Məhkəmə qərarları › İş №1(059)-24/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-24/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-24/2021 18.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 18 may 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1978-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olmayan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən rayonu, Yenikənd kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,093 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi Opel Astra markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq saxlamış, həmin narkotik vasitə 13 yanvar 2021-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində idarə etdiyi Opel Astra markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən şəhəri, M.Müşfiq küçəsində saxlanılaraq gətirildiyi RPŞ-nin inzibati binasının həyətində qeyd olunan avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda, sükanın sol tərəfindəki saxlanc yerindən gümüşü rəngli falqanın içərisində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şabran şəhərinin H.Hacıyev küçəsinidəki 10 saylı evdə qeydiyyatda olsa da, təxminən 15 il olar, ailə üzvləri ilə birlikdə Siyəzən rayonu, Yenikənd kəndində yaşayır. Hazırda rəsmi olaraq heç yerdə işləməməsinə baxmayaraq, mövsümi vaxtlarda Xaçmaz rayonu, Nabran kəndinə gedərək orada balıqçılıqla məşğul olur, qalan vaxtlarda isə ev təmirində usta kimi çalışır. Bundan əlavə, Opel Astra markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X4 məxsus olsa da, avtomobil daim yaşadıqları evin həyətində olur və lazım olanda aradabir həmin avtomobili idarə edir. Təxminən 3-4 il olar, fasilələrlə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2020-ci ilin avqust ayında Xaçmaz rayonu, Nabran kəndində olarkən meşəlik ərazidən sellofan torbanın içərisində narokotik vasitə olan qurudulmuş marixuana taparaq özündə saxlamış və aradabir həmin marixuanadan istifadə etmişdir. Sonradan marixuana kütləsini tapdığı sellofan torbanı atmış, onun içərisindəki marixuananı isə gümüşü rəngli falqanın içərisinə yığmaqla, lazım olanda həmin falqanın içərisindən gizlincə götürüb istifadə etməsinə baxmayaraq, nə evdə ailə üzvlərinin, nə də ki, başqa şəxslərin onda marixuana olması barədə məlumatı olmamışdır. 13 yanvar 2021ci il tarixdə günorta saatlarına yaxın yaşadığı evin həyətindən çıxıb atasına məxsus Opel Astra markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən şəhərinə gəlmiş, evdən çıxarkən içərisində narkotik vasitə olan gümüşü rəngli falqanı özü ilə götürmüş və onu avtomobilin salonunda sükanın sol tərəfindəki saxlanc yerində gizlətmişdir. Həmin gün təxminən saat 13:00 radələrində idarə etdiyi avtomobili Siyəzən şəhəri, M.Müşfiq küçəsində saxlayıb, dayanarkən Siyəzən RPŞ-nin mülki geymli əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək ona üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş, buna görə də onu üstünə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi məqsədilə RPŞ-yə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə Siyəzən RPŞ-yə getmiş, əvvəlcə şöbənin növbətçi hissəsində Müdafiəçi iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçirilmiş, lakin, bu zaman üstündən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra, şöbənin həyətində idarə etdiyi Opel Astra markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş və baxış zamanı avtomobilin salonunda sükanın sol tərəfindəki saxlanc yerində gizlədərək saxladığı ona məxsus içərisində narkotik vasitə qurudulmuş marixuana olan gümüşü rəngli falqa bükümü aşkar edilərək götürülmüşdür. Daha sonra, gümüşü rəngli falqanın içərisində olan narkotik vasitə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Özü və iştirakçılar zərfin üzərini imzalamışlar. Bundan sonra, üstünə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsinə dair ayrı-ayrılıqda protokollar tərtib edilmiş, düzgün tərtib edildiyinə görə özü və digər iştirakçılar protokolların doğruluğunu imzaları ilə təsdiq etmişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, şahid Siyəzən rayon Polis Şöbəsinin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 İmamməddin oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, üstündə və idarə etdiyi Opel Astra markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Siyəzən RPŞ-yə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs yaxalanaraq ifşa olunması məqsədilə əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi, həmçinin onun üstünə şəxsi axtarış və idarə etdiyi avtomobilə isə baxış keçirilməsi üçün 13 yanvar 2021-ci il tarixdə müvafiq sənədləşmə aparılmış və bununla bağlı onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. RPŞ-nin təminat hissəsinin polis nəfəri-sürücü Şahid2 qrupun tərkibinə daxil edildikdən və keçiriləcək tədbirlə bağlı təlimatlandırıldıqdan sonra onlar Siyəzən şəhəri ərazisində müşahidələr aparmaqla, Təqsirləndirilən şəxs izləməyə başlamışlar. Həmin gün saat 13:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən şəhəri, M.Müşfiq küçəsində dayandığını görmüş və ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, idarə etdiyi avtomobillə birlikdə RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili Siyəzən RPŞnin həyətində saxladıqdan sonra sonuncu məsul növbətçi Şahid3 da olduğu növbətçi hissəyə gətirilmiş, habelə Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması RPŞ-nin İB-nin sabiq baş müstəntiqi Azər Şahbazova həvalə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış və avtomobilinə baxış keçiriləcəyi bildirilmiş, sonuncuya hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmiş və hüquqlarının müdafiə olunması məqsədilə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim olunduqda, o, buna etiraz etməmişdir. Şəxsi axtarışa başlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar varsa, onları təqdim etməsi təklif olunmuş və o, üzərində qanunla qadağan olunmuş heç bir əşya olmadığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmiş, lakin onun üstündən narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesi əvvəldən axıra kimi məsul növbətçi Şahid3 tərəfindən “Nikon” markalı fotoaparatla çəkilməklə, qeydə alınmış və faktla bağlı sabiq baş müstəntiq Azər Şahbazov tərəfindən protokol tərtib olunmuşdur. Bundan sonra, adları qeyd olunan şəxslərin iştirakı ilə şöbənin həyətində Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobilə baxış keçirilməsinə başlanılmış, bundan əvvəl sonuncuya avtomobilində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar varsa, onları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin qapılarını açmış və sükanın sol tərəfindəki saxlanc yerindən bir ədəd gümüşü rəngli kağız bükülü götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açıldıqda onun içərisində yaşıl rəngli, xırdalanıb doğranmış, spesifik qoxuya malik və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs bükülünün içərisindəki kütlənin həqiqətən narkotik vasitə qurudulmuş marixuana olduğunu və onu şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra, həmin kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış və möhürlənmişdir. Daha sonra, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi davam etdirilmiş, lakin avtomobildən əlavə narkotik vasitə və ya cinayət xarakterli digər əşyalar aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsi prosesi əvvəldən axıra kimi məsul növbətçi Şahid3 tərəfindən “Nikon” markalı fotoaparatla çəkilməklə qeydə alınmış və faktla bağlı saiq baş müstəntiq Azər Şahbazov tərəfindən daha bir protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin təminat hissəsinin polis nəfərisürücü Şahid2, eləcə də məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş növbətçi hissənin məsul növbətçisi Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2021-ci il tarixli, 7/66 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş” yazılar və imzalar olan zərfdə bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 6,093 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra marixuananın qalıq çəkisi 6,073 qram təşkil etmişdir. Cinayət işinin 38-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə bioloji ekspertizasının dəyəri 66,46 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 03 fevral 2021-ci il tarixdə verilmiş 327 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-23-cü vərəqələrində olan 13 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunaraq şəxsi axtarış zamanı müdafiəçinin iştirakının təmin edilməsi təklif olunduqda, sonuncu üzərində keçiriləcək şəxsi axtarış zamanı Müdafiəçi iştirak etməsini istədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli idman köynəyi, tünd göy rəngli idman şalvarı, qara rəngli idman ayaqqabası olmuş, bu zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu üzərində qanunla qadağan olunan əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra, Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də, qanunla qadağa olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış Siyəzən RPŞ-nin növbətçi hissəsinin məsul növbətçisi Şahid3 tərəfindən “Nikon” markalı fotoaparat vasitəsi ilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-27-ci vərəqələrində olan 13 yanvar 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Siyəzən RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobilə baxış keçirilmiş, habelə sonuncuya avtomobilində hər hansı bir qanunsuz əşya və ya predmet vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən avtomobilin qapları açıldıqdan sonra o, avtomobilin sükanın sol tərəfində olan balaca saxlanc yerini əli ilə açaraq gümüşü rəngli falqa təqdim edib, qeyd edilən kütlənin “nəşə”nin yarpaqları olduğunu bildirmişdir. Ceyhun Alıovun təqdim etdiyi həmin falqa açıldığında içərisində yaşıl rəngli spessifik qoxusu olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Qeyd edilən 1 ədəd gümüşü rəngli içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan falqa 1 ədəd ağ rəngli zərfə qoyulmaqla, qablaşdırılmışdır. Bundan sonra, avtomobilə baxış davam etdirilsə də, avtomobildən qanunla qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı Siyəzən RPŞ-nin növbətçi hissəsinin məsul növbətçisi Şahid3 tərəfindən “Nikon” markalı fotoaparatla videoçəkilişdən istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 48-49-cu vərəqəsində olan 14 yanvar 2021-ci il tarixli maddi sübut kimi tanınma və işin 116-122-ci vərəqələrindəki 19 mart 2021ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 6,073 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin,13 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və idarə etdiyi “Opel Astra” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi prosesinin video görüntüsü qeydə alınmış 02 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 fevral 2021-ci il tarixli tələbnaməsindən görünür ki, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 17-ci vərəqəsindəki 13 yanvar 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 63-64-cü vərəqələrindəki 15 yanvar 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Alışov X3 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-83-cü vərəqələrində olan arayış və xasiyyətnamədən, eləcə də cinayət işindəki doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, himayəsində 29 iyul 2005-ci il təvəllüdlü Ləman və 30 oktyabr 2006cı il təvəllüdlü Aidə adında 2 yetkinlik yaşına çatmayan uşağı olmaqla, Siyəzən rayonu, Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inizibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini və əvvəllər qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsinə görə məhkum olunmasına baxmayaraq, islah olunmamasını, bununla belə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olması kimi cəzanı yüngülləşdirici hallar olmaqla, ağırlaşdıran halın mövcud olmamasını, nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 2/3 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixdən 15 yanvar 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 6,073 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 13 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və idarə etdiyi “Opel Astra” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi prosesinin video görüntüsü qeydə alınmış 02 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 66,46 (altmış altı manat 46 qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 6,073 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 13 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və idarə etdiyi “Opel Astra” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi prosesinin video görüntüsü qeydə alınmış 02 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 66,46 (altmış altı manat 46 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar