Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-22/2021 25.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 25 may 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 05 avqust 1982-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib ona Siyəzən RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə ibtidai istintaqı tamamlanaraq baxılmasından ötrü aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş cinayət işi üzrə təqsirləndirilən övladı X1 barəsində məhkəmədə azadlıqdan məhrum etmə ilə əlaqəli olmayan azadlığın məhdudlaşdırılması və ya icbari cəza növündə hökm çıxarılmasına nail olacağına yalandan vəd verib aldadaraq 2020-ci ilin avqust ayının ikinci on günlüyündə ünvan 3 ünvanında atası Şahid2 vasitəsi ilə 6000 manat, bundan bir neçə gün sonra Siyəzən şəhəri, H.Əliyev küçəsində Zərərçəkmiş şəxs qohumu Şahid1 vasitəsi ilə 150 manat, 2020-ci ilin sentyabr ayında Şahid1 vasitəsi ilə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən avtovağzalda şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü ilə göndərilmiş 1000 manat, 29 sentyabr 2020-ci il tarixdə, saat 15:38-də isə Şahid1 vasitəsi ilə ünvan 4 ünvanda yerləşən marketin çöl tərəfində quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə atası Şahid2 adına olmaqla, özündə olan 4****4938 nömrəli kartın ******************** hesab nömrəsinə 500 (beş yüz) manat köçürtdürməklə hissə-hissə ümumilikdə 7650 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs, onun X6u və kürəkəni Şahid1 Siyəzən şəhər sakinləri kimi tanıyır, sonuncu ilə təxminən 10 ilə yaxın olar, həm də dostluq münasibətləri var və buna görə də hər dəfə Siyəzən şəhərinə gələndə onunla görüşür. 2020-ci ilin yay aylarının birində, tarixini dəqiq xatırlamadığı gündə Yaşar ona zəng vurub qaynı Yalçın Yusifovun polis əməkdaşları tərəfindən tutulduğunu bildirib, sonuncunun azadlığa buraxılması üçün müəyyən tanışları olduğundan onlara köməklik göstərməsini xahiş etdikdə, o, Siyəzən şəhərinə gələrək Yaşarla görüşmüş, lakin görüş zamanı sonuncu üzrxahlıq edərək bu işi özlərinin həll edəcəklərini bildirmişdir. Təxminən 5-10 gün keçdikdən sonra Yaşar yenidən ona zəng vuraraq həmin məsələ ilə bağlı köməklik göstərməsini xahiş etsə də, sonuncu daha sonra qaynı Yalçının zaminliyə buraxıldığı və müvəqqəti azadlıqda olduğu müddətdə özünün bu işi həll edəcəyini qeyd etmişdir. Bundan təxminən 3-5 gün keçdikdən sonra Yaşar yenidən ona zəng vurub, bu məsələni onun həll etməsini xahiş etdikdə, o, 2020-ci ilin təxminən iyul ayının sonlarında Siyəzən şəhərinə gələrək Yalçıngilin yaşadıqları evdə Yaşar, Yalçın və onun anası Zərərçəkmiş şəxs ilə görüşmüş, söhbət zamanı sonunculara guya Bakı şəhərində Rəsmiyə adlı qadın vəkil tanışının olduğunu, həmin vəkil vasitəsilə onların işini həll edəcəyini, Bakı şəhərinə gedib sonuncu ilə danışdıqdan sonra işin həlli ilə bağlı yekun sözünü, həmçinin işin həll olunması müqabilində lazım olacaq məbləğ barədə onlara məlumat verəcəyini bildirmiş və onlardan Yalçının zaminliyə buraxılması haqqında məhkəmə qərarını da almışdır. Bakı şəhərinə qayıtdıqdan bir gün sonra Yaşara zəng vuraraq ona yalandan guya, həmin Rəsmiyyə adlı vəkillə görüşdüyünü, iş barədə ona məlumat verdiyini, həmin vəkilin Yalçın və onunla əlbir olan Elnur adlı şəxsin azadlığa buraxılmalarının həll olunması müqabilində ayrı-ayrılıqda hər birinə 9000 manat olmaqla, ümumilikdə 18000 manata həll edə biləcəyini bildirmişdir. Yaşar qayınanası Sara ilə məsləhətləşdikdən sonra bu barədə ona məlumat verəcəyini qeyd etmiş, daha sonra, onunla əlaqə saxlayaraq qayınanasıgilin bu işin düzəlməsinə razı olduqlarını ifadə etmişdir. Bundan sonra, o, Yaşara işin həlli üçün ilkin məbləğ kimi 6000 manat pul lazım olduğunu bildirib, inandırıcı olsun deyə həmin məbləğ hazır olduqdan sonra hamının rayonda Seyidəşrəf kimi tanıdığı, lakin əsl adı Məhərrəm olan atasına verməsini istəmiş, daha sonra atası Şahid2la əlaqə saxlayaraq ona Yaşarın gətirib pul verəcəyini və ondan həmin pulu Bakı şəhərinə göndərməsini xahiş etmişdir. Lakin, həmin 6000 manat məbləğində pulu özü üçün istəmişdir. Sonradan Yaşar onunla əlaqə saxlayaraq 6000 manat pulu qayınanası Zərərçəkmiş şəxs ilə birlikdə aparıb atası Şahid2 verdiklərini bildirmiş və sonuncu da həmin gün pulu ona göndərmiş, o, isə pulu alandan sonra onu öz şəxsi ehtiyaclarına və borclarına xərcləmişdir. Bundan sonra, həmin ərəfədə bir gün Siyəzən şəhərinə gəlmiş, geri qayıtmaq üçün pulu olmadığından Yaşarla əlaqə saxlayıb, ona Bakı şəhərinə geri qayıtmaq üçün borc olaraq 150 manat pul lazım olduğunu bildirdikdə, sonuncu 150 manat pulu gətirib Siyəzən şəhəri, H. Əliyev küçəsində ona vermişdir. O, Bakı şəhərinə getdikdən bir müddət sonra, yenidən Yaşarla əlaqə saxlayıb, inandırıcı olması üçün ona Yalçın Yusifovun işinin göndəriləcəyi Bakı Ağır Cinayətlər Məhkəməsində guya işi onlara münasib olan hakimin icraatına verilməsindən ötrü işi qəbul edən dəftərxanadakı şəxsə 1000 manat məbləğində pul “hörmət” edilməli olduğunu bildirmiş, Yaşar isə ona qayınanası Zərərçəkmiş şəxs ilə danışdıqdan sonra bu barədə xəbər edəcəyini qeyd etmişdir. Sonradan Yaşar onunla əlaqə saxlayaraq həmin pulu taksi ilə yola saldığını deyib, pulu göndərdiyi taksi sürücüsünün nömrəsini ona vermiş, o, isə Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə həmin taksi sürücüsü ilə görüşüb 1000 manat pulu ondan götürmüş, Yaşar onunla əlaqə saxlayanda ona pulu götürdüyünü bildirib, həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra, ona yenidən pul lazım olduğundan Yaşarla əlaqə saxlayaraq ona özü üçün 500 manat pul lazım olduğunu bildirmiş, hətta, işin müqabilində Yalçın Yusifova görə verməli olduqları 9000 manat ümumi məbləğdən həmin 500 manatını öz aralarında haqq-hesab edəcəklərini də qeyd etmişdir. Həmin vaxt atası Şahid2 məxsus əmək haqqı kartı onda olduğundan Yaşara həmin kartın nömrəsini ataraq pulu həmin karta köçürməsini xahiş etmişdir. Sonuncu da həmin pulu karta köçürtmüş, o da, bu pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Yaşargil onun bu işi tamamilə həll edəcəyinə inanmış, bundan sonra, bu müddət ərzində həm Yaşarla, həm də, Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq əlaqə saxlamağa başlamışdır. 2020-ci ilin oktyabr ayının 20 və ya 20-dən sonrakı günlərin birində Yaşar onunla əlaqə saxlayaraq məhkəmədə Yalçına 4 il iş verildiyini bildirmiş, ardınca Zərərçəkmiş şəxs da ona zəng vuraraq həmin sözləri təkrar etmişdir. Onların hər ikisinə ortada nəsə anlaşılmazlıq olduğunu, həmin vaxt yolda olduğunu və geri qayıdıb işlərini həll edəcəyini bildirmişdir. Sonradan Bakı şəhərində Yaşarla görüşüb, ona işi həll edəcəyini, həll edə bilməyəcəyi təqdirdə, onlardan aldığı pulu geri qaytaracağını qeyd etmiş, fikri həmin müddət ərzində 7650 manat məbləğində pulu toplayıb, Yaşarın vasitəsilə Zərərçəkmiş şəxs geri qaytarmaq olmuş, hətta, onlara 17 noyabr 2020-ci il tarixədək pulu geri qaytaracağına söz versə də, həmin pulu düzəldə bilməmiş və yaranmış müəyyən problemlərlə əlaqədar pulu zərər çəkmiş şəxsə qaytara bilməmişdir. Lakin, barəsində aparılan cinayət işinin ibtidai istintaqı müddəti dövründə Zərərçəkmiş şəxs vurduğu 7650 manat məbləğində maddi ziyanı tam formada ödəməklə, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasının, zərəçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, habelə sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, məhkəmə iclasında, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahidlərin verdiyi ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında ifadəsində bildirdi ki, X4 doğma oğlu olmaqla, sonuncu öz ailəsi ilə birlikdə onun yanında yaşamışdır. X6 Siyəzən şəhər sakini Elnur Əzimov adlı şəxslə birlikdə qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkilibbecərilməsi ilə məşğul olduğundan 2020-ci ilin iyun ayında Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, həmin faktla bağlı barəsində cinayət işi başlanılaraq həbs edilmiş, daha sonra, 28 iyul 2020-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin qərarı ilə Yalçının barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, evə buraxılmışdır. Həmin ərəfələrdə kürəkəni Şahid1 evlərinə gələrək Mircəlal adlı tanışının olduğunu, onun Yalçının barəsində olan cinayət işini göndəriləcəyi məhkəmədə həll edə biləcəyini, hakim tərəfindən ona azadlıqdan məhrum etmə ilə əlaqəli olmayan azadlığın məhdudlaşdırılması (qolbaq) və ya icbari cəza kəsdirmək gücündə olduğunu bildirmişdir. Mircəlal adlı şəxslə maraqlandıqda Yaşar onun əslən Siyəzən şəhərindən olduğunu, ata evlərinin elə onların yaşadıqları küçədə yerləşdiyini, özünün isə Bakı şəhərində yaşadığını qeyd etmişdir. Öz aralarında bir qədər məsləhətləşdikdən sonra təxminən 2020-ci ilin avqust ayının əvvəllərində Yaşar Mircəlal ilə birlikdə onların evinə gəlmiş, evdə o, oğlu Yalçın, kürəkəni Yaşar və Mircəlalla birlikdə oturub söhbət edərkən Mircəlal onlara oğlunun barəsində olan cinayət işinin baxılması üçün göndəriləcəyi Bakı Ağır Cinayətlər məhkəməsində Rəsmiyyə adlı vəkil tanışının olduğunu, məhkəmədə X6a və onunla əlbir olan Elnur Əzimova azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verdirə biləcəyini və bunun müqabilində hər birinə görə 9000 manat olmaqla, ümumilikdə 18000 manat məbləğində pul lazım olduğunu və hər birinə görə 3000 manat olmaqla, ümumilikdə 6000 manat pul istəmişdir. Həmin pulun 3000 manatını onlar, digər 3000 manatını isə Elnur Əzimovun atası Şahid3 verməli idi, sonradan öyrəndiyinə görə onlar bu məqsədlə gedib Şahid3la görüşsə də, sonuncu Mircəlala inanmadığı üçün həmin pulu ona verməkdən imtina etmiş və işin həll olunacağı təqdirdə, sonda, oğlu Yalçın tərəfindən çəkiləcək bütün xərclərə şərik olacağını bildirmişdir. Belə olan təqdirdə, onlar Mircəlala 6000 manat pulu özləri vermək qərarına gəlmişlər. Təxminən bir həfətədən sonra, yəni, avqust ayının ikinci on günlüyündə həmin pulu hazır etdikdən sonra kürəkəni Yaşar Mircəlalla əlaqə saxlayaraq, ona pulun hazır olduğunu bildirmiş, sonuncu isə kürəkəninə pulu aparıb, onlarla qonşuluqda yaşayan atası Məhərrəm adlı şəxsə verməsini istədikdə, həmin 6000 manat pulu götürüb kürəkəni Yaşarla birlikdə Mircəlalın atası Məhərrəmin yaşadığı evə gedərək onunla görüşmüş, bu zaman Məhərrəmə müraciət edərək ona evinə gəlmələrinin səbəbini bilib-bilməməsini soruduqda, sonuncu ona “bilirəm, yaxşı olar İnşallah, Allah qapısını açsın” deyə cavab vermişdir. Bundan sonra, apardığı sellofan torbanın içərisindəki 6000 manat pulu Məhərrəmin qarşısına qoymuş, hətta, ondan pulu saymasını xahiş etmiş, sonuncu isə cavabında “nəyini sayım, düz olar” deyə bildirərək, guya pulu bir qədər sayırmış kimi edərək götürmüşdür. Bu söhbətdən bir neçə gün sonra, Mircəlal Siyəzən şəhərinə gəlib geri qayıdarkən kürəkəni Yaşardan “benzin pulu” adı ilə 150 manat pul istədiyindən sonuncu bu barədə ona bildirdikdə, o, etiraz etməyərək pulu sonuncuya vermiş və o da, aparıb həmin pulu Mircəlala çatdırmışdır. Bir müddət sonra, 2020-ci ilin sentyabr ayında tarixini dəqiq xatırlamadığı gündə Yaşar evlərinə gələrək, Mircəlalın ona zəng vurduğunu və telefon danışığı zamanı onun cinayət işinin məhkəməyə göndərilən zaman onlara münasib olan hakimə düşməsi üçün məhkəmənin dəftərxanasına 1000 manat pul verilməli olduğunu qeyd etmişdir. Yaşarın bu sözlərindən sonra, yenidən 1000 manat pulu ona verib yola salmış, sonradan Yaşar həmin pulu Siyəzən rayon avtovağzalından taksilərdən biri ilə Bakı şəhərinə yola saldığını və Mircəlalın da həmin pulu götürdüyünü bildirmişdir. Daha sonra, 2020-ci ilin sentyabr ayının 29-da Mircəlal yenidən kürəkəni Yaşara zəng vuraraq ondan 500 manat pul istəmiş, həmin pulu onların Yalçına görə verməli olduqları 9000 manat pulun haqq-hesabında nəzərə alacağını ifadə etmişdir. Yaşar bu barədə ona dedikdə, sonuncuya 500 manat pul vermişdir. Mircəlal həmin pulu atası Məhərrəmin kart hesabına köçürtməyi tapşırdığına görə Yaşar həmin məbləği terminallardan biri vasitəsilə Mircəlalın atası Şahid2 kart hesabına köçürərək qəbzi ona vermişdir. X6 barəsində olan cinayət işi təxminən 2020-ci ilin sentyabr ayının ikinci on günlüyündən sonra baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin işin həll olunması adı ilə Mircəlalın ondan ümumilikdə 7650 manat məbləğində pul almasına baxmayaraq, təxminən bir ay ərzində işə baxılmış, oğlu Yalçının barəsində 4 il, onunla əlbir olmuş Elnur Əzimovun barəsində isə 4 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə, Yalçının barəsində seçilmiş ev dusaqlığı qətimkan tədibiri dəyişdirilərək həbslə əvəz edilmişdir. Bundan sonra, o, bir neçə dəfə Mircəlalla əlaqə saxlayaraq niyə görə işin belə alındığını soruşmuş, sonuncu hər dəfə ona müxtəlif bəhanələr gətirib işlətdiyi mobil nömrələrin hamısını söndürməklə, ortadan yoxa çıxmışdır. Bundan sonra, Mircəlal tərəfindən aldadıldığına tam əmin olmuş və buna görə də onun barəsində ərizə ilə polisə müraciət etmək qərarına gəlmişdir. Hazırda ona dəymiş zərərin tam ödənilməsinin, habelə Təqsirləndirilən şəxs qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, X2 Siyəzən şəhər sakini olmaqla, avtomobillərin təmiri ustası kimi tanımış, onunla normal münasibətləri olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. X7 Yalçın Yusifovun narkotik tərkibli bitkilərin əkilib-becərmələri ilə bağlı cinayət işinin ibtidai istintaqı Siyəzən RPŞ-nin İB-də tamamlanaraq baxılmasından ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Təxminən 2020-ci ilin avqust ayının əvvəllərində Yalçının bacısının əri, həm də Siyəzən şəhər sakini kimi tanıdığı Yaşar yaşadığı ünvana gəlmiş, söhbət əsnasında o, qaynı X3 Əzimovun barələrində olan cinayət işi ilə bağlı məhkəmədə danışıb onların “ayaqlarına qolbaq vurulması” cəzası təyin olunmaqla azadlığa buraxılmaları məsələsini həll etmək üçün Mircəlal adlı şəxsi tapdığını, guya, sonuncunun Bakı Ağır Cinayətlər Məhkəməsində adamının olduğunu və onun həmin adam vasitəsilə qeyd olunan formada X7 qaynı Yalçın Yusifovun barələrində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə nail ola biləcəyinə söz verdiyini qeyd etmişdir. Həmçinin, o, Mircəlalın həmin işi 18000 manat pul müqabilində həll edəcəyini və həmin pulun yarı hissəsini özlərinin, yarı hissəsini isə onun verməli olduqlarını bildirmişdir. Yaşardan Mircəlalın kimliyi ilə maraqlandıqda o, Mircəlalın əslən Siyəzən şəhərindən olmaqla, “Seyidəşrəf” adı ilə tanınan mollanın oğlu olduğunu və hazırda Bakı şəhərində yaşadığını qeyd etmişdir. O, Mircəlalı dərhal xatırlamış, bir müddət əvvəl sonuncunun onlara məxsus mağazadan oğlu üçün 100 manat dəyərində velosiped aldığından və velosipedin pulunu tezliklə verəcəyinə söz versə də, sonradan velosipedin pulunu vermədiyinə görə onu dələduz, adamları aldadan və sözünün üstündə durmayan şəxs kimi tanımışdır. Həmin velosipedin pulunu verməməsi ilə bağlı Mircəlaldan şikayətçi olmasa da, sonuncu həmin hərəkəti ilə onda “yalançı insan” obrazı formalaşdırdığından ona güvənmədiyi üçün həmçinin, oğlu Elnurla tanışı Yalçının təqsirləndirildikləri maddələrin ağır olduğunu və birbaşa məhkəmə zalından azadlığa buraxılmalarının qeyri-mümkün olduğunu bildiyinə görə Mircəlalın niyyətinin həmin pulları öz xeyrinə ələ keçirmək olduğunu başa düşmüşdür. Ona görə də Yaşara müsbət cavab verməmiş və onlara da Mircəlala pul verməmələrini məsləhət görmüşdür. Lakin, sonda Yaşara bir daha Mircəlalın həmin işi həll edə bilmək iqtidarında olmadığını, əgər işi həll etmiş olarsa, çəkilən xərcin tən yarısını öz üzərinə götürəcəyinə razılıq vermişdir. Bununla belə, əvvəlcədən nə ona, nə də, Mircəlala hər hansı məbləğdə pul verməyəcəyini bildirmişdir. Bundan sonra, Yaşar çıxıb getmişdir. Sonradan onların Mircəlala hissə-hissə miqdarını dəqiq bilmədiyi məbləğdə pul verdiklərini, Mircəlalın işi həll etməyərək, dələduzluq yolu ilə pulları ələ keçirdiyini və Yalçın Yusifovun məhkəmə zalından həbs edildiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, əsl adı Məhərrəm olsa da, Siyəzən rayonu ərazisində hamı onu “Seyid Əşrəf” kimi tanıyır. Təqsirləndirilən şəxs onun doğma oğlu olmaqla, hazırda ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır, rəsmi olaraq heç yerdə işləmir və balıq ticarəti ilə məşğul olur. Sonuncu dəfə Mircəlalın yaşadığı evdə pandemiyadan əvvəl olmuş və həmin vaxt bildiyinə görə o, Bakı şəhəri, Xocəsən qəsəbəsində yaşamışdır. Bir neçə müddət, Mircəlalın onda olan mobil nömrələrinə zəng çatmadığından onunla əlaqə saxlaya bilməmiş və onun harada yaşaması barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs Siyəzən şəhər sakini kimi xeyli müddət olar tanıyır, hətta sonuncu onların bir neçə toy şənliyində aşbaz belə olmuş, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 2020-ci ilin avqust ayında tarixini dəqiq xatırlamadığı gündə oğlu Mircəlal onunla telefon əlaqəsi saxlayaraq Yaşar adlı dostunun onun yaşadığı evə gəlib onunla görüşəcəyini və 6000 manat məbləğində pul verəcəyini bildirib, Yaşardan aldıqdan sonra həmin pulu ona göndərməsini xahiş etmişdir. Yaşarın gətirəcəyi pulun onun qayınanası Saranın oğlunun barəsində olan cinayət işi ilə bağlı olacağını fikirləşmiş və Mircəlalla telefon danışığından təxminən bir gün sonra günorta saatlarında Yaşar və qayınanası Sara onun yanına gəlmişdir. Onları yaşadığı evdə özünə məxsus otaqda qəbul etmiş, söhbət əsnasında Saraya onu çox gözəl tanıdığını və hansı səbəbdən gəldiklərini də bildiyini ifadə edib, “yaxşı olar İnşallah, Allah qapısını açsın” deyə cavab vermişdir. Bundan sonra, Sara əlindəki balaca sellofanı onun qarşısına qoyaraq içərisində 6000 manat pul olduğunu bildirmiş və pulu saymasını xahiş etmişdir. O, Saraya yəqin ki, həmin pulun düz olacağını bildirib, həmin pulu əlinə alaraq bir qədər saydıqdan sonra götürmüş, Sara və Yaşar isə çıxıb getmişlər. Bundan sonra, o, Saranın verdiyi pulu həmin gün təsadüfən Bakı şəhərinə getmək istəyən digər oğlu Mircəfərə vermiş və onu Bakı şəhərində qardaşı Mircəlala çatdırmasını xahiş etmişdir. Hətta, cibindən 10 manat pul verərək Mircəfəri taksi ilə Bakı şəhərinə yola salmış və sonradan həmin gün oğlu Mircəlalla əlaqə saxlayanda pulun ona çatmasından xəbərdar olmuşdur. Həmin ərəfədə onun maaş kartı Mircəlalda olduğundan 2020-ci ilin sentyabr ayının axırlarında Mircəlal onunla telefon əlaqəsi saxlayaraq, banka borcunun olubolmamasını soruşmuş, karta pul köçürüləcəyi təqdirdə, həmin pulun borca silinibsilinməyəcəyi ilə maraqlanmış, o, da öz növbəsində Mircəlala banka heç bir borcunun olmadığını bildirmişdir. Təxminən 2020-ci ilin oktyabr ayında tarixini xatırlamadığı gündə axşam saatlarında Sara onun yaşadığı evə gələrək, ona oğlu Yalçının həbs olunduğunu bildirib, Mircəlalın hansı səbəbdən işi belə etdiyini soruşmuş, o, da Saraya bununla bağlı hər hansı bir məlumatının olmadığını bildirmişdir. Sara çıxıb getdikdən sonra Mircəlalla telefon əlaqəsi saxlayıb, bu barədə maraqlandıqda, sonuncu ona işin düzələcəyini və narahat olmamasını desə də, həmin vaxtdan sonra Mircəlalla əlaqəsi olmamış və işlə bağlı heç nə öyrənə bilməmişdir. Məhkəmə istintaqında Şahid4 şahid, atası Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, habelə məhkəmə istintaqında ifadəsi elan edilməklə, məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, eləcə də Şahid3 ifadələrinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-14-cü vərəqəsindəki 29 sentyabr 2020-ci il tarixli qəbzdən, onun surətindən, eləcə də 147-160-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 11 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2020-ci il tarixdə 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməsinə əsas verən hallar meydana çıxmadığından həmin ittiham, həmçinin barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri qüvvəsində saxlanılmış, ona CM-nin 32.4, 312.1-ci maddəsi ilə ittihamın elan edilməsi istisna edilmiş, Şahid2 və Şahid1 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin, 29 sentyabr 2020-ci il tarixdə saat 15:38:18-də Siyəzən rayonu H.Əliyev küçəsi 29, m.39 MFT market (çöl) adlanan yerdən “Kapital Bank” xidmətinin nağd ödəniş sistemi vasitəsilə Şahid2 adına olan 4****4938 nömrəli kartın ******************** hesab nömrəsinə ********** nömrəli əməliyyatla 500 manat məbləğində pul köçürüldüyünü təsdiq edən qəbz iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 95-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 dekabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 50-ci vərəqəsində olan 03 dekabr 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-80-ci vərəqələrində olan 04 dekabr 2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 133-cü vərəqəsində olan 10 mart 2021-ci il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdə, saat 13:00-da könüllü olaraq Siyəzən RPŞyə gəlmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 142-144-cü vərəqələrində olan 10 mart 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində 04 dekabr 2020-ci il tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-99-cu vərəqələrində olan arayışdan, xasiyyətnamədən eləcə də doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində 23 oktyabr 2003-cü il təvəllüdlü Mircəmil, 08 noyabr 2009-cu il təvəllüdlü Nazilə adında iki yetkinlik yaşına çatmayan uşağı olan ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 04 may 2021-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, habelə yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla, müsbət xaraterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cərimə cəzasının təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 03 dekabr 2020-ci il tarixdən 04 dekabr 2020-ci il tarixə kimi, eləcə də 10 mart 2021-ci il tarixdə həbsdə saxlanıldığı iki gün müddət nəzərə alınmalı və ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və 29 sentyabr 2020-ci il tarixdə saat 15:38:18-də Siyəzən rayonu H.Əliyev küçəsi 29, m.39 MFT market (çöl) adlanan yerdən «Kapital Bank» xidmətinin nağd ödəniş sistemi vasitəsilə Şahid2 adına olan 4****4938 nömrəli kartın ******************** hesab nömrəsinə ********** nömrəli əməliyyatla 500 manat məbləğində pul köçürüldüyünü təsdiq edən qəbz cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak, eləcə də məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4500 (dörd min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 4000 (dörd min) manat məbləğində cərimə cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və 29 sentyabr 2020-ci il tarixdə, saat 15:38:18-də Siyəzən rayonu H.Əliyev küçəsi 29, m.39 MFT market (çöl) adlanan yerdən «Kapital Bank» xidmətinin nağd ödəniş sistemi vasitəsilə Şahid2 adına olan 4****4938 nömrəli kartın ******************** hesab nömrəsinə ********** nömrəli əməliyyatla 500 manat məbləğində pul köçürüldüyünü təsdiq edən qəbz cinayət işində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-22/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-22/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver