Məhkəmə qərarları › İş №1(060)-367/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-367/2021

07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-367/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Abşeron rayonu, Novxanı kəndinin ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 305 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla üzərində daşımış, 08.02.2021-ci il tarixdə saat 19:11-də Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən "Möhtəşəm" şadlıq sarayının arxasında Sumqayıt ŞPİ-nin NBM-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparıldıqdan sonra üzərində şəxsi axtarış keçirilərkən sol əlində olan qara rəngli polietilen torbada 305 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xeyli müddətdir səhhətində ağrıları olduğundan narkotik tərkibli maddələr qəbul edir, 08 fevral 2021-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün qara rəngdə polietilen sellofan torba içərisində olan narkotik vasitə olan marixuananı 80 manata alıb üzərində gəzdirmişdir. 08 fevral 2021-ci il tarixdə saat 19:11 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən “Möhtəşəm” şadlıq sarayının arxası ilə evə getmiş və həmin vaxt üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq saxlamışlar və polis olduğunu bildirmişlər, sonra həmin polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu saxladıqlarını və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirib polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməyini bildirmişlər və onlara etiraz etməmiş, sonra video çəkiliş davam edərək, dayandırmadan polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə gəlmiş və bölmədə xidməti otaqların birində video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirtmişlər və şəxsi axtarış zamanı sağ əlində saxladığı qara rəngli polietilen sellofanı təqdim etmiş, həmin torbada narkotik vasitə olan marixuananın olduğunu demiş, şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol cibində 5 azn pul, sağ cibində isə iki ədəd alışqanlar aşkar edilmişdir. Əlində saxladığı qara sellofan torbada içərisində olan narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etdiyini soruşmuş, 2 gün əvvəl Abşeron rayonu, Novxanı kəndindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 80 manat məbləğdə aldığını bildirmiş, bundan sonra polis əməkdaşları üzərindən narkotik vasitə aşkar edilməsi ilə bağlı sənədləşdirmə aparmışlar və tərtib edilən sənədləri imzalamışdır. Özü hər gün istifadə etdiyi üçün narkotik vasitə olan «marixuananı» bükümlərə ayırmış və yarısını artıq istifadə etmişdir. Həmçinin həmin narkotik vasitələrdən heç kimə satmamış və ya hədiyyə verməmiş, 08.02.2021-ci il tarixdə üzərində aşkar edilmiş narkotik vasitələrdən başqa heç bir yerdə gizli saxlamamışdır. Hazırda əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, "Anar" adlı şəxsin narkotik vasitələrin daşınmasında, saxlanmasında və istifadə edilməsi barəsində Sumqayıt ŞPİ-nin NMB-nə məlumat daxil olmuşdur. 08.02.2021-ci il tarixdə Sumqayıt şəhəri "Möhtəşəm" şadlıq sarayının yaxınlığında əməliyyat müvəkkili Şahid2 və Şahin Vəliyevlə birlikdə Anar adlı şəxsi saxlayaraq üzərində şəxsi axtarış aparılması üçün Sumqayıt ŞPİnin 1-ci PB-nə gətirmişlər. Orada o üzərində narkotik vasitə olduğunu demişdir. Həmin vaxt Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Samir Rzayev onun üzərində video kameradan istifadə edib çəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs etiraz etmədiyindən, daha sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə isə Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli polietilen sellofanı, əynindəki qara rəngli dəri gödəkçənin sol cibindəki bir ədəd 5 AZN pul əskinazı, gödəkçənin sağ cibindən isə iki ədəd alışqanı təqdim etmiş, təqdim etdiyi sellofanda “marixuana“ olduğunu demiş və Abşeron rayonu Novxanı kəndində tanımadığı şəxsdən 80 manata aldığını demişdir. Daha sonra üzərində aşkar edilmiş yaşıl kütlə “Pocket ” markalı elektron tərəzi vasitəsi ilə çəkilmiş, polietilen torbada olan yaşıl rəngli kütlə qablaşdırılmış və götürülmüş digər əşyalar isə bir ədəd alışqan və 5 manat nominalında pul əskinazı Təqsirləndirilən şəxs qaytarılmışdır. Həmçinin üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan "Şübhəli şəxsin tutulması haqqında" 08.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08.02.2021-ci il tarixdə saat 19:11-də Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində tutulmuşdur.(i.v 12) İş materiallarında olan "Şəxsi axtarış və götürmə barədə" 08.02.2021-ci il tarixli protokodan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi, qəbul etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasənda saat 19:11 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən Möhtəşəm şadlıq sarayının arxasına getmişlər, Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən Möhtəşəm şadlıq sarayının arxasında KTB-nin baş inspektoru tərəfindən rəqəmsal tipli "Panasonik" markalı video kamera işə salınmış, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən Möhtəşəm şadlıq sarayının arxası ilə bir nəfər şəxsin getdiyi görünmüşdür. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, sonra isə ona özünü təqdim etməyini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonra həmçinin Təqsirləndirilən şəxs bildirilmişdir ki, o qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirmədə şübhəli bilinir. Ona görə də videoçəkilişlə üzərində şəxsi axtarış aparılacaqdır və şəxsi axtarış aparılması üçün birlikdə 1-ci PB-nə getməlidirlər, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmaması soruşulmuş, lakin o heç bir etirazının olmadığını bildirmişdir. Həmin yerdə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və bölmədə xidməti otaqların birində o, hüquq və vəzifələri barədə bildirişlər ilə tanış edilmiş və o, etiraz etməmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, ondan üzərində olan əşyaları təqdim etməyi bildirərkən Təqsirləndirilən şəxs özü sağ əlində saxladığı qara rəngdə polietilen sellofanı, əynindəki qara rəngli dəri gödəkçənin sol cibindəki bir ədəd 5 AZN əskinazı, gödəkçənin sağ cibindən isə iki ədəd alışqanı təqdim etmişdir. Ondan təqdim etdiyi sellofanın içərisində nə olduğu soruşulmuş, o həmin qara sellofanın içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin sellofanın içərisinə baxarkən tünd yaşıl rəngli, narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin nə olduğunu və haradan əldə etdiyini, nə məqsədlə üzərində saxlaması suallarına cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə olan marixuanadır, həmin narkotik vasitəni Abşeron rayonu, Novxanı kəndindən tanımadığı bir nəfər şəxsdən 80 manata özü istifadə etmək üçün aldığını, aldığı narkotik vasitəni üzərində saxlayaraq istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək üçün aşkar edilərək götürülmüş kütlə "POCKET SCALE" markalı elektorn tərəzi vasitəsi ilə çəkildikdə həmin kütlənin 455 qram olması müəyyən olunaraq "Panasonik" markalı video kamera ilə görüntüsü qeydə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, içərisində narkotik maddəyə bənzər kütlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs alışqanlar və 5 AZN əskinazı özünə qaytarılmışdır.(i.v 21) İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 09.02.2021-ci il tarixli 7/174 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Saxlanılan şəxs Təqsirləndirilən şəxs" yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi-305,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (tədqiqatından sonra qalıq qalmış 304,95 qram). (i.v 29) İş materiallarında olan "Maddi sübut kimi tanıma haqqında" 09.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd sellofan torbada içərisində ekspertiza tədqiqatından sonra qalıq qalmış 304,95 qram narkotik vasitə-marixuana maddi sübut kimi tanınmışdır.(i.v 38) İş materiallarında olan "Qətimkan tədbirinin seçilməsi barədə" 10.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir.(i.v 54) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 18.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 28.11.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19.06.2015-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, 27.11.2015ci ildə cəzasını çəkib qurtarmışdır.(i.v 64-65) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 536 saylı 12.02.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində 12.2014-cü ildən "narkotik maddələrin epizodik qəbulu" diaqnozu ilə qeydiyyatdadır.(i.v 69) İş materiallarında olan Sumqayıt 3 nömrəli şəhər poliklinikasının baş həkimi Elçin Zeynalovun 89 nömrəli 16.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 3 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur.(i.v 70) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03.03.2021-ci il tarixli 660 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 72-73) İş materiallarında olan 8 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i. v 74) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş bir ədəd diskdə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə heroin olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.v. 78-79) İş materiallarında olan "Sübutların qiymətləndirilməsi haqqında" 28.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdən sonra aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana Sumqayıt ŞPİ-nin 1-ci PB-də elektron tərəzidə çəkilən miqdarda məhkəmə-bioloji ekspertizası keçirilərkən tərəzidə çəkilən miqdarı arasındakı fərq, tərəzi fərqi kimi qiymətləndirilmiş və məhkəmə-bioloji ekspertizası keçirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd qızılı rəngli kağız bükümdəki narkotik vasitə olan qurudulmuş marixuana müəyyən edilmiş 305 qram çəkisi əsas götürülmüşdür. 01 ədəd "00761" adlı 08.02.2021-ci il tarixdə çəkilmiş, 1,325 148 kb həcmində, 14 dəqiqə 54 saniyə davam edən, rəngli formatda, video görüntünü əks etdirən CD disk maddi sübut kimi tanınmışdır.(i.v 85-88) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 305 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 304,95 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixdə tutulmuş, 10 fevral 2021-ci il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixdən 10 fevral 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 29/18, mənzil 18 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 304,95 qram narkotik vasitə heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar