Məhkəmə qərarları › İş №1(059)-51/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-51/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-51/2021 12.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil X1, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə 12 oktyabr 2021-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxxxx 1997-ci ildə keçmiş Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olan, barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 2760 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 may 2013-cü il tarixli, 1(059)-13/2013 nömrəli hökmünü və ondan 1560 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair həmin məhkəmənin qanuni qüvvəyə minmiş 20 fevral 2019-cu il tarixli, 2(059)-148/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun barəsində 13 noyabr 2018-ci ildə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin eyni tarixli, 3(059)-181/2018 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 11 gün müddətində inzibati həbs edilmiş, daha sonra 08 may 2020-ci il tarixdə yenidən inzibati protokol tərtib olunaraq baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin sözügedən tarixli, 3(059)85/2020 saylı qərarı ilə 13 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək 02 iyun 2020-ci, 20 iyul 2020-ci, 29 iyul 2020-ci və 07 yanvar 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 10 fevral 2021-ci il tarixədək hökm üzrə 2760 manat məbləğində borcu ödəməyərək Zərərçəkmiş şəxs2 və qətnamə üzrə 1590 manat borcdan 590 manat ödəmiş, 1000 manat məbləğində borcu isə ödəməyərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə hökmünü və qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 07 oktyabr 2012-ci il tarixdə, saat 17:00 radələrində dostları ilə Zərərçəkmiş şəxs2 yaşadığı Siyəzən şəhəri, Babək küçəsində yerləşən 49 a saylı evin həyətindəki məişət əşyalarının saxlanıldığı otağa qanunsuz daxil olmaq istəmişlər. Zərərçəkmiş şəxs2 qohumu Şahin adlı şəxs evə daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 6000 manat pulun saxlanıldığı 50 manat dəyərində kustar üsulla metaldan hazırlanmış balaca seyfi oradan kənara çıxarmışdır. Bundan sonra, həmin seyfin qapısını fiziki güc və vasitələr tətbiq etməklə, qıraraq həmin pulu aralarında bölmüşlər. Daha sonra, barələrində cinayət işi başlanılmış və 600 manat cərimə cəzasına məhkum edilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 dəymiş ziyana görə 2760 manat pulun tutulması qət edilmiş, bu borcundan etdiyi ödənişlər nəticəsində 1000 manat ödənilməmiş borcu qalmışdır. Bundan əlavə, digər iş üzrə X2 “Vaz 21011” markalı avtomobil nisyə almış, habelə 17 yanvar 2017-ci il tarixdə notariat kontorunda 1560 manat məbləğində borc müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən həmin borcu 17 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Təxminən 1 həftə sonra maşının problemləri olduğuna görə Füzuli Ağayevə qaytarmış və borcunun silinməsini istəsə də, qarşı tərəf bundan imtina etmişdir. Bundan sonra, Füzuli Ağayev məhkəməyə müraciət etmiş və Siyəzən Rayon Məhkəməsinin qətnaməsi ilə 1590 manat pulun tutulması qət edilmişdir. Qərarlar icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilmiş, həmin dövrdə işləmədiyi üçün borcları ödəyə bilməmişdir. Buna görə iki dəfə birinci dəfə 11 gün, ikinci dəfə isə 13 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Füzuli Ağayevə olan borcundan hissə-hissə ödənişlər etmiş, hazırda 400 manat borcu qalmışdır. Eyni zamanda, hərbi xidmətə getmədən öncə Məşğulluq mərkəzi tərəfindən "xxxx" MMC-də 300 manat əmək haqqı olan fəhlə işi və "xxxx" MMC-də 250 manat əmək haqqı olan fəhlə işi ona təklif olunmuş, lakin günəmuzd işlədiyi üçün həmin işlərdən imtina etmişdir. Törətdiyi əməldən peşman olmasının, borclarından qismən ödəniş etməsinin, habelə gənc olmaqla, hazırda müddətli həqiqi hərbi xidmətdə olmasının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2012-ci ildə qardaşı X3 məxsus Siyəzən şəhəri, Babək küçəsi 48A saylı evin həyətyanı sahəsindən oğurluq olmuşdur. Belə ki, evin həyətində olan tikilidə metaldan hazırlanmış ona məxsus balaca metal seyf və həmin seyfdə olan ona aid 6000 manat pulu oğurlanmışdır. Bu cinayət işi ilə əlaqədar olaraq Siyəzən Rayon Məhkəməsinin 02 may 2013-cü tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 2760 manat pulun tutulması hökm edilmiş, habelə icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilmiş, lakin Təqsirləndirilən şəxs borcu ödəməmişdir. Borcu ödəmədiyinə görə 2018-ci il tarixdə 11 gün, 2020-ci il tarixdə isə 13 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həm ibtidai, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs borcunun bir qismini, yəni 1760 manatını ödəmiş, 1000 manat borcu isə qalıq qalmışdır. Dəfələrlə Təqsirləndirilən şəxs borcun qaytarılması ilə bağlı xəbərdarlıq etsə də, sonuncu hər dəfə bir bəhanə gətirmişdir. Beləliklə, o, borcu tam ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir, bununla belə sonuncu barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış ərizəsində göstərmişdir ki, o, məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq edir və səhhətində yaranmış problemlərlə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyinin, həmçinin təqsirləndirilən şəxsin ona qalan 400 manat borcunu ödəməməsi səbəbindən şikayətçi olmasının nəzərə alınmasını, eyni zamanda Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə köhnə məhlələrində qonşu olmuş, sonuncuya "Vaz 21011" markalı avtomobili 1500 manata satmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs ilə aralarında 17 yanvar 2017-ci il tarixdə Şabran rayonu Notariat Kontorunda müqavilə imzalamışlar. Aralarında bağlanmış müqaviləyə əsasən Təqsirləndirilən şəxs 1560 manat məbləğində borc pul vermiş, sonuncu borcunu 17 aprel 2018-ci il tarixədək tam ödəməyi öz öhdəsinə götürmüşdür. 2018-ci ilin aprel ayında Təqsirləndirilən şəxs borcunu qaytarmasını tələb etsə də, o, pulunun olduğunu, ancaq borcu qaytarmayacağını bildirmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmiş və Siyəzən Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 1560 manat və 30 manat dövlət rüsumu tutularaq xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra şöbəsində Təqsirləndirilən şəxs dəfələrlə borcu qısa müddət ərzində tam şəkildə ödəyəcəyini bildirsə də, ödəməmişdir. Təqsirləndirilən şəxs tanışlarla borcu 1- 2 aya qaytaracağı barədə xəbər göndərsə də, yənə də qaytarmamışdır. Qanuni tələblərindən sonra Təqsirləndirilən şəxs barəsində 08 may 2020-ci il tarixdə inzibati protokol tərtib olunaraq baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmiş və o, məhkəmənin eyni tarixli qərarı ilə 13 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bugünədək borclu Təqsirləndirilən şəxs ödəməli olduğu 1590 manat borcdan yalnız 590 manat ödəmiş, qalan borcun ödənilməsi ilə bağlı cəhd göstərməmişdir. Məhkəmə iclasında iştirak edən şahid Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 02 may 2013-cü il tarixli hökmü əsasında verilmiş icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs 2760 manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs2, bu Məhkəmənin 20 fevral 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə isə Təqsirləndirilən şəxs 1560 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. İcra sənədləri Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası barədə 10 gün müddət verilsə də, borclu Təqsirləndirilən şəxs bu müddət ərzində icra sənədlərini icra etməmiş, borcun məcburi icrası üçün görülən tədbirlər müsbət nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində şöbənin icraatında iki icra işi olduğundan sözü gedən icra işləri barədə 04 may 2020-ci il tarixli “bir neçə icra sənədi üzrə icraatın ümumi icraatda birləşdirilməsi haqqında” qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məhkəmənin hər iki icra sənədi üzrə rəsmi qaydada xəbərdarlıq göndərilməklə, ona hüquq və vəzifəsi izah edilmiş, borclu olduğu pulu tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyrinə ödəməsi ondan tələb olunmuşdur. Lakin, borclu tələbkarlara olan pul borcunu ödəməkdən boyun qaçırmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs barəsində 13 noyabr 2018-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin həmin tarixli qərarı ilə sonuncu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 11 gün müddətində inzibati həbs edilmiş, daha sonra 08 may 2020-ci il tarixdə yenidən inzibati protokol tərtib olunaraq baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin eyni tarixli qərarı ilə 13 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla, bir daha xəbərdarlıq edilmiş, tələb yenə icra olunmamışdır. Siyəzən Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli və 03 iyun 2020-ci il tarixli qərardadları ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədlərini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməlində qərəzlilik müşahidə olunur. Bundan başqa, tələbkar Əliyev X4 rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək indiyədək Təqsirləndirilən şəxs borclu olduğu cəmi 2760 manat məbləğində pul vəsaitindən heç bir ödəniş etməməsini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Digər icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs1 cəmi 1590 manat məbləğində pul vəsaitindən onun xeyrinə 590 manat ödəniş edildiyini, 1000 manat ödənilməmiş borcun qaldığını bildirərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Bununla əlaqədar borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış hökmü və qətnaməni qərəzli olaraq icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş, habelə ərizə ilə məhkəməyə müraciət edərək məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq edən, lakin səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyən şahid Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 digər Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 13-32-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 may 2013-cü il tarixli, 1(059)-13/2013 saylı hökmünün, eləcə də işin 12-ci vərəqəsində olan eyni tarixli, eyni nömrəli icra vərəqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2760 manat pul tutularaq Zərərçəkmiş şəxs2 dəymiş ziyan əvəzinə ödənilməlidir. Cinayət işinin 33, 35-ci vərəqələrində olan Siyəzən rayon İcra və probasiya şöbəsinin 04 may 2018-ci il tarixli icraata başlamaq haqqında qərarının və eyni tarixli bildirişin surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 02 may 2013-cü il tarixli, 1(059)-13/2013 saylı icra sənədi icra olunması üçün 04 may 2018-ci il tarixdə İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Məhkəmə iclasında elan edilmiş işin 38-39-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 20 sentyabr 2019-cu il tarixli, 2(059)-148/2019 saylı qətnaməsinin, eləcə də işin 37-ci vərəqəsində olan eyni tarixli, eyni nömrəli icra vərəqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xeyrinə 1560 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Cinayət işinin 40, 42-ci vərəqələrində olan Siyəzən rayon İcra və probasiya şöbəsinin 01 aprel 2019-cu il tarixli icraata başlamaq haqqında qərarının və eyni tarixli bildirişin surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(059)-148/2019 saylı icra sənədi icra olunması üçün 01 aprel 2019-cu il tarixdə İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Cinayət işinin 68-ci vərəqəsində olan Siyəzən rayon İcra və probasiya şöbəsinin 04 may 2020-ci il tarixli icraatın birləşdirilməsi haqqında qərarın surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 02 may 2013-cü il tarixli, 1(059)-13/2013 saylı və 20 sentyabr 2019-cu il tarixli, 2(059)-148/2019 saylı icra sənədləri ümumi icraata birləşdirilmişdir. Cinayət işinin 59-60, eləcə də 79-80-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin müvafiq olaraq 13 noyabr 2018-ci il tarixli, 3(059)-181/2018 və 08 may 2020-ci i tarixli, 3(059)-85/2020 saylı qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və birinci qərarla 11 gün, ikinci qərarla 13 gün müddətində inzibati həbs edilmişdir. Cinayət işinin 203-cü vərəqəsində Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 aprel 2021-ci il tarixdə verilmiş tələbnamədən, eləcə də işin 136-174-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli, 1(059)-24/2016 saylı hökmünün surətindən görünür ki, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 243-244-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 iyul 2021-ci il tarixdə “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 217-ci vərəqəsində olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin 17 aprel 2021-ci il tarixli, 275 nömrəli məktubunun, eləcə də işin 219-cu vərəqəsində olan 29 iyun 2021-ci il tarixli, 348 nömrəli ezamiyyət vərəqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdə bölmə tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş, habelə o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibinə daxil edilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 tərəfindən 12 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, qalıq 1000 manat borc ona ödənilmədiyinə görə o, təqsirləndirilən şəxsdən şikayətçidir, lakin, sonuncu barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 tərəfindən 11 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, qalıq 400 manat borc ona ödənilmədiyinə görə o, təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və hökmünü qərəzli olaraq tam icra etməməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi olaraq etiraf etməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, icra vərəqələri üzrə borclardan qismən ödənişlər etməsini, habelə hazırda həqiqi hərbi xidmətdə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinə uyğun olaraq ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları hərbi qulluqçulara tətbiq edilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun ədalət mühakiməsi əleyhinə cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikası adından çıxarılmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını, habelə həqiqi hərbi xidmətdə olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar