Məhkəmə qərarları › İş №1(059)-59/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-59/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-59/2021 21.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Əlibaba qızının, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 21 sentyabr 2021-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1976-cı ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olan, Siyəzən Maqisrtal xətt istismar xidmətində xətt baxıcısı vəzifəsində işləyən, ünvan 1 ünvanınd yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 24 avqust 2021-ci il tarixdə, saat 23:00 radələrində Siyəzən şəhəri, Nizami (JKKA) küçəsində yaşadıqları 10 saylı evdə arvadı Zərərçəkmiş şəxs Əlibaba qızı ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun üzərinə gedərək əlləri ilə boğmuş, sağ qulağına bir dəfə, bədəninin sağ və sol tərəflərinə bir neçə dəfə yumruq zərbəsi vuraraq ona sağ qulaq seyvanının yumşaq toxumalarının əziyi və əzilmiş yarası, boyunun və üzün sıyrıqları ilə müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Zərərçəkmiş şəxs Əlibaba qızının şikayəti əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ictimai-xüsusi ittiham qaydasında məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Əlibaba qızı onun arvadı olmaqla, sonuncu ilə 2003-cü ildə evlənmiş, həmçinin bu nikahlarından 2 övladları doğulmuşdur. O, 2003-cü ildə adam öldürdüyünə görə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş və 2017-ci il tarixdə cəzasının sonuna 6 ay 6 gün qalmış şərti olaraq azadlığa buraxılmışdır. O, 24 avqust 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində sərxoş vəziyyətdə evə gəlmiş, arvadı Vüsalə nə üçün ondan xəbərsiz ona aid əməkhaqqı kartından 300 manat pul çıxartdığını və hansı əyləncəsinə xərclədiyini soruşmuşdur. O, Vüsaləyə 300 manat pulu heç bir əyləncəyə xərcləmədiyini, qeyd olunan pulu zəruri olan qida məhsullarına sərf etdiyini bildirsə də, arvadı onu uşaq kimi danladığı üçün özündən asılı olmayaraq əsəbləşib, onu qorxutmaq məqsədi ilə üstünə gedib boğmuş və sağ qulağına bir dəfə sillə zərbəsi vurmuş, baş vermiş mübahisə zamanı yanlarında olan anası Şahid onları ayırmışdır. Bundan sonra, Vüsalə tez yaşadıqları ünvanı tərk edib küçəyə çıxmış və DİN-nin 102 xidmətinə zəng vurmaqla, baş verən hadisə barədə məlumat vermişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasının məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Əlibaba qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əri olmaqla, sonuncu ilə 2003-cü ildə evlənmiş, həmçinin bu nikahlarından 2 övladları doğulmuşdur. Əri Emil 2003-cü ildə adam öldürdüyünə görə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş və 2017-ci ildə cəzasının sonuna 6 ay 6 gün qalmış şərti olaraq azadlığa buraxılmışdır. 24 avqust 2021-ci il tarixdə təxminən saat 23:00 radələrində əri Emil sərxoş vəziyyətdə evə gəlmiş, o, isə ərinə nə üçün ondan xəbərsiz əmək haqqı kartından 300 manat pul çıxardığını, həmçinin hansı əyləncəsi üçün xərclədiyini soruşduqda, Emillə arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Emil üzərinə gələrək əlləri ilə onu boğmuş, sağ qulağına bir dəfə, bədəninin sağ, eləcə də sol tərəflərinə bir neçə dəfə yumruq zərbəsi vurub ona xəsarət yetirmişdir. Baş vermiş mübahisə zamanı yanlarında olan qayınanası Şahid onları ayırmışdır. O, tez yaşadığı ünvanı tərk edib, küçəyə çıxaraq baş vermiş mübahisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək araşdırma zamanı dindirilmiş Şahid oğlu, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və gəlini, Zərərçəkmiş şəxs ifadələrinə uyğun, eyni məzmunlu izahat vermişdir. Zərərçəkmiş şəxs Əlibaba qızı ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsinə etiraz etməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməldə özünü təqsirli bilərək əməlindən səmimi peşmançılıq keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 45-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmətibbi ekspertizası haqqında 31 avqust 2021-ci il tarixli, 204 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ qulaq seyvanının yumşaq toxumalarının əziyi və əzilmiş yarası, boynun və üzün sıyrıqları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə yumruqla yarana bilər, öz boyu hündürlüyündən yıxılma və özü tərəfindən yetirilmə zamanı yaranan xəsarətlərə xarakterik deyil, yaranma müddəti müayinə olunanın göstərdiyi 24 avqust 2021-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə iclasında elan edilmiş işin 41-cı səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 avqust 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs keçmiş Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 may 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.11, 181.2.5-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01 iyun 2017-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzadan 6 ay 6 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 07 dekabr 2017-ci il tarixdə isə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş işinin 43-44-cü vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, Siyəzən şəhəri, Nizami küçəsindəki 45 ünvanında qeydiyyatda oldan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, şahidin izahatı, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki məhkəməyədək sadələşdirilmiş icraat zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs Əlibaba qızının ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını, əməlində ağırlaşdırıcı halların müəyyən edilməməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi materialının icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin İ bəndinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-in 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73- 1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, təqsirini boynuna almaqla əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını, təqsirləndirilən şəxsin cinayət işinin icraatına göstərilən əsaslarla xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, maddi zərər, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39, 40, 43.3, 321.2.1, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq olunsun və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar