Məhkəmə qərarları › İş №1(059)-48/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-48/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-48/2021 12.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 12 oktyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1964-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən rayonu, Məşrif kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi 6 ədəd çətənə bitkisi toxumlarını 05 aprel 2021-ci il tarixdə yaşadığı Siyəzən rayonu, Məşrif kəndində yerləşən evinin eyvanındakı ağ-qırmızı rəngli plastik materialdan olan qabın içərisində 6 ədəd yarıdan kəsilərək kustar üsulla düzəldilmiş plastik materialdan olan içki qablarında əkmiş, həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 6 ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 05 may 2021-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda yerləşən evin eyvanına keçirilmiş baxış zamanı ümumi çəkisi 4,921 qram təşkil edən tərkibində narkotik maddələr olan bu 6 ədəd çətənə bitkiləri yarıdan kəsilərək kustar üsulla düzəldilmiş plastik materialdan olan içki qablarında aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 20 ildən çox olar, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir və əvvəllər bir neçə dəfə narkotik vasitələrin qanunsuz istifadəsi ilə əlaqədar məhkumluq həyatı da yaşamışdır. Bundan uzun müddət öncə yaşadığı kəndin çöl hissəsində çətənə bitkisinin toxumlarını tapıb, əkmək üçün götürüb özündə saxlamış, 05 aprel 2021-ci il tarixdə yaşadığı evdə 6 ədəd plastik içki qutularını yarıdan kəsərək dibçək formasına salıb, içərilərinə münbit torpaq doldurduqdan sonra həmin 6 ədəd çətənə bitkisinin toxumlarını qeyd etdiyi qablarda əkmiş, toxumlara vaxtlı-vaxtında su verib, dibini yumşaldaraq qulluq edib, ümumilikdə hər qabda bir ədəd olmaqla, 6 ədəd çətənə bitkilərini onlardan əldə edəcəyi narkotik vasitə qurudulmuş marixuananı gələcəkdə öz tələbatına uyğun istifadə etmək üçün yetişdirmiş, hətta, bitkilər inkişaf etdikcə onların hərəsinin yanına düz qalxıb böyümələri üçün çubuqlarda basdırmışdır. Bundan əlavə, həmin bitkilər tam yetişdikdən sonra belə onların hündürlükləri çox böyük olmur. Bitkiləri yaşadığı evdə otaq şəraitində yarısı eyvan, yarısı da mətbəx kimi istifadə etdiyi yerdə qırmızı-ağ rəngli qabın içərisinə qoyaraq stolun altında saxlamış və ailə üzvləri həmin bitkiləri görsələr də, sonuncular çətənə bitkisini tanımadıqları üçün bitkilərin nə olduğunu bilməmişlər. 05 may 2021-ci il tarixdə yaşadığı evdə olarkən evin qapısı döyülmüş, qapını açdıqda gələn şəxslərin polis əməkdaşları olduqlarını görmüş, sonuncular özlərini təqdim edərək Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, yaşadığı evdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkməkdə şübhəli olduğunu, buna görə də ora baxış keçiriləcəyini, bu barədə RPŞnin müvafiq qərarının olduğunu bildirmişlər. Yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra, yaşadığı evə keçiriləcək baxış zamanı qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmaqla, ona Müdafiəçi təqdim edilmiş, o da, hüquqlarının Müdafiəçi tərəfindən müdafiə edilməsinə hər hansı etirazının olmadığını bildirmiş, həmçinin, baxışda adını sonradan öyrəndiyi aqronom mütəxəssis X4 da iştirak etmişdir. Baxış zamanı yaşadığı evdə qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması soruşulduqda, orada narkotik tərkibli çətənə bitkilərini əkdiyini bildirərək, eyvanla mətbəxin arakəsməsində olan masanın altındakı ağ-qırmızı rəngli qabın içərisindəki bitkiləri göstərmişdir. Həmin bitkilərə aqronom mütəxəssis tərəfindən baxış keçirildikdən sonra polis əməkdaşı tərəfindən əkildiyi yerdən çıxarılaraq 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulmaqla, qablaşdırılmış və zərfin üzəri möhürlənib, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, yaşadığı evdə keçirilmiş baxış ilə əlaqədar protokol yazılaraq ucadan oxunmuş, doğru olduğundan o və digər iştirakçılar imzalamışlar. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 05 may 2021-ci il tarixdə Siyəzən rayon sakini Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə Siyəzən RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili Şahid1 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmaqla, RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupun tərkibinə o, RPŞ-nin İTB-nin sahə rəisi Şahid3 və Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid4 daxil edilmiş, habelə keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışlar. Daha sonra, keçiriləcək baxışda mütəxəssisaqronom qismində iştirak etmək üçün X11 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun böyük məsləhətçisi X4 və müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi şöbəyə dəvət olunmuş, onlar da keçiriləcək tədbir barədə məlumatlandırılmışlar. Faktla bağlı araşdırma aparılması RPŞ-nin İstintaq Bölməsinin sabiq rəisi X2 həvalə olunmuş, sonuncu tərəfindən mütəxəssis Seymur Müxtəsənova mütəxəssis kimi hüquq və vəzifələri izah olunduqdan sonra birlikdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonu, Məşrif kəndində yerləşən evinə getmişlər. Oraya çatdıqdan sonra, sözügedən evin giriş qapısını döymüş, Təqsirləndirilən şəxs evdən bayıra çıxdıqda, özlərini təqdim edib, sonuncuya yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə əkib-becərməkdə şübhəli olduğunu bildirib, yaşadığı evə, eləcə də həyətyanı torpaq sahəsinə videoçəkiliş vasitəsilə baxış keçiriləcəyi və bu barədə Siyəzən RPŞ tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğunu qeyd etmişlər. Təqsirləndirilən şəxs buna etirazının olmadığını bildirərək bu barədə müvafiq ərizə ilə müraciət etmiş, baxışa başlamazdan əvvəl Bədirşah Vəlimətov tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri, müdafiə hüququ izah olunmuş və baxış zamanı müdafiəçinin iştirakı təmin edilmiş, habelə sonuncu yaşadığı evə keçiriləcək baxış zamanı hüquqlarının Müdafiəçi tərəfindən müdafiə edilməsinə hər hansı etirazının olmadığını bildirmişdir. Bundan sonra, baxışın keçirilməsinə başlanılmış və Təqsirləndirilən şəxs baxış iştirakçılarını evə dəvət etmişdir. Baxış zamanı X5 Qədirova yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa könüllü təqdim etməsini təklif etdikdə, sonuncu yaşadığı evdə qanunla qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri əkdiyini bildirərək evin eyvanının pərdələrlə ayrılmış mətbəx olan hissəsində pərdələri qaldırıb, otaqda olan masanın altındakı ağ-qırmızı rəngli plastik materialdan olan qabın içərisindəki 6 ədəd yarıdan kəsilmiş kustar üsulla düzəldilmiş bu qabların hər birinin içərisində 1 ədəd olmaqla, ümumilikdə 6 ədəd çətənə bitkilərini əkdiyini göstərmişdir. Şahid1 tərəfindən həmin bitkilər masanın altından çıxarılmış və aqronom, mütəxəssis Seymur Müxtəsənov tərəfindən həmin çətənə bitkilərinin kollarının hündürlüyü ölçülmüş, habelə həmin kollardan ikisinin hündürlüyünün 17 santimetr, dörd ədədinin isə hündürlüyünün 13 santimetr olduğu müəyyən olunmuşdur. Aqronom mütəxəssis Seymur Müxtəsənov bitikilərin narkotik xassəli olduğunu, onlara aqrotexniki qaydada qulluq göstərildiyini (bitkilərə mütəmadi olaraq su və üzvi gübrələr verilib) qeyd etmişdir. Daha sonra, Şahid1 tərəfindən həmin çətənə bitkiləri əkildiyi plastik qablardan çıxarılmaqla, ümumilikdə 6 ədəd çətənə bitkisi kollarının dibləri torpaqdan təmizlənmiş və Bədirşah Vəlimətov tərəfindən 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmaqla, zərfin üzəri möhürlənib, Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bədirşah Vəlimətov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə əlavə qanunla qadağan edilmiş əşya və predmetin olub-olmadığı soruşulduqda, sonuncu evdə başqa qanunla qadağan edilmiş əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra, keçirilmiş baxış ilə əlaqədar protokol yazılaraq ucadan oxunmuş, doğru olduğundan o və digər iştirakçılar imzalamışlar. Məhkəmə istintaqında dindirilmiş digər şahidlər Siyəzən RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili, hazırda Ucar RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1, İTB-nin polis sahə rəisi Şahid3, Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid4 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 40-cı vərəqəsində olan 05 may 2021-ci il tarixli aqronom rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məxsus Siyəzən rayonu, Məşrif kəndindəki evin eyvanında stolun altında 6 (altı) ədəd plastik qabda əkibbecərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə kolları aşkar olunmuş, bu dibçəklərdən 6 ədəd müxtəlif ölçülərdə narkotik tərkibli çətənə kolları bir-bir sayılaraq qeyd olunmuş, habelə kolların ən kiçiyinin hündürlüyünün 13 sm, ən böyüyünün hündürlüyü isə 17 sm olduğu müəyyən edilmişdir. Aşkar edilmiş çətənə kollarına həqiqətən qulluq edilmiş, dibləri vaxtlı-vaxtında suvarılmış və aqrotexniki qaydalara əməl olunduğuna görə kollarında inkişaf yaxşı getmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 45-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 06 may 2021-ci il tarixdə verilmiş 7/431 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs yaşadığı...” yazılar və imzalar olan bir ədəd kağız paketdəki sayı 6 ədəd yaş vəziyyətdə ümumi çəkisi 4,921 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata 0,12 qram sərf edildikdən sonra çətənə (kannabis) bitkilərinin qalıq çəkisi 4,801 qram təşkil etmişdir. Cinayət işinin 44-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 78,82 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 01 iyun 2021-ci il tarixdə verilmiş 1672 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-19-cu vərəqələrində olan 05 may 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ev həyətyanı sahəsi ilə birlikdə 24 sot ərazidə yerləşməklə, 3 otaq və eyvana bitişik mətbəxlə birlikdə 4 otaqdan ibarətdir. Evə giriş 1x2 metr ölçüdə 1 laylı dəmir qapı vasitəsilədir. Həmin qapıdan içəri daxil olduqda 3x10 ölçüdə 30 kvadrat metr sahədə eyvan yerləşir. Eyvanın bir hissəsi orta hissədən ağ rəngli pərdələrlə ayrılaraq mətbəx qismində istifadə olunur. Təqsirləndirilən şəxs həmin pərdələri qaldıraraq otağın sağ kənarında olan masanın altındakı ağ-qırmızı rəngli plastik materialdan olan qabın içərisindəki 6 ədəd yarıdan kəsilmiş kustar üsulla düzəldilmiş bu qabların hər birinin içərisində 1 ədəd olmaqla, ümumilikdə 6 ədəd çətənə bitkilərinə oxşar bitkiləri təqdim etmiş, habelə bitkilər masanın altından çıxarılmışdır. Daha sonra, aqronom mütəxəssis X4 tərəfindən həmin çətənə bitkilərinə bənzər kollar ölçülmüş, bu kollardan ən hündürünün 17 santimetr, ən kiçiyinin isə 12 santimetr olduğu müəyyən olunmuşdur. Aqronom mütəxəssis Seymur Müxtəsənov bitikilərin narkotik xassəli olduğunu, onlara aqrotexniki qaydada qulluq göstərildiyini, bitkilərə mütəmadi olaraq su və üzvi gübrələr verildiyini, həmçinin digər aqrotexniki qulluqlar göstərildiyini bildirmişdir. Bundan sonra, həmin bitkilər plastik qablardan çıxarılmaqla, dibləri torpaqdan təmizlənərək 1 ədəd ağ zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evdə əlavə qanunla qadağan edilmiş əşya və predmetin olub-olmadığı soruşulduğunda, o, evdə başqa qanunla qadağan edilmiş digər əşya və predmetin olmadığını bildirmişdir. Baxış zamanı videoçəkilişdə “Nikon” markalı aparatdan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-cı vərəqəsində olan Siyəzən RPŞnin İB-nin müstəntiqinin 07 may 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında, eləcə də işin 124-134-cü vərəqələrindəki 26 iyul 2021-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 4,801 qram təşkil edən 6 ədəd narkotik təbiətli çətənə bitkiləri maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 05 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Siyəzən rayonu Məşrif kəndində yaşadığı ünvana videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk isə maddi sübut kimi tanınmaqla, cinayət işinə əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-86-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 may 2021-ci il tarixli tələbnamədən, işin 113-123-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 09 fevral 2012-ci il tarixli, 1(059)-2/2012 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 sentyabr 2012-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 30-cu vərəqəsində olan 05 may 2021ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-68-ci vərəqələrində olan 07 may 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 97-98-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etməklə cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, o cümlədən dəfələrlə məhkum edilməsinə baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi, bu halın onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, eyni zamanda əvvəllər satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə, saxlamasına və daşımasına baxmayaraq, bu dəfə narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini xeyli miqdarda əkib, onlara aqrotexniki qulluq göstərib, yetişdirərək kultivasiya etməsinin onun gələcəkdə cəmiyyətin sağlamlığına real təhlükə yarada bilmə, eləcə də sonradan niyyətinin dəyişərək narkotik vasitələri yaya bilməsi ehtimalını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 1/3 hissəsinə yaxın həcmdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 may 2021-ci il tarixdən 07 may 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 4,801 qram təşkil edən 6 ədəd narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 05 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Siyəzən rayonu Məşrif kəndində yaşadığı ünvana videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən 78,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 4,801 qram təşkil edən 6 ədəd narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 05 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Siyəzən rayonu Məşrif kəndində yaşadığı ünvana videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 78,82 (yetmiş səkkiz manat 82 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar