Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-64/2021 02.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 02 noyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1972-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 5,898 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamış, 16 iyul 2021-ci il tarixdə, saat 21:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhərinin Xətai küçəsi ərazisində saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində onun üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə əynində olan qara rəngli şalvarın sol yan cibindən hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,946 qram və 2,952 qram olmaqla, 2 ədəd ağ rəngli kağız bükülülərdə aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 10-15 il olar narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 14 iyul 2021-ci il tarixdə yaşadığı Siyəzən şəhərində yerləşən dəmir yolu xəttinin yaxınlığında gəzişərkən yerdə görüb, götürdüyü bir ədəd siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını müəyyən edib, onu özü ilə götürmüş, habelə, yaşadığı ünvana çatdıqdan sonra bükülüləri qutundan çıxartmış, qutunu küçəyə atmış, iki ədəd ağ rəngli kağız bükülüdə olan qurudulmuş marixuanaları isə gələcəkdə tələbatına uyğun olaraq istifadə etmək üçün həyətdə gizlətmişdir. 16 iyul 2021ci il tarixdə, təxminən saat 20:50 radələrində narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmək üçün 2 ədəd kağız ağ rəngli bükülülərdə olan marixuananı əynində olan qara rəngli şalvarın sol yan cibinə qoyub yaşadığı evdən çölə çıxmış, evin yaxınlığında bazarın yanında dayanarkən Siyəzən RPŞ-nin mülki geyimli əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, bu zaman, o, üzərindəki bükülülərdə olan qurudulmuş marixuananı polis əməkdaşları yanında olduğu üçün yerə ata bilməmişdir. Bundan sonra, polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün üzərində şəxsi axtarış keçirilməsi məqsədilə onu Siyəzən RPŞ-yə dəvət etmiş, o, isə onlara etiraz etməmişdir. Siyəzən RPŞ-nin növbətçi hissəsində Müdafiəçi iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bu zaman o, təklif əsasında əynində olan qara rəngli şalvarın sol yan cibindən 2 ədəd ağ rəngli kağız bükülüləri, 1 ədəd Nokia markalı mobil telefonu və 140 manat pul əskinazlarını çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 2 ədəd ağ rəngli kağız bükülülər polis əməkdaşları tərəfindən Müdafiəçi iştirakı ilə açıldıqda içərisində spesifik iyə malik yaşıl rəngli kütlə aşkar olunmuş, bu zaman o, kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onları təxminən 2 gün əvvəl yerdən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, üzərindən aşkar olunmuş 2 ədəd ağ rəngli kağız bükülülər polis əməkdaşları tərəfindən qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, müvafiq qaydada imzalanmışdır. Daha sonra, bu barədə tərtib olunaraq iştirakçılara ucadan oxunmuş protokol da, doğru olduğu üçün imzalarla təsdiq edilmişdir. Üzərində narkotik vasitə olmasından ailə üzvlərinin və ya başqa şəxslərin məlumatı olmamış, habelə əvvələr heç kimdən narkotik vasitə almamış və heç kimə satmamışdır. Ona polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq, zor tətbiq olunmamış, ifadəsində hər şeyi olduğu kimi göstərmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, eləcə də şəhid əmisi olması nəzərə alınaraq, ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində narkotik vasitə saxlaması barədə 16 iyul 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid1 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş qərar təsdiq edildikdən, həmçinin təlimatlandırılma keçirildikdən sonra həmin gün RPŞ-nin CAB-ın rəisi Şahid1, ƏRQ-nin kiçik inspektoru Şahid4 və Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid3 ilə birlikdə təxminən saat 20:30 radələrində Siyəzən şəhərinin Xətai küçəsinə gedərək oranı müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs Xətai küçəsində yerləşən bazarın qarşısında dayandığını görmüş, habelə ona yaxınlaşmaqla, özlərini təqdim edib, üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirərək, onu üzərində şəxsi axtarış aparılması məqsədilə Siyəzən RPŞyə dəvət etmiş, o cümlədən o, razılığı əsasında RPŞ-yə aparılmışdır. Bundan sonra, Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid1 və ƏRQ-nin kiçik inspektoru Şahid4 xidməti iş ilə əlaqədar Təqsirləndirilən şəxs üzərinə keçirilən baxışda iştirak edə bilməmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra onun barəsində araşdırma aparılması Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqi Sail Tağıyevə həvalə olunmuş, habelə RPŞ-nin Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid3, növbətçi hissəsinin növbətçi köməkçisi Şahid5, Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarışın keçirilməsinə başlanılmış, bundan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd mobil telefonu, müxtəlif əskinaslarda olmaqla pulları və iki ədəd ağ rəngli kağız bükülüləri masanın üzərinə qoymuş, sayılmış pul əskinaslarının 140 manat olması müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs tərəfindən masanın üzərinə qoyulmuş iki ədəd bükülünün hər biri baş müstəntiq tərəfindən ayrı-ayrılıqda açılmış və oradan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə “nəşə” olduğunu bildirmiş və özünün narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğunu qeyd etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan edilmiş hər hanası əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra, aşkar edilərək götürülmüş iki ədəd ağ rəngli kağız bükülülər 1 ədəd ağ rəngli zərfə qoyulmaqla, qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, habelə iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Bundan əlavə, tərtib olunmuş protokol iştirakçılar arasında ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin CAB-ın bölmə rəisi Şahid1, Təminat hissəsinin polis nəfəri-sürücü Şahid4, növbətçi hissəsinin növbətçi köməkçisi Şahid5 və Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2021-ci il tarixli, 7/682 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd kağız bükülü” yazılar və imzalar olan zərfdə 2 (iki) ədəd ağ rəngli kağız bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri 2,946 qram, 2,952 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 5,898 qramdır. Tədqiqata 0,04 qram sərf olunduqdan sonra marixuananın qalıq çəkisi 5,858 qram təşkil etmişdir. Cinayət işinin 33-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 66,46 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 20 avqust 2021-ci il tarixdə verilmiş 2995 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yarannan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan 16 iyul 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində boz rəngli qısa qollu köynək, qara rəngli klassik şalvar və qara rəngli ayaqqabı olmuş, bu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, o, əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd qara rəngli “Nokia” markalı mobil telefonu, 2 ədəd ağ rəngli kağız bükülüləri və 140 manat pul əskinaslarını çıxararaq masanın üzərinə qoymuşdur. Həmin 2 ədəd kağız bükülülər açıldığında içərisində yaşılımtıl rəngdə spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş 2 ədəd kağız bükülülərə baxış keçirildikdən sonra ağızları bağlanılaraq bükülülər yenidən əvvəlki vəziyyətinə qaytarılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd ağ rəngli kağız bükülülərdəki qurudulmuş marixuanaya bənzər kütlə 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış Siyəzən RPŞ-nin növbətçi hissəsinin növbətçi köməkçisi Şahid5 tərəfindən “Nikon” markalı fotoaparat vasitəsi ilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-94-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 08 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 5,858 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin təminat hissəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində 16 iyul 2021-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd CD disk də iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş işin 82-ci səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 sentyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 15-ci vərəqəsində olan 16 iyul 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60-61-ci vərəqələrində olan 18 iyul 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-84-cü vərəqələrində olan xasiyyətnamədən və arayışdan, eləcə şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Repsublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Repsublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamından çıxarışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan şəhid X3 əmisi Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, şəhid əmisi olmaqla, yaşayış yeri üzrə barəsində şikayət olmamasını, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını, xüsusilə şəhid qohumu olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 2/3 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixdən 18 iyul 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs oğlunun üzərindən götürülmüş qalıq çəkisi 5,858 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və onun üzərində 16 iyul 2021-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd compact disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 66,46 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 5,858 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində 16 iyul 2021-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan məhkəmə məsrəfi hesab olunan 66,46 (altmış altı manat 46 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-64/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-64/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver