Məhkəmə qərarları › İş №1(059)-26/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-26/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-26/2021 18.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 18 may 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1957-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üzərində məhkumluğu olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,260 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə 13 yanvar 2021-ci il tarixdə, saat 16:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə aludəçisidir, hətta, bununla bağlı Siyəzən Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 10 iyun 2020-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra, bir müddət narkotik vasitələrdən istifadə etməsə də, yenidən təxminən 2020-ci ilin oktyabr ayından etibarən narkotik vasitə heroindən iniyeksiya yolu ilə istifadə etməyə başlamışdır. 13 yanvar 2021-ci il tarixdə, saat təxminən 13:00 radələrində evə gələrkən yaşadığı küçədə, evinin yaxınlığında yerdə 1 ədəd şəffaf sellofan bükülü tapmış, həmin bükülünü götürüb içərisinə baxdıqda orada qəhvəyi rəngli narkotik vasitə heroin kütləsi olduğunu görmüş, gələcəkdə şəxsi istifadəsi məqsədilə götürərək əynində olan qış gödəkcəsinin sol yan cibinə qoyaraq evə getmişdir. Həmin gün təxminən saat 16:00 radələrində yaşadığı evin qarşısında dayanarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün, şəxsi axtarış keçirilməsindən ötrü onu Siyəzən RPŞ-yə dəvət etdikdə o, etiraz etməyərək RPŞ-yə getmiş və orada növbətçi hissədə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışın keçirilməsinə başlanılmazdan əvvəl, ona qanunverciliklə nəzərdə tutulmuş hüquq və vəzifələri, eləcə də, müdafiə hüququ izah edilmiş, üzərinə keçiriləcək şəxsi axtarışda və sonrakı proseslərdə hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim olunmuş və o, buna etiraz etməmişdir. Bundan sonra, üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bu zaman üzərindən yaşadığı evin yaxınlığında yerdən tapdığı 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərində olan narkotik vasitə heroin kütləsi və qəhvəyi rəngli kağızın içərisində isə pambıq kəsikləri aşkar olunmuşdur. Həmin pambıqlar isə narkotik vasitə heroini istifadə etmək məqsədilə hazırlayarkən şprisin içərisində olan narkotik vasitə heroinin donmaması üçün istifadə etdiyi pambıqlar olmuşdur. Daha sonra, üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamış, üzərindən aşkar olunmuş 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində olan narkotik vasitə heroin kütləsi və 1 ədəd qəhvəyi rəngli kağız bükülünün içərisində olan pambıq kəsikləri götürülərək 1 ədəd ağ rəngli zərfə qoyulmaqla, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, keçirilən şəxsi axtarış zamanı üzərindən 38 manat 80 qəpik nəğd pul, şəxsiyyətini təsdiq edən sənəd və ümumvətəndaş pasportu aşkar olunaraq götürülmüşdür. Aşkar olunaraq götürülmüş 38 manat 80 qəpik nəğd pul qəbz vasitəsilə özünə qaytarılmışdır. Üzərində keçirilən şəxsi axtarış ilə əlaqədar protokol tərtib olunmuş, ucadan oxunmuş və doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, kifayət qədər yaşı olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin ƏRQ-nin kiçik inspektoru Şahid3 ifadəsində göstərdi ki, 13 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik saxlaması və istifadə etməsi haqqında əməliyyat aparatına daxil olmuş məlumat əsasında Siyəzən RPŞ-nin CAB-ın sabiq baş əməliyyat müvəkkili Şahid1 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. Həmin gün təxminən saat 16:00 radələrində o, Şahid1 və RPŞ-nin təminat hissəsinin polis nəfəri-sürücü X1 ilə birlikdə Siyəzən şəhəri, Nizami küçəsinə gedərək ətraf ərazini müşahidəyə götürdükdən bir qədər sonra, Təqsirləndirilən şəxs yaşadığı evdən çıxaraq küçədə dayandığını görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirmişlər. Bununla bağlı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə RPŞ-yə dəvət etdikdə sonuncu üzərində şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirərək onlarla RPŞ-yə getmişdir. Növbətçi hissədə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin, Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi da iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əvvəlcə 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü təqdim etmiş, həmin gümüşü rəngli siqaret kağızı sabiq baş müstəntiq Azər Şahbazov tərəfindən açıldıqda əlavə olaraq 1 ədəd qəhvəyi rəngli kağızın içərisində pambıq kəsiklərinin olduğu görünmüşdür. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən ikinci dəfə qəhvəyi rəngli kağız bükülüləri çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs ikinci dəfə cibindən çıxardığı kağızların arasında şəffaf rəngli sellofan bükülünün olduğu və həmin şəffaf sellofan bükülünün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Daha sonra, sabiq baş müstəntiq Azər Şahbazov tərəfindən həmin 2 ədəd bükülü 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış ilə əlaqədar olaraq protokol tərtib olunmuş və ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid RPŞ-nin növbətçi hissənin məsul növbətçisi Şahid2 eləcə də, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid CAB-ın sabiq baş əməliyyat müvəkkili, hazırda DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili Şahid1 Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 33-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2021-ci il tarixli, 6/176 saylı ekspert rəyindən görünür ki, üzərində “...İştirakçılar : Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,260 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra narkotik maddə heroinin qalıq çəkisi 0,210 qram təşkil etmişdir. Cinayət işinin 32-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 81,82 (səksən bir manat 82 qəpik) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X3 Ekspert komissiyası tərəfindən 28 yanvar 2021-ci il tarixdə verilmiş 268 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə, narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 21-22-ci vərəqələrində olan 13 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində damalı uzunqol köynək, qara rəngli qış gödəkcəsi, qara rəngli şalvar və qara rəngli ayaqqabı olmuş, ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində narkotik vasitə olduğunu bildirib, çıxardaraq təqdim etmişdir. Daha sonra, həmin bükülünün içərisindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlələr ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarışın görüntüləri əks olunmuş videoçəkiliş “Nikon” markalı fotoaparat vasitəsilə aparılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 56-57-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 15 yanvar 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,210 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-112-ci vərəqələrində olan 13 mart 2021-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ittihamın məzmununda dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, həmçinin onun üzərində 13 yanvar 2021-ci il tarixdə RPŞ-nin növbətçi hissəsində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd kompakt disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Həmçinin, həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda onun üzərindən aşkar olunmuş narkotik vasitənin əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən aşkar olunması göstərilsə də, cinayət işi materialları ilə həmin narkotik vasitənin sonuncunun əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən aşkar olunaraq götürülməsi tam olaraq sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 fevral 2021-ci il tarixli tələbnaməsindən, işin 83-85-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 1(059)-11/2018 saylı hökmünün surətindən görünür ki, Kərimov X2 Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, habelə o, 10 iyun 2020-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar cəzaçəkmə yeri üzrə şöbədə qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli, 4(059)-04/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-89-cu vərəqələrində olan arayış və xasiyyətnamədən, eləcə də şəxsi məlumatlardan çıxarışdan görünür ki, himayəsində 16 fevral 2004-cü il təvəllüdlü Həsən adında bir yetkinlik yaşına çatmayan uşağı olan ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmaqla, kifayət qədər yaşının olmasını, yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 may 2018-ci il tarixli, 1(059)-11/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə və cəzasını çəkib qurtarmasına baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 may 2018-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmaqla, kifayət qədər yaşının olması kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin 1/3 hissəsinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,210 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin 13 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 81,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 13 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,210 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində 13 yanvar 2021-ci il tarixdə videoçəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar