Məhkəmə qərarları › İş №1(059)-17/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-17/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-17/2021 20.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər- fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxx 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1968-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə və xx xxxx 1983-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq Təqsirləndirilən şəxs2 xx xxxxxx 2021-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhəri, T.İsmayılov küçəsi ərazisində əvəzsiz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, 0,253 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamış, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən xx xxxxxx 2021-ci il tarixdə, saat 19:00 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhəri, T.İsmayılov küçəsi ərazisində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə əynində olan qara-boz rəngli qış gödəkcəsinin qabaq sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülü vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 0,479 qram narkotik vasitə heroin əldə edərək, həmin narkotik vasitənin 0,253 qramını xx xxxxxx 2021-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhəri, T.İsmayılov küçəsi ərazisində Təqsirləndirilən şəxs1 heç bir qazanc əldə etmədən əvəzsiz olaraq verməklə, qalan 0,226 qram narkotik vasitə heroini üzərində saxlamış, həmin narkotik vasitə xx xxxxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Siyəzən şəhəri, T.İsmayılov küçəsində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qolsuz qış gödəkcəsinin sağ üst cibində olan 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünün içərisində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5-6 ay olar, narkotik vasitə heroindən istifadə etsə də, bundan əvvəl narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Quba rayonu İİ Nügədi kəndində yerləşən Məntəqə tipli Cəzaçəkmə müəssisəsində cəza çəkərkən bu məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 Siyəzən şəhər sakini kimi və narkotik vasitə heroin istifadəçisi kimi tanımaqla, onunla aralarında normal münasibətlər olmuş, hər hansı ədavət və düşmənçilikləri olmamışdır. xx xxxxxx 2021-ci il tarixdə axşam saat təxminən 18-19:00 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Əlpənahın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq ondan harada olduğunu soruşduqda sonuncu yaşadığı küçədə olduğunu bildirmiş, Əlpənahla yaşadığı Siyəzən şəhəri T.İsmayılov küçəsində görüşmüş, maddi vəziyyətinin pis olduğuna görə ondan borc pul istəmiş və sonuncu pulunun olmadığını qeyd etmişdir. Bir qədər söhbət etdikdən sonra Əlpənah narkotik vasitə heroinə olan təlabatına görə ağrı çəkdiyini hiss edib cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüdə narkotik vasitə heroini çıxaraq əvəzsiz olaraq ona vermiş, qarşılığında nə pul nə də, başqa heç nə istəməmişdir. Daha sonra, Əlpənah ilə sağollaşaraq yaşadığı ev istiqamətində gələrkən Siyəzən şəhəri T.İsmayılov küçəsində Siyəzən RPŞ-nin mülki geyimli əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün şəxsi axtarış keçirilməsi məqsədilə onu RPŞ-yə dəvət etmiş, orada növbətçi hissədə Müdafiəçi1 iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz-qara rəngli gödəkcənin qabaq sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülü vəziyyətdə qəhvəyi rəngli narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra bu barədə protokol tərtib olunmuş, protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təsir olunmamış, ifadəsini özü sərbəst formada vermiş, eyni zamanda, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs2 əvəzsiz olaraq aldığını bildirmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün, digər Təqsirləndirilən şəxs2, həmçinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 10 il olar, narkotik vasitə heroin istifadə edir. Eyni zamanda, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əvvəllər məhkum da olunmuşdur. Təqsirləndirilən şəxs1 isə Siyəzən şəhər sakini kimi tanımaqla, sonuncu ilə normal münasibətləri var, onunla hər hansı ədavət və düşmənçilikləri yoxdur. Bundan əlavə, Gülbalanın narkotik vasitə heroin istifadəçisi olduğunu bilmişdir. xx xxxxxx 2021-ci il tarixdə axşam təxminən saat 18-19:00 radələrində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq harada olduğunu soruşduqda, o, Gülbalaya yaşadığı məhəllədə olduğunu bildirmişdir. Bir neçə dəqiqədən sonra Gülbala ilə yaşadığı məhəllədə görüşmüş, sonuncu ondan borca pul istədikdə ona pulunun olmadığını bildirmişdir. Gülbalanın görünüşündən çox pis vəziyyətdə olduğunu, ağrılarının olduğunu başa düşmüşdür. Həmin gün üzərində yaşadığı küçədə yolun kənarından tapdığı 1 ədəd gümüşü rəngli siqaret kağızında olan narkotik vasitə heroin bükümünün yarısını kəsərək ona vermişdir. Daha sonra, yaşadığı evə gəlmiş, özündə qalan narkotik vasitə heroini isə öz təlabatı üçün saxlamışdır. Həmin gümüşü rəngli siqaret kağızı bükülüsündə olan narkotik vasitə heroini qəhvəyi qolsuz gödəkcənin sağ üst cibinə qoymuşdur. xx xxxxxx 2021-ci il tarixdə səhər saat təxminən 11:00 radələrində yaşadığı küçədə dayanarkən Siyəzən RPŞ-nin mülki geyimli əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün şəxsi axtarış keçirilməsi məqsədilə RPŞ-yə dəvət etmişlər. RPŞ-nin növbətçi hissəsində Müdafiəçi2 iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan qəhvəyi rəngli qolsuz gödəkcənin sağ üst cibində saxladığı 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünün içərisində olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, bu barədə protokol tərtib olunmuş, protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitəni pulsuz vermiş, heç bir üstünlük və qazanc əldə etmək niyyəti ilə verməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamış, əvvəllər heç kimə pul ilə və pulsuz narkotik vasitə verməmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün, digər Təqsirləndirilən şəxs1, həmçinin şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Siyəzən rayon Polis Şöbəsinin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid6 İmamməddin oğlu ifadəsində göstərdi ki, Siyəzən şəhəri sakini Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması, istifadə etməsi ilə əlaqədar daxil olmuş əməliyyat məlumatları əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə tərəfindən qəbul edilmiş qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş, tədbirlə bağlı RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 və MP-nın operatoru Şahid5la birlikdə təlimatlandırma keçirilmişdir. xx xxxxxx 2021-ci il tarixdə, saat 19:00 radələrində Abbasov X1 şəhəri, T.İsmayılov küçəsində saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi üçün RPŞ-nin növbətçi hissəsinə təhvil verilmiş, orada Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, habelə videoçəkiliş RPŞ-nin KTQ-nin baş inspektoru Şahid2 tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs1 müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi1 da, iştirakı təmin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrin izah edilməsi barədə bildiriş təqdim edilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan boz-qara rəngli qış gödəkcəsinin qabaq sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü təqdim edərək içərisində narkotik vasitə “kakos” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd gümüşü rəngli siqaret bükülüsü müvafiq qaydada qablaşdırılıb, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunan əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış ilə əlaqədar protokol tərtib olunaraq ucadan oxunmuş, doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 narkotik vasitəni aldığı şəxs Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlaması, istifadə etməsi ilə əlaqədar əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə də tərəfindən qərar qəbul edilmiş, müvafiq təlimatlandırılma aparıldıqdan sonra, RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 və MP-nın operatoru Şahid5la birlikdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 xx xxxxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi üçün RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Daha sonra, baş əməliyyat müvəkkili Şahid1 xidməti zərurətlə əlaqədar getmiş, növbətçi hissədə Təqsirləndirilən şəxs2 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, videoçəkiliş RPŞ-nin məsul növbətçisi Şahid3 tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs2 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi2 də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qəhvəyi rəngli qolsuz qış gödəkcəsinin sağ üst cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü masanın üzərinə qoyaraq, içərisində narkotik vasitə “kokos”, yəni heroin olduğunu bildirmiş, həmçinin onun üzərindən aşkar edilərək götürülmüş 1 ədəd gümüşü rəngli siqaret bükülüsü müvafiq qaydada qablaşdırılmaqla, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunan əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış ilə əlaqədar olaraq protokol tərtib olunmuş, ucadan oxunmuş, protokol doğru olduğundan iştiarkçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1, KTQ-nin baş inspektor kriminalisti Şahid2, uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid5 Qiyas oğlu, RPŞ-nin növbətçi hissənin növbətçi köməkçisi Şahid4 və növbətçi hissənin məsul növbətçisi Şahid3 Şahid6 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 71-72-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 6/71 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən...” və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,253 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən...” və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,226 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş heroinlə Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş heroin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroinin təmiz çəkisi 0,253 qram təşkil etmiş, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,203 qram qalmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 0,226 qram təşkil etmiş, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,176 qram qalmışdır. Cinayət işinin 70-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 109,90 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 188-189-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş, 340 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 186-187-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş, 281 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində boz qara rəngli qış gödəkcəsi, qara boz rəngli uzunqol qış köynəyi, boz rəngli şalvar, başında qara rəngli papaq və qara rəngli ipsiz ayaqqabı olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan boz-qara rəngli qış gödəkcəsinin qabaq sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin gümüşü rəngli siqaret kağızı bükülüsü Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərəfindən açıldığında içərisində spesifik qoxusu olan, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Daha sonra, davam etdirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində boz-qara rəngli qış gödəkcəsinin qabaq sol yan cibindən deməsinə görə öz istifadəsində olan içərisində 070 537 91 69 saylı mobil nömrə olan 1 ədəd qara rəngli “FLY” markalı mobil telefon aşkar olunmuşdur. Aşkar edilmiş hər iki predmet zərfə qoyularaq qablaşdırılmış, habelə qablaşdırmanın üzəri möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 53-54-cü vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində qəhvəyi rəngli qolsuz qış gödəkcəsi, tünd göy rəngli uzunqol köynək, boz rəngli şalvar və qəhvəyi rəngli, ipli ayaqqabı olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunduqda, sonununcu əynində olan qəhvəyi rəngli qolsuz qış gödəkcəsinin sağ üst cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin gümüşü rəngli siqaret kağızı bükülüsü Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid6 tərəfindən açıldığında içərisində spesifik qoxusu olan, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin bükülünün içərisindəki kütlənin “kokos” olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Aşkar olunmuş 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü içərisindəki kütlə ilə birlikdə qablaşdırılmaqla, üzəri möhürlənmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 132-133-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin xx xxxxxx 2021-ci il tarixli əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,203 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,176 qram olan narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 216-226-cı vərəqələrində olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Həmçinin, qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində keçirilmiş şəxsi axtarışın və götürmə istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin olduğu 2 ədəd CD disklər iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 211-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx xxxxxx 2021-ci il tarixli tələbnaməsindən, 154-157-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(059)-48/2017 saylı hökmünün, eləcə də işin 158-ci vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 7(002)-557/2019 saylı qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəza çəkmə müddətinin əvvəli xx xxx 2017-ci il tarixdən hesablanaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2019-cu il tarixdə isə o, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı əsasında cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 153-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsinin xx xxxxxx 2021-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs1 1743 saylı şəxsi işindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2021-ci il tarixə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(059)-48/2017 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 03 il 07 ay 09 gününü çəkmiş, cəzasının çəkilməmiş qalan hissəsi isə 04 ay 22 gün hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 212-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx xxxxxx 2021-ci il tarixli tələbnaməsindən görünür ki, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 130-131-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 4(059)-2/2021 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə 02 (iki) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 47-ci vərəqəsində olan xx xxxxxx 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-129-cu vərəqələrindəki xx xxxxxx 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Siyəzən RPŞ-nin MSY-dən azad edilməklə, onun barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 175-176-cı vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 151-152-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də işin 214-215-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin, həmçinin iş materiallarına əlavə edilmiş şəhid ailəsi üzvünün vəsiqəsinin və Siyəzən Rayon Xalq Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxx 1997ci il tarixli, 2-25/1997 saylı qətnaməsinin surətlərindən görünür ki, himayəsində xx xxxxxx 2004-cü il təvəllüdlü Əsgər və xx xxxxxxxx 2009-cu il təvəllüdlü Pəri adında iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, ünvan 2 ünvanında yaşayan, şəhid qardaşı Təqsirləndirilən şəxs2 barəsində Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 0,253 qram çəkidə 1 ədəd bükülü şəklində, Təqsirləndirilən şəxs2 isə 0,226 qram çəkidə 1 ədəd bükülü şəklində satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdikləri şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib saxlamaları məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda cəza çəkən Təqsirləndirilən şəxs1 tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini və tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısı həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməklə, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olmaqla, şəhid qardaşı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin, Təqsirləndirilən şəxs2 münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən baş müstəntiq cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini və əvvəllər qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsinə görə məhkum olunmasına baxmayaraq, islah olunmamasını, bununla belə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olmaqla, şəhid qardaşı olması kimi cəzanı yüngülləşdirici hallar olmaqla, ağırlaşdıran halın mövcud olmamasını, həmçinin, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinə yaxın həcmdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,203 qram olan narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,176 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində müvafiq olaraq 06 və xx xxxxxx 2021-ci il tarixlərdə video çəkiliş ilə aparılan şəxsi axtarışın və götürmənin görüntüləri köçürülmüş 2 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109,90 manat məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək onun üzərində qəti cəza olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli, tutulduğu vaxtdan, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablansın və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,203 qram olan narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,176 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində müvafiq olaraq 06 və xx xxxxxx 2021-ci il tarixlərdə video çəkiliş ilə aparılan şəxsi axtarışın və götürmənin görüntüləri köçürülmüş 2 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar