Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-50/2021 05.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 05 oktyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1979-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,382 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamış, 02 iyun 2021-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən şəhəri, Babək küçəsi ərazisində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə əynində olan göy rəngli klassik şalvarın qabaq sol yan cibindən üzəri şəffaf rəngli sellofanla örtülmüş 1 ədəd göy rəngli siqaret kağızı bükülüsündə aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. O, təxminən 4 il olar narkotik vasitə heroindən istifadə edir. 02 iyun 2021-ci il tarixdə səhər saatlarında Siyəzən şəhərində yerləşən Mərkəzi Bazardan yaşadığı evə qayıdarkən dəmiryolunun yaxınlığında, yerdə bir ədəd şəffaf rəngli sellofana bükülmüş göy rəngli siqaret kağızı bükülüsü diqqətini cəlb etdiyindən açıb içərisinə baxmış, narkotik vasitə heroindən istifadə etdiyi üçün bükülünün içərisindəki kütlənin heroin olduğunu bilmiş və şəxsi istifadəsi üçün götürərək əynində olan göy rəngli klassik şalvarın qabaq sol yan cibinə qoymuşdur. Həmin gün təxminən saat 12:00 radələrində Siyəzən şəhəri, Babək küçəsi ilə piyada evinə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirirərək onu Siyəzən RPŞ-yə aparmışlar. Növbətçi hissədə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu, şübhəli şəxs qismində tutulmalı olduğu, üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, habelə, qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmaqla, üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququ təmin olunaraq ona fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim edilmişdir. O, da həm üzərində keçiriləcək şəxsi axtarış zamanı, həm də, cinayət prosesinin digər mərhələlərində hüquqlarının Müdafiəçi tərəfindən müdafiə edilməsinə hər hansı etirazının olmadığını bildirmişdir. Üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli klassik şalvarın qabaq sol yan cibindən içərisində kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş göy rəngli siqaret kağızı bükülüsü aşkar olunaraq götürülməklə 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmiş, o da, zərfin üzərini imzalamışdır. Bundan sonra, üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol yazılaraq ucadan oxunmuş, doğru olduğundan o və digər iştirakçılar imzalamışlar. Ona qarşı hər hansı fiziki və psixi təsir olunmamış, ifadəsini özü sərbəst formada vermişdir. Bir daha qeyd edir ki, üzərindən aşkarlanmış narkotik vasitə olan “kokosu” 02 iyun 2021-ci il tarixdə alış-veriş üçün getdiyi Siyəzən şəhəri Mərkəzi bazarından çıxıb evə gədərkən dəmiryolunun yaxınlığında yerdən tapmış, tapdığı narkotik vasitə heroindən nə ailə üzvlərinin nə də ki, digər şəxslərin məlumatı olmamış və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə şəxsi istifadəsi üçün olmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən 1 yetkinlik yaşına çatmayan uşağının olmasının, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində narkotik vasitə saxlaması barədə 02 iyun 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X3 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş və təlimatlandırılma keçirilmişdir. Bundan sonra, RPŞ-nin rəhbərliyinin tapşırığı ilə 02 iyun 2021-ci il tarixdə Siyəzən RPŞnin CAB-ın baş əməliyyat müvəkkili Xəyyam Əzizov, NQİBK-nin Mühafizəsi Qrupunun baş inspektoru X5, Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid2, NH-nin sürücüsü X6 ilə birlikdə təxminən saat 12:00 radələrində Siyəzən şəhəri, C.Cabbarlı küçəsinə gedərək həmin küçəni və ətraf küçələri müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs Siyəzən şəhəri, ünvan 2 ünvana doğru hərəkət etdiyini uzaqdan görmüş, habelə Firuza Babək küçəsində yaxınlaşaraq, özlərini təqdim etməklə, üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması məqsədilə etdikləri dəvət və razılıq əsasında onu Siyəzən RPŞ-yə aparmışlar. Təqsirləndirilən şəxs RPŞ-də olarkən onun barəsində araşdırma aparılması İB-nin müstəntiqi X4 həvalə olunmuş, xidməti iş ilə əlaqədar Tural Cəfərov, Əli Qədirov və Xəyyam Əzizov şəxsi axtarışda iştirak edə bilməmişlər. Daha sonra, RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan əvvəl sonuncuya və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, o, əynində olan göy rəngli klassik şalvarın qabaq sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş göy rəngli siqaret kağızı bükülüsünü təqdim etmiş, bu bükülü baxış keçirilməsi üçün müstəntiq tərəfindən masanın üzərinə qoyulmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükülünü yerdən tapdığını, narkotik vasitə istifadə etdiyindən içərisində narkotik vasitə olacağını güman edərək özü ilə götürdüyünü bildirmişdir. Bundan sonra, açılmış bükülünün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuş, həmçinin bükülü açılarkən yararsız hala düşdüyündən əlavə olaraq qızılı rəngli siqaret kağızı bükülüsünə bükülmüşdür. Daha sonra, onun tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamış, aşkar olunmuş bükülü isə qablaşdırılmaqla, zərfin üzəri imzalanmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi əvvəldən axıra kimi “Nikon” markalı fotoaparatla çəkilməklə qeydə alınmış, şəxsi axtarış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamış, daha sonra tərtib olunmuş protokol, ucadan oxunmuş, doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahidlər RPŞ-nin növbətçi hissəsinin növbətçi köməkçisi Şahid3 və Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2021-ci il tarixli, 6/2242 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,382 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı l) daxildir. Tədqiqata 0,05 qram heroin sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,332 qram təşkil etmişdir. Cinayət işinin 35-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatnın dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 31 iyul 2021-ci il tarixdə verilmiş 2594 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan 02 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində ağ rəngli köynək, tünd göy rəngli klassik şalvar, göy rəngli yay ayaqqabısı və ağzında qara rəngli tibbi maska olmuş, bu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli klassik şalvarın qabaq sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş göy rəngli siqaret kağızı bükülüsünü təqdim etmiş, həmin bükülü baxış keçirilməsi üçün masanın üzərinə qoyulmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünü yerdən tapdığını, narkotik vasitə istifadə etdiyindən həmin bükülüdə də narkotik vasitə olacağını güman edərək özü ilə götürdüyünü bildirib, üzərindən aşkar edilərək götürülmüş həmin bükülünün içərisində narkotik vasitə olduğunu qeyd etmişdir. Həmin 1 ədəd şəffaf rəngli selofana bükülmüş göy rəngli siqaret kağızı bükülüsü Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən açıldığında içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuş, bu bükülü Şahid1 tərəfindən açılarkən bükülü sıx vəziyyətdə qablaşdırıldığı üçün kağızının bir hissəsi cırıldığından içərisindəki kütlənin bir qismi masanın üzərindəki kağızın üzərinə dağılmışdır. Bükülünün içərisindəki qalan kütlənin dağılmaması üçün həmin göy rəngli siqaret kağızı bükülüsü və həmin bükülüdən masanın üzərinə dağılmış kütlə kağızın üzərindən yığılaraq əlavə qızılı rəngli siqaret kağızına bükülərək qablaşdırılması üçün masanın üzərinə qoyulmuşdur. Daha sonra, Siyəzən RPŞnin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər kütlə olan dağılmaması üçün əlavə olaraq qızılı rəngli siqaret kağızına bükülmüş üzəri şəffaf rəngli sellofanla örtülmüş 1 ədəd göy rəngli siqaret kağızı bükülüsü 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdə “Nikon” markalı aparatdan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 121-130-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 10 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,332 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində 02 iyun 2021-ci il tarixdə keçirilən şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd CD disk də cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 iyun 2021-ci il tarixli tələbnamədən, işin 85-89-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 1(059)-50/2020 saylı hökmündən, eləcə də iş materiallarında olan Siyəzən rayon İcra və Probasiya Şöbəsinin 05 oktyabr 2021-ci il tarixli, 2123/2021-64-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Siyəzən rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı 13 oktyabr 2020-ci il tarixdən tutulduğu, yəni 02 iyun 2021ci il tarixədək ona təyin olunmuş bu cəzanın 08 ay 19 gününü çəkmiş, cəzanın çəkilməmiş 02 il 03 ay 07 gün hissəsi qalmışdır. Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 4(059)-28/2021 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 iyun 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-79-cu vərəqələrində olan arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqəsinin surətindən, eləcə də işin 85-89-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 1(059)- 50/2020 saylı hökmündən görünür ki, himayəsində 06 mart 2008-ci il təvəllüdlü böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən Zeynal adında övladı olan ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 sentyabr 2020-ci il tarixli, 1(059)-50/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 sentyabr 2020-ci tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edərək üstündə saxlamaqla gəzdirməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini və tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin yüngülləşdirici halların olmasını, xüsusilə himayəsində olan övladının böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısı həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci tarixli, 1(059)-50/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına verilmiş Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,332 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində 02 iyun 2021-ci il tarixdə keçirilən şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci tarixli, 1(059)-50/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay 07 (yeddi) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 02 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına verilmiş Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,332 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs üzərində 02 iyun 2021-ci il tarixdə keçirilən şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (bir yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-50/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-50/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver