Məhkəmə qərarları › İş №1(059)-25/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-25/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-25/2021 18.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 18 may 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 12 avqust 1965-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən 0,29 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək həmin narkotik vasitənin 0,08 qramını 11 yanvar 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 23 saylı evin 1-ci mənzilinin qarşısında Şahid4 əvəzsiz olaraq pay verməklə, qalan 0,210 qramını yaşadığı ünvanda saxlamış, həmin narkotik vasitə 13 yanvar 2021-ci il tarixdə, təxminən saat 13:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilən baxış zamanı evin həyətində olan anbarın qarşısındakı pilləkənin üzərindəki qırmızı rəngli işçi əlcəyinin içərisindən 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində əlavə olaraq ağ rəngli sellofana bükülmüş 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddət olar, narkotik vasitədən istifadə edir, bəzi vaxtlarda müəyyən fasilələrlə narkotik vasitədən istifadə etməyi tərgitməyə çalışsa da, təxminən 3 il olar narkotik vasitə heroindən istifadə edir. Şahid4 Siyəzən şəhər sakini kimi tanıyır, onunla aralarında ədavət və düşmənçilik olmamış, sonuncu ilə yoldaşlıq münasibətləri olduğundan narkotik vasitə heroindən istifadə etdiyini bilmişdir. Covid-19 xəstəliyi ilə bağlı ölkə ərazisində tətbiq olunan karantin rejimi ilə əlaqədar Şahid4 uzun müddət işsiz qaldığından, şəxsi ehtiyaclarını qarşılamaq üçün ondan müxtəlif vaxtlarda hissə-hissə 35 manat borc pul almışdır. 11 yanvar 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq 35 manat pul borcunun müəyyən qismini qaytarmaq məqsədi ilə görüşmək istədiyini bildirdikdə, razılaşmış və yaşadığı evin qarşısında onunla görüşmüş, sonuncu 35 manat borcundan 23 manatını ona verib, qalan 12 manat borcunu da tezliklə ödəyəcəyini qeyd etmişdir. Şahid4la küçədə dayanıb söhbət edərkən ona ağırlarının olduğunu və narkotik vasitə heroin qəbul etmək istədiyini, əgər varıdırsa ona narkotik vasitə heroin verməsini xahiş etdikdə, o, sonuncunun danışığından həqiqətən də vəziyyətinin yaxşı olmadığını görüb, həmin vaxt üzərində öz şəxsi istifadəsi üçün olan 1 ədəd ağ rəngli sellofan bükümdə narkotik vasitə heroini ona vermiş, həmin narkotik vasitə heroinin əvəzində hər hansı məbləğdə pul almamış, nə də ki, verdiyi narkotik vasitə heroinə görə Elvindən gələcəkdə hər hansı məbləğdə pul alacağı ilə bağlı da aralarında hər hansı söhbət olmamışdır. O, narkotik vasitəni elə-belə əvəzsiz olaraq pay vermiş və daha sonra onlar sağollaşmışlar. 13 yanvar 2021-ci il tarixdə təxminən saat 13:00 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları yaşadığı evin qarşısına gəlmiş, o, qapını açıb bayıra çıxdığında sonuncular narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. O, baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə ilə də müraciət etmişdir. Yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirilərkən həyətdə olan anbarın qarşısındakı pilləkənlərin üzərindəki iş əlcəyinin içərisindən Şahid4 pay verdikdən sonra 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində dağılmaması üçün əlavə olaraq ağ rəngli sellofan paketə bükdüyü 1 ədəd gümüşü rəngli siqaret kağızının içərisində öz şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə heroin aşkar olunaraq 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlə möhürlənmiş, o və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Daha sonra, yaşadığı ünvana keçirilən baxış ilə əlaqədar protokol tərtib olunub, ucadan oxunmuş, protokol doğru olduğundan o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bir daha qeyd edir ki, Şahid4 narkotik vasitə heroini pulsuz vermiş, sonuncudan həmin narkotik vasitənin qarşılığında hər hansı məbləğdə pul almamışdır. Elvinin verdiyi 23 manat pul da ona olan 35 manat borcunun bir qismi olmuş, yəni sonuncu həmin pulu ona narkotik vasitənin müqabilində verməmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Siyəzən şəhər sakini Şahid4 qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatları əsasında əməliyyat tədbirinin keçirilməsi barədə tərəfindən 13 yanvar 2021-ci il tarixdə qərar qəbul edilməklə, RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. Şahid4 ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və RPŞ-nin PPXT-nın polis nəfəri Şahid3 qrupun tərkibinə daxil edilərək, keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışdır. Həmin gün Siyəzən şəhəri ərazisində müşahidələr aparmağa başlamış və saat 11:00 radələrində Şahid4 yaşadığı Siyəzən şəhəri, H.Əliyev küçəsində olduğunu müşahidə etmişlər. Sonuncunun üzərində narkotik vasitə olması ehtimalı olduğundan ona yaxınlaşıb özlərini təqdim etmiş, qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, RPŞ-nin növbətçi hissəsinə gətirmişlər. Şahid4 qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu və buna görə də videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacağı, hüquq və vəzifələri, o cümlədən, müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunmuş, sonuncu üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçi tutmaq istəmədiyini bildirib müdafiəçidən imtina etmişdir. Şahid4 üzərində şəxsi axtarışın həyata keçirilməsi prosesinin video görüntüsü həmin tarixdə məsul növbətçi olan Şahid2 tərəfindən əvvəldən-axıra kimi “Nikon” markalı fotoaparat vasitə ilə qeydə alınmış və barəsində araşdırma aparılması RPŞ-nin İB-nin sabiq baş müstəntiqi X7 həvalə olunmuşdur. Şahid4 şəxsi axtarış zamanı üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər hər hansı bir əşya varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli şəffaf sellofan bükülü çıxarıb təqdim edərək içərisindəki kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Şahid4 təqdim etdiyi sellofan bükülü açıldıqda içərisindəki kütlənin əlavə olaraq siqaretin gümüşü kağızına büküldüyü, siqaretin gümüşü kağızı açıldıqda isə onun içərisində narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli toz şəkilli kütlənin olduğu aşkar olunmuşdur. Sorğu zamanı Şahid4 bükülünün içərisindəki kütlənin həqiqətən narkotik vasitə heroin olduğunu, onu Siyəzən şəhər sakini Vaqif adlı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid4 üzərinə şəxsi axtarış davam etdirilsə də, əlavə narkotik vasitə və ya cinayət xarakterli digər hər hansı bir əşya aşkar edilməmişdir. Şahid4 götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd ağ rəngli zərfə qoyulmuş və zərfin ağzı möhürlənmiş, daha sonra, sonuncunun üzərinə keçirilən şəxsi axtarış ilə əlaqədar sabiq baş müstəntiq Azər Şahbazov tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Şahid4 narkotik vasitəni əldə etdiyi şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və əməliyyat tədbirlərinin sonuncunun ətrafında davam etdirilməsi, onun yaşadığı ünvana baxış keçirilməsinə icazə verilməsindən ötrü raportla şöbə rəhbərliyinə məruzə etmiş, bununla bağlı şöbədə müvafiq sənədləşmə aparılmışdır. Həmin gün saat 13:00 radələrində o, sabiq baş müstəntiq Azər Şahbazov, polis nəfəri Şahid3, təminat hissəsinin polis nəfəri-sürücü X1 Əliyevin yaşadığı ünvana getmiş, lakin, xidməti işi olduğuna görə X8 Əliyevin evinə keçirilən baxışda iştirak edə bilməmişdir. Evin qapısını döyəndə Təqsirləndirilən şəxs qapını özü açıb onları qarşılamış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə yaşadığı ünvana videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi elan olunmuş və baxış keçirməyə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşyalar varsa onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində yerləşən anbara daxil olmaq üçün nəzərdə tutulmuş pilləkənin üzərində olan bir tərəfi qırmızı rəngli fəhlə əlcəyini təqdim edib, həmin əlcəyin içərisində özünün istifadəsi üçün narkotik vasitə saxladığını bildirmiş, təqdim etdiyi əlcək ağzı aşağı çevrildikdə içərisindən 1 ədəd şəffaf sellofan bükülü düşmüş və həmin bükülü tərəflərindən götürülüb açıldıqda, onun içərisindəki kütlə şəffaf sellofandan əlavə ağ rəngli sellofan paketə, sonra isə siqaretin gümüşü kağızına bükülü vəziyyətdə olmuş, sellofan paket və siqaretin gümüşü kağızı açıldıqda isə içərisində narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli toz şəkilli kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisindəki kütlənin həqiqətən narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Həmin kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə aid otaqlara, anbara və hamama, həmçinin otaqlarda və digər tikililərdə olan dolab, soyuducu, televizor altlığı və s. əşyaların içərisinə baxış keçirilmiş, lakin baxış zamanı başqa narkotik vasitə və ya iş üçün əhəmiyyət kəsb edə biləcək cinayət xarakterli hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra, faktla bağlı sabiq baş müstəntiq Azər Şahbazov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi prosesinin video görüntüsü polis nəfəri Şahid3 tərəfindən əvvəldən-axıra kimi “Nikon” markalı fotoaparat vasitə ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahidlər RPŞ-nin növbətçi hissənin məsul növbətçisi Şahid2 və PPXT-nin polis nəfəri Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləməsə də, fərdi əməklə məşğul olur. İstifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. Təxminən 1 il olar narkotik vasitə heroin və psixtrop maddə metamfetamindən çəkmək yolu ilə qəbul edir. Təqsirləndirilən şəxs bir neçə il olar, tanıyır. Onun Təqsirləndirilən şəxs narkotik vasitə heroin istifadə etməsi barədə məlumatı vardır. Belə ki, bildiyi qədəri ilə Vaqif narkotik vasitə istifadə etdiyinə görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Siyəzən Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs həbs olunana qədər onunla eyni məhəllədə yaşamış, sonuncu ilə aralarında normal münasibətlər olmuş, hər hansı ədavət və düşmənçilikləri olmamışdır. Onların hər ikisi də narkotik vasitə heroin istifadəçisi olduqlarından, aralarında yoldaşlıq münasibətləri olmuş, aradabir zəngləşib görüşmüşlər. Covid-19 xəstəliyi ilə əlaqədar mövcud karantin rejimi dövründə bir çox iş yerləri bağlı olduğu üçün, o, bir müddət işsiz qalmış, bu müddət ərzində şəxsi ehtiyacları ilə əlaqədar Vaqifdən hissə-hissə ümumilikdə 35 manat borc pul almış, habelə həmin borc pulu sonuncuya hissə-hissə geri qaytaracağına söz vermişdir. 11 yanvar 2021-ci il tarixdə Vaqifə qaytarmalı olduğu 35 manat borc puldan 23 manatını düzəltməklə, həmin pulu sonuncuya vermək qərarına gəlmiş, bu məqsədlə həmin gün təxminən saat 15:00 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək sonuncu ilə yaşadıqları küçədə Vaqifin yaşadığı evin yaxınlığında görüşmüşlər. Bu zaman Vaqiflə görüşüb borclu olduğu 35 manat puldan 23 manat borcunu vermiş, qalıq 12 manat pulu da tezliklə qaytaracağını qeyd etmişdir. Bir qədər söhbət etdikdən sonra, söhbətləri narkotik vasitə qəbul etməyin üzərinə gəlmiş, bu zaman o, Vaqifə bir neçə gün olar heroin qəbul etmədiyini, buna görə də əgər varıdırsa ona çəkmək üçün heroin verməsini xahiş etmiş, Vaqif özü də narkotik vasitə istifadəçisi olduğundan narkotik vasitə istifadə edən şəxsin təlabatı yarandığı vaxt çəkdiyi əzab əziyyəti yaxşı bilmişdir. Elə buna görə də o, Vaqifdən çəkmək üçün narkotik vasitə heroin istədiyində sonuncu əvvəlcə bir qədər tərəddüd etsə də, sonradan cibindən çıxararaq ona 1 bükümdə narkotik vasitə heroin vermiş, o, isə həmin narkotik vasitə heroinin əvəzində Vaqifə pul və ya digər əmlak xarakterli hər hansı bir əşya verməmiş, nə də ki, Vaqif ona verdiyi narkotik vasitə heroinin əvəzində gələcəkdə onun üçün hər hansı bir işi görməyi onun öhdəsinə qoymamışdır. Bundan sonra, Vaqif onun əziyyət çəkdiyini görüb, narkotik vasitə heroin istəməsi ilə bağlı xahişini geri çevirməmişdir. O, Vaqifdən 1 bükümdə narkotik vasitə heroini əldə etdikdən sonra onunla sağollaşaraq yaşadığı evə qayıtmış, həmin gün evdə tək olarkən Vaqifin ona verdiyi narkotik vasitə heroinin cüzi miqdarını çəkmək yolu ilə qəbul etmiş, qalanını gündəlik geyindiyi boz rəngli şalvarın sol yan cibinə qoymuş, 12 yanvar 2021-ci il tarixdə gün ərzində demək olar, evdən bayıra çıxmamışdır. 13 yanvar 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində yaşadığı evin yaxınlığında olarkən Siyəzən RPŞ-nin mülki geyimli əməkdaşları ona yaxınlaşıb, üstündə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi məqsədilə onu RPŞ-yə dəvət etdikdə, o, polis əməkdaşları ilə RPŞ-yə getmiş, yol boyu üzərində narkotik vasitə olması barədə polis əməkdaşlarının necə xəbər tutmasını fikirləşmişdir. Öz-özlüyündə üzərindəki narkotik vasitə heroin barədə məlumatı polis əməkdaşlarına ötürən şəxsin bundan yeganə xəbəri olan Təqsirləndirilən şəxs olduğunu düşünmüş, ona görə də o, Təqsirləndirilən şəxs heyf çıxmaq qərarına gəlmişdir. Üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman, o, özü könüllü olaraq müdafiəçinin hüquqi yardımından imtina etmişdir. Çünki, üzərində olan narkotik vasitə heroin kütləsinin şəxsi istehlak miqdarından qat-qat az olduğuna əmin olmuşdur. O, üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman şalvarının sol yan cibində 1 bükümdə saxladığı narkotik vasitə heroin kütləsini polis əməkdaşlarına təqdim etmiş, habelə, şifahi sorğu zamanı qəsdən, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs 10 manat pulun müqabilində aldığını bildirmiş, bunu sonuncudan heyf çıxmaq məqsədilə etmişdir. Doğrudur, üzərindəki narkotik vasitə heroin kütləsini ona Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində yaşadığı evin yaxınlığında görüşdükləri zaman hər hansı qazanc və təmanna güdmədən ağırları olduğu üçün versə də, verdiyi narkotik vasitənin müqabilindən ondan pul istəməmiş, nə də, özü Vaqifə pul verməmişdir. O, Vaqifə yalnız 35 manat pul borcunun əvəzində 23 manat pul qaytarmışdır. Hazırkı vaxtda da onun Vaqifə 12 manat pul borcu qalmışdır. Daha sonra, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin kütləsi 1 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, bununla əlaqədar tərtib olunmuş protokol doğru olduğu üçün o və digər iştirakçılar protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Üzərindən narkotik vasitə heroin kütləsi aşkar olunduğu üçün, o, şübhəli şəxs qismində tutulmaqla, 14 yanvar 2021-ci il tarixədək Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerində şübhəli şəxs qismində saxlanılmışdır. Həmin müddət ərzində o, dəfələrlə fikirləşib analiz etdikdən sonra üzərində narkotik vasitə olması barədə polis əməkdaşlarına məlumatı ötürən şəxsin Təqsirləndirilən şəxs olmadığını yəqin etmiş, məhz bundan sonra etdiyi əməldən peşman olmaqla, sonuncunun ona əvəzsiz olaraq verdiyi 1 bükümdə narkotik vasitə heroini kütləsini ondan 10 manat qarşılığında aldığını dediyi üçün özünü pis hiss etməyə başlamışdır. Daha sonra, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin kütləsinin miqdarı şəxsi istehlak miqdarından aşağı olduğu üçün 24 saat müddət ərzində onun şübhəli şəxs kimi statusuna xitam verilmiş və o, RPŞ-nin MSY-dən azad edilmişdir. Həmin vaxt özünü çox pis hiss etdiyi üçün, o, ifadə vermək istəməmiş, iş üzrə ibtidai istintaq müddətində ifadə verəcəyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs utanmaqla, onunla üz-üzə gəlmək istəmir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 56-59-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2021-ci il tarixli, 6/175 saylı ekspert rəyindən görünür ki, üzərində “Şahid4 üzərindən...” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,08 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin rəydən görünür ki, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,210 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid4 üzərindən və Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı l) daxildir. Tədqiqata 0,04 və 0,05 qram heroin sərf edildikdən sonra müvafiq olaraq Şahid4 üzərindən götürülmüş narkotik vasitə heroinin qalıq çəkisi 0,04 qram, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş heroinin qalıq çəkisi isə 0,160 qram təşkil etmişdir. Cinayət işinin 55-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatnın dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 155-156-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X3 Ekspert komissiyası tərəfindən 28 yanvar 2021-ci il tarixdə verilmiş 257 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-17-ci vərəqələrində olan 13 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Şahid4 əynində qara rəngli gödəkcə, boz rəngli şalvar, qara rəngli ayaqqabı olmuş, həmin vaxt Şahid4 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Şahid4 əynində olan boz rəngli şalvarın sol yan cibindən ağ rəngli şəffaf sellofan bükülüsünü təqdim edib, içərisində narkotik vasitə olduğunu bildirmiş, həmin bükülünün içərisində narkotik vasitə olduğunu, Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs 10 manat pul müqabilində aldığını qeyd etmişdir. Həmin ağ rəngli sellofan bükülü açıldığında içərisində əlavə olaraq gümüşü rəngli siqaret kağızı aşkar edilmiş, siqaret kağızı açıldığında isə içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə müəyyən edilmişdir. Həmin bükülü 1 ədəd ağ rəngli zərfə qoyulmuş və 1 ədəd zərfin üzəri möhürləndikdən sonra, Şahid4 üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağa olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkilişdə “Nikon” markalı aparatdan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 30-31-ci vərəqələrində olan 13 yanvar 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, o, evin həyətindəki anbara daxil olmaq üçün nəzərdə tutulan pilləkən üzərində olan qırmızı rəngli işçi əlcəyini təqdim edərək öz istifadəsi üçün narkotik vasitə saxladığını bildirmiş, həmin əlcəyi yerə istiqamətən çevirdikdə içərisindən düşmüş 1 ədəd şəffaf sellofanın içərisində olan bükülü açıldığında orada əlavə olaraq 1 ədəd ağ rəngli sellofan paket aşkar edilmiş, bu bükülünün içərisindən 1 ədəd gümüşü rəngli siqaret kağızı müəyyən edilmiş, sonuncu bükülü açıldıqda isə içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə təsbit edilmişdir. Qeyd edilən bükülü götürülüb müvafiq qaydada qablaşdırılmış, qablaşdırma iştirakçılar tərəfindən imzalanmaqla, möhürlənmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilsə də, oradan qanunla qadağa olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Baxış zamanı videoçəkilişdə “Nikon” markalı aparatdan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-71-ci, eləcə də 158-172-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 15 yanvar 2021-ci il tarixli maddi sübut kimi tanınma, 10 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,160 qram, Şahid4 götürülmüş qalıq çəkisi 0,04 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Şahid4 üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin olduğu 1 ədəd, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxışı özündə əks etdirən 1 ədəd, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Compakt disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Həmçinin, sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ittihamın məzmununda dəyişikliklər edilməklə, ona qeyd olunan maddə ilə yenidən ittiham elan olunmuş və onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, Şahid4 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində inzibati qaydada müvafiq tədbir görülməsi üçün qərarın surəti Siyəzən RPŞ-yə göndərilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-129-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli tələbnamədən, işin 117-120-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 1(059)-37/2019 saylı hökmündən, eləcə də iş materiallarında olan Siyəzən rayon İcra və Probasiya Şöbəsinin 27 aprel 2021-ci il tarixli, 782/21-64-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Siyəzən rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı 07 oktyabr 2019-cu il tarixdən tutulduğu, yəni 13 yanvar 2021-ci il tarixədək ona təyin olunmuş bu cəzanın 01 il 03 ay 06 gününü çəkmiş, cəzanın çəkilməmiş 08 ay 20 gün hissəsi qalmışdır. Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-93-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli, 4(059)-03/2021 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-111-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Mənzil İstismar Sahəsinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 10 mart 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə 15 yanvar 2021-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə olan ittihamın məzmununda dəyişikliklər edilməklə, ona qeyd olunan maddə ilə yenidən ittihamın elan olunmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 05 sentyabr 2019-cu il tarixli, 1(059)-37/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 05 sentyabr 2019-cu tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edərək üstündə saxlamaqla gəzdirməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini və tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin 1/3 hissəsinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu tarixli, 1(059)-37/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına verilmiş Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,160 qram, Şahid4 götürülmüş qalıq çəkisi 0,04 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Şahid4 üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin olduğu 1 ədəd, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxışı özündə əks etdirən 1 ədəd, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Compakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu tarixli, 1(059)-37/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 20 (iyirmi) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 13 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına verilmiş Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,160 qram, Şahid4 götürülmüş qalıq çəkisi 0,04 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Şahid4 üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin olduğu 1 ədəd, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxışı özündə əks etdirən 1 ədəd, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Compakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (bir yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar