Məhkəmə qərarları › İş №1(059)-55/2020

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-55/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-55/2020 13.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxx 2020-ci il tarixdə,Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1991-ci il tarixdə Xaçmaz rayonunun Uzunoba kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, “xxxxxxxxxxxx” MMC-də yanacaq doldurma məntəqəsinin operatoru vəzifəsində işləyən, ünvan 1 A ünvanında qeydiyyatda olmaqla, yaşayan barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Gilan FMSC”-nin Şimal Distryubutorluğunda satış təmsilçisi vəzifəsində işləyən zaman işlədiyi şirkətə məxsus müxtəlif çeşidli məhsulları sataraq tanış olduğu Zərərçəkmiş şəxs etibarından suiistifadə etməklə, başqa firmadan ucuz qiymətə "HELL" energetik içkiləri gətirəcəyini yalan vəd verib aldadaraq xx xxxx 2019-cu il tarixdə təxminən saat 12:00 radələrində sonuncudan işlədiyi Siyəzən şəhəri, Gənclik qəsəbəsində yerləşən Ələmdar Eyvazova məxsus mağazada 4500 manat pulu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda “xxxxxxxxxxxx” MMC-nin yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləsə də, əvvəl, yəni 2019-cu ilin aprel ayından 2019-cu ilin avqust ayına kimi olan müddətdə “Gilan FMSC”-nin Şimal Distryubutorluğunda satış təmsilçisi vəzifəsində işləmiş, həmin firmada işlədiyi vaxt vəzifəsi Şabran və Siyəzən rayonlarında yerləşən mağazalara Gilan firmasına məxsus kompot, şirə və düyü məhsulları satmaqdan ibarət olmuş, həmin məhsulları həm nəğd, həm də, nisyə satmış, yəni mağazanın aylıq gəlirindən asılı olaraq bəzi mağazalar ilə nəğd, bəzi mağazalar ilə nisyə qaydada işləmişdir. Zərərçəkmiş şəxs ilə də onlara məxsus Siyəzən şəhəri, Gənclik qəsəbəsində yerləşən ərzaq malları satılan mağazalarına firmaya məxsus malların satılması prosesində tanış olmuş və onunla həmin vaxtlar aralarında işgüzar münasibətlər formalaşmışdır. Hətta, Nurlandan əvvəlcədən 1500-2000 manat civarında nəğd pul alıb, əvəzində bir neçə gün sonra ona düyü və ya şirin sular gətirib satmışdır. xx xxxx 2019-cu il tarixdə başqa bir firmadan ucuz qiymətə kompaniya ilə əlaqədar endirimdə olan “HELL” energetik içkiləri gətirə biləcəyini bildirib, Nurlandan işlədikləri mağazada 4500 manat pulu şəxsən almışdır. Bundan sonra, işlədiyi Gilan firmasına oradan etdiyi alver nəticəsində yaranmış təxminən 4000 manat civarında olan şəxsi borcunu ödəyib, yerdə qalan pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. İşlədiyi firmaya olan borcunu ödədikdən sonra, Zərərçəkmiş şəxs söz verdiyi məhsulu gətirə bilməyəcəyi təqdirdə, yeni ayın əvvəlində satışdan əldə edəcəyi nəğd puldan “HELL” energetik içkilərini alıb sonuncuya verməyi, pulu qaytara bilməyəcəyi halda isə Gilan firmasından əldə etdiyi nəğd pul ilə Nurlanın borcunu qaytarmağı düşünmüşdür. Bundan əlavə, firmanın pulunu da sonradan bir vasitə ilə yerinə qoymağı planlaşdırmışdır. Lakin, təzə ayın əvvəlində firmadan satdığı məhsulların əvəzində əldə etdiyi nəğd pulu özündə saxlaya bilməmiş, həmçinin, Zərərçəkmiş şəxs söz verdiyi “HELL” energetik içkilərinin gətirilməsi üçün bunu təşkil edən firma ilə dəfələrlə əlaqə saxlasa da, oradan məhsulun növbəti bir həftə ərzində gətiriləcəyi bildirilmişdir. Beləcə, bir neçə həftə keçdikdən sonra 2019-cu ilin avqust ayının ortalarında satış zəif olduğu üçün işlədiyi firma işləri təhvil verməsini tələb edərək, onu işdən çıxartmışdır. Bununla da, nə zərərçəkmiş Zərərçəkmiş şəxs aldığı 4500 manat pulu geri qaytara, nə də, həmin pulun əvəzində ona söz verdiyi energetik içkiləri gətirə bilməmişdir. İşdən çıxarılmasa idi, götürdüyü pulu Zərərçəkmiş şəxs geri qaytaracaqdı. Zərərçəkmiş şəxs pulu ilə də öz borcunu bağlamaqda məqsədi isə işlədiyi firmada işi ilə bağlı yarana biləcək problemlərin qarşısının alınması istəyi olmuşdur. Əgər işdən çıxarılacağını əvvəlcədən bilsə idi, Zərərçəkmiş şəxs pulu ilə firmaya olan şəxsi borcunu bağlamaz, onun pulunu geri qaytarardı. Bu yaxınlaradək işsiz olduğuna görə həmin puldan Zərərçəkmiş şəxs hər hansı məbləğdə ödəniş edə bilməsə də, hazırda qeyd olunan məbləğdən 1000 manatını ödəmək niyyətindədir və bunu məhkəmə iclasından sonra zərərçəkmiş şəxslə aralarında olan razılaşmaya əsasən müvafiq akt tərtib etməklə, yerinə yetirəcəkdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində iki azyaşlı övladının olmasının, eləcə də zərərçəkmiş şəxsə dəymiş zərərdən qismən ödəniş etməsinin nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, eləcə də şahidin ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, atası X1 məxsus Siyəzən şəhəri, Gənclik qəsəbəsində yerləşən ərzaq mağazasında sonuncuya köməklik edir. Belə ki, atası mağazada olmadığı vaxtlarda, mağazada dayanmış, satış ilə məşğul olmuş, müxtəlif firmalardan gələn malları qaimə əsasında qəbul edib, lazım olan ödənişləri etmişdir. Mağazaya müxtəlif firmalar tərəfindən ərzaq malları gətirilir, həmin firmalardan biri də Gilan firması olmuşdur. Belə ki, Gilan firmasının adından malların gətirilməsi ilə həmin firmanın Xaçmaz rayon filialından orada ekspeditor (mal paylayıcı) işləyən Təqsirləndirilən şəxs adlı şəxs həyata keçirmiş, onunla aralarında iş prosesi zamanı münasibətlər yaranmışdır. 2019-ci il iyul ayında Təqsirləndirilən şəxs başqa firmadan ucuz qiymətə “HELL” energetik içkisi gətirə biləcəyini bildirdikdə, o, içkilərin qiyməti ilə maraqlanmış, bu zaman Emin 1 ədəd içərisində 24 ədəd “HELL” energetik içkisi olan paçkanı 15 manata gətirə biləcəyini bildirmiş, deyilən qiymət bazar qiymətindən aşağı olduğundan o, razılaşmışdır. Bu səbəbdən də, xx xxxx 2019-cu il tarixdə, təxminən saat 12:00 radələrində Eminə 4500 manat məbləğində pulu atasına məxsus mağazada dayısı Şahid yanında vermiş, Emin isə 1 həftə ərzinə dediyi energetik içkini çatdıracağına vəd vermişdir. Təqsirləndirilən şəxs firma işçisi kimi təxminən 1 il- 1 il 6 ay müddətində mağazaya gətirib mal verdiyindən onunla aralarında münasibət yaranmış, buna görə də, istər-istəməz Eminə qarşı işgüzar münasibətlərdə inam formalaşmışdır. Təxminən 1 həftə sonra Eminlə əlaqə saxladığında sonuncu hər dəfə müxtəlif bəhanələr ilə “HELL energetik içkisini gətirə bilmədiyini bildirmişdir. Bundan sonra, yenə də onunla razılaşıb onu gözləsə də, bir müddətdən sonra Təqsirləndirilən şəxs telefonlarına zəng çatmamış, onun əvəzinə isə Gilan firmasının adından başqa bir şəxs gəlib mal gətirməyə başlamışdır. Daha sonra, Eminin ünvanını taparaq yaşadığı evə getsə də, orada da Emini tapa bilməmiş, sonuncu barəsində başqa hər hansı məlumatı olmamış, həmin vaxtlarda isə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə əlaqə saxlamışdır. Bu hadisənin üstündən təxminən 1 ilə yaxın müddət vaxt keçməsi ilə bağlı ilkin izahat və ərizəsində düzgün məlumat verməmiş, hadisənin üstündən bir il keçməsinə baxmayaraq, Eminlə özü razılaşıb pul almaq istədiyindən bu barədə polisə məlumat verməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməyib, buna görə də hazırda şikayətçidir. Həmin məbləğin böyük qismini ödəsə bəlkə, hər hansı bir razılaşmaya gedə bilər. Amma indi belə bir hal yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, özü rəsmi olaraq heç bir yerdə işləməsə də, bacısı Cəmilənin əri Ələmdara məxsus Siyəzən şəhəri, Gənclik qəsəbəsində yerləşən mağazada arada bir nəzarət və kömək etmək üçün gedir. Təqsirləndirilən şəxs isə təxminən il yarım olar tanımış və sonuncunun həmin vaxt Gilan FMSC-nin Şimal Distryubutorluğunda ekspeditor, yəni mal paylayıcı vəzifəsində işlədiyini bilmişdir. Belə ki, Emin mütəmadi olaraq mağazanın sifarişləri əsasında ora Gilan şirkətinə məxsus ərzaq məhsulları gətirmiş, məhz bununla əlaqədar aralarında münasibətlər yaranmışdır. 2019-cu ilin iyul ayında Eminin bacısı oğlu Nurlanla hər hansı bir ərzaq məhsulunun gətirilməsi ilə bağlı razılaşdıqlarını və buna görə də Nurlanın Eminə 4500 manat pulu verməsinin şahidi olmuş, əvvəlcə Eminin konkret olaraq hansı məhsulları gətirməli olduğunu bilməsə də, sonradan razılaşmaya görə Eminin mağaza üçün “HELL” energetik içkiləri gətirəcəyini öyrənmişdir. Bundan sonra, Eminin işlədiyi şirkətdən çıxarıldığını və Nurlanı aldadaraq 4500 manat pulun əvəzində üzərinə götürdüyü məhsulları gətirmədiyini bilmişdir. Əlavə olaraq qeyd edir ki, Nurlan Eminlə bir neçə dəfə əlaqə saxlasa da, sonuncu pulu Nurlana qaytarmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-69-cu vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 35-36-cı vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də işin 66-67-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində xx xxxxx 2016-cı il təvəllüdlü Rasim və xx xxxxxx 2020-ci il tarixli Nuray adında iki övladı olmaqla, ünvan 1 A ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin 38-ci vərəqəsindəki fiziki şəxs X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 1 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ilin aprel – avqust aylarında “Gilan FMSC”-nin Şimal Distryubutorluğunda satış təmsilçisi vəzifəsində işləmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş xidməti vəsiqədən, eləcə də AZEMİS Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatından görünür ki, Təqsirləndirilən şəxs “xxxxxxxxxxxx” MMC-də yanacaq doldurma məntəqəsinin operatoru vəzifəsində işləyir. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Zərərçəkmiş şəxs sonuncuya vurduğu 4500 manat məbləğində ziyanın 1000 manatını ödəmiş və bu məbləğ Zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx xxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmədiyindən, Təqsirləndirilən şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə, habelə aldatmaqla Zərərçəkmiş şəxs əmlakını ələ keçirməsi və əmlak hüquqlarını əldə etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı övladının olmasını, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını, eləcə də vurduğu zərərdən qismən ödəniş etməsini, habelə gənc olmaqla, daimi iş yerinə malik olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xaçmaz rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xaçmaz rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş 3500 (üç min beş yüz) manat qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xaçmaz rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xaçmaz rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş 3500 (üç min beş yüz) manat qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar