Masallı şəhər sakini Zərərçəkmiş şəxs görərək ona yaxınlaşmışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs 1 manat pul istəmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 manat pul çıxararaq ona vermişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs şalvarının sağ yan cibindən müəyyən miqdarda pulun yerə düşdüyünü görmüşdür. Maddi vəziyyətində problemlər olduğu üçün həmin pulu Zərərçəkmiş şəxs yanında yerdən götürərək qaçmağa başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs onu arxasınca səsləyərək dayanmasını istəmiş, lakin dayanmamış və həmin yerdən qaçaraq uzaqlaşmışdır. Daha sonra Masallı şəhəri ərazisində yerləşən Heydər Əliyev parkının ərazisinə gəlmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra oğurladığı pulları cibindən çıxarmış və saymağa başlamışdır. Həmin pullar 1 ədəd 100 manat, 2 ədəd 50 manat olmaqla ümumilikdə 200 manat təşkil etmişdir. Həmin pulları yenidən şalvarının cibinə qoymuşdur. Bütün günü park ərazisində olmuş və orada olan oturacaqlardan birində uzanaraq yatmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində park ərazisində olan oturacaqdan qalxmış və bir müddət şəhər ərazisində olmuşdur. Daha sonra Masallı şəhər ərazisində yerləşən “Köhnə Bazar” adlanan yerə gələrək orada olan geyim mağazalarından özünə 1 ədəd 13 manat dəyərində qara rəngli uzunqol köynək, 1 ədəd 22 manat dəyərində göy rəngli cins şalvar, 1 ədəd 14 manat dəyərində qara rəngli ayaqqabı və bir ədəd 5 manat dəyərində qara rəngli qol saatı almışdır. Daha sonra həmin mağazalardan çıxaraq bütün gün ərzində Masallı şəhər ərazisində olmuşdur. Qalan pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə Masallı şəhər, Heydər Əliyev prospektində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq Masallı şəhər sakini Zərərçəkmiş şəxs məxsus 200 manat pulu ələ keçirməkdə şübhəli olduğunu bildirmiş və onu Masallı RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmiş və Zərərçəkmiş şəxs məxsus 200 manat pulu oğurladığını etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olaraq ailəsinin gündəlik ehtiyaclarını təmin edir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində qonşusu Polad Mənsubovun oğlunun toy mərasimində iştirak etmək üçün arvadı Şahid1 ilə birlikdə Masallı şəhər, Heydər Əliyev prospekti ərazisində yerləşən “İlqar Plaza” şadlıq sarayına gəlmişdir. Saat 23 radələrində toy mərasimi başa çatdığından arvadı Şahid1 ilə birlikdə şadlıq sarayından çıxmışdır. Şadlıq sarayının girişindəki pilləkənin qarşısında olan zaman əvvəllər tanımadığı lakin adını sonradan bildiyi Masallı şəhər sakini Təqsirləndirilən şəxs ona yaxınlaşaraq 1 manat pul istəmişdir. Həmin vaxtı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 manat pul çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Pulu Təqsirləndirilən şəxs verən zaman cibindən 200 manat pul da yerə düşmüşdür. 200 manat pul əskinazı 1 ədəd 100 manat və 2 ədəd 50 manatlıq olduğunu bildirmişdir. Pul yerə düşdükdən sonra pulu götürmək istəmişdir. Lakin Təqsirləndirilən şəxs ondan qabaq əyilib yerdəki 200 manat pulunu götürüb şadlıq sarayının yanındakı küçə istiqamətində qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs arxasınca səslənərək dayanmasını istəmiş, ancaq Təqsirləndirilən şəxs dayanmamış və uzaqlaşaraq getmişdir. Arvadı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs qaçdığı küçə istiqamətində gedərək onu tapmaq istəmiş, lakin tapa bilməmişdir. xx.xx.2022-ci il tarixdə arvadı Şahid1 Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Bundan sonra həmin tarixdə Masallı RPŞ-yə gələrək baş vermiş cinayət hadisəsi ilə bağlı ərizə vermişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirib təqsirləndirilən şəxs barəsində qanunamüvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Masallı şəhər, Heydər Əliyev prospektinin yerləşdiyi ərazi RPŞ-nin rəhbərliyi tərəfindən təsdiq olunmuş əmr ilə xidmət etdiyi ərazidir. xx.xx.2022-ci il tarixdə Masallı şəhər, Qarabağ küçəsi küçəsi, ev 22, mənzil 10-da yaşayan X2, əri Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək və Masallı RPŞ-yə ərizə ilə müraciət edərək Masallı şəhərində yerləşən “İlqar Plaza” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs cibindən düşmüş 200 manat pulun naməlum şəxs tərəfindən götürülüb qaçması barədə məlumat verməsi əsasında xidməti ərazi olduğu üçün Masallı RPŞ-nin əməliyyat qrupu ilə birlikdə cinayət hadisəsi baş verən yerə gəlmişdir. Həmin vaxt orada baş təhqiqatçı tərəfindən zəruri sənədləşmə işləri aparılmış və fotoşəkillər çəkilmişdir. Daha sonra tərəfindən baş vermiş soyğunçuluq hadisəsinin açılması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq hadisəsinin Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla Masallı şəhər, Seybətin küçəsində yaşayan Təqsirləndirilən şəxs tərəfindən açıq talanması müəyyən olunmuş və Təqsirləndirilən şəxs saxlanılaraq istintaqa təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində qonşusu Polad Mənsubovun oğlunun toy mərasimində iştirak etmək üçün əri Zərərçəkmiş şəxs ilə birlikdə Masallı şəhər Heydər Əliyev prospekti ərazisində yerləşən “İlqar Plaza” şadlıq sarayına gəlmişdir. Saat 23 radələrində toy mərasimi başa çatdığından əri Zərərçəkmiş şəxs ilə birlikdə şadlıq sarayından çıxmışdır. Şadlıq sarayının girişindəki pilləkənin qarşısında olan zaman əvvəllər tanımadığı lakin adını sonradan bildiyi Masallı şəhər sakini Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs yanına gələrək ondan 1 manat pul istəmişdir. Həmin vaxtı əri Zərərçəkmiş şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 manat pul çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Əri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul verən zaman onun cibindən 200 manat pul yerə düşmüşdür. 200 manat pul əskinazı 1 ədəd 100 manat və 2 ədəd 50 manatlıq olmuşdur. Pul yerə düşdükdən sonra əri Zərərçəkmiş şəxs pulu yerdən götürmək istəmiş, lakin Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs qabaq əyilib yerdəki 200 manat pulu götürüb şadlıq sarayının yanındakı küçə istiqamətində qaçmağa başlamışdır. Əri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arxasınca səslənərək dayanmasını istəmiş, ancaq Təqsirləndirilən şəxs dayanmamış və uzaqlaşaraq getmişdir. Əri Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs qaçdığı küçə istiqamətində gedərək onu tapmaq istəmiş, lakin onu tapa bilməmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Bundan sonra əri Zərərçəkmiş şəxs da həmin tarixdə Masallı RPŞ-yə gələrək baş vermiş cinayət hadisəsi ilə bağlı ərizə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Masallı şəhər “Köhnə Bazar” adlanan yerdə aksessuar mağazası işlədir. Qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin edir. Masallı şəhər sakinləri Elnarə Əhmədovanın və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə və Masallı RPŞ-yə ünvanlamış olduğu müraciət ilə tanış olmuşdur. xx.xx.2022-ci il tarixdə “Köhnə Bazar” ərazisində olan aksessuar mağazasında olan zaman əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Təqsirləndirilən şəxs mağazasına gəlmiş və satışda olan qara rəngli qolbaq saatının qiymətini soruşmuşdur. Həmin saatın qiymətinin 5 manat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin saatı almaq istədiyini bildirmiş və ona əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 5 manat pul çıxararaq vermişdir. Bundan sonra həmin qara rəngli qolbaq saatını Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs saatı aldıqdan sonra onun yanından uzaqlaşaraq getmişdir. Bir neçə gün sonra Masallı RPŞ-nin əməkdaşları onun işlədiyi mağazaya gəlmiş və Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə əldə etdiyi 200 manat pul ilə onun mağazasından saat aldığını bildirmişdir. Təqsirləndirilən şəxs 5 manata 1 ədəd qara rəngli qol saatı satdığını, lakin Təqsirləndirilən şəxs həmin pulun soyğunçuluq yolu ilə əldə etməsindən xəbərinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Masallı şəhəri “Köhnə Bazar” adlanan yerdə kişi geyimlərinin satışı ilə məşğul olur. Qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin edir. Masallı şəhər sakinləri Elnarə Əhmədovanın və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə və Masallı RPŞ-yə ünvanlamış olduğu müraciət ilə tanış olmuşdur. xx.xx.2022ci il tarixdə “Köhnə Bazar” ərazisində olan kişi geyimləri mağazasında olan zaman əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Təqsirləndirilən şəxs mağazasına gələərək şalvar və köynəklərin qiymətini soruşmağa başlamışdır. Daha sonra ona ucuz qiymətə şalvar və köynək satmağını istəmişdir. Ona 1 ədəd 22 manat dəyərində göy rəngli cins şalvar və 1 ədəd 13 manat dəyərində qara rəngli uzunqol köynək satmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun yanından uzaqlaşaraq getmişdir. Bir neçə gün sonra Masallı RPŞ-nin əməkdaşları onun işlədiyi mağazaya gəlmiş və Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə əldə etdiyi 200 manat pul ilə mağazasından şalvar və köynək aldığını bildirmişdir. Təqsirləndirilən şəxs 1 ədəd 22 manat dəyərində göy rəngli cins şalvar və 1 ədəd 13 manat dəyərində qara rəngli uzunqol köynək satdığını, lakin Təqsirləndirilən şəxs həmin pulu soyğunçuluq yolu ilə əldə etməsindən xəbərinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Masallı şəhəri “Köhnə Bazar” adlanan yerdə ayaqqabı satışı ilə məşğul olur. Qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin edir. Masallı şəhər sakinləri Elnarə Əhmədovanın və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə və Masallı RPŞ-yə ünvanlamış olduğu müraciət ilə tanış olmuşdur. xx.xx.2022ci il tarixdə “Köhnə Bazar” ərazisində olan ayaqqabı mağazasında olan zaman əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun mağazasına gəlmiş və ayaqqabaların qiymətini soruşmağa başlamışdır. Daha sonra ona ucuz qiymətə ayaqqabı satmağını istəmişdir. Ona 1 cüt 14 manat dəyərində qara rəngli ayaqqabı satmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun yanından uzaqlaşaraq getmişdir. Bir neçə gün sonra Masallı RPŞ-nin əməkdaşları onun işlədiyi mağazaya gəlmiş və Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə əldə etdiyi 200 manat pul ilə onun mağazasından ayaqqabı aldığını bildirmişdir. Təqsirləndirilən şəxs 14 manata 1 cüt ayaqqabı satdığını, lakin həmin pulun soyğunçuluq yoli ilə əldə etməsindən xəbəri olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş; 30 oktyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə soyğunçuluq etdiyi yer Masallı şəhər, Heydər Əliyev prospektində yerləşən “İlqar Plaza” şadlıq sarayının giriş qapısının qarşısıdır. Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində soyğunçuluq əməli üzrə göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, fotoşəkillər çəkilrərək protokola əlavə edilmişdir. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında 31 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə əldə etdiyi 200 manat pulla almış olduğu 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd qara rəngli ayaqqabı, 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd qara rəngli qol saatına xx.xx.2022-ci il tarixdə baxış keçirilərək götürülmüş və həmin tarixdə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi maddi sübut kimi tanınaraq saxlanılması üçün Masallı RPŞ-nin Təchizat qrupuna verilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Təzə Alvadı kənd İnziabti ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Abuşov X3 rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla atası xx.xx.1969-ci il təvəllüdlü X4 və anası xx.xx.1966-cı il təvəllüdlü X1 ibarət ailə tərkibində hal-hazırda Masallı şəhərində yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və müvafiq məhkəmə hökmündən görünür ki, Abuşov X3 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə çəkilməmiş qalan azadlıqdan məhrum etmə cəzası 06 ay müddətə azaldılmış və cəzaçəkmə müddəti bitdiyindən cəzaçəkmə müəssisəsindən dərhal azad edilmişdir. Onun məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmişdir. “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılsın (bu Qərarın 10-cu hissəsində nəzərədə tutulmuş məhdudiyyətlə nəzərə alınmaqla). Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi var. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəzanı yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduqda təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 4(050)-93/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 01 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Məhkəməsinin 4(050)-93/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Porosessaul Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən hesablanması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun tutularaq həbsdə saxlanılmağa başlandığı 01 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut Masallı Rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə əldə etdiyi 200 manat pulla almış olduğu 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd qara rəngli ayaqqabı, 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd qara rəngli qol saatı hökm qanuni qüvvəyə mindikdən sonra Dövlət nəfinə alınmalı, hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə müsadirə ediləcək əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 01 noyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut - Masallı Rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə əldə etdiyi 200 manat pulla almış olduğu 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd qara rəngli ayaqqabı, 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd qara rəngli qol saatı hökm qanuni qüvvəyə mindikdən sonra Dövlət nəfinə alınsın. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar