Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-49/2021 07.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və sonuncunun nümayəndəsi və vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, 07 dekabr 2021-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında xx xxx 2000-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 sentyabr 2020-ci il tarixdə, saat 02:00 radələrində nənəsi X3 yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində yerləşən evin yataq otağında atası Zərərçəkmiş şəxs1 ilə həmin günü mobil telefonda sonuncunun ondan xəbərsiz yaşadığı ünvana gələrək, ailə üzvlərinə evi tərk etmədiyi halda yandıracağı ilə hədələdiyi üçün aralarında baş vermiş mübahisə zamanı əlində olan dəmir parçası ilk olaraq Zərərçəkmiş şəxs2 sağ əlindən bir dəfə vuraraq ona sağ said nahiyəsinin yumşaq toxumalarının geniş sahədə kəskin əziyi və sağ əlin 4-cü barmağının sıyrığı ilə nəticələnən sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran, Təqsirləndirilən şəxs isə baş, boyun və sol əlindən bir neçə dəfə vuraraq ona gövdənin sağ yarısının arxa divarının, başın ənsə nahiyəsinin boyun və sol əlin arxa səthinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Siyəzən rayonu, Yenikənd kəndində anası Maral ilə birlikdə yaşamaqla, rəsmi olaraq heç bir yerdə işləmir. Atası Zərərçəkmiş şəxs1 anası Maral Yusifova ilə 2015-ci ildə məhkəmə yolu ilə rəsmi şəkildə boşandıqdan sonra onları Siyəzən rayonu, Yenikənd kəndindəki evindən qovmuş və o, anası ilə birlikdə Siyəzən şəhərinə gələrək orada müəyyən müddət kirayədə yaşamışdır. Bir müddət sonra məhkəməyə müraciət olunmuş və nəticədə Yenikənd kəndindəki evdə onlara və atasına yaşamaq hüququ verildiyi üçün 2020-ci ilin sentyabr ayının əvvəllərində o, anası Maral ilə birlikdə Siyəzən şəhərindəki kirayə qaldıqları evdən çıxaraq, Siyəzən rayonu, Yenikənd kəndindəki evlərinə köçmüşlər. 11 sentyabr 2020-ci il tarixdə bacısı Rəqsanə əri Tural ilə onlara qonaq gəldikdə, o, həmin gün işlə bağlı Bakı şəhərində, anası Maral isə işdə olmuşdur. O gün təxminən saat 18:00 radələrində bacısı Rəqsanə telefonla ona zəng edərək, atası Zərərçəkmiş şəxs1 evə gəldiyini və ona 3 gün ərzində evi boşaltmadıqları təqdirdə oranı yandıracağı ilə hədələdiyini bildirmişdir. Bundan sonra, atası Mübarizə məxsus mobil telefona zəng edərək, danışmaq istəsə də, sonuncu əvvəlcə zənglərinə cavab verməmiş, dəfələrlə etdiyi zənglərdən sonra axşam təxminən saat 23:00 radələrində zənginə cavab vermiş, bu zaman, atasına hansı səbəbdən evdə olmadığı müddət ərzində ora gəldiyini və bacısını hədələdiyini soruşduğunda atası ona evin özünə məxsus olduğunu və nə zaman gələcəyinə özünün qərar verdiyini bildirmişdir. Bundan sonra, atasına nə səbəblə onları evdən çıxarmasını və evdəkiləri hədələdiyini soruşduğunda atası bacısının ərinin ondan icazəsiz evə gəlməsinə iradını bildirərək, yeznəsinin və ümumilikdə ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar biri-birilərini telefonda acıladıqdan sonra, atasına Bakı şəhərində olduğunu və növbəti günü işini bitirib onunla görüşmək üçün Siyəzən rayonuna gələcəyini bildirmiş, həmin vaxt atası ünvanına nalayiq ifadələr işlətməyə başlayaraq, onu hövsələdən çıxartmışdır. Danışıqlarını bitirdikdən sonra çox əsəbi olduğu üçün Bakı şəhərindən taksi ilə birbaşa Siyəzən rayonu, Yenikənd kəndinə gəlmiş, həmin vaxt gecə saatları olduğundan kənddə olan itlərdən özünü qorumaq üçün yerdən dəmir parçasını əlinə götürüb, atası Mübarizin nənəsi Ulduzun yanında olduğunu bildiyi üçün sonuncunun yaşadığı ünvana getmiş, habelə evin 2-ci mərtəbəsinə qalxmışdır. Pilləkənlərin başındakı qapının bağlı olduğunu görüb, təpiklə kilidini sındırıb, zala daxil olmuşdur. Bundan sonra, zaldan atasına səslənsə də, sonuncu otaqdan çıxmayaraq ünvanına nalayiq ifadələr işlətdiyi üçün atasının yataq otağının qapısına əlindəki dəmirlə zərbələr vurmağa başlamışdır. Zərbə nəticəsində qapının şüşəsi sınaraq yerə tökülmüş, bundan sonra atasının qapıya tərəf yaxınlaşdığını görüb bir qədər geri çəkilmiş, atası otaqdan zala çıxarkən, sonuncunun əlində bıçaq olduğunu görmüşdür. Həmin vaxt atası üzərinə gəldiyi üçün əlindəki dəmir parçası ilə onun boyun nahiyəsinə zərbə endirmiş, bu zaman atasının ikinci arvadı Nahidə də aralarına girdiyi üçün atdığı dəmir zərbəsindən biri sonuncunun sağ qoluna dəymişdir. Atası yerə yıxıldıqdan sonra təkrarən ayağa qalxmaq istəyərkən o, dəmirlə bir dəfə də atasının kürəyindən zərbə vurmuşdur. Daha sonra, atasının əlindəki bıçağı ona tərəf atacağını zənn etdiyi üçün dərhal otaqdan həyətə oradan isə küçəyə çıxmış, bu zaman nənəsi Ulduzun, qonşuluqda yaşayan Nizamın evinin qarşısında olduğunu görüb onu yaşadığı evin həyətinə gətirdikdən sonra evin həyətində qonşuluqda yaşayan Nizamı və nənəsinin qardaşı Kamilin olduğunu görmüşdür. Həmin vaxt atasının arvadı Nahidə DİN-in 102 xidmətinə məlumat verdiyi üçün oraya polis əməkdaşları gəlmiş və o, polis əməkdaşlarına etdiyi əməli etiraf edib sonuncularla birlikdə Siyəzən RPŞ-yə getmişdir. 21 sentyabr 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsindən hərbi təlim toplanışları ilə bağlı çağırıldıqdan sonra Füzuli rayonuna göndərilmiş və İİ Qarabağ müharibəsində iştirak etmiş, həmin müddət ərzində atası Mübarizin ondan RPŞ-yə etdiyi müraciətlə bağlı materiala xitam verilmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində yaşadığı ünvana gəldikdən sonra atası ondan Siyəzən Rayon Məhkəməsinə şikayət etmiş və barəsində olan material yenidən əlavə araşdırılması üçün RPŞ-yə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, həmçinin şəxsi igidlik və şücaət nümayiş etdirərək İİ Qarabağ döyüşlərində iştirak etməsinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etsə də, sonuncu məhkəmə iclasında barəsində 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən rica etdi. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2017-ci ildə Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurduqdan sonra qaynanası Ulduza məxsus Siyəzən rayonu, Yenikənd kəndində yerləşən evdə birlikdə yaşamış, daha sonra işlədiyi yer Sumqayıt şəhərində olduğundan, həmin kənddə əri Mübarizə məxsus yaşayış evindəki sonuncuya aid olan iki otağın qapılarını açarla bağlayıb, həmin ildən Sumqayıt şəhərində yaşamışlar. Pandemiya dövründə Mübarizlə Sumqayıt şəhərində qaldıqları üçün bir müddət Siyəzən rayonuna gələ bilməmiş, lakin yollar açıldıqdan sonra, 11 sentyabr 2020-ci il tarixdə, axşam saat 19:00 radələrində sonuncuya məxsus “Mersedes Benz” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mübarizin Siyəzən rayonu, Yenikənd kəndinə yerləşən əvvəlki yaşadığı ünvana gəlmiş, həmin vaxt avtomobildən enməmiş, Mübariz isə evə baş çəkmək üçün avtomobildən düşüb yaşadığı ünvana getmiş və bir neçə dəqiqədən sonra avtomobilə tərəf gəlmişdir. Mübarizin əsəbi halda geri qayıtdığını görüb, nə baş verdiyini soruşduğunda sonuncu ona “icraçılar tərəfindən bağlanan otaqlarının kilidlərini qırıblar, mənim otağımda qızım Rəqsanə ilə əri yaşayır” deyə cavab vermişdir. Bundan sonra, birlikdə Mübarizin anası Ulduzun yaşadığı evə getmiş və həmin günü axşam saat 00:00 radələrində qeyd olunan evdə olduqları vaxt Mübarizin oğlu Əvəz Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** saylı nömrəsinə zəng edərkən sonuncu telefonda oğluna öz evinə gəldiyini və ondan icazə almaq məcburiyyətində olmadığını bildirdikdən sonra danışığı bitirmişdir. Sonra, Mübariz ona oğlu Əvəzin onu söyüb təhqir etdiyini, iki gündən sonra görüşüb söhbət edəcəyini bildirmişdir. Bundan sonra, birlikdə yatmaq üçün yataq otağına keçmiş, yatmaq istəyərkən Əvəz bir neçə dəfə Mübarizin mobil telefonuna zəng vursa da, sonuncu zənglərə cavab verməyib yatmışdır. Həmin gecə, saat təxminən 02:00 radələrində Mübariz ilə birlikdə həmin evin ikinci mərtəbəsindəki yataq otağında yatdıqları zaman Əvəz ikinci mərtəbədəki otağın şüşəsini əlindəki dəmir alətlə sındıraraq onları yuxudan oyatmış və pəncərədən Mübarizi səsləyərək bayıra çıxmasını tələb etmişdir. Mübariz yerindən qalxaraq Əvəzə əynini geyinib çıxacağını desə də, sonuncu əlindəki dəmir alətlə qapının kilidini sındırıb, yatdıqları otağa daxil olmuşdur. Əvəzin onu görüb dayanacağı düşüncəsi ilə ilk qarşısına çıxsa da, Əvəz əlindəki dəmir alətlə sağ qoluna bir zərbə vurmuş, daha sonra Mübariz qolunun vəziyyətini görüb Əvəzi qorxutmaq üçün yataq otağında divanın altında olan taxta parçasını götürüb onun üzərinə gedərkən sonuncu əlindəki dəmir alətlə Mübarizin iki dəfə boynunun arxasından, bir dəfə baş nahiyəsindən, bir dəfə kürəyindən və bir dəfə isə sol əlindən zərbələr endirmiş, aldığı zərbələrdən sonra Mübariz yerə yıxılmışdır. Bundan başqa, qaynanası Ulduza məxsus evin tavanı alçaq olduğundan, Əvəz dəmir parçası ilə Mübarizə zərbə endirərkən, dəmir parçası tavana dəyib ağırlığını itirdiyindən Mübariz çox ağır xəsarət almamışdır. Bundan sonra, səs-küyə qonşuluqda yaşayan Nizam və Kamil adlı şəxslər yaşadıqları ünvana gələndə Əvəz otaqdan çıxaraq evin həyətinə qaçmışdır. Bu vaxt Mübariz ondan dərhal DİN-in 102 xidmətinə zəng vurmasını istəmiş və bir qədər sonra, zəngi əsasında hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bundan sonra, Mübariz ilə birlikdə baş verənləri polis əməkdaşlarına danışmış və sonuncular Əvəzi Siyəzən RPŞ-yə aparmışlar. Onlar da, qolunda ağrılar olduğundan Siyəzən rayon xəstəxanasına getmişlər. Mübahisə vaxtı Mübariz əlində bıçaq olmamış, sonuncu Əvəzi qorxutmaq üçün yataq otağında divanın altında olan taxta parçasını götürərək, sonuncunun üzərinə getmiş, həmçinin o və Mübariz Əvəzə hər hansı bir müqavimət göstərməməklə, heç bir xəsarət yetriməmişdir. Hazırda, Təqsirləndirilən şəxsla barışmamaqla, sonuncudan şikayətçi olmasının nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 1988-ci ildə X4 ilə evlənmiş və bu nikahdan üç qız və bir oğlan övladları doğulmuşdur. Bir müddət sonra Maral Yusifova ilə münasibətləri pisləşdiyindən 2015-ci ildə nikahları məhkəmə qaydasında pozulmuş, habelə Siyəzən rayonu, Yenikənd kəndində birgə nikah dövründə tikdikləri ev məhkəmə yolu ilə aralarında bölünməsə də, həmin evdə birgə yaşayış hüquqları təmin olunmuşdur. 2017-ci ildə digər Zərərçəkmiş şəxs2 ilə evləndikdən sonra Siyəzən rayonu, Yenikənd kəndindəki evdə özünə aid olan iki otağın qapılarını açarla bağlayaraq, Sumqayıt şəhəri, 9-cu mikrorayonda kirayədə yaşamağa başlamışdır. Pandemiya dövründə arvadı Nahidə ilə Sumqayıt şəhərində qaldıqları üçün bir müddət Siyəzən rayonuna gəlməmiş, lakin yollar açıldıqdan sonra, 11 sentyabr 2020-ci il tarixdə, axşam saat 19:00 radələrində özünə məxsus “Mersedes Benz” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə arvadı Nahidə ilə birlikdə Siyəzən rayonu, Yenikənd kəndinəki evinə gəlmiş, evin giriş qapısına yaxınlaşarkən onun açıq olduğunu, evə daxil olduğunda isə orada qızı Rəqsanənin əri ilə evdə olduğunu görmüşdür. Bundan sonra, öz otağına baxış keçirmək istəyərkən həmin otağın qapısının da açıq, kilidinin isə qırıq vəziyyətdə olduğunu görüb əsəbləşmişdir. Həmin vaxt qızı Rəqsanəyə “anan hardadı?” deyə soruşduqda Rəqsanə ona “işdədi” deyə cavab vermiş, o, isə qızına “anana de 2 günə evi boşaltsın, boşaltmasaz evi yandıracağam” deyə bildirmiş və Nahidə ilə birlikdə oradan çıxıb Siyəzən rayonu, Yenikənd kəndində anası Ulduzun yaşadığı ünvana getmişdir. Həmin gün axşam saat 22- 23:00 radələrində anası Ulduzun yaşadığı evdə olarkən oğlu Təqsirləndirilən şəxs ona məxsus ***-***-**-** saylı nömrəyə zəng edərək, “Sən kimsən mən olmaya-olmaya mənim evimə gəlmisən” kəlmələrini işlətdikdən sonra Əvəzə öz evinə gəldiyini və ondan icazə almaq məcburiyyətində olmadığını bildirdikdə, oğlu Əvəz ona qarşı nalayiq ifadələr işlətməyə başlamış və iki gündən sonra onunla görüşüb söhbət edəcəyini bildirmişdir. Bundan sonra, Əvəzlə danışığı bitirmiş və yerinə keçərək yatmaq istəmiş, bir qədər sonra oğlu bir neçə dəfə onun mobil telefonuna zəng vursa da, o, Əvəzin zənglərinə cavab verməmişdir. Həmin gecə təxminən saat 02:00 radələrində arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə anası Ulduzun yaşadığı evin 2-ci mərtəbəsində yataq otağında yatarkən oğlu Əvəz 2-ci mərtəbədəki otağın şüşəsini əlindəki dəmir alətlə sındıraraq onları yuxudan oyatmış və pəncərədən səslənərək, bayıra çıxmasını tələb etmişdir. Yerindən qalxaraq Əvəzə əynini geyinib çıxacağını bildirsə də, sonuncu əlindəki dəmir alətlə qapının kilidini sındırıb yatdığı otağa daxil olanda arvadı Nahidə onun qarşısına çıxmış, bu zaman oğlu Əvəz əvvəlcə əlindəki dəmir alətlə Nahidənin sağ qoluna bir zərbə vurmuşdur. O, Əvəzi qorxutmaq üçün yataq otağında divanın altında olan taxta parçasını götürüb sonuncunun üzərinə gedərkən oğlu əlindəki dəmir alətlə iki dəfə boynunun arxasından, bir dəfə baş nahiyəsindən, bir dəfə kürəyindən bir dəfə isə sol əlindən zərbələr endirmiş, aldığı zərbələrdən sonra yerə yıxılmışdır. Bundan sonra, səs-küyə qonşuluqda yaşayan Nizam və Kamil adlı şəxslər yaşadıqları ünvana gələndə Əvəz otaqdan çıxaraq evin həyətinə qaçmışdır. Bu vaxt Nahidədən dərhal DİN-in 102 xidmətinə zəng vurmasını istəmiş və bir qədər sonra, arvadının zəngi əsasında hadisə yerinə polis əməkdaşları gəlmiş və baş verənləri polis əməkdaşlarına danışmış, daha sonra sonuncular oğlu Əvəzi Siyəzən RPŞyə aparmışlar. Arvadı Nahidə ilə birlikdə RPŞ-yə gedərək, ərizə ilə müraciət etmiş, daha sonra oradan arvadı Nahidənin eləcə də, onun bədənində ağrılar olduğundan bununla bağlı Siyəzən rayon xəstəxanasına getmişlər. Sonradan oğlu Əvəz İİ Qarabağ müharibəsinə getdiyi üçün RPŞ-də etdiyi şikayət ərizəsi ilə bağlı toplanmış materiala şəraitin dəyişməsi ilə əlaqədar xitam verilmişdir. Əvəz müharibədən geri qayıtdıqdan sonra etdiyi hərəkətə görə gəlib üzr istəyəcəyini gözləmiş, lakin oğlu üzr istəmədiyi üçün bu barədə Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş və materialın ləğv edilərək, Əvəzin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Mübahisə vaxtı əlində bıçaq olmamış, lakin Əvəzi qorxutmaq üçün yataq otağında divanın altında olan taxta parçasını götürərək, sonuncunun üzərinə getmiş, həmçinin Əvəzə hər hansı bir müqavimət göstərməmişdir. Hazırda, Təqsirləndirilən şəxsla barışmamaqla, sonuncudan şikayətçi olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Kərimov X2 rayonu, Yenikənd kəndində onunla qonşuluqda yaşamış, sonuncu ikinci dəfə ailə həyatı qurduqdan sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşamağa başlamış və ara-bir anasının yaşadığı ünvana gələrək, ona baş çəkmişdir. 12 sentyabr 2020-ci il tarixdə, saat təxminən 02:00 radələrində evində yatarkən qonşuları Ulduzun yaşadığı evdən qışqırıq səslərinin gəldiyini eşitmiş və yuxudan durub tez sonuncunun yaşadığı ünvana getmişdir. Evə gələrkən evin 2-ci mərtəbəsində Mübarizin arvadı Nahidənin sağ qolunun, Mübarizin isə baş və boyun nahiyələrinin şişdiyini görüb sonuncudan nə baş verdiyini soruşduğunda, Mübariz də ona oğlu Əvəzin evə gələrək, əlində olan dəmir parçası ilə onu və arvadı Nahidəni döydüyünü bildirmişdir. Bir neçə dəqiqə sonra oraya Siyəzən RPŞ-nin əməkdaşları və Əvəz gəlmiş, Kamil həmin vaxt Əvəzdən atasını niyə döydüyünü soruşduqda, Əvəz ona “yaxşı eləmişəm” deyərək, cavab vermişdir. Bundan sonra, Əvəz polis əməkdaşları ilə birlikdə Siyəzən rayon Polis Şöbəsinə, Nahidə və Mübariz isə rayon mərkəzi xəstəxanasına getmişlər. O, isə yaşadığı ünvana qayıdıb yatmışdır. Mübariz ilə Əvəz arasındakı mübahisənin şahidi olmamış, həmin vaxt evində yatmış və onların mübahisə səsinə oyanıb oraya getmişdir. O, oraya gedəndə Əvəz orada olmamış, habelə sonuncu oraya sonradan gəlmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 bacısı Ulduzun oğlu olmaqla, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. O, bacısı Ulduzla qonşuluqda yaşayır. Mübariz ikinci dəfə ailə həyatı qurduqdan sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşamağa başlamış və ara-bir anasının yaşadığı ünvana gələrək, ona baş çəkmişdir. 12 sentyabr 2020-ci il tarixdə, saat təxminən 02:00 radələrində evində yatarkən bacısı Ulduzun yaşadığı evdən qışqırıq səslərinin gəldiyini eşitmiş, yuxudan durub tez sonuncunun yaşadığı ünvana gəlmiş, evə gələrkən evin 2-ci mərtəbəsində Mübarizin arvadı Nahidənin sağ qolunun, Mübarizin isə baş və boyun nahiyələrinin şişdiyini görüb sonuncudan nə baş verdiyini soruşmuş, Mübariz də, ona oğlu Əvəzin evə gələrək, əlində olan dəmir parçası ilə onu və arvadı Nahidəni döydüyünü bildirmişdir. Bir neçə dəqiqə sonra oraya Siyəzən RPŞ-nin əməkdaşları və Əvəz gəlmiş, həmin vaxt Əvəzdən atasını niyə döydüyünü soruşduqda, Əvəz ona “yaxşı eləmişəm” deyərək, cavab vermişdir. Bundan sonra, Əvəz polis əməkdaşları ilə birlikdə rayon Polis Şöbəsinə, Nahidə və Mübariz isə rayon mərkəzi xəstəxanasına getmişlər. O, isə yaşadığı ünvana qayıdıb yatmışdır. Mübariz ilə Əvəz arasındakı mübahisənin şahidi olmamış, bacısı Ulduzun yaşadığı evə gələrkən Mübarizin əlində və yataq otağında bıçaq görməmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 atası, Təqsirləndirilən şəxs isə qardaşıdır. Atası Mübariz anası Maral Yusifova ilə 2015-ci ildə məhkəmə yolu ilə rəsmi şəkildə boşandıqdan sonra onları Siyəzən rayonu, Yenikənd kəndindəki evindən qovmuş və o, anası ilə birlikdə Siyəzən şəhərinə gələrək, orada bir müddət kirayədə yaşamışdır. Bir müddət sonra məhkəməyə müraciət olunduğu üçün Yenikənd kəndindəki evdə onlara və atasına yaşamaq hüququ verildiyi üçün 2020-ci ilin sentyabr ayının əvvəllərində o, anası Maral ilə birlikdə Siyəzən şəhərindəki kirayə qaldıqları evdən çıxaraq Siyəzən rayonu, Yenikənd kəndindəki evlərinə qayıtmışlar. 11 sentyabr 2021-ci il tarixdə o, əri Tural ilə anasının yaşadığı ünvana qonaq gəlmiş, həmin vaxt anası Maral işdə olmuş, qardaşı Əvəz isə Bakı şəhərinə getmişdir. Həmin gün saat təxminən 18:00 radələrində əri ilə birlikdə evin həyətində olarkən atası Mübariz evə gəlmiş, bu zaman sonuncuya məxsus avtomaşında əyləşmiş ikinci arvadı Zərərçəkmiş şəxs2 maşında qalmış, atası evə qalxaraq, ora nəzər yetirmiş, daha sonra geri qayıdaraq, onun, anasının və qardaşının ünvanına nalayiq ifadələr işlətməklə, ondan əri ilə orada nə etdiyini soruşmuş, habelə onlardan evi 3 gün ərzində boşaltmalarını, bu tələbini isə anasına çatdırmasını istəmiş, eyni zamanda tələbi yerinə yetirilməyəcəyi təqdirdə, evi yandıracağı ilə hədələmişdir. Bundan sonra, o, qorxduğu üçün əvvəlcə anasına, sonuncu zəngə cavab vermədikdə, isə nə edəcəyini bilmədiyindən qardaşı Əvəzə zəng vuraraq bu barədə bildirmişdir. Daha sonra, atasının və ya qardaşının kimin birinci o birinə zəng vurmasından və aralarında hansı məzmunda söhbət olmasından məlumatı yoxdur. Eyni zamanda, o, atası Mübariz ilə qardaşı Əvəzin arasında olan mübahisənin şahidi olmamış, lakin bu barədə bibisi Südabə anası Marala zəng vurduqdan sonra məlumatı olmuş, qardaşının verdiyi məlumat əsasında hadisənin nədən ibarət olmasından xəbərdar olmuşdur. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 oğlu, Təqsirləndirilən şəxs isə nəvəsidir. Oğlu Mübariz birinci arvadından boşandıqdan sonra yenidən Nahidə adlı qadınla ailə həyatı qurmuş və bir müddət Sumqayıt şəhərində yaşamış, hərdən onun yanına gələrək, onunla birlikdə qalmışdır. 11 sentyabr 2020-ci il tarixdə oğlu Mübariz arvadı Nahidə ilə onun yaşadığı ünvana gəlmiş və həmin gün sonuncular evin 2-ci mərtəbəsində, o, isə 1-ci mərtəbəsində yatmışdır. 12 sentyabr 2020ci il tarixdə, saat 02:00 radələrində yuxudan oyanıb, evin həyətində nəvəsi Əvəzi və qonşuluqda yaşayan Kamil ilə Nizamı görmüş və sonradan Əvəzin atası Mübarizi və arvadı Nahidəni döyməsini eşitmişdir. Qulaqları ağır eşitdiyindən həmin gün evdə hadisə baş verən anda mübahisəni eşitməmiş və görməmişdir. Baş vermiş mübahisə zamanı yaşadığı evdə qapının şüşəsi sınsa da, ona hər hansı bir ziyan dəyməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 28-29-cu səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 08 oktyabr 2020-ci il tarixli, 150 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ said nahiyəsinin yumşaq toxumalarının geniş sahədə kəskin əziyi və sağ əlin 4-cü barmağının sıyrığı aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmiş, qərarda göstərildiyi şəraitdə, yəni uzunsov dəmir parçası ilə yetirilə bilər, yetirilmə müddəti müayinə olunanın göstərdiyi 12 sentyabr 2020-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş işin 30-31-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 19 sentyabr 2020-ci il tarixli, 151 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində gövdənin sağ yarısının arxa divarının, başın ənsə nahiyəsinin, boynun və sol əlin arxa səthlərinin yumşaq toxumalarının əzilmələri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə, yəni uzunsov dəmir parçası ilə yetirilə bilər, yıxılma zamanı yaranmaya uyğun gəlmir, yetirilmə müddəti müayinə olunanın göstərdiyi 12 sentyabr 2020-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş işin 133-134-cü səhifələrində olan 22 iyul 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 83-cü səhifəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 iyul 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 104-113-cü vərəqələrində olan 22 iyul 2021-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci və 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə ittiham elan edilmiş, həmçinin onun barəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmçinin qərardan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd dəmir və bir ədəd taxta parçası cinayət işi üzrə maddi sübut kimi tanınmış, habelə saxlanması üçün maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 27-ci vərəqəsindəki Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsi tərəfindən 06 oktyabr 2020-ci il tarixdə verilmiş 265 nömrəli arayışdan, bu bölmənin iş materiallarına əlavə olunmuş 16 noyabr 2021-ci il tarixli, 451 nömrəli arayışından, eləcə də işin 93-94-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən, həmçinin SX seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən 21 sentyabr 2020-ci il tarixdə hərbi toplanışlara çağırılaraq, həmin tarixdə N nömrəli hərbi hissəyə baş aşpaz kimi təhvil verilmiş, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, habelə Müdafiə nazirinin 25 dekabr 2020-ci il tarixli, 274 nömrəli əmrinə əsasən 09 yanvar 2021-ci il tarixdə səfərbərlik üzrə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Eyni zamanda, İİ Qarabağ müharibəsinin iştirakçısı olmuş Təqsirləndirilən şəxs barəsində yaşadığı Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və məhkəmə istintaqının nəticələrinə əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi yuxarıda şərh edilən əməllər cinayət hadisəsidir və həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci və 128-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin bütün əlamətləri mövcuddur. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır, Zərərçəkmiş şəxs1 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, eləcə də, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Bununla belə, məhkəmənin baxış iclası zamanı müdafiəçi və təqsirləndirilən şəxs ərizələrlə məhkəməyə müraciət edərək, sonuncunun Azərbaycan Respublikası CM-in 127.1-ci və 128-ci maddələri ilə özünü tam təqsirli bilməsinin, törətdiyi əməli etiraf etməklə, səmimi peşmançılıq hiss keçirməsinin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinin, nəzərə alınaraq, 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilərək, onun cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinin tətbiq edilməsinə etiraz etməyərək, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və sonuncunun nümayəndəsi və vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs barəsində 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsinə etiraz edərək, Təqsirləndirilən şəxs barəsində ittihamedici hökmün çıxarılmasını, həmçinin sonuncunun cinayət məsuliyyətinə cəlb edilməklə, təqsirləndirildiyi maddələrin sanksiyasındakı ən ağır həddə cəzaya məhkum edilməsini xahiş etdilər. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini və barəsində amnistiya aktının tətbiq edilməsinə dair onun, eləcə də müdafiəçisinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə görə, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 1.1-ci yarımbəndinə bəndinə görə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 14-cü bəndinə görə, bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 23.5-ci bəndinə görə, bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən tətbiq edilir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 28-ci bəndinə görə, birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinin tələbinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin təsiri altına düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsi, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut Siyəzən RPŞ-də maddi sübutların saxlanması otağına təhvil verilmiş bir ədəd dəmir və bir ədəd taxta parçası qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi zərər yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 39-cu, 43-cü, 344-347-ci, 356cı, 358-ci və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan bir ədəd dəmir və bir ədəd taxta parçası qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-49/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-49/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver