Məhkəmə qərarları › İş №1(059)-20/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-20/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-20/2021 04.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 04 may 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1985-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, “xxxx” ASC-də traktorçu vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 03 dekabr 2020-ci il tarixdə “X1 Mərkəzi” X7 X3 verdiyi yaxma analizinin nəticəsi 04 dekabr 2020-ci il tarixdə pozitiv çıxdığına görə Covid-19 xəstəsi kimi rəsmi qeydiyyata alınmaqla müalicəsini yaşadığı evdə özünü təcrid formasında davam etdirmək üçün karantinə alınmalı və karantin rejimi qaydalarına uyğun olaraq 14 gün ərzində yaşadığı evi tərk etməməli, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına səbəb olmamalı, həmçinin, xəstəliyin yayılması üçün real təhlükə yaratmamalı olduğu halda, 11 dekabr 2020-ci il tarixdə yaşadığı və özünü təcriddə olduğu ünvan 1 ünvanını tərk edərək küçəyə çıxmış, karantin rejimi qaydalarını pozmaqla Covid-19 xəstəliyinin yayılması üçün real təhlükə yaratmış və həmin tarixdə saat 13:00 radələrində yaşadığı küçədə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “xxxx” ASC-də traktorçu peşəsində işləyir və hər gün işə ASC tərəfindən ayrılmış xüsusi avtobusla gedib-gəlir. 02 dekabr 2020-ci il tarixdə yuxudan gec oyandığından işə getməli olduğu avtobusun fəhlələri götürdüyü yerə çata bilməmiş, iş yoldaşlarına zəng edib sürücüdən avtobusu Siyəzən şəhəri, H.Əliyev küçəsinin sonunda “Üzüyün yanı” adlanan yerdə saxlatdırmalarını xahiş etmiş, özü isə H.Əliyev küçəsində “Mərkəz” adlanan hissədən iti addımlarla piyada “Üzüyün yanı” adlanan yerə, oradan da avtobusa əyləşərək işə getmişdir. Hər gün iş yerinə daxil olarkən mövcud Covid-19 pandemiyası ilə əlaqədar işçilərin hərarəti ölçüldüyündən həmin tarixdə onun da hərarəti ölçülmüş və hərarətinin bir qədər yüksək olduğu müəyyən edilmişdir. İşə gətirildiyi avtobusa çatmaq üçün piyada iti addımlarla xeyli məsafə qət etdiyindən hərarətinin yuxarı olduğunu düşünüb, əynindəki paltarları çıxarıb bir qədər gözlədikdən sonra, yenidən hərarətini ölçdürmüş və bu dəfə hərarəti qaydasında olduğundan iş yerinə daxil olaraq gündəlik iş fəaliyyəti ilə məşğul olmuşdur. Günün sonunda işdən çıxarkən növbəti gün işə gəlməməsi, hər ehtimala qarşı xəstəxanaya gedib Covid-19 infeksiyası ilə bağlı analiz verməsi məsləhət görülmüşdür. Beləliklə, o, 03 dekabr 2020-ci il tarixdə X1 Mərkəzinə getmiş, hərarəti ölçülmüş və hərarətinin qaydasında olduğu müəyyən olunmuşdur. Bununla yanaşı, ciyərlərini və digər orqanlarını yoxlatdırmış, daxili orqanlarının sağlam olduğuna əmin olduqdan sonra, mərkəzin X4 yaxınlaşıb Covid-19 xəstəliyi ilə bağlı yaxma analizi vermişdir. TYB-də ona analizin cavabının bir gün ərzində veriləcəyi, nəticənin pozitiv olacağı təqdirdə mobil telefonuna mesaj göndəriləcəyi, neqativ olacağı təqdirdə isə zəng vurularaq məlumat veriləcəyi bildirilmişdir. Bundan sonra, o, yaşadığı evə getmiş, Covid-19 xəstəliyi ilə bağlı heç bir narahatçılıq hiss etmədiyindən analizinin cavabını gözləmədən növbəti gün yenidən işə getmişdir. İşdə olduğu zaman xəstəxanadan ona zəng vurularaq analizinin cavabının müsbət olduğu bildirildiyindən işdən çıxaraq birbaşa X1 Mərkəzinə gəlmişdir. Xəstəxanada ona 14 gün ərzində özünü təcrid formada ev şəraitində müalicə olunmalı, növbəti dəfə 17 dekabr 2020-ci il tarixdə yenidən analiz verməli olduğu, bu müddət ərzində evdə özünü təcrid formada olmalı olduğu bildirilmiş və bununla bağlı bildiriş də təqdim edilmişdir. Bildirişlə tanış olduqdan sonra, imzalamış və müalicə həkiminin telefon nömrəsi təqdim edildikdən sonra xəstəxanadan çıxıb öz yaşadığı evə getmişdir. Bir-iki gün evdə olduqdan sonra, Sevda adlı müalicə həkiminə hansı dərman preparatlarının qəbul edilməsinin məqsədəmüvafiq olması barədə zəng etdikdə, sonuncu ona xəstəliyi çox yüngül formada keçirtdiyini, güclü müalicəyə ehtiyacının olmadığını, bədəninin müqavimətini gücləndirmək üçün bir neçə ədəd iynə-dərman kompleksi qəbul etməyi məsləhət görmüşdür. Bundan sonra, atası X2 da xəstəxanaya gedərək analiz vermiş, sonuncunun analizinin nəticəsi neqativ çıxmış və onda Covid-19 xəstəliyi aşkar edilməmişdir. 11 dekabr 2020-ci il tarixdə günorta vaxtı elektrik enerjisinin verilməsi kəsildiyindən evdə sıxılaraq həyətə düşmüş, eyni zamanda, həmin vaxt evə çörək almaq lazım olduğundan bu məqsədlə küçədə adam olub-olmaması ilə maraqlanmaq üçün qapıdan küçəyə nəzər yetirmiş, küçədə avtomobil dayandığını görüb ağzında qoruyucu maska ilə küçəyə çıxaraq piyada həmin avtomobilə tərəf getmişdir. Yaşadığı evin qarşısından təxminən 40-50 metr uzaqlaşıb küçədə dayanmış avtomobilə çatanda bir nəfər şəxs videoçəkilişlə ona yaxınlaşıb özünü təqdim edərək Siyəzən RPŞ-nin əməkdaşı olduğunu bildirib, adının Gündüz olub-olmadığını soruşduqda, o, adının Gündüz olduğunu qeyd etmiş, bu zaman polis əməkdaşı ona Covid-19 xəstəsi kimi rəsmi qeydiyyatda olmaqla, özünü təcrid şəraitində olmalı, yaşadığı ünvanı tərk etməməli olduğunu bildirərək, hansı səbəbdən yaşadığı ünvanı tərk etdiyini soruşmuşdur. O, özünü itirib geri çevrilmiş, əvvəlcə asta addımlarla, sonra isə qaçaraq yaşadığı evin həyətinə girmiş və qapını bağlamışdır. Sonradan özünü təcrid qaydalarını pozub yaşadığı ünvanı tərk etdiyinə görə barəsində cinayət işi başlanmasına dair məlumat verilmişdir. Həmin vaxtdan sonra, bir daha yaşadığı ünvanı tərk etməmiş, 14 günün tamamında təcili tibbi yardım xidməti əməkdaşları yaşadığı ünvana gələrək növbəti analizi götürmüşlər və bu dəfə analizinin cavabı neqativ çıxmışdır. Bundan sonra, həkimlə əlaqə saxlayıb bu barədə ona məlumat vermiş, həkimin çağırışına əsasən xəstəxanaya gedib onunla görüşdükdən sonra, öz normal həyat fəaliyyətini davam etdirməyə başlamışdır. Onda Covid-19 xəstəliyi aşkar olunduqdan sonra, nə ailə üzvlərində, nə də yaxın ətrafında olan digər şəxslərdə həmin xəstəlik aşkar olunmamış və həmin xəstəliyə yoluxmamışlar. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, ilk dəfə az ağır cinayət əməlini törətməsinin, himayəsində bir azyaşlı övladının olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, eləcə də digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 11 dekabr 2020-ci il tarixdə saat 09:00 təlimatında onlara Covid-19 xəstələri ilə bağlı Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş adlı siyahı barədə məlumat verilmişdir. Həmin gün saat 13:00 radələrində CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs küçədə gəzdiyini müşahidə etmiş, sonuncunun adı təlimatda təqdim olunmuş Covid-19 xəstələrinin siyahısında olduğundan ona yaxınlaşmadan, ara məsafəsi saxlamaqla özlərini təqdim edib, videoçəkiliş vasitəsi ilə Gündüzə Covid-19 testinin cavabı müsbət çıxdığından özünü təcrid formasında yaşadığı ünvanda olmalı olduğu halda hansı səbəbdən karantin rejimi qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyini soruşmuşlar. Təqsirləndirilən şəxs Covid-19 xəstəsi olduğunu etiraf etmiş, lakin, digər sorğularına cavab vermədən, əvvəlcə asta addımlarla, sonra isə qaçaraq yaşadığı evin həyətinə daxil olmuş və qapını bağlamışdır. Təlimata əsasən müalicəsini özünü təcrid formada yaşadığı ünvanda davam etdirməli olan Covid-19 xəstələri aşkar olunduqları təqdirdə onların yaşadıqları ünvana qaytarılması təmin olunmalıdır. Təqsirləndirilən şəxs isə özü yaşadığı evin həyətinə daxil olduqdan sonra onun arxasınca getməmiş və bundan sonra, onun karantin rejimi qaydalarını pozaraq özünü təcriddə olduğu ünvanı tərk etməklə küçəyə çıxması barədə raportla şöbə rəhbərliyinə məruzə etmişlər. Məhkəmə istintaqında digər şahid Siyəzən RPŞ-nin CAB-ın sabiq baş əməliyyat müvəkkili, hazırda DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 7-ci vərəqəsində olan X1 X6 Şəxsin 12 dekabr 2020-ci il tarixli, SMDM/266 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2020-ci il tarixdə X1 Mərkəzi PHŞ-in X3 yaxma analizi vermiş, 04 dekabr 2020ci il tarixdən Covid-19 xəstəsi kimi qeydiyyata alınmış və müalicəsi ev şəraitində davam etmişdir. Həmçinin, növbəti yaxmanın götürülmə vaxtı 17 dekabr 2020-ci il tarixinə təyin olunmuş, Təqsirləndirilən şəxs müalicənin yaşadığı evdə özünü təcrid formasında davam etdirilməli olması ilə bağlı özünün də tanış olmaqla, imza etdiyi müvafiq bildiriş verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 8-ci vərəqəsində olan 03 dekabr 2020ci il tarixli iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs yeni növ koronovirus (Covid-19) infeksiyası ilə bağlı nəticələrinin müsbət olması səbəbi ilə 03 dekabr 2020-ci il tarixindən 14 gün (iki neqativ test nəticəsi olarsa) ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılması, test nəticələrinin mənfi çıxacağı müddətə qədər yaşadığı evi tərk etməyərək sanitariya-gigiyena nomalarına, epidemiya əleyhinə və xüsusi karantin rejiminin qaydalarına riayət edəcəyi, qeyd olunan normaları və qaydaları pozacağı təqdirdə Azərbaycan Respublikası CM-nin 139-cu və Azərbaycan Respublikası İXM-nin 211-ci maddələri ilə cinayət və inzibati məsuliyyət daşıyacağı barədə məlumatlandırılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 50-54-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, 04 dekabr 2020-ci il tarixdən Covid-19 xəstəsi kimi qeydiyyata alınmaqla yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki 64 nömrəli mənzildə özünü təcrid formasında karantinə götürülməsinə və karantin qaydalarına uyğun olaraq 14 gün ərzində yaşadığı mənzili tərk etməməli olan Təqsirləndirilən şəxs 11 dekabr 2020-ci il tarixdə, saat 13:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı və özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd DVD disk, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaqa təqdim etdiyi onun istifadəsində olan mobil nömrəyə İTS.GOV.AZ portalından göndərilən mesajların əks olunduğu 05 (beş) vərəqdə kserosurətlər iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 30-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 dekabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-cü vərəqəsində olan 18 fevral 2021ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 12-17-ci vərəqələrində olan arayış və xasiyyətnamədən, şəxsiyyət vəsiqəsinin, eləcə də vəsiqənin surətlərindən görünür ki, himayəsində 04 noyabr 2014-cü il təvəllüdlü Səma adında bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, “xxxx” ASC-də traktorçu vəzifəsində işləyən və Siyəzən şəhərinin Xətai küçəsindəki 64 nömrəli evdə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 1 yetkinlik yaşına çatmayan (azyaşlı) uşağının olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını, xüsusilə faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, himayəsində 1 yetkinlik yaşına çatmayan (azyaşlı) uşağının olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 1/2 hissəsində cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 05:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 05:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar Covid-19 xəstəsi olan Təqsirləndirilən şəxs 11 dekabr 2020-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd DVD disk, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaqa təqdim etdiyi onun istifadəsində olan mobil nömrəyə İTS.GOV.AZ portalından göndərilən mesajların əks olunduğu 05 (beş) vərəqdə kserosurətlər cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 05:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 05:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar Covid-19 xəstəsi olan Təqsirləndirilən şəxs 11 dekabr 2020-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd DVD disk, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaqa təqdim etdiyi onun istifadəsində olan mobil nömrəyə İTS.GOV.AZ portalından göndərilən mesajların əks olunduğu 05 (beş) vərəqdə kserosurətlər cinayət işində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar