Məhkəmə qərarları › İş №1(059)-43/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-43/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-43/2021 21.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 21 sentyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxx 1978-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, bu şəhərin A.Mustafayev küçəsi, ev 25 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 46,1 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı üzərində və yaşadığı Siyəzən şəhərinin A.Mustafayev küçəsindəki 25 saylı evin həyətyanı sahəsində saxlamış, həmin narkotik vasitənin 5,88 qramı 02 mart 2021-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhəri, A.Mustafayev küçəsində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində, yerdə qalan 40,22 qramı isə həmin tarixdə keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı ünvanda yerləşən evin həyətyanı sahəsinə keçirilən baxış zamanı orada olan balaca aynabəndin alt hissəsindən 1 ədəd qırmızı rəngli sellofan bükülüdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5 il olar narkotik vasitə qurudulmuş marixuanadan və heroindən istifadə etsə də, son vaxtlar heroindən demək olar, istifadə etməmişdir. 02 mart 2021-ci il tarixdə, saat 10:00 radələrində Siyəzən rayonunun Sədan kəndindən Siyəzən şəhərinin A.Mustafayev küçəsində yaşadığı 25 saylı evə gedərkən yerdə diqqətini çəkmiş qırmızı sellofan bükülünü götürüb, içərisinə baxdıqda, həmin kütlənin qurudulmuş marixuana olduğunu bilmiş və bu sellofanın içərisində bir ədəd kibrit qutusu da olmuşdur. O, kibrit qutusunu açdıqda orada da, narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş və onu istifadə etmək üçün cibinə qoymuş, sellofanı isə yaşadığı evin həyətyanı sahəsində yerləşən balaca aynəbəndin alt hissəsində gizlətmişdir. 02 mart 2021-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən şəhəri, A.Mustafeyev küçəsində olarkən Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirmiş, habelə dəvət edildiyi növbətçi hissədə üzərində şəxsi axtarş keçiriləcəyi ona elan edilmişdir. Polis əməkdaşları tərəfindən növbətçi hissədə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün tutulduğu, üzərinə axtarış aparılacağı bildirilmiş, buna görə hüquqları izah olunmaqla, müdafiə hüququnun təmin olunması üçün Müdafiəçi ona təqdim edilmişdir. Bundan sonra, üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitəni təqdim etmişdir. Daha sonra, baxış zamanı yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmiş, habelə üzərində şəxsi axtarış başa çatdıqdan sonra polis əməkdaşları ilə birlikdə ora getmişdir. Orada olarkən ondan evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olubolmaması soruşulmuş və o, etirazının olmadığını bildirdikdən sonra, o, bununla bağlı tərtib edilmiş ərizəni imzalamışdır. Bundan sonra, evin həyətyanı sahəsinə baxış keçirilməsinə başlanılmış, bu zaman ondan evin həyətyanı sahəsində gizlətdiyi narkotik vasitənin harada olması soruşulmuş, o, isə evin sağ tərəfi ilə hərəkət edərək evin arxa tərəfinə doğru getmiş, orada taxtadan hazırlanmış balaca aynabəndin altını göstərmişdir. Polis əməkdaşları göstərdiyi yerə baxış keçirmiş, orada saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd qırmızı rəngli sellofanı aşkar edərək götürmüş və 1 ədəd ağ rəngli zərfə qoyaraq qablaşdırmışlar. Bundan sonra, o və digər iştirakçılar tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra, polis əməkdaşları evin həyətyanı sahəsinə baxışı davam etdirsələr də, qanunla qadağan olunan əşya və ya predmet aşkar etməmişlər. O, həmin narkotik vasitəni yaşadığı evin həyətyanı sahəsində yerləşən balaca aynəbəndin alt hissəsində, kibrit qutusunu isə üzərində gizlətdiyindən narkotik vasitə saxlamasından heç kimin məlumatı olmamışdır. İfadəsində hər şeyi olduğu kimi göstərmiş, ona qarşı heç bir təzyiq və ya zor tətbiq edən olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid RPŞ-nin sabiq əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində və evinin həyətyanı sahəsində narkotik vasitə saxlaması barədə 02 mart 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında o, protokol tərtib etmiş, həmçinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmaqla, RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. Daha sonra, əməliyyat tədbirlərində iştirak edəcək CAB-ın əməliyyat müvəkkili Şahid2 təlimatlandırılması keçirilmiş və RPŞ-nin rəhbərliyinin tapşırığı ilə 02 mart 2021-ci il tarixdə Şahid2lə birlikdə təxminən saat 11:45 radələrində Siyəzən şəhəri, A.Mustafayev küçəsinə gedərək oranı müşahidəyə götürmüşlər. Bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandan çıxaraq ünvanın qarşısında dayandığını görmüş, sonuncuya yaxınlaşıb, özlərini təqdim etməklə, üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirərək şəxsi axtarış aparılması məqsədilə Siyəzən RPŞ-yə dəvət etmiş, o da buna razılıq verərək onlarla getmişdir. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra onun barəsində araşdırma aparılması Siyəzən RPŞ-nin İB-nin sabiq baş müstəntiqi X4 həvalə olunmuşdur. Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan əvvəl sonuncuya və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədilə şəxsi axtarışda Müdafiəçi də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuş, şifahi sorğu zamanı isə həmin kibrit qutusunun içərisində “nəşə” olduğunu bildirmişdir. Həmin kibrit qutusuna sabiq baş mütəntiq Azər Şahbazov tərəfindən baxış keçirilmiş və orada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Daha sonra, sabiq baş müstəntiqin göstərişinə əsasən CAB-ın əməliyyat müvəkkili Şahid2 şəxsi axtarışı davam etdirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan 1 ədəd kibrit qutusu sabiq baş müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış, o, Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin zərfin üzərində imza etmiş, həmçinin zərfin üzəri möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni Siyəzən rayonu, Sədan kəndindən tapdığını bildirmiş, şəxsi axtarış zamanı sonuncu yaşadığı ünvanda da sellofanda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu qeyd etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs şəxsi axtarışın davamı olaraq yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş, habelə sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi prosesi əvvəldən axıra kimi Siyəzən RPŞ-nin məsul növbətçi əvəzi Şahid3 tərəfindən “Nikon” markalı fotoaparatla çəkilməklə, qeydə alınmışdır. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Daha sonra, tərtib olunmuş protokol ucadan oxunmuş, doğru olduğundan o və bütün digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şəxsi axtarış bitdikdən sonra o, Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid4 və Müdafiəçi Təqsirləndirilən şəxs yaşadığı ünvana özünün də iştirakı ilə baxış keçirilməsi üçün yollanılmış, habelə çatdıqdan sonra Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinə baxış keçiriləcəyi elan edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olub-olmadığı soruşulmuş, sonuncu evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bu barədə tərtib edilmiş ərizəni imzalamışdır. Daha sonra, evin həyətyanı sahəsinə baxış keçirilməsinə başlanılmış, bu zaman sabiq baş müstəntiq Azər Şahbazov tərəfindən Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində gizlətdiyi narkotik vasitənin harada olması soruşulduqda, sonuncu evin sağ tərəfi ilə hərəkət edərək arxa tərəfinə doğru getmiş, orada yerləşən aynabəndin altını göstərək ora narkotik vasitə qoyduğunu bildirmişdir. Bundan sonra, CAB-ın sabiq əməliyyat müvəkilli Şahid2 tərəfindən qeyd edilən yerə baxış keçirilmiş, baxış zamanı həmin aynabəndin alt hissəsində gizlədilmiş 1 ədəd qırmızı rəngli sellofan bükülü sonuncu tərəfindən açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra, qeyd edilən qırmızı rəngli sellofan bükülü sabiq baş müstəntiq tərəfindən götürülmüş və 1 ədəd ağ rəngli zərfə qoyulmuşdur. Qeyd edilən 1 ədəd qırmızı rəngli bükülü sabiq baş müstəntiq tərəfindən qablaşdırılmış, o və digər bütün iştirakçılar zərfin üzərini imzalamış, habelə zərfin üzəri möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış davam etdirilsə də, qanunla qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə keçirilən baxışın videogörüntüləri Siyəzən RPŞ-nin İTB-nın polis sahə rəisi Şahid4 tərəfindən “Nikon” markalı fotoaparat vasitəsilə qeydə alınmışdır. Baxış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Bununla bağlı tərtib olunmuş protokol ucadan oxunmuş, o, Təqsirləndirilən şəxs və digər iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin İTB-nin YYÇ-la profilaktiki işin təşkili qrupu baş inspektoru Şahid3, İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Şahid4, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş RPŞ-nin CAB-ın axtarış üzrə sabiq əməliyyat müvəkkili Şahid2 İmamməddin oğlu Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 46-47-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 7/236 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd kibrit qutusunda olan təmiz çəkisi 5,88 qram və yaşadığı evindən götürülmüş təmiz çəkisi 40,22 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata ümumilikdə 0,04 qram sərf edildikdən sonra marixuananın qalıq çəkisi cəmi 46,06 qram təşkil etmişdir. Cinayət işinin 45-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə bioloji ekspertizasının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 133-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 12 iyun 2021-ci il tarixdə verilmiş 1885 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-26-cı vərəqələrində olan 02 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvar, qara rəngli qış gödəkcəsi, qırmızı rəngli qış koftası, boz rəngli papaq və qara rəngli ayaqqabı olmuş, sonuncuya üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu təqdim etmiş, həmin qutu açıldıqda içəsində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra, Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd kibrit qutusu 1 ədəd ağ rəngli zərfə qoyularaq zərfin üzəri möhürlənmiş, habelə sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni haradan əldə etdiyi barədə soruşulduqda, o, narkotik vasitəni tapdığını, tapdığı narkotik vasitənin bir hissəsinin yaşadığı evdə qırmızı sellofan bükülüdə olduğunu bildirmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçiriləcəyi elan edilmişdir. Şəxsi axtarış Siyəzən RPŞ-nin növbətçi hissəsinin məsul növbətçisi əvəzi Şahid3 tərəfindən “Nikon” markalı fotoaparat vasitəsi ilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-32-ci vərəqələrində olan 02 mart 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, A.Mustafeyev küçəsində yerləşən evin həyətyanı sahəsinə baxış keçiriləcəyi elan edilmiş, evin həyət darvazası qırmızı qəhvəyi rəngdə olmuş, evə daxil olduqda darvazı ilə üzbəüz 12x12 ölçüdə evin olduğu aşkar edilmiş, evin həyətində Təqsirləndirilən şəxs evinin həyətanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulduqda, sonuncu etirazının olmadığını bildirmiş, həmçinin bu barədə tərtib edilmiş ərizəni imzalamışdır. Daha sonra, evin həyətyanı sahəsinə baxış keçirilməsinə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində gizlətdiyi narkotik vasitənin harada olması soruşulmuş, sonuncu evin sağ tərəfi ilə hərəkət edərək evin arxa tərəfinə doğru getmişdir. Evin arxa hissəsi 10x15 ölçüdə boş sahə olmaqla, hər tərəf daş hasarla hörülmüşdür. Evin arxa hissəsində 2x3 ölçüdə taxtadan hazırlanmış balaca aynəbənd vardır. Təqsirləndirilən şəxs həmin aynabəndin altını göstərək orada narkotik vasitə qoyduğunu bildirmişdir. CAB-nın sabiq əməliyyat müvəkilli Şahid2 tərəfindən qeyd edilən yerə baxış keçirilmiş, bu zaman həmin aynabəndin alt hissəsindən 1 ədəd qırmızı rəngli sellofan bükülü, içərisində isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs bu kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra, qeyd edilən qırmızı rəngli sellofan bükülü götürülməklə, 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, habelə qablaşdırma imzalanıb, üzəri möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış davam etdirilsə də, qanunla qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı Siyəzən RPŞ-nin İTB-nın polis sahə rəisi Şahid4 tərəfindən “Nikon” markalı fotoaparatla videoçəkilişdən istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 56-57-ci vərəqəsində olan 03 mart 2021-ci il tarixli maddi sübut kimi tanınma və işin 140-149-cu vərəqələrindəki 06 iyul 2021ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 46,06 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin, 02 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və yaşadığı Siyəzən şəhərinin A.Mustafayev küçəsindəki 25 saylı evin həyətyanı sahəsində baxış keçirilməsi prosesinin video görüntüləri qeydə alınmış 02 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 115-120-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 may 2021-ci il tarixli tələbnaməsindən, eləcə də Siyəzən Rayon Məhkəməsinin 26 aprel 2017-ci il tarixli, 1(059)-19/2017 saylı hökmünün surətindən görünür ki, sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 17-ci vərəqəsindəki 02 mart 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 81-82-ci vərəqələrindəki 04 mart 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Nəzərov X3 RPŞnin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 102-ci səhifəsindəki 21 aprel 2021-ci il tarixli məcburi gətirmə barədə qərardan, işin 105-106-cı vərəqələrindəki təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan, 121-ci səhifədə olan Siyəzən RPŞ-nin 11 iyun 2021-ci il tarixli, 183-6173-1221 nömrəli məktubundan, eləcə də 122-ci səhifədəki 11 iyun 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana çağırışlar göndərilsə də, sonuncu istintaqa gəlməmiş, buna görə də 21 aprel 2021-ci il tarixdə onun Siyəzən RPŞ-yə məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, lakin, onun məcburi gətirilməsi mümkün olmadığına görə Təqsirləndirilən şəxs barəsində 23 aprel 2021-ci il tarixdə axtarış elan edilməklə, cinayət işi üzrə icraat dayandırılmış, Siyəzən RPŞ-nin CAB-da bu barədə 850127 nömrəli axtarış işi açılmış, həmçinin, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə Sumqayıt şəhərində tutularaq RPŞ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işinin 128-130-cu vərəqələrindəki 12 iyun 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında qərardan görünür ki, Nəzərov X3 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-137-ci vərəqələrində olan arayış və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin 21 sentyabr 2021-ci il tarixli, 413 nömrəli arayışından görünür ki, 23 iyul 2021-ci il tarixdə həqiqi hərbi xidmətə göndərilməklə, 29 dekabr 2002-ci il təvəllüdlü Kamran adında övladı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, bu şəhərin A.Mustafayev küçəsi, ev 25 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inizibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, övladının həqiqi hərbi xidmətdə olmasını, yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini və əvvəllər qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsinə görə məhkum olunmasına baxmayaraq, islah olunmamasını, bununla belə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, övladının həqiqi hərbi xidmətdə olması kimi cəzanı yüngülləşdirici hallar olmaqla, ağırlaşdıran halın mövcud olmamasını, nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdən 04 mart 2021-ci il tarixə, eləcə də 11 iyun 2021-ci il tarixdən 12 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı üç gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 46,06 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin 02 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və yaşadığı Siyəzən şəhərinin A.Mustafayev küçəsindəki 25 saylı evin həyətyanı sahəsində baxış keçirilməsi prosesinin video görüntüsü qeydə alınmış 02 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 3 (üç) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 46,06 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 02 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və yaşadığı Siyəzən şəhərinin A.Mustafayev küçəsindəki 25 saylı evin həyətyanı sahəsində baxış keçirilməsi prosesinin video görüntüsü qeydə alınmış 02 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar