Məhkəmə qərarları › İş №1(059)-38/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-38/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-38/2021 04.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onların müdafiəçisi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 04 noyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1968-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkiləri 1,678 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,077 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,4 qram çəkidə çətənə (kannabis) bitkisinin toxumlarını əldə edərək üzərində və yaşadığı ünvanda saxlamış, 15 aprel 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanının qarşısında saxlanılaraq videoçəkiliş vasitəsilə yaşadığı ünvana baxış və üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə heroinin 0,344 qramı yaşadığı evdə ona məxsus otaqda olan mebel masasının üzərində ayrıayrılıqda təmiz çəkiləri 0,313 qram, 0,031 qram olmaqla 2 ədəd siqaret kağızı bükülülərində, 1,249 qramı yaşadığı evdə ona məxsus otaqda olan divanın altındakı yaşıl rəngli qutunun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,770 qram, 0,105 qram, 0,110 qram, 0,141 qram, 0,123 qram olmaqla 5 ədəd bükülülərdə, həmin psixotrop maddə metamfetaminin 0,059 qramı yaşadığı evdə ona məxsus otaqda olan divanın altındakı yaşıl rəngli qutunun içərisində 01 ədəd siqaret kağızı bükülüsündə, çətənə (kannabis) bitkisinin toxumları 0,4 qram çəkidə yaşadığı evdə ona məxsus otaqda olan mebel masasının üzərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,15 qram, 0,17 qram, 0,08 qram olmaqla 3 ədəd bükülülərdə, həmin narkotik vasitə heroinin 0,085 qramı əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükülüdə, həmin psixotrop maddə metamfetaminin 0,018 qramı isə əynində olan qara rəngli şalvarın qabaq sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükülüdə, bundan başqa, yaşadığı evdə ona məxsus otaqdan paltar rəfinin altından səthində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi, həmin otaqda olan mebel masasının üzərində 4 ədəd kustar üsulla kağız və falqa materiallarından hazırlanmış içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan boruşəkilli müştüyə bənzər predmetlər, həmin otaqda olan divanın altından 2 ədəd kustar üsulla kağız və falqa materiallarından hazırlanmış içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan boruşəkilli müştüyə bənzər predmetlər və 2 ədəd üzərində narkotik vasitə heroinin izləri olan falqa kəsikləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir və eyni zamanda, onu da bildirir ki, təxminən 3 il olar, çəkmə üsulu ilə narkotik vasitə heroin, düşəndə isə psixotrop maddə metamfetamin istifadə edir. Saxlanıldığı vaxtdan təxminən 2 həftə öncə Siyəzən rayonu, Gənclik qəsəbəsi ərazisində kanalın qırağı ilə gedərkən oradan bir ədəd göy rəngli sellofan bağlama tapmış, həmin bağlamanı açıb baxdığında içərisində narkotik vasitə heroin olduğunu görmüş, narkotik vasitə istifadəçisi olduğu üçün tapdığı narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədilə özü ilə götürərək yaşadığı evdə öz otağına qoymuşdur. 15 aprel 2021-ci il tarixdə, təxminən saat 09-10:00 radələrində yaşadığı evdə, özünə məxsus otaqda yatarkən 7-8 nəfər polis əməkdaşının həmin otaqda ətrafında gəzişdiklərini görüb yuxudan ayılmış, sonunculardan evinə daxil olmalarının səbəbini sorşduğunda, “Bakı şəhərindən göstəriş gəldiyini, ona görə də, tutulmalı olduğumu” bildirmişlər. Bundan sonra, yatdığı yerdən durub, şalvarını geyinmək istəyərkən, polis əməkdaşları bir qədər tərəddüd edib, sonunda şalvarını geyinmək üçün ona verməyi qərarlaşdırmışlar. Qeyd edir ki, həmin vaxta kimi polis əməkdaşları onun otağını axtarmış, habelə, evində arvadının və qızının yatdığı digər otaqlara da nəzər yetirmişlər. Belə ki, diş texniki işləyən oğlu həmin gün erkən saatlarda evdən çıxmış, avtomobilini işlək vəziyyətə gətirə bilmədiyi üçün evə qayıdaraq avtomobilin açarını evə qoymuş və təkrarən işə qayıtmışdır. Buna görə də, arvadı avtomobilini gördüyü üçün oğlunun evdə olduğunu zənn edib evin giriş qapısını bağlamamış, nəticədə giriş qapısı açıq vəziyyətdə qalmışdır. Bundan istifadə edən polis əməkdaşları isə yaşadığı evə icazəsiz daxil olub, evin giriş qapısı ilə üzbəüz olan otaqlara nəzər yetirib, həmin vaxt orada yatan arvadı və qızına bayıra çıxmamalarını tapşıraraq onun yatdığı, mətbəxdən sonrakı otağa daxil olub, həmin otağı axtarmışlar. Bundan sonra, o və evinə daxil olmuş polis əməkdaşları evinin çöl qapsının önünə çıxmış və oraya sonradan gəlmiş müstəntiq və müdafiəçinin iştirakı ilə üzərinə və evinə vidoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilməsinə başlanılmış və məndən buna etirazının olmaması barədə ərizə alınmışdır. Daha sonra, yatdığı otağa daxil olmuş, orada jurnal masanın üstündə qoyduğu balaca qutunun içərisində olan, açıq vəziyyətdə, qara rəngli, balaca kütlə şəkilində olan narkotik vasitə heroini, 4 ədəd müştüyü və içərisində çətənə bitkisinin toxumları olan bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Onu da qeyd edir ki, polis əməkdaşları tərəfindən yaşadığı evdən və cibindən aşkar edilmiş digər narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona məxsus deyildir. Belə ki, onda olan narkotik vasitə heroin balaca kütlələr formasında olmaqla qara rəngdə olmuş, lakin, polis əməkdaşları tərəfindən istər yaşadığı evdə, istərsə də, cibindən aşkar edilmiş narkotik vasitə heroin sarı rəngdə olmuşdur. Bundan əlavə, onda psixotrop maddə metamfetamin ümumiyyətlə olmamışdır. Ona görə də, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, ibtidai istintaq zamanı təqsiri etiraf etməsinin səbəbi istintaq orqanının onu 234.1-ci maddəsi ilə ittiham edib məhkəməyə verəcəkləri vədi olmuşdur. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırda ziddiyyətli ifadə verərək təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 3 il olar, çəkmə üsulu ilə narkotik vasitə heroin və düşəndə psixotrop maddə metamfetamin istifadə etmişdir. Saxladıldığı vaxtdan təxminən 2 həftə əvvəl Siyəzən rayonu, Gənclik qəsəbəsi ərazisində olan zaman kanalın qırağı ilə gedərkən oradan bir ədəd göy rəngli sellofan bağlama tapmış, bağlamanı açıb baxdıqda onun içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlər olduğunu görmüş, narkotik vasitə istifadəçisi olduğu üçün tapdığı narkotik vasitələri gələcəkdə istifadə etmək məqsədilə özü ilə götürərək yaşadığı evdə öz otağında gizlətmişdir. Onun öz otağında narkotik vasitə saxlamaqdan nə ailə üzvlərinin nə də ki, digər şəxslərin məlumatı olmamış, habelə, həmin vaxtdan sonra tapdığı narkotik vasitəni az-az istifadə etməyə başlamışdır. 15 aprel 2021-ci il tarixdə saat təxminən 12:00 radələrində yaşadığı ünvanın qarşısında dayanarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində, yaşadığı evdə, üzərində narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra, yaşadığı ünvanın qarşısına müstəntiq dəvət edilmiş və sonuncu tərəfindən ona fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi da iştirakı ilə yaşadığı evə videoçəkiliş vasitəsilə baxış, üzərində isə şəxsi axtarış keçiriləcəyi və bu barədə Siyəzən RPŞ-si tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğu bildirilmişdir. O, üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirərək, bu barədə müvafiq ərizəni təqdim etmişdir. Baxış keçirilməsinə başlamazdan əvvəl ona hüquq, vəzifələri və müdafiə hüquqları izah olunaraq, bununla bağlı müvafiq bildiriş təqdim olunmuş, o, həmin bildirişi imzalamaqla götürmüş, habelə, videoçəkiliş vasitəsilə keçiriləcək baxış zamanı Müdafiəçi iştirak etməsini istədiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş hər hansısa əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, sonuncu yaşadığı otaqdan narkotik vasitələrin tapılmayacağı ümidi ilə yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı əşya və vasitə olmadığını demiş və iştirakçıları yaşadığı evə dəvət etmişdir. İlk növbədə evin girişində qonaq otağından sağ tərəfdə yerləşən rəfə baxış keçirilmişdir. Bundan sonra, o, digər otaqda yaşadığını bildirərək baxışda iştirak edən şəxslərə həmin otağı göstərmək üçün hərəkət etməyə başlamış, mətbəx vasitəsilə yaşadığı otağa daxil olduqdan sonra həmin otağa baxış keçirilməsinə başlanılmışdır. Bu zaman otaqda olan kiçik masanın üzərində şəffaf rəngli sellofanın içərisində yığdığı 5 ədəd bükülü, baxış zamanı bükülülərdən üçünün içərisində gül toxumu olduğunu bildirməyinə baxmayaraq, narkotik vasitə olan çətənə bitkisinin toxumları, digər iki bükümdə isə narkotik vasitə heroin olmuşdur. Bundan başqa, masanın üzərində 4 ədəd müştük olmuşdur ki, o çəkmə üsulu ilə həmin müştüklərlə heroini qəbul etmişdir. Masanın üzərindən götürülmüş 5 ədəd bükülü və 4 ədəd müştük ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar zərfin üzəri imza etmişlər. Bundan sonra, onun yaşadığı otaqda olan qəhvəyi rəngli rəfin altından işlək vəziyyətdə olmamış 1 ədəd elektron tərəzi aşkar olunmuş və həmin elektron tərəzidən diş həkimi olan oğlu istifadə etmişdir. Bundan əlavə, bir neçə dəfə olmuşdur ki, o həmin elektron tərəzidən doza həddinin aşılmaması üçün gündəlik istifadə etdiyi narkotik vasitənin miqdarını ölçmək məqsədilə istifadə etmişdir və həmin heroin izləri də tərəzinin üzərində ona görə qalmışdır. Həmin elektron tərəzi müstəntiq tərəfindən ayrı bir ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, o və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Bundan sonra, ona məxsus otağa baxış keçirilməsi davam etdirilmiş və otaqda olan divanın altından narkotik vasitə istifadə etdiyi 1 ədəd müştük və onun başlığı və 1 ədəd yanmış vəziyyətdə olan falqa aşkar olunmuşdur. Baxış davam etdirildikdə divanın altında olan yaşıl rəngli qutunun içərisində 6 ədəd kağız bükülü və əlavə olaraq 1 ədəd müştük aşkar olunmuş, həmin bükülülərdən birinin içərisi yanmış vəziyyətdə olan falqadan ibarət olmuş, digər bükülülər də ayrı-ayrılıqda açılmış və onların da içərisində narkotik vasitə olduğu görünmüşdür. Ondan həmin bükülülərdə nə olduğu soruşulduqda o, bükülülərdən 4 ədədinin içərisində tiryək, birinin içərisində isə heroin olduğunu bildirmişdir. Bundan sonra, divanın altından aşkar olunmuş 1 ədəd müştük və onun başlığı, 1 ədəd yanmış falqa, divanın altında olan yaşıl rəngli qutunun içərisində aşkar olunmuş 1 ədəd müştük, 1 ədəd bükülü formasında olan yanmış falqa və 5 ədəd digər bükülülər, bir ədəd ağ rəngli zərfə qoyularaq, müstəntiq tərəfindən qablaşdırılmış, o və digər iştirakçılar həmin zərfin üzərinə imza etmişlər. Bundan sonra, müstəntiq Rəhmin Zeynalov tərəfindən ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet və üzərində keçiriləcək şəxsi axtarışa etirazının olub-olmadığı soruşulmuş, o üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet və üzərində keçiriləcək şəxsi axtarışa heç bir etirazının olmamasını bildirmişdir. Bundan sonra, onun üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, bu zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli bükülü və əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli bükülü aşkar olunmuşdur. Həmin bükülülər də, ayrı-ayrılıqda açıldığında və onlardan birinin içərisində narkotik vasitə metamfetamin, digərinin içərisində isə heroin olduğunu bildirmişdir. Həmin aşkarlanmış 2 ədəd bükülü də bir ədəd ağ rəngli zərfə qablaşdırılmış və bundan sonra o və digər iştirakçılar həmin zərfin üzərinə imza etmişlər. Bundan sonra, evə baxış keçirilsə də, qanunla qadağan olunmuş əlavə əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra, yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili, hazırda Ucar RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili işlədiyi vaxt yəni, 15 aprel 2021-ci il tarixdə Siyəzən şəhəri sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, yaşadığı evdə saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi haqqında əməliyyat aparatına məlumat daxil olmuş, məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə həmin gün təxminən saat 12:00 radələrində NMQ-nun əməliyyat müvəkkili X4, CAB-ın sabiq axtarış üzrə əməliyyat müvəkilli Şahid2 və Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru X5 ilə birlikdə Siyəzən şəhəri, Nizami küçəsinə gedərək ətraf ərazini müşahidəyə götürmüş, bir qədər sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çıxaraq küçədə dayandığını görüb, ona yaxınlaşaraq özlərini təqdim etməklə, Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, yaşadığı evə baxış və üzərində şəxsi axtarış keçiriləcəyini və bu barədə Siyəzən RPŞ-si tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğu bildirmişlər. Həmin faktla əlaqədar araşdırma aparılması müstəntiq X3 həvalə olunmuş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunaraq müvafiq bildiriş verilmiş, habelə, evinə keçiriləcək baxış və üzərində şəxsi axtarış aparılması zamanı müdafiə hüququnun təmin edilməsi məqsədi ilə Müdafiəçi də iştirakı təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və evinə baxış zamanı hər hansı etirazının olub-olmaması soruşulduqda, sonuncu yaşadığı evə baxış və üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirərək, bu barədə müvafiq ərizəni təqdim etmiş, habelə, hüquqlarının Müdafiəçi tərəfindən müdafiə olmasına etirazının olmadığını bildirmişdir. Baxış keçirilməsinə başlanılan zaman müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş hər-hansısa əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı əşya və predmet olmadığını bildirərək, iştirakçıları yaşadığı evə dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı ilk olaraq qonaq otağında, evin qapısından girdikdən sonra sağ tərəfdə yerləşən rəfə baxış keçirilmiş və bundan sonra, sonuncuya qaldığı otağı göstərməsi təklif olunmuşdur. Mətbəx vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı otağa daxil olaraq baxış keçirilməsinə başlanılmış, otağın girişindən bir qədər irəli kiçik masanın üzərində 1 ədəd şəffaf rəngli sellofanın, sellofanın içərisində 1 ədəd qara rəngli, 1 ədəd ağ rəngli, 2 ədəd ağ-qara rəngli, 1 ədəd ağ-göy rəngli olmaqla, ümumlikdə 5 ədəd siqaret kağızı bükülüsünün olması, hər bir bükülü Şahid2 tərəfindən ardıcıllıqla açılaraq baxıldıqda qara rəngli siqaret kağızı bükülüsünün içərisində ağ rəngli kağız bükülüdə bitki toxumları, ağ rəngli siqaret kağızı bükülüsünün içərisindən açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, ağ-qara rəngli siqaret kağızı bükülüsünün içərisindən bitki toxumları, digər ağ-qara rəngli siqaret kağızı bükülüsünün içərisində qara rəngli bükülüdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, ağ-göy rəngli siqaret kağızı bükülüsünə baxış keçirildikdə isə bitki toxumları olması müəyyən olunmuş və bükülülərin ağızları bağlanılaraq yenidən 1 ədəd şəffaf rəngli sellofanın içərisinə qoyulmuşdur. Bundan sonra, masanın üzərinə baxış davam etdirilərkən oradan 4 ədəd içərisində narkotik vasitə qalıqları olması ehtimal edilən müştük formalı kağız əşyalar aşkar olunmuşdur. Daha sonra, masanın üzərindən aşkar olunaraq götürülmüş predmentlər bir ədəd ağ rəngli zərfdə qablaşdırılmaqla, üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs, o və digər iştirakçılar həmin zərfin üzərini imza etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı otağa baxış davam etdirilərkən Şahid2 tərəfindən otaqda olan qəhvəyi rəngli paltar rəfinin altından 1 ədəd qara rəngli elektron tərəzi aşkar edilmiş və həmin tərəzi də bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmaqla üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs, o və digər iştirakçılar həmin zərfin üzərini imza etmişlər. Bundan başqa, Şahid2 otaqda olan divanın altına baxış keçirərkən oradan 1 ədəd içərisində narkotik vasitə qalıqları olması ehtimal edilən müştük formalı kağız və onun başlığı, 1 ədəd gümüşü rəngli yanmış vəziyyətdə falqa, habelə, divanın altında olan 1 ədəd yaşıl rəngli qutunun içərisindən 2 ədəd gümüşü, 2 ədəd qara, 2 ədəd ağ rəngli olmaqla, ümumilikdə 6 ədəd kağız bükülü və 1 ədəd içərisində narkotik vasitə qalıqları olması ehtimal edilən müştük formalı kağız əşya aşkar olunmuşdur. Hər bir bükülüyə ayrıayrılıqda baxış keçirildikdə ardıcıllıqla 1 ədəd gümüşü rəngli bükülünün içərisinin yanmış formada olmaqla, orada narkotik vasitə istifadə olunması, 2 ədəd qara rəngli siqaret kağızı bükülülərinin içərisində narkotik vasitə heroinə bənzər kütlələr, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünün içərisində narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd ağ rəngli kağız bükülünün içərisində əlavə olaraq, ağ rəngli salfetkaya bükülü vəziyyətdə narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd ağ rəngli kağız bükülünün içərisində ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Divanın altından aşkar olunaraq götürülmüş ümumilikdə 6 ədəd kağız bükülü və 1 ədəd içərisində narkotik vasitə qalıqları olması ehtimal edilən müştük formalı kağız əşya bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmaqla, üzəri möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin, habelə, üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olub-olmaması soruşulmuş, sonuncu üzərində qanunla qadağan olunmuş əşya və predmet olmadığını və üzərində şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Bundan sonra, Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli şalvarın qabaq sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükülü aşkar olunmuş və həmin bükülü sonradan açılaraq içərisinə baxış keçirilməsi üçün masanın üzərinə qoyulmuşdur. Şahid2 baxışı davam etdirərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən də, 1 ədəd ağ rəngli kağız bükülü aşkar edilmiş və həmin bükülü də içərisinə baxış keçirilməsi üçün masanın üzərinə qoyulmuşdur. Sonra, şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra, içərisinə baxış keçirilməsi üçün masanın üzərinə qoyulmuş hər bir bükülüyə ayrı-ayrılıqda baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın qabaq sol yan cibindən aşkar olunaraq götürülmüş 1 ədəd ağ rəngli kağız bükülünün içərisində ağ rəngli kristalşəkilli metamfetaminə bənzər kütlə, əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən aşkar olunaraq götürülmüş 1 ədəd ağ rəngli kağız bükülünün içərisində isə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı aşkar olunmuş ümumilikdə 2 ədəd ağ rəngli bükülü müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmaqla, üzəri möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış davam etdirilsə də, evdən qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin KTQ-nin baş inspektorkriminalisti Şahid3 və RPŞ-nin CAB-ın sabiq axtarış üzrə əməliyyat müvəkilli, hazırda Qusar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində göstərdi ki, o, son dövrlər heç bir yerdə işləməməklə, ailəsi ilə birlikdə Siyəzən şəhərinin Nizami küçəsindəki 23 saylı evdə yaşayır. Bununla belə o, əvvəllər Bakı şəhərində diş texniki bibisi oğlu Rəşad Hüseynovun yanında köməkçi kimi işləsə də, sonradan gözləri zəif gördüyündən işləməyə bir müddət ara versə də, sonradan ailəsi ilə birlikdə yaşadığı Siyəzən şəhərinin Nizami küçəsindəki 23 saylı evdə işləməyə davam etmişdir. Belə ki, o, təxminən 2012-ci ildən bibisioğlunun yanında diş texnikliyini öyrənməklə, işləməyə başlamış, həmin vaxtlar Bakı şəhərində, 2016-cı ildən isə Siyəzən şəhərində yaşamağa başlamışdır. Əsas gördüyü iş evdə dişlərin gipsdən olan qəliblərini hazırlamaqdan ibarət olmuş, bunun əsasən öz yaşadığı otaqda etmişdir. Atası Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək polislər tərəfindən saxlanılaraq evə baxış keçirilən vaxt o, evdə olmamışdır. Belə ki, o, 15 aprel 2021-ci il tarixdə, təxminən saat 08:00 radələrində evdən çıxmış idman etmək üçün Siyəzən şəhərindəki stadiona getmiş, baş vermiş hadisəni eşitdikdə, təxminən saat 10-12:00 radələrində evə qayıtmış, evdə polis əməkdaşlarının olduğunu görsə də, baxışda və ya digər istintaq hərəkətlərində iştirak etməmişdir. Atasının narkotik vasitələrdən istifadə etməsindən, habelə onun satışı ilə məşğul olmasından məlumatı olmamış, habelə görməmişdir. Bundan əlavə, vaxtilə gips, diş üçün keramikanın ölçülməsində istifadə etdiyi tərəzinin atasının otağında olmasından xəbəri olmamış, həmin tərəzidən təxminən 2-3 il olar istifadə etməmişdir. Çünki, tərəzi bir neçə dəfə yerə düşdüyü üçün rəqəmləri göstərməmiş, istifadəyə yararsız olmuşdur. Bundan başqa, o, boz rəngli olmaqla, Çin istehsalı olan və adi smartfon telefondan ölçücə biraz böyük olan həmin tərəzini 2013-cü ildə Bakı şəhərindən Moskva univermağından almış, lakin sonradan yaranmış qüsurlarla əlaqədar bir daha istifadə etməmiş, onu yenisi ilə əvəz etmişdir. Yeni tərəzi aldığına görə də, sonradan həmin tərəzinin harda olmasından xəbəri olmamışdır. Məhz sonradan polis əməkdaşları tərəfindən yaşadıqları evdə baxış keçirilərkən həmin tərəzi atasına məxsus otaqda rəfin altından aşkarlanması barədə də məlumatı isə ailə üzvlərindən eşitmiş, lakin tərəzinin üzərinə narkotik vasitə heroinin izlərinin necə düşdüyündən heç bir məlumatı olmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 43-48-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2021-ci il tarixli, 6/1488 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” yazılar olan (№1) 01 ədəd bükümdə təmiz çəkisi 0,085 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,018 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Eyni zamanda, rəydən görünür ki, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında ona məxsus otaqda masanın üzərindən aşkar olunmuş” və s. yazılar olan zərfdəki (№2) 01 ədəd bükümdə təmiz çəkisi 0,313 qram qəhvəyi rəngli madddə kütləsi və 01 ədəd bükümdə təmiz çəkisi 0,031 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir, bu heroinlər kimyəvi tərkiblərinə görə fərqlidirlər; 04 ədəd kustar üsulla kağız və falqa materiallardan hazırlanmış müştüyə bənzər predmetlərin daxilində heroin və metamfetaminə məxsus izlər müəyyən edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında ona məxsus otaqda divanın altında aşkar olunmuş” və s.yazılar olan zərfdə (№3) 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,770 qram; 0,105 qram; 0,110 qram ; 0,141 qram; 0,123 qram, ümumi təmiz çəkiləri 1,249 qram tünd qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitəheroindir; bu heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd bükümdə təmiz çəkisi 0,059 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir; 02 ədəd falqa kəsiklərinin üzərində heroin izləri və 02 ədəd kustar üsulla kağız və falqa materiallardan hazırlanmış müştüyə bənzər predmetlərdə heroin və metamfetamin izləri aşkar edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında ona məxsus otaqda paltar rəfinin altından aşkar olunmuş” və s.yazılar, imzalar olan zərfdə (№4) 01 ədəd qara rəngli elektron tərəzinin səthində narkotik vasitə -heroin izləri müəyyən edilmişdir. Bundan əlavə, müştüyə bənzər predmetlərdə, falqa kəsiklərində və tərəzidə müəyyən edilmiş heroin və metamfetamin mikrohissəcikləri iz şəkilndə olduğundan təmiz çəkilərini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 0,085 qram heroin yaşadığı ünvan 3 ünvanında ona məxsus otaqda masanın üzərindən aşkar olunmuş təmiz çəkisi 0,031 qram olan heroinlə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 0,018 qram metamfetamin yaşadığı ünvan 3 ünvanında ona məxsus otaqda masanın üzərindən aşkar olunmuş təmiz çəkisi 0,059 qram olan metamfetaminlə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə ümumilikdə təmiz çəkisi 1,678 qram narkotik vasitə-heroin və ümumilikdə 0,077 qram psixotrop maddəmetamfetamin müəyyən edilmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahısına, Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildir. Tədqiqata 0,12 qram istifadə olunduqdan sonra heroinin qalıq çəkisi 1,558 qram, 0,04 qram istifadə olunduqdan sonra isə metamfetaminin qalıq çəkisi 0,037 qram təşkil etmişdir. Cinayət işinin 73-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 109,90 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 50-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2021-ci il tarixli, 7/351 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında ona məxsus otaqda aşkar olunaraq götürülmüş” sözləri yazılmış zərfdə isə 3 ədəd kağız bükülüdə (iki ədəd qara rəngli və bir ədəd göy rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri: 0,15 qram, 0,17qram və 0,08 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. Ümumi çəkisi – 0,4 qramdır. Tədqiqata 0,06 qram istifadə olunduqdan sonra çətənə toxumlarının qalıq çəkisi 0,34 qram təşkil etmişdir. Cinayət işinin 49-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə bioloji ekspertizasının dəyəri 89 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 172-173-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 03 iyun 2021-ci il tarixdə verilmiş 1712 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-27-ci vərəqələrində olan 15 aprel 2021-ci il tarixli baxış, şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 15 aprel 2021-ci il tarixdə saat 12:16-dan saat 13:02-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış və üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə, psixotrop maddələr, narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, həmçinin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan predmetlər aşkar edilmişdir. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkilişlər edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 179-194-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə 19 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş qalıq çəkisi 1,558 qram çəkidə narkotik vasitə olan heroin, 0,037 qram çəkidə psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,34 qram təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, eləcə də üzərlərində və daxilində narkotik vasitə izləri olan ümumilikdə 6 ədəd müştük formalı kağız əşya və 1 ədəd onun başlığının içərisində, 2 ədəd gümüşü rəngli yanmış vəziyyətdə falqa və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilsə də, 15 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Nizami küçəsindəki 23 saylı evə keçirilmiş baxışın və üzərində aparılmış şəxsi axtarışın yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işi materiallarına əlavə olunmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs yaşadığı evdə ona məxsus otaqdan paltar rəfinin altından aşkar olunmuş, habelə səthində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzinin işlək vəziyyətdə olmadığını qeyd etsə də, Azərbaycan Respublikası CPM-nin 333.1-ci maddəsinin tələbinə əsasən həmin əşyaya məhkəmə zalında cinayət prosesinin iştirakçıları ilə birgə baxış keçirilmiş, habelə uzunluğu 10,7 sm., eni 6,9 sm., hündürlüyü 2 sm., açıldıqda isə eni 13,4 sm olan qara rəngli elektron tərəzinin işlək olduğu, həmçinin üzərinə qoyulmuş müxtəlif predmetləri çəkməklə, çəkini göstərdiyi məlum olmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs tərəzinin hansı qaydada işlədiyini, hansı düymələrdən istifadə etmək lazım olduğunu, habelə iş prinsipini göstərmişdir. Beləliklə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elektron tərəzi ilə bağlı göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 aprel 2021-ci il tarixli tələbnaməsindən, eləcə də işin 150-154-cü səhifəsində olan Siyəzən Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 1(059)-50/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə həmin məhkəmənin eyni tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 07 iyul 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-89-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 17 aprel 2021-ci il tarixli, 4(059)-15/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 aprel 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-129-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroinin 0,344 qramını yaşadığı evdə ona məxsus otaqda olan mebel masasının üzərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,313 qram, 0,031 qram olmaqla 2 ədəd siqaret kağızı bükülülərində, 1,249 qramını yaşadığı evdə ona məxsus otaqda olan divanın altındakı yaşıl rəngli qutunun içərisində, ayrıayrılıqda təmiz çəkiləri 0,770 qram, 0,105 qram, 0,110 qram, 0,141 qram, 0,123 qram olmaqla, 5 ədəd bükülülərdə, psixotrop maddə metamfetaminin 0,059 qramını yaşadığı evdə ona məxsus otaqda olan divanın altındakı yaşıl rəngli qutunun içərisində 01 ədəd siqaret kağızı bükülüsündə, çətənə (kannabis) bitkisinin toxumlarını 0,4 qram çəkidə yaşadığı evdə ona məxsus otaqda olan mebel masasının üzərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,15 qram, 0,17 qram, 0,08 qram olmaqla, 3 ədəd bükülülərdə, narkotik vasitə heroinin 0,085 qramını əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibində, 1 ədəd ağ rəngli kağız bükülüdə, psixotrop maddə metamfetaminin 0,018 qramını isə əynində olan qara rəngli şalvarın qabaq sol yan cibində, 1 ədəd ağ rəngli kağız bükülüdə saxlaması, həmçinin yaşadığı ünvanda narkotik vasitə heroin və psixotrop maddə metamfetmaninin izləri olmaqla, işlək vəziyyətdə olsa da, təkidlə işləmədiyini qeyd etdiyi elektron tərəzini saxlaması, onun qanunsuz olaraq narkotik vasitənin satışını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, Təqsirləndirilən şəxs hərəkətlərinin məqsədinin gələcəkdə bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən qismən peşmançılıq hissi keçirməsini, kifayət qədər yaşının olmasını, barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, narkotik vasitə və psixotrop maddələrin miqdarını, bükülülərin sayını, hətta onda narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarının da olmasını, bununla belə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin 1/2 hissəsinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli, Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, yəni 15 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş qalıq çəkisi 1,558 qram çəkidə narkotik vasitə olan heroin, 0,037 qram çəkidə psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,34 qram təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, eləcə də üzərlərində və daxilində narkotik vasitə izləri olan ümumilikdə 6 ədəd müştük formalı kağız əşya və 1 ədəd onun başlığının içərisində, 2 ədəd gümüşü rəngli yanmış vəziyyətdə falqa və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 15 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Nizami küçəsindəki 23 saylı evə keçirilmiş baxışın və üzərində aparılmış şəxsi axtarışın yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən cəmi 198 (yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 15 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş qalıq çəkisi 1,558 qram çəkidə narkotik vasitə olan heroin, 0,037 qram çəkidə psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,34 qram təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, eləcə də üzərlərində və daxilində narkotik vasitə izləri olan ümumilikdə 6 ədəd müştük formalı kağız əşya və 1 ədəd onun başlığının içərisində, 2 ədəd gümüşü rəngli yanmış vəziyyətdə falqa və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 15 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Nizami küçəsindəki 23 saylı evə keçirilmiş baxışın və üzərində aparılmış şəxsi axtarışın yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 198 (yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar