Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-27/2021 25.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 25 may 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1966-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üzərində məhkumluğu olmayan, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-arılıqda çəkiləri 2,941 qram, 4,009 qram, 0,298 qram, 0,349 qram, 0,328 qram, 0,468 qram və 0,440 qram olan, ümumi çəkisi 8,833 qram narkotik vasitə olan marixuana əldə edib üzərində saxlayaraq daşımış, 06 yanvar 2021-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayonu, Beşdam kəndi ərazisində yaşadığı evin qarşısında narkotik vasitələrin istifadəsində şübhəli olduğundan saxlanılaraq gətirildiyi RPŞ-nin NH-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli pencəyin sol iç cibindən həmin narkotik vasitə olan marixuana 2 ədəd kibrit qutusunun və 5 ədəd ağ rəngli kağız bükülünün içərisində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 4-5 il olar, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 06 yanvar 2021-ci il tarixdə, saat 10:00 radələrində Siyəzən rayonu, Beşdam kəndində yaşadığı evin qarşısında 1 ədəd sellofan paket tapmış, həmin paketi götürüb içərisinə baxdıqda içərisində 2 ədəd kibrit qutusunun və 5 ədəd kağız bükülüsünün olduğunu, kibrit qutularını və kağız bükülüləri bir-bir açıb içərilərinə baxdıqda isə içərilərində qurudulmuş marixuana olduğunu görmüş və hər iki kibrit qutusunu, eləcə də 5 ədəd kağız bükülüsü götürüb, şəxsi istifadəsi məqsədilə üzərində saxlamışdır. Həmin gün təxminən saat 11:30 radələrində yaşadığı evin qarşısında dayanarkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb, narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamaqda şübhəli olduğunu bildirməklə, üzərində şəxsi axtarış aparılması məqsədilə Siyəzən RPŞ-yə dəvət etmişlər. Orada növbətçi hissədə Müdafiəçi iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bu zaman üzərində qanunla qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunduqda, əynində olan tünd boz rəngli pencəyinin sol iç cibində saxladığı 2 ədəd kibrit qutusunda və 5 ədəd ağ rəngli kağız bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı təqdim edib, həmin bükülülərin və kibrit qutularının içərilərindəki kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra, üzərində şəxsi axtarış davam etidirilsə də, qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra, üzərindən aşkar edilərək götürülmüş 2 ədəd kibrit qutusu və 5 ədəd ağ rəngli kağız bükülülər içərilərindəki kütlələr ilə birlikdə 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, sonra bu barədə tərtib olunmuş protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təsir göstərilməmiş, narkotik vasitələri özü bükülülərə ayırmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, ümumi xəstəlik səbəbindən İ dərəcə əlil olmasının nəzərə alınmasını, habelə ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid Siyəzən rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, üstündə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Siyəzən RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında 06 yanvar 2021-ci il tarixdə onun yaxalanaraq ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü şöbə rəhbərliyinə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış keçirilməsindən ötrü müvafiq sənədləşmə aparılmış və bununla bağlı onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, RPŞ-nin uçot qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid2 Qiyas oğlu qrupun tərkibinə daxil edilərək keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışdır. Bundan sonra, Şahid2la birlikdə əməliyyat-axtarış tədbiri keçirilmiş və həmin gün saat 11:00 radələrində Təqsirləndirilən şəxs Siyəzən rayonu, Beşdam kəndi ərazisində yaşadığı evin istiqamətində hərəkət etdiyini gördükdə ona yaxınlaşıb özlərini təqdim etməklə, sonuncu qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün Siyəzən RPŞ-yə gətirilmiş, qeyd olunan tarixdə növbətçi hissədə növbətçi köməkçisi Şahid4 xidmətdə olmuşdur. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Siyəzən RPŞ-nin İB-nin sabiq baş müstəntiqi X3 həvalə olunmuş, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi növbətçi hissəyə dəvət edildikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi elan edilərək, ona hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmiş və hüquqlarının müdafiə olunmasından ötrü vəkil Müdafiəçi təqdim edilmiş, habelə Təqsirləndirilən şəxs müdafiəçinin xidmətindən imtina etməmişdir. Şəxsi axtarışa başlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar varsa, onları təqdim etməsi təklif olunduqda, o, əynində olan tünd boz rəngli pencəyin sol iç cibində olan 2 ədəd kibrit qutusu və 5 ədəd ağ rəngli kağız bükülüləri təqdim edərək, içərisində narkotik vasitə “marixuana” olduğunu bildirmişdir. Bundan sonra, həmin 2 ədəd kibrit qutusu və 5 ədəd ağ rəngli kağız bükülülər açıldığında içərisində yaşıl rəngli, spesifik qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu aşkar edilmiş, həmin kütlələr ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd ağ rəngli kağız zərfə qablaşdırıldmış və üzəri möhürlənmişdir. Daha sonra, sabiq baş müstəntiqin göstərişi ilə tərəfindən şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesi əvvəldən axıra kimi RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti Şahid3 tərəfindən “Nikon” markalı fotoaparatla video qeydə alınmış və faktla bağlı sabiq baş müstəntiq Azər Şahbazov tərəfindən protokol tərtib olunmaqla, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin uçot qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid2 Qiyas oğlu, RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti Şahid3 və növbətçi hissəsinin növbətçi köməkçisi Şahid4 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2021-ci il tarixli, 7/28 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut” yazılar və imzalar olan zərfdə 2 ədəd kibrit qutusunda və 5 ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 2,941 qram, 4,009 qram, 0,298 qram, 0,349 qram, 0,328 qram, 0,468 qram və 0,440 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi – 8,833 qramdır. Təqqiqata cəmi 0,14 qram sərf edildikdən sonra narkotik maddə olan qurudulmuş marixuananın qalıq çəkisi 8,693 qram təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə bioloji ekspertizası tədqiqatının dəyəri 66,46 (altmış altı manat 46 qəpik) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 28 yanvar 2021-ci il tarixdə verilmiş 280 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 06 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində qəhvəyi rəngli gödəkcə, tünd boz rəngli pencək, boz rəngli uzunqol qış köynəyi, boz rəngli şalvar və qara rəngli ipsiz ayaqqabı olmuş, şəxsi axtarış zamanı ona qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan tünd boz rəngli pencəyin sol iç cibindən 2 ədəd kibrit qutusu və 5 ədəd ağ rəngli kağız bükülülərini masanın üzərinə qoyaraq həmin bükülülərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, bundan sonra, sonuncunun üzərinə yenidən baxış keçirilsə də, üzərində qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı, videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə həyata keçirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 59-cu vərəqəsində olan 08 yanvar 2021-ci il tarixli əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 8,693 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin təminat hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-96-cı vərəqələrindəki 30 mart 2021ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin video görüntüsü köçürülmüş cəmi 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 fevral 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 16-cı vərəqəsindəki 06 yanvar 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 55-56-cı vərəqələrindəki 08 yanvar 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Siyəzən RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-ci vərəqəsində olan arayışdan və 79-cu vərəqəsindəki xasiyyətnamədən, 80-ci vərəqəsindəki şəxsiyyət vəsiqəsinin, eləcə də iş materiallarına əlavə edilmiş 26 mart 2001-ci il tarixli vəsiqənin surətlərindən görünür ki, himayəsində 22 fevral 2009-cu il təvəllüdlü Bahadır adında bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, ümumi xəstəlikdən İ dərəcə əlil, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Beşdam kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə hər hansı bir şikayət xarakterli müraciət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 30 mart 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmaqla, ümumi xəstəlikdən İ dərəcə əlil olmasını, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, bununla belə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmaqla, ümumi xəstəlikdən İ dərəcə əlil olması kimi cəzanı yüngülləşdirici hallar olmaqla, ağırlaşdıran halın mövcud olmamasını, nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 2/3 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdən 08 yanvar 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 8,693 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasının video görüntüləri köçürülmüş 01 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 66,46 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 8,693 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasının video görüntüləri köçürülmüş 01 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 66,46 (altmış altı manat 46 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-27/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-27/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver