Məhkəmə qərarları › İş №1(059)-69/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-69/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-69/2021 23.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 23 noyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1984-cü ildə keçmiş Dəvəçi rayonu, Böyük Həmyə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “2 №-li Yol İstismar” MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvvəllərində yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndindəki evin həyətyanı sahəsində və həmin ünvanda yaşayan əmisi oğlu X5 məxsus həyətyanı sahəsində müxtəlif ölçülərdə qanunsuz olaraq əkilib-becərilməsi qadağan edilmiş, tərkibində narkotik maddələr olan, xeyli miqdarda 6 ədəd çətənə bitkisini əkib yetişdirməklə, aqrotexniki qaydada qulluq göstərib, kultivasiya etmiş, 30 iyul 2021-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan evin həyətindən 4 ədəd, əmisi oğlu X5 məxsus həyətyanı sahədən isə 2 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 9105 qram çəkidə, xeyli miqdarda yəni, 6 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 3-4 il olar narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təxminən 2021-ci ilin may ayının əvvəllərində yaşadığı evdə kağız bükülüdə çətənə toxumlarının olmasını xatırlamış, evi axtardıqdan sonra bu toxumları evdə olan rəfdəki qablardan birinin içərisindən tapmış və onları yaşadığı ünvanın həyətyanı sahəsində əkməyə qərar vermişdir. Həmin toxumların dördünü yaşadığı ünvanın həyətyanı sahəsində ağacların arasında ətrafdakıların görə bilməyəcəyi formada gizlin əkmiş, habelə orada əlavə toxum əkmək üçün münasib yer olmadığından, qalan toxumları onunla qonşu həyətdə yaşayan əmisi oğlu Nazim Məmmədova məxsus həyətyanı sahədə əkməyi düşünmüşdür. Belə ki, onlar bir-birinin həyətinə sərbəst şəkildə gedib-gələ bilmişdir. Əmisi oğlu Nazim növbəli iş rejimində işləməklə, bir ay evdə, növbəti bir ay müddətində isə işdə olduğundan onun həyətində iki ədəd çətənə bitkisi kolları əkməsindən sonuncunun məlumatı olmamışdır. O, iki ədəd çətənə toxumunu Nazimə, yerdə qalan 4 ədəd çətənə bitkisi toxumunu isə özünə məxsus həyətyanı sahədə əkdikdən sonra, onlara mütəmadi olaraq qulluq göstərmiş, diblərini yumşaldıb onlara su vermişdir. 30 iyul 2021-ci il tarixdə yaşadığı ünvanın qarşısında küçədə dayanarkən Siyəzən RPŞ-nin mülki geyimli əməkdaşları ona yaxınlaşmaqla, özlərini təqdim edərək, ona yaşadığı evin həyətyanı bağ sahəsində narkotik vasitə çətənə bitkilərinin əkib-becərməkdə şübhəli olduğunu bildirib, oraya baxış keçirəcəklərini qeyd etmiş, habelə o, buna etiraz etməmiş, bununla bağlı ərizə tərtib etmişdir. Daha sonra, hüquq və vəzifələri izah olunmaqla, ona Müdafiəçi təqdim edilmiş, o cümlədən sonuncunun, eləcə də dəvət edilmiş aqronom mütəxəsisin iştirakları ilə videoçəkiliş vasitəsilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə başlanılmış, bu zaman o, RPŞ-nin əməkdaşlarının təklifi əsasında yaşadığı ünvanın həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə bitkiləri əkibbecərdiyini bildirmiş və oraya baxış keçirilməsi üçün polis əməkdaşlarını həyətə dəvət etmişdir. Bundan sonra, o, yaşadığı ünvanın həyətyanı sahəsində iki ədədi bir yerdə, digər iki ədədi isə həyətyanı sahədə müxtəlif yerlərdə olmaqla, ümumilikdə dörd ədəd çətənə kolunu polis əməkdaşlarına təqdim etmiş, hər bir çətənə bitkisinə ayrı-ayrılıqda baxış keçirilmiş və ölçüləri qeyd olunmuşdur. Beləliklə, aşkar edilmiş dörd ədəd çətən bitkisi qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, ondan yaşadığı ünvanda əlavə olaraq qanunla qadağan olunmuş əşya və ya predmetlərin olub-olmaması soruşulmuş və o, isə əmisi oğluna məxsus evin həyətyanı sahəsində də, iki ədəd çətənə bitkiləri əkdiyini bildirmiş, həmin vaxt əmisi oğlu Nazim Məmmədov da baxışda iştirak etmiş, sonuncu ilə şifahi söhbət zamanı Nazim ona məxsus həyətdə çətənə bitkisi əkildiyini bilmədiyini, növbəli iş rejimində işlədiyindən bu barədə məlumatlı olmadığını, bundan başqa onun, həyətinə sərbəst formada gedişinin olmasını bildirmişdir. Bundan sonra o, əmisi oğlu Nazimə məxsus evin həyətyanı sahəsində əkdiyi çətənə bitkisi kollarını polis əməkdaşlarına göstərmək üçün həmin əraziyə doğru addımlamağa başlamış, çətənə kollarını polis əməkdaşlarına göstərmiş və aqronom da həmin bitkilərə baxdıqdan sonra bitkilər çıxarılaraq ölçülmüşdür. Daha sonra, bu bitkilər də, müvafiq qaydada qablaşdırılmışdır. Bundan əlavə, bununla əlaqədar tərtib olunmaqla, ucadan oxunmuş protokol doğru olduğundan imzalarla təsdiqlənmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınaraq, barəsində 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, şahid Siyəzən RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndindəki evinin həyətyanı torpaq sahəsində, eləcə də ora bitişik əmisi oğlu X5 məxsus torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkibbecərməsi barədə Siyəzən RPŞ-yə daxil olmuş əməliyyat məlumatının yoxlanılması və Təqsirləndirilən şəxs yaxalanaraq ifşa olunmasından ötrü 30 iyul 2021-ci il tarixdə əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə raportla məruzə etmiş, habelə bununla bağlı müvafiq sənədləşmədən sonra, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 Musa oğlu, NMQ-nun sabiq əməliyyat müvəkkili Şahid1 qrupun tərkibinə daxil edildilməklə, keçiriləcək tədbirlə bağlı tərəfindən təlimatlandırılmış, faktla bağlı araşdırma aparılması İB-nin müstəntiqi X3 həvalə olunmuşdur. Bundan sonra, X12 Analizləri şöbəsinin Siyəzən rayonu üzrə baş aqronomu X13 oğlu və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi şöbəyə dəvət olunaraq, keçiriləcək tədbirlə bağlı məlumatlandırılmış, habelə aqronom İlham Aslanova mütəxəssis kimi hüquq və vəzifələri izah olunmuşdur. Beləliklə, həmin gün, təxminən saat 13:00 radələrində Təqsirləndirilən şəxs Siyəzən rayonunun Böyük Həmyə kəndində yaşadığı evin qarşısına gedilmiş, sonuncu qapının ağzında onları qarşılamış və ona özlərini təqdim edib, həyətyanı torpaq sahəsində və bu sahəyə bitişik əmisi oğlu X5 məxsus torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkibbecərməkdə şübhəli olduğunu, buna görə də qeyd olunan həmin yerlərə əmisi oğlu Nazim Məmmədovun da iştirakı təmin edilməklə, videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyini bildirmişdir. X4 iştirakı təmin edildikdən sonra, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə və bu sahəyə bitişik əmisi oğlu Nazim Məmmədova məxsus torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş, ona hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmiş və Müdafiəçi təqdim olunmuşdur. Bundan sonra, təklif əsasında Təqsirləndirilən şəxs özünün yaşadığı həyətyanı torpaq sahəsində və əmisi oğlu Nazimə məxsus torpaq sahəsində tərkibində narkotik maddələr olan bitktilər əkib-becərdiyini bildirmiş və onları həmin əraziyə dəvət etmiş, o cümlədən əvvəlcə Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə başlanılmışdır. Belə ki, onlar giriş qapısından həyətə daxil olduqdan sonra evin qarşısındakı arakəsmədən keçib, qarşı tərəfdə yerləşən bağ sahəsinə daxil olmaqla, düz irəliləmiş və Təqsirləndirilən şəxs bağın sonunda əkib-becərdiyi çətənə bitkilərindən 2 ədədinin yerləşdiyi yeri göstərərək həmin yerdəki bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu bildirmişdir. Çətənə bitkisinə bənzər bu kollara baxış keçirmiş baş aqronom İlham Aslanov bitkilərin narkotik xassəli olduğunu, onlara aqrotexniki qaydada, mütəmadi olaraq su və üzvi gübrələr verilərək, qulluq göstərildiyini bildirmiş, qablaşdırılması üçün çıxarıldıqdan sonra, ölçülərinin ayrı-ayrılıqda 2,6 metr və 2,7 metr uzunluqda olması müəyyən edilmişdir. Daha sonra, sorğu əsasında Təqsirləndirilən şəxs əli ilə 4-5 metr irəlini göstərib orada 1 ədəd, başqa tərəfdə isə daha 1 ədəd çətənə bitkisi kolunun olmasını bildirmişdir. Aşkar olunmuş bu kollara da keçirilmiş baxış nəticəsində onlara mütəmadi olaraq su və üzvi gübrələr verilərək aqrotexniki qulluq olunduğu, o cümlədən bitkilərin ölçüsünün müvafiq olaraq 1,35 metr və 2 metr olması müəyyən olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs başqa qanunla qadağan olunmuş əşya və predmetlərin olub-olmaması soruşulmuş, bu zaman o, əmisi oğluna məxsus həyətyanı sahədə 2 ədəd çətənə bitkisi əkdiyini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs əmisi oğlu Nazim Məmmədov həyətyanı sahənin ona məxsus olduğunu, işi ilə əlaqədar bir ay yaşadığı ünvanda olsa da, növbəti bir ayı işdə olduğunu, Təqsirləndirilən şəxs onların həyətinə sərbəst girişinin olmasını və özünün Ayazın ona məxsus həyətyanı sahədə çətənə bitkisi kolları əkməsindən məlumatlı olmadığını bildirmişdir. Nazim Məmmədova məxsus həyətyanı sahəyə baxış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs məxsus sahədən aşkar olunmuş 4 ədəd çətənə bitkisinə bənzər kollar müvafiq qaydada qablaşdırılmaqla, qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs əmisi oğlu Nazim Məmmədova məxsus həyətyanı sahədə əkdiyi çətənə bitkisi kollarının olduğu yeri göstərməsi istənilmiş, habelə o, həyətyanı sahənin girişi istiqamətində irəliləməklə, dəmir torlu qapıdan keçərək sola doğru istiqamətlənmişdir. 30-40 metr irəlilədikdən sonra həyətyanı sahədə ağacların arasında 2 ədəd çətənə kolu əkdiyini bildirmişdir. Beləliklə, ayrı-ayrılıqda ölçüləri 1,45 metr və 1,9 metr olan bitkilərə də baxış keçirilmiş, onlara da aqrotexniki qaydada qulluq göstərilməsi müəyyən olunmuşdur. Aşkar olunmuş bu kollar da müvafiq qaydada qablaşdırılmış, üzəri möhürlənmiş qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs və əmisi oğlu Nazim Məmmədova məxsus həyətyanı sahəsinə baxış keçirilməsi prosesinin video görüntüsü əvvəldən-axıra kimi Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 tərəfindən “Nikon” markalı fotoaparat vasitəsi ilə qeydə alınmış və faktla bağlı müstəntiq Rəhmin Zeynalov tərəfindən tərtib olunmaqla, ucadan oxunmuş protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3, eləcə də məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş RPŞ-nin NMQ-nin sabiq əməliyyat müvəkkili, hazırda Ucar RPŞ-nin PPBT-nin komandiri Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 39-cu vərəqəsində olan 30 iyul 2021-ci il tarixli aqronom rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndindəki evin həyətyanı sahəsinin cənub hissəsində böyürtkən kollarının arasında 4 ədəd ayrı-ayrı, yəni 2 ədədi bir yerdə, 2 ədədi isə tək-tək olmaqla, müxtəlif yerlərdə çətənə kollarının əkilməsi aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən çıxarılmış bu kolların hündürlüyü 260 sm., 270 sm., 135 sm. və 200 sm. olmuşdur. Qeyd olunan kollar qumsal torpaqda əkildiyi üçün normal inkişaf etmiş, aqrotexniki qaydalara uyğun becərilmiş, vaxtlı-vaxtında suvarılmışdır. Bundan sonra, X4 yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndindəki evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı oradan da 2 ədəd bir yerdə əkilmiş kollar aşkar olunmuşdur. Bu kollar da böyürtkən kollarının arasında əkilmiş, onlara aqrotexniki qaydada qulluq olunmuş, suvarılması aparılmışdır. Torpaqdan çıxarılmış bu kolların hündürlüyü 145 sm. və 190 sm. olmuşdur. Aşkar olunan çətənə kollarının böyürtkən kollarının arasında əkilməsinə baxmayaraq, onlara düzgün aqrotexniki qulluq olunmuş, becərilmələri düzgün aparılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 44-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 31 iyul 2021-ci il tarixdə verilmiş 7/727 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, üzərində izahedici yazılar və imzalar olan üç ədəd sintetik torbalarda 6 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 9105 qram (9 kq 105 qram) olan bitki nümunələri, əkilibbecərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata 0,3 qram sərf edildikdən sonra çətənə (kannabis) bitkilərinin qalıq çəkisi 9104,7 qram təşkil etmişdir. Cinayət işinin 43A-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 78,82 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 115-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 20 avqust 2021-ci il tarixdə verilmiş 2998 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-34-cü vərəqələrində olan 30 iyul 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 30 iyul 2021-ci il tarixdə saat 13:39-dan saat 14:27-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndindəki evin həyətyanı sahəsinə, eləcə də sonuncunun əmisi oğlu Nazim Məmmədova aid bu sahəyə bitişik həyətyanı sahədə keçirilmiş baxış zamanı ittihamın əsasını təşkil edən 2,6 metr, 2,7 metr, 1,35 metr, 2 metr, 1,45 metr və 1,9 metr uzunluqda olan əkilib-becərilməsi qadağan edilmiş, tərkibində narkotik maddələr olan, xeyli miqdarda 6 ədəd çətənə bitkisini əkib yetişdirməklə, aqrotexniki qaydada qulluq göstərib, kultivasiya etməsi aşkar edilmişdir. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 55-56-cı vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 31 iyul 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında, eləcə də işin 118-135-ci vərəqələrindəki 21 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2021-ci il tarixdə elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə olan ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, sonuncunun əməlində CM-nin 188.1, 234.2 və 237.2.1-ci maddələrinin, X4 əməlində isə CM-nin 237.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə onların barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs götürülmüş tərkibində narkotik maddə olan qalıq çəkisi 9104,7 qram olan çətənə bitkiləri maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində və həyətyanı sahəsinə bitişik əmisi oğlu X5 məxsus torpaq sahəsinə 30 iyul 2021-ci il tarixdə video çəkiliş ilə aparılan axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk də maddi sübut kimi tanınmaqla, cinayət işinə əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 21-ci vərəqəsində olan 30 iyul 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-75-ci vərəqələrində olan 01 avqust 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-114-cü vərəqələrində olan arayışdan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətlərindən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 19 noyabr 2014-cü il təvəllüdlü Qızılgül və 22 aprel 2016-cı il təvəllüdlü Comərd adında iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla yaşayan və “2 №-li Yol İstismar” MMC-də fəhlə işləyən Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Həmyə kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə bitkisini xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək, kultivasiya etməklə cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Buna baxmayaraq, məhkəmənin baxış iclası zamanı müdafiəçi və təqsirləndirilən şəxs ərizələrlə məhkəməyə müraciət edərək, sonuncunun Azərbaycan Respublikası CMin 237.1-ci maddəsi ilə özünü tam təqsirli bilməsinin, törətdiyi əməli etiraf etməklə, səmimi peşmançılıq hiss keçirməsinin, himayəsində iki yetkinlik yaşına çatmayan övladı olmaqla, faydalı əməklə məşğul olmasının nəzərə alınaraq, 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinin tətbiq edilməsinə etiraz etməyərək, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini və barəsində amnistiya aktının tətbiq edilməsinə dair onun, eləcə də müdafiəçisinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə görə, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı yarımbəndinə bəndinə görə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 14-cü bəndinə görə, bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 23.5-ci bəndinə görə, bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən tətbiq edilir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 28-ci bəndinə görə, birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinin tələbinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin təsiri altına düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsi, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tərkibində narkotik maddə olan qalıq çəkisi 9104,7 qram olan çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə və bu sahəyə bitişik əmisi oğlu X5 məxsus torpaq sahəsinə 30 iyul 2021-ci il tarixdə video çəkiliş ilə aparılan axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən 78,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 39-cu, 43-cü, 344-347-ci, 356cı, 358-ci və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tərkibində narkotik maddə olan qalıq çəkisi 9104,7 qram olan çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə və bu sahəyə bitişik əmisi oğlu X5 məxsus torpaq sahəsinə 30 iyul 2021-ci il tarixdə video çəkiliş ilə aparılan axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 78,82 (yetmiş səkkiz manat 82 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar