Məhkəmə qərarları › İş №1(059)-30/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-30/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-30/2021 08.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 08 iyun 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1976-cı ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 6,943 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, 11 fevral 2021ci il tarixdə, saat 19:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhəri, T.İsmayılov küçəsi ərazisində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd şəffaf rəngli sellofanın içərisində ümumilikdə 14 ədəd, bükümlərdən 11 ədədi qəhvəyi rəngli kağız bükümdə, hər birinin təmiz çəkisi 0,723 qram, 0,360 qram, 0,462 qram, 0,397 qram, 0,440 qram, 0,491 qram, 0,574 qram, 0,497 qram, 0,509 qram, 0,572 qram, 0,417 qram, 2 ədədi ağ rəngli kağız bükümdə hər birinin təmiz çəkiləri 0,507 qram, 0,403 qram və 1 ədədi ağ-yaşıl rəngli kağız bükümdə, təmiz çəkisi 0,591 qram olmaqla, ümumi çəkiləri 6,943 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 10 il olar, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2021-ci ilin fevral ayının əvvəllərində Siyəzən rayonu, Candahar kəndi ərazisində dəniz kənarında olarkən, oradan 1 ədəd kağız bükülü tapmış, həmin kağız bükülünü açıb içərisinə baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Bundan sonra, tapdığı narkotik vasitə qurudulmuş marixuananın bir qismini istifadə etmiş, qalan hissəsini isə şəxsi istifadəsi məqsədilə ümumilikdə 14 ədəd kağızlara büküb, 1 ədəd şəffaf sellofanın içərisinə qoyaraq yaşadığı binanın zirzəmisində gizlətmişdir. 11 fevral 2021-ci il tarixdə, axşam təxminən saat 19:00 radələrində həyətə düşərək həmin sellofanı zirzəmidən götürüb əynində olan qara rəngli gödəkcənin sol iç cibinə qoymuşdur. Daha sonra, yaşadığı küçədə dayanarkən polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirirərək onu Siyəzən RPŞ-yə aparmış, orada Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman ümumilikdə 14 ədəd kağız bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana kütlələri aşkar olunaraq götürülməklə, 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, bu barədə protokol tərtib olunmuş, ucadan oxunaraq imzalanmışdır. Tutduğu əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində bir azyaşlı uşağının olmasının, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-ın sabiq baş əməliyyat müvəkkili, hazırda DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 fevral 2021-ci il tarixdə Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə Siyəzən RPŞ-yə daxil olmuş əməliyyat məlumatına əsasən tərəfindən protokol tərtib edilərək, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə həmin gün təxminən saat 19:00 radələrində o, RPŞ-nin DYPB-nin YPX inspektoru Şahid3 Rafael oğlu və RPŞ-nin Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru X3 birlikdə Siyəzən şəhəri, T.İsmayılov küçəsinə gedib, həmin küçəni müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs həmin küçədə yaşadığı evin qarşısına çıxaraq dayandığını görüb ona yaxınlaşmaqla, özlərini təqdim edərək, üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması məqsədilə RPŞ-yə dəvət etdikdə, sonuncu buna etiraz etməmiş, habelə tərəflərindən RPŞ-yə aparılmışdır. Orada növbətçi hissədə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarışa başlamazdan əvvəl, Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin sonuncunun üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi da iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu üzərində qanunla qadağan olunmuş narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofanı çıxararaq masanın üzərinə qoymuşdur. Həmin şəffaf rəngli sellofanın içərisinə baxıldıqda orada 14 ədəd kağız bükülünün olması, həmin bükülülərdən 11 ədədinin qəhvəyi rəngli kağıza, 2 ədədinin ağ rəngli kağıza və 1 ədədinin isə ağ-yaşıl rəngli kağıza bükülməsi aşkar olunmuşdur. Daha sonra, hər bir bükülünün içərisinə ayrı-ayrılıqda baxış keçirilmiş, həmin bükülülərin içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən olunmuş və həmin bükülülər ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd ağ rəngli zərfə qoyulmaqla, üzəri möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, əlavə narkotik vasitə və ya cinayət xarakterli digər hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin video görüntüsü RPŞ-nin polis əməkdaşı Siyavuş Ağayev tərəfindən əvvəldən axıra kimi “Nikon” markalı fotoaparat vasitə ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahidlər RPŞ-nin DYPB-nin YPX inspektoru Şahid3 Rafael oğlu, növbətçi köməkçisi Şahid4 və Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru X3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 37-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2021-ci il tarixli, 7/184 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N96” dairəvi möhürlə möhürlənmiş zərfdə təmiz çəkisi 11 ədəd qəhvəyi rəngli kağız bükümünün içərisində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,723 qr, 0,360 qr, 0,462 qr, 0,397 qr, 0,440 qr, 0,491 qr, 0,574 qr, 0,497 qr, 0,509 qr, 0,572 qr, 0,417 qr, 2 ədəd ağ rəngli kağız bükümdə 0,507 qr, 0,403 qr və bir ədəd ağ-yaşıl rəngli kağız bükümdə 0,591 qram olmaqla, ümumi çəkisi 6,943 qram olan çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olub, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Tədqiqata 0,28 qram heroin sərf edildikdən sonra müvafiq olaraq Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 6,663 qram təşkil etmişdir. Cinayət işinin 36-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatnın dəyəri 88,70 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 116-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 17 fevral 2021-ci il tarixdə verilmiş 511 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-27-ci vərəqələrində olan 11 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkcə, göy rəngli köynək, göy rəngli cins şalvarı, qara rəngli ayaqqabı və ağzında qara rəngli tibbi maska olmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən içərisində müxtəlif sayda bükümlər olan 1 ədəd şəffaf rəngli sellofanı masanın üzərinə qoyaraq içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofanın içərisinə baxıldıqda içərisində 11 ədəd qəhvəyi rəngli, 2 ədəd ağ rəngli və 1 ədəd ağ-yaşıl rəngli kağız bükülü olmaqla, ümumilikdə 14 ədəd kağız bükülüdə yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. Daha sonra, həmin kağız bükülülər bağlanılaraq 1 ədəd şəffaf rəngli sellofanın içərisinə qoyulmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 14 ədəd bükülülər 1 ədəd ağ rəngli zərfə qoyulmuş və zərfin üzəri möhürlənmiş və qablaşdırılmış zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdə “Nikon” markalı aparatdan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 12 fevral 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 6,943 qram (tədqiqata 0,28 qram heroin sərf edildikdən sonra qalıq çəkisi 6,663 qram təşkil edən) çəkidə narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 133-143-cü vərəqələrində olan 13 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2021-ci il tarixdə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməsinə əsas verən hallar meydana çıxmadığından həmin ittihamın məzmununda dəyişikliklər edilməmiş, həmçinin onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin video görüntüsü köçürülmüş 1 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 fevral 2021-ci il tarixli tələbnamədən, eləcə də iş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(059)-03/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 64-65-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 4(059)-8/2021 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 fevral 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-82-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, himayəsində 19 iyul 2019-cu il təvəllüdlü Zəhra adında bir azyaşlı uşağı olmaqla, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 13 aprel 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs 12 fevral 2021-ci il tarixdə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununda dəyişikliklər etməməklə, ona qeyd olunan maddə ilə yenidən ittihamın elan olunmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını, himayəsində bir azyaşlı övladının olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 1(059)-03/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 04 may 2021-ci tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilsə də, hazırkı cinayət əməlini birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyindən onun bu əməlinə münasibətdə cinayətin residivi yaranmır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısı həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Siyəzən Rayon Məhkəməsinin 04 may 2021-ci tarixli, 1(059)-03/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 24 (iyirmi dörd) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin ediləcək cəza ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 11 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 6,663 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin, 11 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin 04 may 2021-ci tarixli, 1(059)-03/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 24 (iyirmi dörd) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs qəti cəza 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 11 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 6,663 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin, 11 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar