Məhkəmə qərarları › İş №1(059)-42/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-42/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-42/2021 21.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 21 sentyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1973-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, bu şəhərin A.Mustafayev küçəsi, ev 25 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,186 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamış, 21 fevral 2021-ci il tarixdə, saat 16:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayonu, Zarat kəndi ərazisində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd qara rəngli siqaret kağızı bükülüsünün içərisində aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, polis tərəfindən saxlanılanadək təxminən 4-5 ay müddət narkotik vasitə olan heroindən istifadə etmişdir. 21 fevral 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində Siyəzən rayonu, Zarat kəndində yaşayan xalasının evinə qonaq getmiş, saat 16:00 radələrində isə evə qayıtmaq üçün oradan çıxmışdır. Zarat kəndində dayanacağın yanında olarkən yerdə diqqətini cəlb etmiş, o cümlədən içərisində narkotik vasitə sayılan heroin olan qara rəngli siqaret kağızında bükümü şəxsi tələbatı üçün istifadə etməkdən ötrü götürərək əynində olan gödəkcənin sağ yan cibinə qoymuş, həmçinin Siyəzən şəhərinə getmək üçün bir neçə dəqiqə dayanacaqda gözləmişdir. Bu zaman Siyəzən RPŞ-nin mülki geyimli əməkdaşları ona yaxınlaşaraq, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, onu RPŞ-yə aparmış, orada Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən saxlanılmamışdan bir qədər əvvəl Siyəzən rayonu, Zarat kəndi ərazisində yerdən tapdığı 1 ədəd qara rəngli siqaret kağızına bükülü olan narkotik vasitə heroin kütləsini əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sağ yan cibindən çıxararaq masanın üzərinə qoymuş, habelə bükülünün içərisindəki kütlənin “kokos” olduğunu bildirmişdir. Bundan sonra, bükülü 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, eyni zamanda qablaşdırma möhürlənməklə, üzəri imzalanmışdır. Daha sonra, bu barədə tərtib olunmuş protokol da doğru olduğundan imzalanmışdır. O, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın sabiq baş əməliyyat müvəkkili, hazırda DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və saxlaması barədə daxil olmuş bir sıra əməliyyat məlumatları əsasında Siyəzən RPŞ-nin CAB-ın rəisi X2 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. Daha sonra, RPŞ-nin rəhbərliyinin tapşırığı ilə 21 fevral 2021-ci il tarixdə RPŞ-nin CAB-ın rəisi Fikrət Məstəliyevin, əməliyyat müvəkkili Akşin Vəliyevin, RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili Şahid2 və onun iştirakları ilə təlimatlandırma keçirilmiş, o cümlədən birlikdə Siyəzən rayonu, Zarat kəndinə gedərək kəndi müşahidəyə götürmüşlər. 21 fevral 2021-ci il tarixdə, saat 16:30 radələrində Təqsirləndirilən şəxs Siyəzən rayonu, Zarat kəndinin ərazisində avtobus dayanacağında görüb, ona yaxınlaşmış və sonuncu onlar tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim etmiş, habelə üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirərək şəxsi axtarışın aparılması məqsədilə Siyəzən RPŞ-yə dəvət etmiş, o da üzərində şəxsi axtarışın aparılmasına heç bir etirazının olmadığını bildirərək onlarla birlikdə RPŞ-yə getmişdir. RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan əvvəl sonuncuya və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, bununla bağlı X6 tərəfindən Təqsirləndirilən şəxs müvafiq bildiriş verilmiş, həmçinin onun müdafiə hüququnun təmin olunması məqsədilə şəxsi axtarışda Müdafiəçi da iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda, o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd qara rəngli siqaret kağızında olan bükülünü təqdim edərək içərisində narkotik vasitə “kokos” olduğunu bildirmiş, bükülü açıldıqda isə içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuş, bükülü ağzı bağlanılaraq qablaşdırılması üçün masanın üzərinə qoyulmuşdur. X6 tərəfindən həmin bükülü masanın üzərindən götürülərək qablaşdırılması üçün 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulmuşdur. Daha sonra, müstəntiqin göstərişi ilə onun tərəfindən şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra, X6 tərəfindən 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulmuş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlə olan 1 ədəd qara rəngli kağız bükülü qablaşdırılmış və üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışla bağlı tərtib olunmuş protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin İTB-nin YYÇ-la profilaktiki işin təşkili qrupu baş inspektoru Şahid3, İctimai təhlükəsizlik bölməsinin polis nəfəri Şahid4, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş RPŞ-nin CAB-ın axtarış üzrə sabiq əməliyyat müvəkkili Şahid2 İmamməddin oğlu Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 37-39-cu vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2021-ci il tarixli, 6/777 saylı ekspert rəyindən görünür ki, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş predmet, 1 imza, 2 imza, 3 imza, 4 imza, 5 imza, 6 imza, götürdü imza müstəntiq R.Zeynalov" yazı və imzalar olan zərfdə təmiz çəkisisi 0,186 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotok vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram heroin istifadə olunduqdan sonra qalıq çəki 0,136 qram təşkil edir. Cinayət işinin 36-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 88,70 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 154-155-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 12 iyun 2021-ci il tarixdə verilmiş 1877 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-26-cı vərəqələrində olan 21 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkcə, qara rəngli köynək, qara rəngli cins şalvarı, qara rəngli ayaqqabı, ağzında mavi rəngli tibbi maska olmuş, bu zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, o, üzərində qanunla qadağan olunmuş narkotik vasitə “kokos” olduğunu bildirmiş, bundan sonra əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızında olan bükülünü masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldığında içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bir daha bu kütlənin narkotik vasitə “kokos” olduğunu bildirmiş, bükülünün ağızı bağlanılaraq 1 ədəd zərfin içərisinə qoyulmuşdur. Daha sonra, Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulmuş 1 (bir) ədəd qara rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Siyəzən RPŞ-nin növbətçi hissəsinin məsul növbətçisi əvəzi Şahid3 tərəfindən “Nikon” markalı fotoaparat vasitəsi ilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-79-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin sabiq baş müstəntiqinin 24 fevral 2021-ci il tarixli əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,136 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin təminat hissəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 157-163-cü vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 01 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, qərardan görünür ki, 21 fevral 2021-ci il tarixdə təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarışın videogörüntüləri köçürülmüş 01 (bir) ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş işin 97-98-ci səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 aprel 2021-ci il tarixli tələbnaməsindən, işin 120-132-ci vərəqələrindəki keçmiş Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08 oktyabr 2009-cu il tarixli, 1(101)-834/09 saylı hökmünün, eləcə də işin 150-151-ci vərəqələrindəki Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli, 7(002)-807/2014 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs keçmiş Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə təqsirli bilinib, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 18 dekabr 2014-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq 01 il 08 gün vaxtından əvvəl azad edilmiş, 28 dekabr 2015-ci il tarixdə isə sınaq müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan 21 fevral 2021ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-71-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə həbsdən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-73-cü vərəqələrində olan 23 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 107-ci səhifəsindəki 19 aprel 2021-ci il tarixli məcburi gətirmə barədə qərardan, işin 110-111-ci vərəqələrindəki təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan, 133-cü səhifədə olan Siyəzən RPŞ-nin 11 iyun 2021-ci il tarixli, 183-6171-1221 nömrəli məktubundan, eləcə də 134-cü səhifədəki 11 iyun 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu ünvanlara çağırışlar göndərilsə də, sonuncu istintaqa gəlməmiş, buna görə də 19 aprel 2021-ci il tarixdə onun Siyəzən RPŞ-yə məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, lakin, onun məcburi gətirilməsi mümkün olmadığına görə Təqsirləndirilən şəxs barəsində 20 aprel 2021-ci il tarixdə axtarış elan edilməklə, cinayət işi üzrə icraat dayandırılmış, Siyəzən RPŞ-nin CAB-da bu barədə 850126 nömrəli axtarış işi açılmış, həmçinin, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə Sumqayıt şəhərində tutularaq RPŞ-nin MSY-yə təhvil verilməsi üçün növbətçi hissəyə gətirilmişdir. Cinayət işinin 143-144-cü vərəqələrindəki 12 iyun 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında qərardan görünür ki, Nazarov X4 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-100-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla A.Musatafayev küçəsi ev 25-də yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs keçmiş Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08 oktyabr 2009-cu il tarixli, 1(101)-834/09 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə təqsirli bilinib, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. İşin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 18 dekabr 2014-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq 01 il 08 gün vaxtından əvvəl azad edilmiş, bundan sonra ona münasibətdə qeyd olunan tarixdən məhkumluğun ödənilməsi müddəti (altı il) hesablanmağa başlamış, habelə 21 fevral 2021ci il tarixdə hazırkı cinayət əməli törədilmişdir ki, bu da onun əməlinə münasibətdə cinayətin residivini yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunan Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanarq bir daha qeyd etmək olar ki, hazırkı əmələ münasibətdə Azərbaycan Respublikası CM-in 18-ci maddəsində göstərilən hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin şərtlərini pozaraq ibtidai istintaq orqanından qaçıb gizlənməsini və barəsində axtarış elan olunmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısı həcmindən az olmayan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdən 23 fevral 2021-ci il tarixə, eləcə də 11 iyun 2021-ci il tarixdən 12 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı üç gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,136 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində 21 fevral 2021-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88,70 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 3 (üç) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,136 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində 21 fevral 2021-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88,70 (səksən səkkiz manat 70 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar